Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1104/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Zülfüqar oğlu və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “ictimai birliyin dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2-1(112)- 8246/2021 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə 12-15 aprel 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Zülfüqar oğlu və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1” ictimai birliyinin dövlət qeydiyyatına alınmasını təsdiq edən şəhadətnamənin təqdim edilməsi öhdəliyinin cavabdeh tərəfindən icra edilməməsini nəzərə alaraq, bu barədə cavabdehin üzərinə müvafiq öhdəliyin icra edilməsi barədə vəzifə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 11-ci maddəsi rəhbər tutularaq “X1” İctimai Birliyinin təsis olunması qərara alınmışdır. Bundan sonra birliyin qeydiyyata alınması məqsədi ilə hüquqi şəxslərin dövlət qeydiyyatına cavabdeh olan hakimiyyət orqanı Ədliyyə Nazirliyinə dəfələrlə müraciət olunmuş, lakin müxtəlif əsaslar gətirilərək müraciətlərin təmin olunmasından imtina olunmuşdur. Hesab edirik ki, həmin imtinalar əsassızdır. Sonda iddiaçılar iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8246/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: O.Həsənov) Həmin qərardan iddiaçılar apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar apelyasiya şikayətində qeyd etmişlər ki, İddiaçı1, İddiaçı2 Zülfüqar oğlu və İddiaçı3 ibarət tərkibdə tərəflərindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci və "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi Haqqında" Konvensiyanın 11-ci maddəsi rəhbər tutularaq "X1" İctimai Birliyinin təsis olunması qərara alınmışdır. Bundan sonra birliyin qeydiyyata alınması məqsədi ilə hüquqi şəxslərin dövlət qeydiyyatına cavabdeh olan hakimiyyət orqanı Ədliyyə Nazirliyinə müraciət olunmuş, lakin həmin müraciətlərin təmin olunması müxtəlif imtinaya səbəb olmayan çatışmazlıqlar səbəbi ilə mümkün olmamış, çatışmazlıqların nələrdən və yaxud nədən ibarət olması haqqında onlara yazılı qaydada məlumat verilmişdir. İddia ərizəsinin məzmununda da qeyd olunduğu kimi cavabdeh orqan tərəfindən müxtəlif vaxtlarda göstərilmiş çatışmazlıqların aradan qaldırılması tərəflərindən məqbul sayılmışdır. Sonuncu belə hərəkət xx.xx.2021-ci il tarixə təsadüf etmişdir. Belə ki, cavabdeh orqanın xx.xx.2021-d il tarixli, 05/1080/Z-13 nömrəli məktubunda göstərilmiş ictimai bitliyin nizamnaməsi ilə bağlı imtinaya səbəb olmayan çatışmazlıq tərəflərindən uğurla aradan qaldırılmış, xx.xx.2021-ci il tarixli məlumatlandırma xarakterli ərizə ilə cavabdeh orqana təsis sənədləri yenidən təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu"nun 8-ci maddəsinin tələbinə riayət edilməmiş, süründürməçiliyi və birləşmək azadlığına əsassız müdaxiləni ehtiva edən bu hərəkətsizlik nəticədə dözümsüzlük yaratdığından məhkəməyə müraciət etmək qərarı tərəflərindən məqsədəuyğun sayılmışdır. Birinci instansiya məhkəməsinin qərarı iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasını müəyyən etdiyindən hesab edirlər ki, həmin qərar apelyasiya şikayətinin dəlillərinə uyğun olaraq apelyasiya qaydasında ləğv edilməli və iş üzrə iddia tələbinin təmin olunması haqqında yeni və əsaslandırılmış qərar qəbul olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmununa görə cavabdehə qarşı yönəlmiş iddia tələbinin növü "öhdəliyin icra edilməsi" haqqında olmasına baxmayaraq məhkəmə belə tələb qəbul etdiyi qərarında "məcburetmə haqqında" iddia növünə aid etmişdir. Sözügedən qərarda məhkəmə mövqelərini təhrif edərək göstərmişdir ki, cavabdeh orqanın təsisçisi olduqları ictimai birliyin qeydiyyata alınması ilə bağlı imtinalarını əsassız saymışlar. Halbuki, iddia ərizəsində əks olunmuş iddia növünə dair tələbin mahiyyətindən görünür ki, mübahisə cavabdeh orqanın sonuncu müraciətlərinə dair üzərinə düşən öhdəliyi vaxtında icra etməməsi ilə bağlı yaranmış, buna uyğun olaraq cavabdeh orqanın ictimai birliyin qeydiyyata alınması ilə bağlı imtinaya səbəb olmayan çatışmazlığın aradan qaldırılması haqqındakı xx.xx.2021-ci tarixli yazılı mövqeyi tərəflərindən əsassız sayılmamışdır. Həmin məktubun məzmunundan da göründüyü kimi, cavabdeh orqan nöqsanların aradan qaldırılacağı təqdirdə məsələyə yenidən baxılacağını vurğulayır. Şifahi məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verilməsinə və öhdəliyin cavabdeh tərəfindən icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilməsinə baxmayaraq məhkəmə qərar qəbul edərkən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlilləri rəhbər tutmuşdur. Məhkəmə qərar qəbul edərkən cavabdeh orqanın təsiri altında olmasını istisna etmirlər. Belə ki, xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş cavabdeh orqan tərəfindən iddia tələbinə dair xx.xx.2021-ci il tarixli etiraz məktubunun məzmununda kifayət qədər absurd mülahizənin və ziddiyyət dolu tarixi xətaların olmasına baxmayaraq, məhkəmə cavabdehin mövqeyini qeyd-şərtsiz olaraq əsaslı saymış və onun imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübuta yetirildiyi qənaətinə gəlmişdir. Məhkəmə bu minvalla cavabdeh orqanın nümayəndəsinin məhkəməyə üzrsüz səbəbdən gəlməməsi faktına münasibətdə hərəkətsiz qalmış, iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmasına təşəbbüs göstərməmişdir. Beləliklə yuxanda göstərilən dəlillərə əsasən qeyd etmək mümkündür ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə qərar qəbul edərkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 10, 59, 68, 69-cu maddələrinin tələblərinə riayət etməyərək göstərilən hüquq normalarının prosessual pozuntusuna yol vermişdir. Apelyasiya baxışı zamanı İddiaçı3 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 Zülfüqar oğlu və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə qeyd olunan iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçılar “X1” ictimai birliyinin dövlət qeydiyyatına alınmasını təsdiq edən şəhadətnamənin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar bir-neçə dəfə ictimai birliyin qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən ictimai birliyin qeydiyyata alınması müxtəlif əsaslar göstərilərək bir-neçə dəfə həyata keçirilməmiş, lakin müraciətə cavab məktublarında iddiaçıya nöqsanlı halların aradan qaldırılmasından sonra müraciət etmək hüququ izah edilmişdir. İddiaçı son olaraq cavabdehə müraciət etmiş, çatışmazlığın aradan qaldırıldığını qeyd edərək ictimai birliyin qeydiyyata alınmasını xahiş etmişdir. İddiaçı həmin müraciətə cavab təqdim edilmədən məhkəməyə müraciət etsə də, məhkəmə sorğusuna əsasən məhkəməyə təqdim edilmiş cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan göründüyü kimi imtina onunla əsaslandırılmışdır ki, müraciət ərizəsi bütün təsisçilər tərəfindən imzalanmamış və notariat qaydada təsdiq edilməmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş, həmçinin məhkəmə sorğusuna əsasən təqdim edilmiş xx.xx.2021-ci il tarix qeyd olunan ərizədən də göründüyü kimi həmin ərizə yalnız İddiaçı1 tərəfindən imzalanmış, digər təsisçilər tərəfindən imzalanmamış, ümumiyyətlə notariat qaydada təsdiq edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunun: -2.1-ci maddəsinə əsasən ictimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyrihökumət təşkilatdır. -8.1-ci maddəsinə əsasən ictimai birliklərin iştirakçılarına təsisçilər, üzvlər və köməkçilər aiddir. Fondların iştirakçılarına təsisçilər və köməkçilər aiddir. -9.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına (gənclərin ictimai birliklərinin təsisçiləri - 16 yaşına) çatmış fiziki şəxslər ola bilərlər. -13.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi, idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, o cümlədən gənclər təşkilatlarında üzvlərin yaşına dair tələblər, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir. -16.2-1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin elektron müraciət əsasında müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə dövlət qeydiyyatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -17.1-ci maddəsinə əsasən Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. -17.2-ci maddəsinə əsasən Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından, imtinanın əsasları və təsis sənədlərin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və maddələrini göstərilməklə, yazılı surətdə məlumat qeyri-hökumət təşkilatının nümayəndəsinə təqdim olunur. -17.3-cü maddəsinə əsasən Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. -25.1-ci maddəsinə əsasən ictimai birliyin strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbul etmə və ictimai birliyin adından çıxış etmə qaydaları bu Qanun və digər qanunlara müvafiq olaraq ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: -2.0.14-cü maddəsinə əsasən qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslər; -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. -5.4.1-ci maddəsinə əsasən təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən , publik hüquqi şəxslərin isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması (bu Qanunun 8-1.2-ci maddəsi nəzərə alınmaqla) barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır). -11.3-cü maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8.3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda. -11.5-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından qanunsuz imtina və ya yayınma barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yuxarı orqana və ya məhkəməyə şikayət verilə bilər. İşdən görünür ki, iddiaçılar bir-neçə dəfə ictimai birliyin qeydiyyata alınması ilə bağlı cavabdehə inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən aşağıdakı məktublarla imtina cavabı verilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2020-ci il tarixli 05/1773-13 nömrəli məktubdan görünür ki, “X1” ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1ci maddəsinin tələbinə riayət edilməməsi müəyyən olunmuşdur. Belə ki, birlik bir fiziki şəxs tərəfindən yaradılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2020-ci il tarixli 05/1773/3-13 nömrəli məktubdan görünür ki, “X1” ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1ci maddəsinin tələbinə riayət edilməməsi müəyyən olunmuşdur. Belə ki, ərizə ilə müraciət edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı2 Zülfüqar oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli 05/1773/4-13 nömrəli məktubdan görünür ki, “X1” ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı daxil olmuş müraciətə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə riayət edilməməsi müəyyən edilmişdir. Belə ki, ərizə notariat qaydasında təsdiqlənməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2020-ci il tarixli 05/1773/5-13 nömrəli məktubdan görünür ki, “X1” ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5.4.1ci maddəsinin tələbinə riayət edilməməsi müəyyən olunmuşdur. Belə ki, qurumun nizamnaməsi təsisçilər tərəfindən təsdiq edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2021-ci il tarixli 05/1773/6-13 nömrəli məktubdan görünür ki, «X1» ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciət baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələbinə riayət edilməməsi müəyyən olunmuşdur. Belə ki, ərizə notariat qaydasında təsdiqlənməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2021-ci il tarixli 05/1080-13 nömrəli məktubdan görünür ki, «X1» ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciət baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunun 13.1-ci maddəsinin tələbinə riayət edilməməsi müəyyən olunmuşdur. Belə ki, qurumun nizamnaməsində ona əlavə və dəyişikliklərin edilməsi qaydası (təkliflərin verilməsi, baxılması və müddətlər) müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı2 Zülfüqar oğluna ünvanlanmış xx.xx.2021-ci il tarixli 05/1080/2-13 nömrəli məktubdan görünür ki, “X1” ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı daxil olmuş müraciətə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 25.1-ci maddəsinin tələblərinə riayət olunmaması müəyyən edilmişdir. Belə ki, idarəetmə orqanlarının səlahiyyəti ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir. Lakin buna zidd olaraq qurumun nizamnaməsinin V.1.4-cü bəndinə əsasən sədr müavin(lər)i vəzifəsi qeyd olunsa da, onun (onların) səlahiyyətləri göstərilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2021-ci il tarixli 05/1080/3-13 nömrəli məktubdan görünür ki, X1” ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı daxil olmuş müraciətə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələbinə riayət edilməməsi müəyyən olunmuşdur. Belə ki, ərizə bütün təsisçilər tərəfindən imzalanmamış və notariat qaydasında təsdiq edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 05/1080/5-13 nömrəli məktubda aşağıdakılar bildirilmişdir: “X1” ictimai birliyi xx.xx.2020-ci il tarixdə təsis edilmişdir. Təşkilatın əsas məqsədi Azərbaycanda dünya elminin müasir, mütərəqqi, ölkəmizin tərəqqisinə kömək edə biləcək sahələrin yayılmasına, bu sahədə mütəxəssislər yetişməsinə kömək etmək, elmin bu sahələrdəki nailiyyətlərindən istifadə etmək üçün layihələr həyata keçirməkdən ibarətdir. Qurumun təsis sənədləri ilk dəfə xx.xx.2020-ci il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş və sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra xx.xx.2020-ci il tarixdə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında* Qanunun 11.3.1-ci maddəsinə əsasən müvafiq iradla geri qaytarılmışdır. Belə ki, “Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 2.1-ci maddəsinin müddəalarına zidd olaraq birlik bir fiziki şəxs tərəfindən təsis olunmuşdur. xx.xx.2021-ci il tarixdə qurumun sənədləri yenidən nazirliyə təqdim olunmuşdur. Sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə riayət edilməməsi müəyyən edilmişdir. Belə ki, sənədlər müraciət ərizəsi olmadan nazirliyə təqdim olunmuşdur. Daha sonrakı müraciətlərində qurumun Ədliyyə Nazirliyinə təqdim edilmiş sənədlərinin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 13.1-ci və 25.1-d maddələrinin, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.4.1-ci maddəsinin tələblərinə riayət edilməməsi müəyyən olunmuşdur. Bu baxımdan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3.1-ci maddəsinə müvafiq olaraq qurumun sənədləri geri qaytarılmışdır. Qeyd etmək lazımdır ki, sənədlərin qaytarılması ilə bağlı qəbul olunmuş qərar təsis sənədlərindəki nöqsanlar aradan qaldırıldıqdan sonra sözügedən təşkilatın qeydiyyata alınması üçün maneə törətmir və müraciət edildiyi təqdirdə məsələyə yenidən baxılacaqdır. İş materiallarından göründüyü ki, iddiaçılar tərəfindən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 5.2-ci maddəsi və 11.3 və 11.3.1-ci maddəsinin tələblərinə əməl edilmədən, imtinaya səbəb olan çatışmazlıqlar aradan qaldırılmadan cavabdeh orqana müraciət olunmuşdur. Eyni zamanda cavabdeh inzibati orqan sənədlərin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra sözügedən təşkilatın qeydiyyata alınması üçün maneə törətmədiyini bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıların arzuladığı inzibati aktı qəbul etməsindən imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçıların apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8246/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1104/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1104/2022
15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver