Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1105/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7892/2024 nömrəli, 16 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, həm Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli fərmanını, həm də Azərbaycan Respublikasının Vergi Məcəlləsinin qanunvericiliyinə əsaslanaraq "xxxx" MMC-yə (VÖEN: **********) ödədiyi məbləğin (88000.00 manat) ƏDV-sinin (4027.11 manat) geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə aralarında bağlanmış 05 sentyabr 2022-ci il tarixli ÇP/3-15 saylı alqı-satqı müqaviləsinə əsasən alınmış Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilən 6 binalı yaşayış kompleksinin 3-cü bina, 8-ci mərtəbəsində yerləşən 54 saylı mənzilə görə ödənilən 88.000 manat pulun ƏDV hissəsinin 30 faizinin ona qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mənzil alqı-satqısına dair müqavilə əsasında 05 sentyabr 2022-ci il tarixində "xxxx" MMC tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilən 6 binalı yaşayış kompleksinin 3-cü bina, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 70.4 kv.m olan 54 saylı mənzilin dəyəri olan 88000.00 manat vəsaiti nağdsız qaydada Cəmiyyətin bank hesabına köçürmə yolu ilə ödəmişdir. Mənzili "xxxx" MMC-dən alarkən Cəmiyyət tərəfindən ona yalnız bank rekvizitləri təqdim olunmuş və ödənişin Bank Respublikanın Nərimanov filialında olunacağı bildirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 8000 manat məbləği beh olaraq (54 saylı mənzil üçün) və xx.xx.2022-ci il tarixində 80000.00 manat məbləği (54 saylı mənzil üçün) Cəmiyyət tərəfindən təqdim olunan bank hesabına nağdsız qaydada tam ödəmişdir. Qeyd olunan tarixdə mənzili alarkən iddiaçıya Cəmiyyət tərəfindən ödəniş etmək üçün bank rekvizitlərindən başqa digər heç bir sənədlər (hesab faktura, elektron-qaimə, ƏDV depozit hesabı) təqdim olunmamışdır. ƏDV-nin geri qaytarılması ilə bağlı Cəmiyyətin nümayəndəsi ilə danışıqlar aparan zaman iddiaçıya bildirilmişdir ki, o, mənzil üçün bank hesabına nağdsız qaydada ödədiyi tam məbləğin ƏDV-yə aid olan hissəsini də Vergi Xidmətinə köçürərək öz hesabatında göstərmişdir. Bu səbəbdən ƏDV-nin geri qaytarılması ilə bağlı vergi orqanlarına müraciət etməli olduğu bildirilmişdir. Məsələ ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh qurum bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Cəmiyyət tərəfindən iddiaçıya ƏDV depozit hesabı, həmçinin elektron-qaimə təqdim olunmamışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-7892/2024 nömrəli, 16 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı müqaviləyə əsasən 05 sentyabr 2022-ci il tarixində "xxxx" MMC tərəfindən Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon, 3121-ci məhəllə, Abay Kunanbayev küçəsi (küçənin yeni adı: Firavan küçəsi), 78P ünvanında inşa edilən 6 binalı yaşayış kompleksinin 3-cü bina, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 70.4 kv.m olan 54 saylı mənzilin dəyəri olan 88000.00 manat vəsaiti nağdsız qaydada Cəmiyyətin bank hesabına köçürmə yolu ilə ödəmişdir. Mənzili "xxxx" MMC-dən alarkən Cəmiyyət tərəfindən iddiaçıya yalnız bank rekvizitləri təqdim olunmuş və ödənişin Bank Respublikanın Nərimanov filialında olunacağı bildirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 8000 manat məbləği beh olaraq (54 saylı mənzil üçün) və xx.xx.2022-ci il tarixində 80000 manat (54 saylı mənzil üçün) məbləği Cəmiyyət tərəfindən təqdim olunan bank hesabına nağdsız qaydada tam ödəmişdir. Mənzili alarkən iddiaçıya Cəmiyyət tərəfindən ödəniş etmək üçün bank rekvizitlərindən başqa digər heç bir sənədlər (hesab faktura, elektron-qaimə, ƏDV depozit hesabı) təqdim olunmamışdır. Cavabdeh iddiaçı mənzilin tam dəyərinin ödənildiyi vaxtdan ƏDV-nin qaytarılması ilə bağlı 90 gündən sonra müraciət etdiyinə görə və mənzilin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödədiyi üçün onun müraciətindən imtina etmişdir. İddiaçının ödənilən məbləğin ƏDV hissəsinin ayrı hesaba deyil, mənzilin tam dəyəri ilə birlikdə Cəmiyyətin hesabına nağdsız qaydada tam köçürməsinə baxmayaraq, Cavabdeh Cəmiyyətin ona təqdim etdiyi müvafiq hesabatlar zamanı ƏDV hissəsinin ayrıca göstərilməməsini uyğunsuzluq kimi qəbul edib Cəmiyyəti bu barədə məlumatlandıra və ödədiyi məbləğin ƏDV hissəsinin Cəmiyyətin bank hesabına düzgün qaydada köçürməsinə imkan yarada bilərdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********920600 nömrəli qərarının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Həmin Qərarda qeyd edilir: İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmişdir. Alıcı İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli elektron ərizəyə beh müqaviləsi, ödəniş sənədi və digər sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Eyni zamanda, Qaydanın 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə 90 gündən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir (Həmin maddə «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə edilmişdir və xx.xx.2020-ci il tarixdən qüvvəyə minmişdir). “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası» təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın: 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.5. Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyriyaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDVyə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və ya qeyri-yaşayış sahəsi əsas götürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.6. müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklar; 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı. 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. İşin faktiki halları ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixli, ÇP/3-15 nömrəli mənzilin alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC onun tərəfindən Bakı şəhəri, ünvan 2 ünvanında inşa edilən yaşayış kompleksinin 3-cü bina, 8-ci mərtəbəsində yerləşən, 2 otaqdan ibarət, ümumi sahəsi 70.4 kv.m olan 54 saylı təmirsiz mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən 54 saylı təmirsiz mənzilin dəyəri 88.000 manat müəyyən edilmişdir. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək yaşayış sahəsinin dəyərini xx.xx.2022-ci ildə tam ödəmişdir. İddiaçı həmin məbləğin ödənilməsini təsdiq edən sənədlərlə birlikdə ödənilmiş ƏDV-nin qaytarılması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının mənzilə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı 90 gündən sonra müraciət etdiyini qeyd etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. İş materiallarından görünür ki, iddiaçı mənzilin dəyərini xx.xx.2022-ci ildə tam ödəmiş, ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal xx.xx.2023-cü il tarixdən istifadəyə verilmiş, portalın istifadəyə verilməsi barədə məlumat xx.xx.2022-ci il tarixdən saytda yerləşdirilmiş, iddiaçı ƏDV-nin qaytarılması barədə tələblə müvafiq portalın istifadəyə verildiyi, daha sonra isə bununla bağlı ictimaiyyətin məlumatlandırıldığı tarixdən 90 gün keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə müraciət etmiş, bununla da Qaydalarda nəzərdə tutulan müddəti ötürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən prosessual müddətin ötürülməsi ƏDV-nin qaytarılmasından imtina üçün əsas təşkil etdiyindən, inzibati orqanın imtina ilə bağlı hərəkətləri qanuni olmuşdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7892/2024 nömrəli, 16 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1105/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1105/2025
07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver