Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1104/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “mənsubiyyətin tanınması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9203/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ι. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məcburetmə haqqında iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslanıdırmışdır: “ 10 aprel 1967-ci ildə Bakı şəhərində doğulmuş, atası - X7 və anası - X3, azərbaycanlıdırlar. Uşaq yaşlarından etibarən o, anası X3 ilə Bakı şəhəri, Razin (hazırkı ünvan 1 ünvanına qeydiyyatda olmaqla yaşamışdır. 1973-cü ildə həmin qəsəbədə yerləşən 167 nömrəli Uşaq Bağçasına getmiş, 1974-cu ildən 1984-cu ilədək həmin qəsəbədə yerləşən 94 №-li Orta məktəbdə təhsil almışdır. Məktəbi yüksək qiymətlərlə və Fizika-Riyaziyat fənlərinnən mükafatla bitirərək, elə həmin ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin avtomatlaşdırılmış idarəetmə sistemləri ixtisası üzrə FAPP fakültəsinə qəbul olunmuşdur. Azərbaycan SSR Lenin rayon Hərbi Komissarlığının çağırış komissiyası ilə həqiqi hərbi xidmətə yararlı bilinməklə, xx.xx.1985ci il tarixdə hərbi hissəyə göndərilmiş, 1987-ci ildə həqiqi hərbi xidmətdən Bakı şəhərinə qayıdaraq, ali təhsilini davam etmişdir. 1988-ci ildə, ADNSU-nin rəhbərliyinin təşəbüsü ilə o, təhsilini davam etdirmək üçün Moskva şəhərinin Qubkin adına Neft və Qaz Akademiyasına göndərilmişdir. 9 iyun 1992-ci il tarixdə o, Qubkin adına Neft və Gaz Akademiyasını genişlənmiş 6-illik proqram üzrə fəxri Qırmızı diplomla bitirmişdir. 1992-ci ildə, elmi rəhbərinin təklifi ilə, Qubkin adına Neft və Qaz Akademiyasının aspiranturasında təhsilinə başlamışdır. Bu zaman ona aspirantura rəhbərliyi tərəfindən bildirilmişdir ki, o, Azərbaycan Respublikasının vətəndaşı olduğuna görə pulsuz təhsil almaq hüququndan məhrumdur. 1994-cü ildə o, ödəniş edə bilmədiyinə görə aspiranturadan çıxmalı olmuşdur. Qubkin adına Neft və Qaz Akademiyasında və aspiranturada oxuduğu zaman o, akademiyanın yataqxanası ilə təmin olunduğu üçün müvəqqəti qeydiyyatı yataqxananın yerləşdiyi Moskva şəhəri, Butlerov küçəsi 3 ünvanına idi. Aspiranturadan çıxan zaman o, müvəqqəti qeydiyyatdan məhrum olmuşdur. 1994-cü ildə o, Bakıya qayıtmışdır. Təhsili bitirdikdən sonra onun iş təyinatı SSRİ X2 instituna idi. Ona inistitutun rəhbərliyi tərəfindən bildirilmişdir ki, onu texniki mütəxəssis kimi işə götürmək mümkün deyil. Tələbə olaraq, o, artıq X6 Avtomatlaşdırılma İnstitutunda proqramlaşdırma üzrə 1-ci dərəcəli mühəndis kimi işləyirdi. Bakıda işə düzələ bilmədiyinə görə o, 1994-cü ildə Moskvadakı işinə qayıtmalı olmuşdur. 1995-ci ildə Rusiya Federasiyasında leqal yaşamaq və işləmək üçün Rusiya vətəndaşlığını qəbul etmişdir. 1997-ci ildə o, Moskvada yeni fəaliyyətə başlayan “X9” bankına işə qəbul olunmuşdur. Həmin il Moskva regionunun Ramenskoye şəhərində ev alıb qeydiyyata düşmüşdür. 1997ci ildə Bakı şəhərində evlənmişdir, lakin yenə də Moskvada işləməyi davam etdirmişdir. 2000-ci ildə o, ABŞ-nin “Cisco Systems” şirkətinin Moskvadakı ofisinə “Systems Engineer” vəzifəsinə işə qəbul olmuş və bu günə qədər həmin şirkətin işçisidir. “Cisco” şirkətində işləyən zaman o, müntəzəm olaraq Azərbaycana ezamiyətə gələrək, burada şirkətə yerli proyektlərlə əlaqədar köməklik göstərirdi. 2008-ci ildə anası Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzili sataraq, ünvan 3 ünvanına yerləşən mənzili alıb onun adına rəsmiləşdirmişdir. Anası 2021-ci ilin sonunda ölmüşdür. 2022-ci ilin mart ayından başlayaraq, məlum səbəblərə görə ABŞ-ın “Cisco Systems” şirkəti Rusiyadakı fəaliyyətini dayandırmışdır. O, Azərbaycana qayıdıb, ünvan 4 ünvandakı öz şəxsi mənzilinə qeydiyyata düşmüşdür. Daşınmaz Əmlakı əsasında Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün bir illik vəsiqə almışdır. (seriya MYİ № 0575054). Hazırda işlədiyi ABŞ-nin “Cisco Systems” şirkəti onu rəsmi işçi olaraq Azərbaycanda fəaliyyət göstərən bölməsində işə keçirmək üçün çalışır. O, artıq ailəsi ilə birlikdə Azərbaycanda yaşamaq və burada əmək fəaliyyətini davam etdirmək istəyir. Göstərilənlərlə əlaqədar o, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qərarla belə nəticəyə gəlinmişdir ki, onun vətəndaşlığa mənsubiyyəti tanınmamalıdır. Tanınmamağa əsas kimi bu gətirilmişdir ki, onun xx.xx.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir...” Cavabdeh iddia ərizəsinə yazılı etirazında iddianı qəbul etməmiş və bunu onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixli sorğusu əsasında onun vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmişdir. Hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, o, 1967-ci ildə Bakı şəhərində anadan olsa da, sonradan Rusiya Federasiyasına getmiş, həmçinin həmin ölkənin vətəndaşıdır. Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-ci bəndi, 4.1.1-ci bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının, və ya Azərbaycan SSR-in vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən)). Buna görə də şəxsə münasibətdə adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9203/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmşdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunması və Azərbaycan Respublikasına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti forma və məzmunca Azərbaycan Respublikasının İnzibati Presessual Məcəlləsinin 85-ci maddəsinin tələblərinə uyğundur şikayət üzrə apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərəfindən sübutlar düzgün qiymətləndirilməmişdir. Belə ki, cavabdehin irəli sürdüyü dəlillər qəbul edilmiş, olduğu kimi qərara köçürülmüş, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar qəbul edilməmiş, irəli sürdüyü bir dəlil belə qiymətləndirməyə məruz qalmamış və son nəticə də düzgün olmayan qərar qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi C.Məmmədli isə onunla razılaşmamış, 1998-ci ilin oktyabr ayının 7-nə kimi iddiaçının Azərbaycan Respublikası ərazisində qeydiyatı aşkar edilmədiyini birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ΙΙ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, məcburetmə haqqında iddia vasitəsilə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbi rədd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Konkret halda, iddia tələbinin Qanuni əsasını 30 sentyabr 1998- ci il tarixli "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi təşkil edir. Belə ki, həmin Qanunun şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyən edən 5-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. İddiaçının Qanunun qeyd olunan 5-ci maddəsinin 1-ci hissəsində sadlanan, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün əsaslardan hər hansı biri yoxdur.Birincisi, Qanunun qeyd olunan maddəsinin 1-ci hissəsinin 3-cü və 4cü bndlərinin məzmunundan göründüyü kimi, iddiaçıya münasibətdə tətbiq olunması istisna olunur. Həmin hissənin 4-cü bəndində nəzərdə tutulan əsas da iddiaçıda mövcud deyil. Çünki, o, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası vətəndaşlığı əldə etməmişdir. Həmin hissəsinin 1-ci bəndinə gəldikdə isə, bu Qanunun qüvvəyə mindiyi günədək iddiaçının Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması müəyyən olunmur. Belə ki, işə əlavə olunmuş AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin birinci instansiya məhkəməsinin sorğusuna ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, sorğu edilən xx.xx.1967-ci il təvəllüdlü İddiaçı ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat müəyyən olunmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş, Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasının 2.2.1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraata şəxsin özünün və ya mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının, prokurorluq və məhkəmə orqanlarının sorğusu əsasında başlanılır. Həmin Qaydanın 3.2-ci bəndinə əsasən dövlət orqanları tərəfindən sorğu verilərkən, müvafiq sorğu vərəqinə (1 nömrəli əlavə) bu Qaydanın 3.4.1-ci və 3.4.3–3.4.10-cu yarımbəndlərində nəzərdə tutulan sənədlər əlavə edilir və müşayiət məktubu ilə Dövlət Miqrasiya Xidmətinə göndərilir. Bu Qaydanın 3.4.3–3.4.6-cı yarımbəndlərində nəzərdə tutulan sənədlər Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən əldə edilməsi mümkün olduğu təqdirdə təqdim edilir. Göründüyü kimi, şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olmasının müəyyənləşdirilməsi üçün onun həmin Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatının olub-olmaması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənədin (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) sorğu verən şəxsin ərizə anketinə əlavə olunması tələb olunur. Qeyd olunan sənədi vermək səlahiyyəti isə Azərbaycan Respublikası Daxili işlər İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyati və Miqrasiya İdarəsi (“BPQMİ”) tərəfindən həyata keçirilir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda da məhz, qeyd etmişdir ki, AR DİN BPQMİ-nin xx.xx.2022-ci il tarixli məlumatına əsasən onun 1988-ci ilin oktyabr ayının 7-dək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı olmadığına görə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina barədə qərar qəbul olunmuşdur. Əslində, iddiaçı öz ərizəsində də etiraf edir ki, o, hələ keçmiş SSRİ dövründə 1988-ci ildə respublika ərazisini tərk etmiş, 1994-cü ildən o, Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş, hal-hazırda həmin ölkənin vətəndaşıdır. Adıçəkilən “Qayda”nın 4.3-cü bəndin də məhz, nəzərdə tutulur ki, Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. Beləliklə də, qanunvericiliyin qeyd olunan tələblərindən irəli gələrək, cavabdeh tərəfindən AR DİN BPQMİ-nin təqdim etdtyi sənədə (məlumata) istinadən, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsindən imtina olunması qanuni olmuşdur. “İnzibati icraat haaqqında” Azərbaycan Respublikası Qanunun 45.3-cü maddəsi də məhz nəzərdə tutur ki, Qanunu pozmaqla əldə olunmuş sübutlardan istifadə oluna bilməz. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının iddia ərzəsində və apellyasiya şikayətində istinad etdiyi hallar cavabdeh tərəfindən iddiaçının 1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikası ərazisində qeydiyyatının tanınmasına əsas olan hallar kimi qiymətləndirilməsi istisna edilir. Beləliklə də, tədqiq olunan sübutlarla müəyyən edilən hallara və qanunvericilyin tələblərinə əsasən müəyyən olunur ki, cavabdehin 15 mart 2022-ci il tarixli qərarı ilə iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini tanınmasından əsaslı imtinası iddiaçının hüquqlarını pozması kimi yozula bilməz. İPM-in 73.1-ci maddəsi də, məhz, onu ehtiva edir ki, məhkəmə o halda, məcburetmə qaydasında inzibati orqanın üzərinə iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoya bilər ki, inzibati aktın qəbul olunması qəbulundan imtina olunması qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli və obyektiv araşdırılmadığını sübutlara düzgün hüquqi qiymət verilmədiyini və əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9203/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 14, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9203/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsilə Azərbaycan Respublikasın Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1104/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1104/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver