Məhkəmə qərarları › İş №2-1(103)-1106/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1106/2021

23.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1106/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-168/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Səbail Bələdiyyəsi) məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayonu Salyan şosesi 32 ünvanda yerləşən 600 kv.m. torpaq sahəsinə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqla 600 kv.m. torpaq sahəsinə dair çıxarış verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20.10.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə qərarını əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 30.12.2004-cü il tarixli 994 nömrəli Sərəncamına əsasən Səbail rayonu Salyan şosesi 32 ünvanda bələdiyyə ərazisinə məxsus 600 kv.m. torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır. Lakin bu zaman sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınmamışdır. Eyni zamanda, iddiaçı ilə Səbail Bələdiyyəsi arasında imzalanmış Torpaqların alqı-satqısına dair akt torpaq şöbəsinin müdiri tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Bundan başqa, torpaq sahəsinin alqı-satqına dair iddiaçı ilə Səbail Bələdiyyəsi arasında müqavilə bağlanmamışdır, məhkəməyə belə bir müqavilə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, elektron kadastr məlumatına əsasən sözügedən ərazinin bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aid olub-olmaması barədə məlumat aşkar edilməmişdir və iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə əməl edilmədiyindən iddia təmin edilməməlidir. Halbuki, cavabdeh inzibati orqan tərəfindən **********98 nömrəli 13.05.2019-cu il tarixli məktubla müraciətinə imtina verilmiş və bildirilmişdir ki, sözügedən ünvanda yerləşən torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Göründüyü kimi, torpaq sahəsinə dair çıxarış verilməsi və texniki pasportun tərtib edilməsi üçün kifayət qədər əsas olduğu üçün cavabdeh orqan tərəfindən bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə əməl edilmədiyi bildirilməmiş, məhkəmənin qərarda istinad etdiyi halların hər hansı birinə əsaslanmamışdır. Nəzərə alınsa ki, inzibati orqan qeyd olunan müraciətlə bağlı ixtisaslaşmış bir orqandır, məhkəmənin qərarda qeyd etdiyi əsaslar mövcud olsaydı həmin əsasları imtina məktubunda göstərərdi. Görünən odur ki, inzibati orqan qanuni və əsaslı müraciətindən imtina etmək üçün qanuni əsas tapmadığından torpaq sahəsinə baxılması ilə bağlı şərait yaradılmamasını imtina məktubunda qeyd etmişdir. Lakin məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq iddianın rədd edilməsi barədə qərar qəbul edərkən cavabdehin imtina məktubunda göstərdiklərinə deyil digər xüsususatlara qiymət vermişdir. Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyir ki, Bakı şəhəri Səbail rayonu Salyan şosesi 32 ünvanda yerləşən 600 kv.m. torpaq sahəsi uzun müddət iddiaçının istifadəsində olmuş və hazırda da onun sahibliyindədir. Bu səbəbdən də 2004-cü ildə Səbail Bələdiyyəsinə müraciət edərək istifadəsində olan 600 kv.m. torpaq sahəsinin öz adına sənədləşdirilməsini xahiş etmişdir. Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 994 nömrəli sərəncamında 600 kv.m. torpaq sahəsinin onun adına alqı-satqı qaydasında sənədləşdirilməsi göstərilmişdir. 26 noyabr 2013-cü il tarixdə 6175 nömrə ilə qeydiyyata alınaraq, “Torpaqların alqı-satqısına dair akt” tərtib edilərək torpaq sahəsi ona satılmışdır. Həmin torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün 05.11.2013-cü ildə X1 kitabında 36301 nömrə ilə uçota alınmışdır. Qeyd olunan sərəncam və alqı-satqı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsasdır. Bakı İnzibati Məhkəməsi hazırkı qərarla iddia tələbini rədd etməklə Azərbaycan Respublikasının adından çıxarılmış və qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.07.2013-cü il tarixli 2inz(81)-2903/2013 saylı qərarını mübahisələndirmişdir. Hansı ki, məhkəmə olmuş olsa belə Bakı İnzibati Məhkəməsi digər bir məhkəmənin qanuni qüvvəsini almış qərarını mübahisələndirmək səlahiyyətində deyil. Notarial qaydada təsdiq olunaraq məhkəməyə təqdim olunmuş və X1 kitabında 05.11.2013-cü il tarixdə 36301 nömrə ilə uçota alınmış torpaq sahəsi planı və ölçüsündə iddiaçıya məxsus torpaq sahəsinin plan və ölçüsünün hüquqi əsası kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.07.2013-cü il tarixli, 2 inz (81)-2903/2013 saylı qərarı qeyd olunmuşdur. Həmin qərar qanuni qüvvəsini alandan sonra inzibati orqana bəlli olsa da qərarı apellyasiya qaydasında mübahisələndirməmişdir. Məhkəmənin mübahisələndirilən qərarında qeyd etdiyi əsaslar mövcud olsaydı, maraqlarına toxunan tərəf olaraq cavabdeh inzibati orqan qərarı apellyasiya qaydasında mübahisələndirməli idi. Bakı İnzibati Məhkəməsinin iddianın rədd olunması ilə bağlı istinad etdiyi dəlillərin hər hansı bir hüquqi və qanuni əsası yoxdur və onlar məhkəmənin mülahizələrindən başqa bir şey deyildir. Formal mülahizələrə əsasən qəbul olunmuş məhkəmə qərarı qanuni və ədalətli hesab oluna bilməz. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayətə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. Belə ki, iddia tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi təşkil edir. Məhz həmin normada sadalanan sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04.10.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində müəyyən edilən əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı adıçəkilən normada təsbit olunan sənədlərdən hər hansı birini cavabdehə və Məhkəməyə təqdim etməmişdir. Halbuki, İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bundan əlavə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: 1-ci bəndinə görə, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 7-ci bəndinə əsasən, ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllələrində tikintisi mümkün olan ayrı-ayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir; 17-ci bəndinə görə, bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 18-ci bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir; 19-cu bəndinə görə, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin təsdiq edilməsi barədə” AR Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 06.05.2002ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini DTXK-nın yerli qurumları həyata keçirirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanununun: 6.2-ci maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur; 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normaları, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 09.08.2001-ci il tarixli 548 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini DTXK-nın yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə görə, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqı-satqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Sadalanan normaların tələbinə zidd olaraq Səbail Bələdiyyəsi tərəfindən iddiaçıya bələdiyyənin mülkiyyətində olmayan torpaq sahəsi ayrılmış, üstəlik bu ayırma kollegial orqan olan Səbail Bələdiyyəsinin qərarı ilə deyil, Bələdiyyə sədrinin təkbaşına sərəncamı ilə həyata keçirilmişdir. Belə ki, ayrılan torpaq sahəsinin cavabdehin mülkiyyətində olması heç bir mötəbər sübutla təsdiq olunmur. Bundan əlavə, mübahisəli torpaq sahəsinin planlaşdırılması layihəsinin Bakı ŞİH Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırılması, eləcə də iddiaçının müraciətindən çıxarışın torpaq sahəsinin planının hazırlanması üçün həmin dövrdə fəaliyyət göstərən DTXK Bakı şəhər şöbəsinə göndərilməsi, sonuncunun Bələdiyyənin və iddiaçının iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirməsi və ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu işlərini (planlama) aparması, həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlaması iş materialları ilə təsdiqini tapmır, iddiaçı da qanunun bu tələblərinə əməl olunduğunu iddia ərizəsində irəli sürməmiş və Məhkəməyə bu barədə hər hansı sübut təqdim etməmişdir. Təqdim olunan sənədlərin torpaqayırma qaydalarına müvafiq hazırlanmadığı işdə olan Torpaqların alqısatqısına dair aktın DTXK Bakı şəhər şöbəsinin müdiri tərəfindən imzalanmaması və akta şöbənin möhürünün vurulmaması ilə də təsdiqini tapır. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçının iddianın faktiki əsaslarından biri kimi istinad etdiyi 05.11.2013-cü il tarixli 36301 nömrəli Torpaq sahəsinin planı və ölçüsü özlüyündə texniki xarakter daşımaqla, torpaq sahəsinin müvafiq hüquq müəyyənedici sənədlərdə öz əksini tapmış sahəsi, inventarlaşdırma (çöl ölçmə) işləri nəticəsində müəyyən edilmiş faktiki sahəsi, plan və ölçünün tərtib edilməsi üçün əsas olan qanunvericilikdə nəzərdə tutulmuş sənədlərin rekvizitləri, ilkin torpaq ayırma sənədlərində müəyyənləşdirilən torpaq sahəsinin əsas göstəriciləri, döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr, müvafiq miqyasda tərtib olunmuş torpaq sahəsinin planı (cizgisi), ərazini əhatə edən daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarış, şərti işarələrin təsvirini əks etdirir və hüquq müəyyənedici sənəd əhəmiyyətinə malik deyil. Torpaq sahəsinin planı və ölçüsünün verilməsi üçün hər bir halda ilkin torpaq ayırma sənədi (hüquq müəyyənedici sənəd) yaxud məhkəmə qərarı olmalıdır. Odur ki, iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2903/2013 nömrəli iş üzrə 31.07.2013-cü il tarixli qərarına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsi anlamında qanuni qüvvəyə minmiş məhkəmə qərarı kimi o halda istinad edə bilərdi ki, həmin qərarla iddiaçıya mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmış olardı. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin mübahisəli torpaq sahəsi üzərində iddiaçının əmlak hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin 13.05.2019-cu il tarixli **********98 nömrəli imtinası nəticə olaraq qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı (İPM-in 87.6-cı maddəsi), şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-168/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar