Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1104/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızından və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1957-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı “əmrin qanunsuz hesab edilməsi, işəgötürənin daxili əmri əsasında məcburi əməyə cəlb edilməsinin qanunsuz hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2- 1(112)-6062/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 26.08.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, səhhəti ilə əlaqədar başqa işdə qalması müddətinin uzadılması ilə bağlı X4 rəisinin 22.07.2016-cı il tarixli, 294 saylı əmrinin qanunsuz hesab edilərək, X4nda yeniləşdirilmiş əmək müqaviləsi olmadan, işəgötürənin yalnız daxili 22.07.2016-cı il tarixli, 294 saylı əmri əsasında qüvvədə olan müddətsiz əmək müqaviləsi ilə əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə onu məcbur etməsinin əmək qanunvericiliyinə zidd olması barədə müvafiq qərar qəbul edilməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 25 ildən çox, 1991-ci ildən 2016-cı ilin oktyabr ayına kimi fasiləsiz “xxxx” QSC-nin Biləcəri Lokomotiv deposunda lokomotivlərin radiorabitə təmiri üzrə çilingər vəzifəsində çalışmışdır. 2016-cı ilin iyun ayında cərrahiyyə əməliyyatından sonra öz xahişi və razılığı və səhhətilə bağlı 2 aylıq müddətinə yüngül işə inzibati binanın gözətçisi vəzifəsinə keçirilmişdir. Başqa işə keçirilməsi ilə bağlı 14.09.1999-cu il tarixdə onunla depo arasında bağlanmış müddətsiz əmək müqaviləsinə dəyişiklik edilmiş və dəyişikliyin müddəti 2 ay, 01.06.2016-cı il tarixdən 01.08.2016-cı il tarixə kimi olmuşdur. Başqa işə keçirilməsi ilə bağlı tərtib olunmuş 2 aylıq əmək müqaviləsinin müddəti bitəndən və 14.09.1999-cu il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinin əvvəlki şərtləri yenidən qüvvəyə minəndən sonra, 02.08.2016-cı il tarixdə o əvvəlki işinə (çilingər vəzifəsinə) qayıtmalı idi. Lakin depo rəhbərliyi müddəti bitmiş, qanuni qüvvədən düşmüş əmək müqaviləsinə əsaslanaraq razılığı olmadan, həmin müqavilənin müddətini uzadılmadan, yalnız 22.07.2016-cı il tarixli 294 saylı inzibati əmri ilə onu məcburi qaydada 1 ay da gözətçi vəzifəsində saxlamışdır. Beləliklə, qüvvədə olan əmək müqaviləsi üzrə əmək funksiyayası çilingər olsa da, işəgötürənin inzibati əmrinə tabe olub, müvafiq əmək müqaviləsi olmadan, gözətçi vəzifəsinin əmək funksiyasını icra etməyə məcbur olmuşdur. Ona qarşı qanunsuzluqlarla bağlı narazılığını bildirdiyinə görə, depo rəhbərliyi bütün inzibati resurslardan istifadə edərək, əvvəllər heç bir xəbərdarlığı, heç bir tənbehi olmadığına baxmayaraq, 02-03.08.2016-cı il tarixdə onu iş yerində (gözətçi vəzifəsini gecə növbəsində icra edərkən) yatmaqda əsassız ittiham etmişdir. 09.08.2016-cı il tarixdə gözətçi vəzifəsinə aid olan əmək müqaviləsi olmayan dövrdə onu birdən-birə "sonuncu xəbərdarlıqla şiddətli töhmət"lə cəzalandırılmışdır. Bu qədər haqsızlığa dözməyib gözətçi vəzifəsini məcburi icra etdiyinə görə, üstəlik, bu vəzifəyə görə ona şiddətli töhmətin verilməsi, onu məcbur emişdir ki, pozulmuş əmək hüquqlarının müdafiəsi üçün 11.08.2016cı il tarixdə X6 Xidmətinə müraciət etsin. Həmin vaxtı yoxlamanı keçirən 6 saylı region üzrə X6 işəgötürənin yalnız əmək haqqının düzgün (aylıq normadan artıq və gecə iş saatlarının faizləri hesaba alınmırdı) hesablanmaması ilə bağlı işəgötürənə göstəriş vermişdir. İstəmədiyi vəzifədə məcburi saxlamağını araşdırılmamış və bildirilmişdir ki, əmək müqaviləsi formal bir sənəddir və əsas sənəd işəgötürənin əmridir. Məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Lakin məhkəməyə həmin vaxt müraciət edə bilməmiş, çünki iddia ərizəsinə əlavə etmək istədiyi müəssisədə olan əmək fəaliyətinə aid sənədlərin surətləri ona verilməmişdir. Bir aydan sonra çox kiçik xətaya görə həmin "sonuncu xəbərdarlıqla şiddətli töhməti" əsas tutaraq depo rəhbərliyi "Əmək Məcəlləsi" 70-ci maddəsinin "ç" bəndi ilə 07.10.2016-cı il tarixdə müddətsiz əmək müqaviləsinə xitam vermişdir. Yalnız onu işdən azad edəndən sonra bir ay əvvəl məhkəməyə müraciət etmək üçün istədiyi sənədlərin bir hissəsi ona verilmişdir. Beləliklə, gözətçi vəzifəsinə aid olan əmək müqaviləsi olmadan istəmədiyi vəzifədə onu məcburi saxlayan depo rəisinin imzaladığı 22.07.2016-cı il tarixli, 294 saylı inzibati əmr şərait yaratdı ki, 09.08.2016-cı il tarixdə ona əsassız sonuncu xəbərdarlıqla şiddətli töhmət verilsin. 09.08.2016-cı il tarixdə ona verilmiş sonuncu xəbərdarlıqla şiddətli töhmət isə, "Əmək Məcəlləsi" 70-ci maddəsinin "ç" bəndi ilə 07.10.2016-cı il tarixdə müddətsiz əmək müqaviləsinə xitam verilməsinə əsas olmuşdur. İşdən azad ediləndən sonra işə bərpa barədə iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bu məhkəmə prosesində əmək müqavilələri mübahisə predmeti kimi qeyd olunmamış və buna görə də müzakirə olunmamışdır. 6 ay ərzində işəgötürən ona iki töhmət verdiyinə görə, məhkəmə işdən azad olmasını qanuni sayaraq iddiası təmin olunmamışdır. Apellyasiya və kassasiya şikayətləri də təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2-1(112)-6062/2020 nömrəli qərardadı ilə (hakim M.Qarayeva) İddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 26.01.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2-1(112)-6062/2020 nömrəli qərardadın ləğv edilməsini və işin Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Əlavə olaraq, mübahisə predmetinin eyni olmadığı, cavabdeh tərəfin başqası olduğu qeyd edilmişdir. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, işin Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İş materiallarından göründüyü kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4648/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinin 6 saylı region üzrə X1rşı üçüncü şəxs “xxxx” QSC-nin X2maqla əmrlərin etibarsız hesab olunması tələbinə dair iddiası mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.02.2020-ci il tarixli, 2-1(103)-569/20 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 02.12.2019-cu il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28.10.2020-ci il tarixli, 2-1(102)- 2112/2020 nömrəli qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2020-ci il tarixli, 2-1(103)-569/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “hazırkı tələbin irəli sürülməsində əsas məqsəd nəticə etibarı ilə məhz 07.10.2016-cı il tarixli, 430 saylı əmrin qanunsuz hesab olunaraq ləğv edilməsindən ibarətdir. İddia tələbinin məzmunundan da məlum olur ki, iddiaçı eyni tələblə həmin iddianı yenidən məhkəməyə təqdim etmişdir.” Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi bu mövqeydən çıxış etsə də, AR İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsini təklif etməmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17.09.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. Məhkəmə kollegiyası hesab edir ki, işin yenidən birinci instansiya icraatı zamanı iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində təsbit edilmiş, məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə müvafiq təklif edilməli və onun həmin bildiriş (təklif) barədə məlumatlı olmasını təsdiq edən sənədsübutlar iş materiallarına əlavə edilməlidir. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2- 1(112)-6062/2020 nömrəli qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87,90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2-1(112)-6062/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı “səhhəti ilə əlaqədar başqa işdə qalması müddətinin uzadılması ilə bağlı X4 rəisinin 22.07.2016-cı il tarixli, 294 saylı əmrinin qanunsuz hesab edilərək, X4nda yeniləşdirilmiş əmək müqaviləsi olmadan, işəgötürənin yalnız daxili 22.07.2016-cı il tarixli, 294 saylı əmri əsasında qüvvədə olan müddətsiz əmək müqaviləsi ilə əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə onu məcbur etməsinin əmək qanunvericiliyinə zidd olması barədə müvafiq qərar qəbul edilməsinin cavabdehə həvalə olunması” tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1104/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1104/2021
20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver