Məhkəmə qərarları › İş №2-1(103)-1106/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1106/2022

24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1106/2022 24.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ("xxxx" MMC üçüncü şəxs qismində göstərilməklə) “mənzilə mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9748/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə (bundan sonra "xxxx" MMC) məxsus ünvan 1 ünvanında yerləşən 3 girişli, 15 mərtəbəli yaşayış evinin giriş 3 (C), mərtəbə 11, ümumi sahəsi 84 kv. metr olan 2 otaqlı 216 saylı mənzilə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, “EVRO STROY-S“ MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 3 girişli, 15 mərtəbəli yaşayış evinin giriş 3 (C), mərtəbə 11, ümumi sahəsi 84 kv. metr olan 2 otaqlı 216 saylı mənzilin alınmasına dair 28 iyul 2016-cı il tarixdə "xxxx" MMC ilə 15 saylı Müqavilə bağlamışdır. Mənzilin tam dəyəri payçı yəni onun tərəfindən ödənilmişdir və "xxxx" MMC-yə borcu yoxdur. "xxxx" MMC-nin ona verdiyi digər arayışından isə görünür ki, həmin mənzilin 31 avqust 2021-ci il tarixə kimi kommunal xidmət haqları onun tərəfindən tam ödənmişdir, borcu yoxdur. "xxxx" ASC ilə 21 avqust 2020-ci il tarixli bağladıqları müqavilədən görünür ki, ona məxsus mənzil qazlaşdırılmış və bu barədə müvafiq sənədləşmə aparılmışdır. "xxxx" MMC-nin Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi ünvanında yerləşən 3 girişli, 15 mərtəbəli yaşayış binasının tikintisi 2014-cü ildə başa çatdırılmış və istismara qəbul olunmuş və tam təmir olunmuş və həmin mənzildə yaşayırlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9748/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı 24.12.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi iddia tələbinə baxarkən AR İPM-nin tələblərini pozmaqla əsassız və qanunsuz qərar qəbul etmişdir. Belə ki, o, "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 3 girişli, 15 mərtəbəli, yaşayış evinin giriş 3 (C), mərtəbə 11, ümumi sahəsi 84 kv.m olan 2 otaqlı 216 saylı mənzilin alınmasına dair 28 iyul 2016-cı il tarixdə "xxxx" MMC ilə 15 saylı müqavilə bağlamışdır. "xxxx" MMC-nin verdiyi 28 iyul 2016-cı il tarixli Maliyyə Arayışından görünür ki, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi ünvanında yerləşən 3 girişli, 15 mərtəbəli, yaşayış evinin giriş 3 (C), mərtəbə 11, ümumi sahəsi 84 kv.m olan 2 otaqlı 216 saylı mənzilin tam dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmiş, mənzilin yerləşdiyi yaşayış binasının tikintisi 2014-cü ildə başa çatdırılmış, tam təmir olunmuşdur, həmin mənzildə yaşayış vardır. Mənzil qazlaşdırılmış və bu barədə müvafiq sənədləşmə aparılmışdır. Cavabdeh mənzilə çıxarış vermək üçün iddiaçıdan əsassız olaraq "xxxx" MMC-yə məxsus sənədləri tələb edir. Mənzil sahəsinin ayrılması barədə müqaviləni və maliyyə arayışını təqdim etdiyindən həmin mənzil sahəsinə hüquqları daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alınmalı idi. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı iddia ərizəsinə, apellyasiya şikayətin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 3-cü şəxs "xxxx" MMC məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı hazırki tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, sözügedən mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********43 №li 10.08.2021-ci il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq, inzibati orqanın imtinasını əsaslı hesab etmişdir. İş materiallarında olan 28 iyul 2016-cı il tarixli 15 №-li müqavilənin surətindən müəyyən olunur ki, qeyd olunan müqavilə “Sifarişçi” İddiaçı ilə “Podratçı” "xxxx" MMC arasında ünvan 3 ünvanında 3 girişli, 15 mərtəbəli yaşayış evinin giriş (blok) 3 (c), mərtəbə 11, ümumi sahəsi 84 kv. metr olan 2 otaqdan ibarət olan 216 saylı mənzilə dair bağlanmışdır. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən “Sifarişçi” Müqavilənin imzalanması ilə bir vaxtda müqavilənin qiyməti olan 65.000 AZN ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş 28 iyul 2016-cı il tarixli maliyyə arayışının surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsində "Evro Stroy-S'’ MMC tərəfindən inşa edilən 15 mərtəbəli yaşayış binasının 3-cü giriş Blok (C), 11-ci mərtəbəsində, ümumi sahəsi 84 kv. metrdən ibarət olan, 216 saylı iki otaqlı mənzilin tam dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 16 avqust 2021-cı il tarixli 029-2021/SS saylı arayışın surətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində "xxxx" MMC tərəfindən inşa edilən 15 mərtəbəli yaşayış binasının 3-cü (C) blok, 11-ci mərtəbəsində ümumi sahəsi 84 kv.metr olan 2 otaqlı, təmirli 216 saylı mənzildə (qeydiyyatsız) yaşayır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 22.09.2021-ci il tarixli XO- 01-09-2021-05903 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində "xxxx" MMC tərəfindən inşa edilən yaşayış binasına dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin qanunun tələblərinə uyğun qəbul edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31 avqust 2009-cu il tarixli, 47 saylı əmri ilə təsdiq edilmiş 2 saylı Əlavədə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışların verilməsi ilə əlaqədar tələb olunan sənədlərin siyahısı müəyyən edilmişdir. Həmin Qaydaların 43-cü bəndinə görə, dövlət torpaqlarında fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün ərizə; torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və.s); obyektin inşaat pasportu, obyektin layihə sənədləri, obyektin istismara qəbul aktı, obyektin texniki pasportu; dövlət rüsumunun ödənilməsi barədə qəbz tələb edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 dekabr 2008-ci il tarixli, 272 saylı qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi barədə” Qaydalarının 3.6.1-ci bəndinə əsasən, tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Agentliyin nümayəndələrinin iştirakı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissə-hissə (tikintinin növbələri kimi) qəbul edilə bilər; 3.6.3-cü bəndinə əsasən, bu obyektlər müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilər və onlara kommunal xidmətlər (tikinti obyektlərinin texniki və yanğın təhlükəsizliyini təmin edən kommunikasiya xətləri istisna olmaqla) göstərilə bilər. Göründüyü kimi, tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq istismara qəbul edilməli və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı zamanı obyektin istismara qəbul aktı qeydiyyat orqanına təqdim edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda, iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddia qaldırdığı mənzilin yerləşdiyi binanın qanunvericiliyin tələbinə uyğun olaraq istismara qəbul edilməsinə dair işin materiallarına hər hansı sənəd əlavə edilməmiş, məhkəmə araşdırması zamanı da sözügedən mənzilin yerləşdiyi yaşayış binasına dair məlumatların Tikintilərin Dövlət reyestrinə daxil edilmədiyi müəyyən edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Məhkəmə kollegiyası hesab edir ki, istismara qəbul edilməyən yaşayış binasında yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından cavabdehin imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 11, 23-cü maddələrinin tələblərinə uyğun olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9748/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Mirzə Tağızadə Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar