Məhkəmə qərarları › İş №2-1(103)-1105/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1105/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1105/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əvvəlki dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12304/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-ci ildən ona ödənilməyə başlanılmış, lakin 15 mart 2015-ci il tarixindən ödənilməmiş məbləğin ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi pensiya almaq hüququ vardır və həmin hüquq sonradan ona məlum olduğuna görə 2015-ci ildən ona tətbiq olunmalı idi. İddiaçı xx xxxx 1960-cı il təvəllüdlüdür və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq 15 mart 2015-ci il tarixdən ona pensiya təyin edilməli idi. Lakin ona pensiya 06 may 2022-ci il tarixdən təyin olunmuş və 2015-ci ildən ona verilməli olan pensiya məbləğinin hər ay ona təyin olunmuş pensiyanın üzərinə gəlməklə DSMF-nin ona ödəməli olan və gecikdirilmiş pensiya məbləğini hər aya bölməklə hissə-hissə verməsi nəzərdə tutulmuşdur. Cavabdeh iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsinə cavab olaraq bildirmişdir ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2022-ci il tarixində müraciət etdiyi üçün ötən dövr üzrə hesablanmış fərq məbləğinin xx.xx.2015-ci il tarixindən hesablanması qanunvericiliklə nəzərdə tutulmamışdır. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixdən 288,67 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə pensiyanın yenidən hesablanaraq xx.xx.2015-ci il tarixdən təyin edilməsi tələbi ilə cavabdeh orqana müraciət etmişdir. Lakin iddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2015-ci il tarixdən yaranmasına baxmayaraq yaşa görə əmək pensiyası təyinatı ilə bağlı xx.xx.2022-ci il tarixdə müraciət olunduğu üçün Qanunun 32.1-1-ci maddəsinin tələblərinə əsasən məsələnin müsbət həlli mümkün olmamışdır. Təqdim olunan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil illəri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 28 il 02 ay sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 14.073,12 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2019-cu il tarixdən 296,07 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən 345,22 manata, xx.xx.2021-ci il tarixdən 384,58 manata çatdırılmışdır. Həmçinin Qanunun 37.3.1-ci maddəsinə əsasən (06 il və daha çox işlədikdə) xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 14.641,20 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən 587,93 manat müəyyən edilmiş və Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixdən 607,92 manata çatdırılmışdır. Göründüyü kimi iddiaçının əmək pensiyası təhsil illəri də daxil olmaqla qanunvericiliyin tələblərinə əsasən düzgün hesablanaraq 607,92 manat müəyyən edilmişdir. Belə olan halda, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən yaşa görə əmək pensiyasının yenidən hesablanması qüvvədə olan qanunvericiliyə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12304/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən Konstitusiya Məhkəməsinin məhz pensiya təyin edilməsi üçün ötürülmüş müddətlə bağlı qərarına istinad edərək qərar qəbul etmişdir, o zaman məhkəmə ötürülmüş müddətin üzürlü olmasını da tam, hər tərəfli araşdırmalı idi. Ötürülmüş müddətin üzürlü olması ilə bağlı iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əhəmiyyət verməmiş və iş materialına əlavə etməmiş və ötürülmüş müddətin üzürlü olmasına aid dəlil sübutlara hüquqi qiymət verməyərək, əsassız qərar qəbul etmişdir. Belə ki, iddiaçının himayəsində gözdən əlil övladı vardır. O, özü də 2015-2017-ci illərdə bir sıra xəstəliklərdən əziyyət çəkmiş və müalicələr almışdır. Eyni zamanda onun digər oğlu da vətən müharibəsi iştirakçısı olub və vətənə ləyaqətlə xidmət etmişdir. Müharibə Veteranıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etdilər. Əlavə olaraq Sədrlik edənin sualına cavab olaraq iddiaçı bildirdi ki, inzibati orqana gec müraciət etməsinə səbəb oğlunun və özünün səhhətindəki problemlərlə bağlı olmuşdur . Belə ki, oğlu əvvəllər ikini dərəcə əlil olmuş, sonradan 1-ci dərəcə əllillik verilmiş, özünün isə əl nahiyəsində problemlər olmuşdur. Həmçinin, Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, 2015-2017-ci illərdə mütəmadi işləmiş, evdən-işə, işdən evə getmiş, başı ailəsinə və işinə qarışmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq 55 yaşdan əmək pensiya almaq hüququ yaranmışdır. İddiaçı əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixdə müraciət etmiş və ona əmək pensiyası təyin edilmişdir. Lakin əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvədə olan 32.1-1-ci maddəsinin tələblərinə əsasən müraciət etdiyi tarixdən (xx.xx.2022-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2019-cu il tarixdən ödənilmişdir. İddiaçı 55 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixdən əmək pensiyasının ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin (4 illik) ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -31.1-ci maddəsinə (xx.xx.2017-ci il tarixədək olan redaksiya) əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; -37.7-ci maddəsinə (xx.xx.2017-ci il tarixədək olan redaksiya) əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir; -32.1-1-ci maddəsinə (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiya) əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. -32.1-2-ci maddəsinə (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiya) əsasən, bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlilindən aydın olur ki, 2017-ci il 10 mart tarixli 543- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ilk dəfə hesablanması, xx.xx.2019-cu il tarixdən sonra müraciət etmiş pensiyaçıların isə əmək pensiyasının yenidən hesablanması müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) il ilə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli № 03/2020 nömrəli qərardadı ilə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməsi qərara alınmışdır. Həmin Qərardadda qeyd olunmuşdur ki, “keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Bu mənada, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddətlər daxilində edilməsini tələb edən normalar mövcuddur (məs; Vergi Məcəlləsinin 85-ci maddəsi, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi və s.). Odur ki, kollegiya hesab edir ki, yeni tənzimləmə həm də hüquqi müəyyənliyi və sabitliyi təmin etməyə dair əsaslı legitim məqsədə də xidmət edir.” Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, şəxsinə pensiya hüququ xx.xx.2015-ci il tarixindən yarandığı qeyd olunmuş,“Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq, əvvəlki müddət üçün isə alınmamış pensiya məbləği müraciət edilən tarixdən – 06 may 2022-ci ildən əvvəlki üç illik dövr üçün ödənilmişdir. İddiaçı pensiya məbləğinin hüququ yarandığı gündən ödənilməsini xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, üzürlü səbəblərdən inzibati orqana gec müraciət etmişdir. Apellyasiya şikayətinin də əsas dəlili məhkəmə tərəfindən qeyd edilən üzürlü səbəblərin araşdırılmaması və onu hüquqlarının pozulması ilə bağlıdır. Məhkəmə kolelgiyası qeyd edilən dəlilə münasibətdə diqqətə çatdırır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: --- Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən Qərarındakı hüquqi mövqe pensiya hüququnu qanun normasının əvvəlki redaksiyasının qüvvədə olduğu müddətdə əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərinin araşdırılması ilə bağlıdır. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 17 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqelərini əsas götürərək iş üzrə araşdırma aparmış, iddiaçının pensiya hüququnun xx.xx.2015-ci il tarixdən yarandığı halda ən geci xx.xx.2017ci il tarixədək müraciət etməməsinin səbəbləri aydınlaşdırılmışdır. İşin araşdırılmış hallarından belə qənaətə gəlinir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etsə də, əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2017-ci il tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən hər hansı sübutu məhkəmə araşdırmaları zamanı təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı xx.xx.2017-ci il tarixinədək yəni qanunun əvvəlki redaksiyası qüvvədə olan müddətdə müraciət etməməsinin səbəbi kimi oğlunun ikinci dərəcə gözdən əlil olmasını, həmçinin, özünün sağlamlığı ilə bağlı (əlində) problemlərin olmasını, həmin dövrdə başının ailəsinə və işinə qarışdığını bildirmiş, Sədrlik edənin sualına cavab olaraq isə həmin dövrlərdə işlədiyini, sonrakı dövrdə isə oğlunun xaricdə əməliyyat olunduğu bildirmiş, oğlunun əlilliyinin hazırda da (birinci dərəcəli əlil) davam etdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası isə qeyd edilən halları iddiaçının ən geci xx.xx.2017-ci il tarixədək pensiya təyini üzrə inzibati orqana müraciət etməməsinin üzürlü səbəbləri kimi qəbul etmir. Ən azından iddiaçı qeyd edilən dövrlərdə işləmiş (öz izahatına əsasən) və həmin dövrdə cavabdeh inzibati orqana bir ərizə yazaraq müraciət etməsinə maneə olan, iradəsindən asılı olmayan hallar barədə, həmçinin səhhətində ciddi problemlər barədə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12304/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar