Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1103/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X14 Oruczadənin sədrliyi və məruzəsi ilə, Şərafət Asif qızı Məmmədova və Elşən Cələddin oğlu Kazımov ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X6, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7, Üçüncü şəxs X10 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (X15 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8599/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 06.08.2013-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilməsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsində və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin onun adına ilkin qeydiyyata alınması, fərdi yaşayış evinə dair dövlət reyestrindən çixarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmışdır. Həmin torpaq sahələri Azərbaycan Respublikası Əmlak X9 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli və MH seriyalı, ******* nömrəli çıxarışlara əsasən tam mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı 2009-cu ildə sözügedən torpaq sahələrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş layihəyə əsasən ikimərtəbəli ev tikmiş və hazırda həmin evdə yaşayır. İddiaçı tərəfindən həmin fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair **********5 saylı, 06.07.2013-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, lakin ərizənin təmin olunmasından imtina edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-3244/2013 saylı, 18.10.2013-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsində və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin İddiaçı adına ilkin qeydiyyata alınması, fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası ƏmlakMəsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Daha sonra X15 12.05.2016-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 2inz(81)-3244/2013 saylı, 18.10.2013-cü il tarixli qərar onun maraqlarına toxunduğundan, onun iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini, qərarın ləğv edilməsini və işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3244/2013 saylı, 26.07.2016-cı il tarixli qərardadında göstərilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 iyun 2016-cı il tarixli qərardadı ilə X10 ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3244/2013 saylı inzibati iş üzrə X15 üçüncü şəxs qismində cəlb edilmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3244/2013 saylı, 18.10.2013-cü il tarixli qərarı ləğv edilərək işin icraatı təzələnmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3244/2013 saylı, 26.07.2016-cı il tarixli qərardadı ilə iddia geri götürülmüş sayılaraq, iş üzrə icraata xitam verilmişdir. İddiaçının nümayəndəsi X8 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.06.2016-cı il və 26.07.2016-cı il tarixli, 2inz(81)-3244/2013 saylı qərardadlarından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1964/2019 saylı, 31.07.2019-cu il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 07.06.2016-cı il və 26.07.2016-cı il tarixli, 2inz(81)3244/2013 saylı qərardadlarından verilmiş apelyasiya şikayəti mümkün sayılmamış və apelyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1151/2020 saylı, 09.06.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı çıxarışın və texniki pasportun verilməsi tələbinə dair inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2016-cı il tarixli, 2inz(81)-3244/2013 saylı qərardadından iddiaçının apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin olunmamışdır. İddiaçı adıçəkilən qərardaddan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1733/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.06.2020-ci il tarixli, 2-1(103)-1151/2020 nömrəli qərardadı ləğv edilmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-271/2021 saylı, 08.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2016-cı il tarixli, 2-1(81)-3244/2013 saylı qərardadından apelyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin ötürülməmiş hesab edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 iyul 2016-cı il tarixli, 2-1(81)- 3244/2013 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkün hesab edilməsi, İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2016-cı il tarixli, 2-1(81)-3244/2013 saylı qərardadının ləğv edilməsi və inzibati işin müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bir sıra prosessual hərəkətlər edildikdən sonra Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8599/2021 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, dövlətin adından çıxarılan qətnamə icra edilmədiyindən iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Bu günə kimi Çıxarış və Texniki pasportu əldə edə bilməmişdir. Halbuki, bu barədə məhkəmənin qərarı mövcuddur. Bundan başqa, Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən 69/10 və 69/11 saylı 20 avqust 2013-cü il tarixli protokollar tərtib edilmişdir. Hərrac keçirilən zaman o dəvət olunmamış, bu barədə ona məlumat verilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2277/12 saylı, 18 iyul 2012-ci il tarixli qərarı bu gün də qüvvədə olsa da, Səbail rayon icra şöbəsi və ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən icra edilməmiş həmin qurum Ali Məhkəmənin qərarını formal qəbul etmişdir. Ali Məhkəmə 2(102)-2277/12 saylı, 18 iyul 2012-ci il tarixli qərarı qüvvədə olan müddətdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1405/2012 saylı, 15 oktyabr 2012-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1405/2012 saylı, 15 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin qiymətləndirici eksperti tərəfindən X5 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə 29.02.2012-ci il tarixli, 65 saylı və və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə 29.02.2012-ci il tarixli, 65/1 saylı ekspert rəylərinin etibarsız hesab edilməsi, X5 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsinə dair yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi, "xxxx" MMC-nin X5 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsinin X1 dair hərracın nəticələri haqqında 24/02 və 24/03 saylı, 13 mart 2012-ci il tarixli protokollar və onların nəticələrinin etibarsız hesab edilməsi, X15 tərəfindən "xxxx" MMC-yə ödənilmiş 56000 manatın X11 qaytarılması qət edilmişdir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4566/2014 saylı, 18 noyabr 2014-cü il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti qismən təmin edilib, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 2(005)-1350/2014 saylı, 15 may 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsinin 08 sentyabr 2014-cü il tarixli qərardadı ilə tikinti-texniki ekspertiza keçirilmiş və “MBA LTD” Qiymətləndirmə şirkəti tərəfindən 13 oktyabr 2014-cü il tarixdə rəy verilmişdir. İş materiallarına əlavə edilmiş 07/1429 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, mübahisəli 0.02 ha torpaq sahəsinin qiyməti 60.000 manat, 0.06 ha torpaq sahəsinin qiyməti 180.000 manat təşkil edir. Həmin torpaq sahələri üzərindəki yaxşılaşdırmalar 246.100 manat dəyərindədir. Cəmi torpaq sahəsi və üzərindəki yaxşılaşdırmalar 486.100 manat (619788,34 ABŞ dolları, 13.10.2014-cü il üçün 1 ABŞ dollarının 1 manata olan məzənnə ilə nisbəti 0.7843 manat) təşkil edirdi və ekspert rəyindəki nəticə qətnamənin qət edildi) hissəsində qeyd edilməli idi. Bu qətnamə Ali Məhkəmənin 2(102)-2277/l2 saylı 18 iyul 2012-ci il tarixli qərarının mahiyyətindən irəli gəlir.Torpaq sahələrinə mülkiyyət hüququnun 3-cü şəxsin adına qeydiyyatın aparılması qanunsuz olmuş, saxta sənədlər tərtib edilmişdir. Bugünki gündə də mülki qaydada çıxarılan qətnamənin icra olunmaması nəticəsində onun hüquqları pozulmuşdur. Bundan başqa nəzərə alınmamışdır ki, Ali Məhkəmənin 22(102)-2277/12 saylı, 18 iyul 2012-ci il tarixli qərarına əsasən ərizəsi təmin edilib Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 may 2012-ci il tarixli qərardadı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilib mülkiyyətimdə olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3- cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsi və Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsi və həmin torpaq sahələrində yerləşən fərdi yaşayış evləri ilə bağlı hər hansı hərəkətlərin edilməsi qadağan edilərək qərarın icrası Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Səbail rayon İcra şöbəsinə həvalə edilməsi qərar alınmışdır. Digər tərəfdən, 29.02.2012-ci il tarixli (torpaq sahələrinin qiymətləndirmə tarixi) ilə Hərracın keçirilməsinin tarixi cəmi: 13 gündə tələsik və təcili əmlak əldə etmək istəmişlər. Buradan aydın olur ki, Səbail rayon icra şöbəsi, X15, Daşmar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC ilə birgə saxtalaşma edərək Azərbaycan Respublikasının “İpoteka” haqqında Qanunun 42.1 maddəsinin tələbini ciddi şəkildə pozmuşlar. X15 12.05.2016-cı il tarixində qanuni qüvvəyə minmiş 2inz-3244/2013 saylı, 18 oktyabr 2013-cü il tarixli qətnamə ilə bağlı İPM-nin 100cü maddəsinə zidd olaraq ərizə ilə müraciət edərək iş üzrə üçüncü şəxs qismində prosesə müdaxilə edir. Bundan sonra birinci instansiya məhkəməsi iddiaçıya məlumat vermədən X12 inzibati iş üzrə üçüncü şəxs qismində cəlb etsə də, iş materiallarında “İnzibati iş”ə üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad və buna dair məhkəmə iclas protokolunda müvafiq qeydlər aparılmamışdır. Belə ki, məhkəmə tərəfindən qəbul edilmiş 07.06.2016-cı il qərardad iş materiallarında mövcud deyil. Onun təqdim etdiyi sübutlar məhkəmə tərəfindən ciddi araşdırılmamış, qəbul edilmiş qərarda məhkəmə qərarları sadalanmış, işə baxılıb qərar qəbul edilərkən maddi hüquq normaları da məhkəmə tərəfindən pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi və izahatında bildirdi ki, əvvəl Səbail rayon İcra şöbəsinin 29.02.2012-ci il tarixdə İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 154 saylı 0.02 ha torpaq sahəsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 156 saylı 0.06 ha torpaq sahəsi açıq hərraca çıxarılmış və hərrac vasitəsilə ona satılmışdır. Lakin Nərimanov Rayon Məhkəməsinin 15.10.2012-ci il tarixli qətnaməsi ilə hərracın nəticələri ləğv olunduqdan sonra sözügedən daşınmaz əmlaklar yenidən 2013-cü ildə hərraca çıxarılmış və hərracın qalibi özü olmuşdur. Hərrac vasitəsilə satılmış qeyd edilən daşınmaz əmlakların qiymətləri ödənilmiş, bundan sonra onun adına 10.09.2014 və 12.09.2014-cü il tarixlərdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Hal-hazırda da mülkiyyətində olan torpaq sahələri üzərində hər hansı fərdi yaşayış evinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydiyyata alınması barədə tələb birbaşa onun mülkiyyət hüquqlarını pozduğundan iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı 2007-ci il tarixli daşınmaz əmlakın dövlət reystrindən verilmiş çıxarışlara əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivində yerləşən 154 saylı 0.02 ha torpaq sahəsi və 156 saylı 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını əsas gətirərək, həmin torpaq sahələri üzərində tikilmiş fərdi yaşayış evinin onun adına mülkiyyət hüququ əsasında qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsini inzibati məhkəmə icraatında mübahisələndirmiş, cavabdeh iddiaçının müvafiq fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərinin olmadığına əsaslanaraq iddiaya etiraz etmişdir İşin həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 154 saylı sahədə yerləşən 0.02 ha ölçüdə torpaq sahəsi ********* qeydiyyat nömrəsi ilə 12.09.2007-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 156 saylı sahədə yerləşən 0.06 ha ölçüdə torpaq sahəsi ********* qeydiyyat nömrəsi ilə 13.09.2007-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2985/2011 saylı, 26 avqust 2011-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçıdan "xxxx" İKB ASC-nin xeyrinə tutulmalı olan borc tələbinin ipoteka ilə yüklü edilmiş 154 və 156 saylı torpaq sahələrinə yönəldilməsi, torpaq sahələrinin açıq hərracda satılması, satışdan əldə edilmiş məbləğ hesabına X4 "xxxx" İKB ASC-yə olan borcunun ödənilməsi nəzərdə tutulmuşdur. İcra vərəqi 02.11.2011-ci il tarixdə verilmiş, Səbail rayon İcra şöbəsi tərəfindən qeyd edilən icra sənədi üzrə 14 dekabr 2011ci il tarixli icraata başlama haqqında qərar qəbul edilmişdir. Tələbin yönəldilməli olduğu 154 və 156 saylı torpaq sahələrinin ilkin satış qiyməti məhkəmə qətnaməsi ilə müəyyən edilmədiyindən icra icraatı gedişində İcra şöbəsinin dəvəti ilə "xxxx" MMC tərəfindən 29.02.2012-ci il tarixdə 154 və 156 saylı torpaq sahələri müvafiq olaraq 14000 və 42000 manat məbləğində qiymətləndirilmişdir. İcra şöbəsinin sifarişi ilə qeyd edilən torpaq sahələri "xxxx" MMC tərəfindən hərraca çıxarılmış və 13.03.2012-ci il tarixində qeyd edilən torpaq sahələri hərracın qalibi X2. Daha sonra Nərimanov Rayon Məhkəməsinin 15.10.2012-ci il tarixli, 2(005)- 1405/2012 saylı qətnaməsi ilə "xxxx" MMC tərəfindən torpaq sahələrinin qiymətləndirilməsinə dair qiymətləndirici rəyləri, hərracın nəticələri haqqında 24/02 və 24/03 saylı, 13 mart 2012-ci il tarixli protokollar və onların nəticələri etibarsız hesab edilmiş, eyni zamanda torpaq sahəsinə dair yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin adıçəkilən qətnaməsi əsasında 03.12.2012-ci il tarixdə icra vərəqəsi verilmişdir. Səbail rayon İcra şöbəsinin 17/64 3167/6/F saylı, 27.06.2013-cü il tarixli sifariş məktubu ilə Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən qeyd edilən torpaq sahələri açıq hərraca çıxarılmış və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 154 saylı sahədə yerləşən 0.02 ha torpaq sahəsi qiyməti 15100 manat, 156 saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsi qiyməti 45100 manat olmaqla X3, Hərracın nəticələri haqqında 20.08.2013-cü il tarixli, 69/10 və 69/11 saylı protokollar tərtib olunmuş, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 20.08.2013-cü il tarixli müqavilələr bağlanmışdır. Qeyd edilən hərracın nəticələrinə dair protokollar, alqı-satqı müqavilələri əsasında 154 və 156 saylı torpaq sahələri üzərində X10 mülkiyyət hüquqları 09.09.2014-cü il və 12.09.2014-cü il tarixdə qeydə alınmış, sonuncunun adına torpaq sahələrinin plan və ölçüləri tərtib edilmişdir. Göründüyü kimi, iddiaçı fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı hazırkı tələblə məhkəmədə 06.08.2013-cü il tarixdə iddia qaldırdığı vaxt fərdi yaşayış evinin yerləşdiyi 154 və 156 saylı torpaq sahələrinə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə icra tələbi yönəlmiş, icra sənədi üzrə həmin torpaq sahələrinin qiymətləndirilməsi, açıq hərracdan satılması ilə bağlı icra icraatı davam edirdi. Bəhs edilən torpaq sahələri 20.08.2013-cü ildə baş tutmuş ikinci hərracın nəticəsində üçüncü şəxs X3, daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən cavabdeh orqan həmin hərracın nəticələri üzrə 09.09.2014-cü il və 12.09.2014-cü il tarixlərdə sonuncunun adına mülkiyyət hüquqlarının qeydiyyatını aparmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini ümumilikdə qiymətləndirərək əsassız hesab edir. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 29 iyun 2012-ci il tarixli 407-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olmuş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinin redaksiyasında Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunurdu: - 8.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 8.0.2. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; - 8.0.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; - 8.0.4. bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. - 8.0.5. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər; - 8.0.6. qanunvericilikdə nəzərdə tutulan digər əsaslar. Məhkəmə kollegiyası sadalanan normalara istinadən qeyd edir ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı birini cavabdehə və Məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası bildirir ki, mübahisə predmeti olan fərdi yaşayış evi tikildiyi zaman (evin 2007-ci ildən 2013-cü ilədək tikildiyi iddiaçının izahatı ilə müəyyən edilmiş, işin mübahisəsiz halıdır) və eləcə də iddiaçı həmin fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyi və hazırkı iddia ilə məhkəmədə iddia qaldırdığı zaman qüvvədə olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda adıçəkilən 8-ci maddəsində daşınmaz əmlakın qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısı sadalanmışdır ki, iddiaçı nə məhkəmədə iddia qaldırdığı 2013-cü ildə, nə də hazırkı icraatda mübahisələndirdiyi fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasına əsas olan həmin sənədlərin siyahısına uyğun olaraq hüquqmüəyyənedici sənədlər təqdim etməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Həmin dövr qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 27-ci bəndinə görə memarlıq fəaliyyəti, tarix və memarlıq abidələrinin qorunması sahəsində rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının səlahiyyətləri sırasında: 1) qanunvericiliklə müəyyən edilmiş qaydada şəhərsalma və memarlıq məsələləri ilə məşğul olan bölmələri (idarələri, şöbələri) yaratmaq və fəaliyyətini təşkil etmək; 2) öz səlahiyyətləri hüdudlarında mövcud qaydalar əsasında təsdiq edilmiş memarlıq layihəsini qeydiyyatdan keçirmək; 3) memarlıq obyektinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydaları memarlıq-planlaşdırma tapşırıqları verən orqanla razılaşdırılmaqla mövcud qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri hüdudlarında təsdiq etmək nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin: -4.11.11.5-ci bəndinə görə İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; -4.11.12-ci bəndinə görə müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində səlahiyyətlərindəndir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 sentyabr 2008-ci il tarixli 214 nömrəli Qərarı ilə təsdiq edilmiş “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı”na əsasən yaşayış evləri (12 metr hündürlüyədək yaşayış evləri istisna olmaqla) İİ normal məsuliyyət səviyyəli bina və qurğulara, 12 metr hündürlüyədək fərdi yaşayış evləri İİİ aşağı məsuliyyət səviyyəli bina və qurğulara aid edilmişdir. 01 yanvar 2013-cü ilədək qüvvədə olmuş “Şəhərsalmanın əsasları haqqında” Qanunun 17-ci maddəsinə əsasən şəhərsalma fəaliyyəti sahəsində hüquqi və fiziki şəxslərin vəzifələri aşağıdakılardır: şəhərsalma norma və qaydalarına, tikinti qaydalarına, təsdiq olunmuş şəhərsalma sənədlərinə əməl etmə; yaşayış mühitini, şəhərsalma, memarlıq, tarix və mədəniyyət abidələrini, təbiimədəni landşaftı, ətraf mühiti qorumaq və yaxşılaşdırmaq; torpaq sahələrindən, mühəndis və nəqliyyat şəbəkələri və sistemlərindən, digər daşınmaz əmlakdan, təbii ehtiyatlardan qanunvericilikdə müəyyən edilmiş qaydada istifadə etmək; mövcud tikililərdə yenidən planlaşdırma, yenidənqurma, konstruktiv dəyişiklikləri müvafiq orqanlarla razılaşdırmaqla həyata keçirmək; özlərinə məxsus daşınmaz əmlak və onlardakı dəyişikliklər haqqında dövlət şəhərsalma kadastrı və monitorinqini aparan müvafiq icra hakimiyyəti orqanına məlumat vermək; şəhərsalma sənədlərinin bir nüsxəsini mütləq müvafiq icra hakimiyyəti orqanlarının arxivlərinə təhvil vermək. Həmin Qanunun 25-ci maddəsinə əsasən şəhərsalmanın əsasları haqqında qanunvericilik hüquqi və fiziki şəxslər tərəfindən aşağıdakı hallarda pozulduqda onlar cinayət, inzibati və mülki məsuliyyət daşıyırlar: -xüsusi razılıq (lisenziya) olmadan İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi, mühəndis-axtarış və tikinti-quraşdırma işləri ilə məşğul olduqda; -baş planlarda, müfəssəl planlaşdırma və ərazi-tikinti layihələrində və mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində müvafiq rəy alınmadan dəyişiklik edildikdə; -mühəndis-axtarış işləri və layihə sənədlərinin dövlət ekspertizası aparılmadan İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların tikintisi həyata keçirildikdə; -mühəndis-axtarış və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı tikinti norma və qaydaları pozulduqda; -tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydaları pozulduqda; -Baş plan, müəyyənləşdirilmiş qırmızı xətlər və tikinti tənzimləmə xəbəri pozulmaqla, tikinti üçün torpaq sahələri ayrıldıqda; -təsdiq olunmuş digər şəhərsalma sənədlərinə əməl olunmadıqda; -torpaq sahələrindən və digər daşınmaz əmlak obyektlərindən icazəsiz istifadə edildikdə; -qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmadan özbaşına bina və qurğular tikildikdə (Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən tanındığı hallar istisna olmaqla), mövcud tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma və yenidənqurma işləri aparıldıqda, mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına qoşulma və dəyişikliklər edildikdə. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin fikri ilə razılaşaraq qeyd edir ki, iddiaçı həmin dövrdə qüvvədə olmuş hüquq normalarının tələblərinə uyğun olaraq qeydiyyata alınmasını tələb etdiyi fərdi yaşayış evinə dair yerli icra hakimiyyətinin memarlıq-tikinti xidməti ilə razılaşdırılmış layihə təqdim etməmişdir. Həmçinin, işdən görünür ki, həmin dövr qanunvericiliyi ilə tikinti işləri başa çatdıqdan sonra tikilinin istismara qəbul aktı və ya tikilinin istismara yararlı olduğu və ərizəçinin tikili üzərində hüquqlarının qeydiyyata alınması barədə yerli icra hakimiyyəti orqanının sərəncamı (hündürlüyü 12 m-dən az olan binalar üçün), hündürlüyü 12 m-dən artıq olan binalar üçün ekspertiza rəyi tələb olunduğu halda, iddiaçı tikilmiş fərdi yaşayış evi ilə bağlı qeyd edilən sənədlərdən hər hansı birini təqdim etməmişdir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, sözügedən fərdi yaşayış evi lazımi icazə almadan tikilmiş, şəhərsalma tikinti norma və qaydalarına əməl edilməklə tikilməsi müəyyən edilməmiş, istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi barədə yerli icra hakimiyyəti orqanının sərəncamı olmayan tikili olduğundan özbaşına tikili statusundadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən özbaşına tikiliyə mülkiyyət hüququnu şəxs yalnız o halda məhkəmə qaydasında tanıda bilər ki: 1. tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun; 2. tikili digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmasın, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmasın. Həmçinin, hazırda qüvvədə olan qanunvericilik normalarına diqqət yetirilsə aydın olur ki, 01.01.2013-cü il tarixədək tikilmiş yaşayış evlərinə münasibətdə mülkiyyət hüququnun qeydə alınması üçün hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən yaşayış evlərinə münasibətdə isə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı tələb olunur (24 fevral 2015-ci il tarixli 1198-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsi) Beləliklə, iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlərdən biri - ilk növbədə torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını təsdiq edən sənədin təqdim edilməsi istər özbaşına tikililər üçün Mülki Məcəllənin 180-ci maddəsinin tələbi, istərsə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinin tələbi baxımından zəruridir. Həmçinin apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq cavabdehin təqdim etdiyi 05.04.2022-ci il tarixli **********4 saylı məktubda bildirilmişdir ki, “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsi Səbail Rayon Məhkəməsinin 2(009)-1730/2010 nömrəli 19.07.2010 tarixli qətnaməsinə, Nərimanov Rayon Məhkəməsinin 2(009)-1405/2012 nömrəli 15.10.2012 tarixli icra vərəqəsinə, Hərrac təşkilatının 20.08.2013-cü il tarixli, 69/11 nömrəli hərracın nəticələri haqqında protokoluna, 20.08.2013-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən, 12.09.2014-cü il tarixdə X10 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,0585 ha torpaq sahəsi Səbail Rayon Məhkəməsinin 2(009)-1730/2010 nömrəli 19.07.2010 tarixli qətnaməsinə, Nərimanov Rayon Məhkəməsinin 2(009)-1405/2012 nömrəli 15.10.2012 tarixli icra vərəqəsinə, Hərrac təşkilatının 20.08.2013-cü il tarixli, 69/10 nömrəli hərracın nəticələri haqqında protokoluna, 20.08.2013-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən, 10.09.2014-cü il tarixdə X10 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.” Apellyasiya şikayətinin əsas dəlili olan mülki qaydada qəbul edilmiş məhkəmə qətnaməsi üzrə icra icraatının düzgün aparılmaması, torpaq sahələri üzərində 3-cü şəxsin mülkiyyət hüququnun qeydinin əsassız olması, saxta yolla əldə edilməsi ilə bağlı mövqeyinə cavab olaraq məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikasının Müki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahələri ilə bağlı ləğv edilməmiş və ya etibarsız hesab edilməmiş hərrac protokolları, alqı-satqı müqavilələri və onların nəticələrinə dair üçüncü şəxsin mülkiyyət hüquqlarına dair **********44 və **********82 reyestr nömrəli çıxarışlar mövcuddur və onun adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin, fərdi yaşayış evinin özəlləşdirilərək, iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8599/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Şərafət Məmmədova Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-1103/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1103/2022
14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver