Məhkəmə qərarları › İş №2-1(103)-1106/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1106/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1106/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “əmlakın siyahıya alınması haqqında 08 sentyabr 2020-ci il tarixli **********6 nömrəli qərarın və 10 noyabr 2020-ci il tarixli **********106900 saylı qərara əlavənin etibarsız hesab edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5501/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı əmlakın siyahıya alınması haqqında 08 sentyabr 2020-ci il tarixli **********6 nömrəli qərarın və 10 noyabr 2020-ci il tarixli **********106900 saylı qərara əlavənin etibarsız hesab olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir İddianın əsaslarına görə, iddiaçı 2016-cı il tarixində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət etmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ona ********** №-li VÖEN verilmişdir. Sahibkarlıq fəaliyyəti müddətindəmən daim qanunverciliyin tələblərinə riayət edərək vergiləri, sosial borcları vaxtlı-vaxtında ödəmişdir. 2021-ci ilin dekabr ayında icra şöbəsinə dəvət olunan zaman ona bəlli olmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi mənə qarşı "siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması" tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək onun 08 sentyabr 2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 27.661,87 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 187.000 manat məbləğində siyahıya alınmış əmlak ixtisaslaşdırılmış açıq harracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının xəbəri və məlumatı olmadan da Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(113)-1558/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək onun 08 sentyabr 2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 27.661,87 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 187.000 manat məbləğində siyahıya alınmış əmlak ixtisaslaşdırılmış açıq harracda satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən dövlət büdcəsinə ödənilməmiş 27.661,87 manat və 10 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Göstərilənlərdən onun məlumatının olmamasının səbəbi uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olmamağı və sahibkarlıq fəaliyyətinin dondurulması olmuşdur. 238.464,38 manat borcun olmasına dair Lokal Gəlirlər baş idarəsi tərəfindən bildiriş ünvanlansa da, qeyd olunan borcun ödənilməsi üçün VM-nin 65.1-ci maddəsinə müvafiq olaraq bildiriş verilməsi, eləcə də vergi orqanının VM-nin 89.6-cı maddəsində nəzərdə tutulan ardıcıllığa əməl etməsi, ödənilmədiyi təqdirdə akseptsiz qaydada cavabdehin hesabından silinməsi haqqında bank və ya digər kredit təşkilatına sərəncam verilməsi müəyyən edilməmişdir. Qəbul edilmiş qərarda isə əmlakın təsviri ümumiyyətlə yoxdur. Cavabdeh orqanın iddiaya yazılı etirazında iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, əmlakın siyahıya alınması barədə cavabdehin xx.xx.2020-ci il tarixli qərar inzibati akt hesab edilə və inzibati məhkəmə icraatı qaydasında ayrıca mübahisələndirilə bilməz. xx.xx.2020-ci il tarixli qərar İnzibati Prosessual Məcəllənin müvafiq normalarının tələblərinin hamısına malik deyil, “Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma" əlamətindən məhrumdur. Sözügedən inzibati orqan tərəfindən tərtib olunan akt, yəni səyyar vergi yoxlaması haqqında akt iddiaçı üçün özü-özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli qərarı inzibati aktı səciyyələndirilən əlamətləri özündə ehtiva etmədiyindən qərarın ləğvi barədə iddia mümkün saymamalıdır. Bununla bağlı Ali Məhkəmənin xx.xx.2021 -ci il tarixli 2- 1(102)-2212/2021 saylı qərarında da qeyd olunan qərar və protokolların inzibati akt olmamasına dair mövqe ifadə edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən siyahıya alınmış əmlakın ixtisaslaşdırılmamış açıq hərracda satılmasına dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli e-2-2(113)-1558/21 saylı qətnamə qəbul edilərək 2776,87 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 187000 manat məbləğində siyahıya alınmış əmlak ixtisaslaşıdırılmamış açıq hərracda satılması qət edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarından göründüyü kimi işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməlidirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5501/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək qərardadı ləğv edib, iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosesessual Məcəllənin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd olunan qərardadı tamamilə qanunsuz və əsassızdır. 08 sentyabr 2020-ci il tarixli **********6 nömrəli qərar və 10 noyabr 2020-ci il tarixli **********106900saylı qərara Əlavə inzibati orqan- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş, konkret məsələni həll etmək üçün qəbul edilmiş və iddiaçı üçün hüquqi nəticələr yaratmışdır. Belə ki, Vergi Məcəlləsinin 89.6-cı maddəsində qeyd edilmiş ardıcıllıqla həyata keçirilməmiş (nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak), mübahisələndirilən qərarda hansı əmlakların siyahıya alınması göstərilməmişdir. Həmçinin həmin Məcəllənin 89.10-cu maddəsinin tələləblərinə (Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir) əməl edilməmişdir. Beləliklə də, cavabdeh tərəfindən öz öhdəlikləri lazımınca yerinə yetirilməmiş, qanunsuz hərəkətsizliyi nəticəsində iddiaçı üçün mənfi nəticələr yaranmışdır. Bu səbəbdən də, məhkəmənin həmin aktı mənim hüquqlarımı məhdudlaşdıran akt hesab etməsi qanunsuzdur. Mübahisələndirilən aktlar mənim üçün mənfi hüquqi nəticələryaratmaqla, hüquqlarımı məhdudlaşdırmışdır. Məhkəmə kollegiyasının iclası barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Həsənova apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadıdı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iddiaçının iddia ərizəsindən göründüyü kimi, vergi borcuna görə cavabdeh tərəfindən onun əmlakının siyahıya alınması haqqında 08 sentyabr 2020-ci il tarixli **********6 nömrəli qərarının və həmin qərara 10 noyabr 2020-ci il tarixli **********106900 saylı əlavənin etibarsız hesab olunmasını tələb etmişdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, iddia, inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olaraq, subyektiv hüququ olan şəxs tərəfindən iddia müddətləri çərçivəsində qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və iddiaçı qanunla qorunan hüquq və azadlıqların pozulmasını formal şəkildə (müvafiq sübutları əlavə edilməklə) əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayıla bilsin. Əks təqdirdə, məhkəmə həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Konkret halda, işin hallarından göründüyü kimi, birinci instansyia məhkəməsi tərəfindən iddianın mümkünlük şərtləri yerinə yetirilərilməməsi əsası ilə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəmsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh vergi orqanının “Əmlakının siyahıya alınması haqqında” xx.xx.2020-ci il tarixli **********6 nömrəli qərarı ilə iddiaçının əmlaklarının siyahıya alınması qərara alınmış, əmlakın siyahıya alınmalı olması və qərarın icrasının konkret dövlət vergi müfəttişlərinə həvalə edilmiş, daha sonra xx.xx.2020-ci il tarixdə həmin qərara əlavələr (dəyişikliklər) edilməsi barədə” **********106900 nömrəli qərar qəbul edilərək əmlakın siyahıya alınmasının həyata keçirilməsi böyük dövlət vergi müfəttişi X2, baş dövlət vergi müfəttişi X3 tapşırılmışdır. Həmin qərara uyğun olaraq vergi ödəyicisi olan iddiaçının əmlakı siyahıya alınaraq protokol və akt tərtib olunmuşdur. mış əmlakının məsul saxlanmaya verilməsi xx.xx.2020-ci il tarixli akt tərtib olunmuşdur. Göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən vergi qanunvericiliyi ilə üzərinə düşən səlahiyyət və öhədliklərindən irəli gələrək vergi ödəyicisinin borcuna görə əmlakının siyahya alınması barədə qərar qəbul olunmuş, həmin qərar əsasında əmlakı siyahıya alınaraq bu prosedur protokllaşdırılmış və akt tərtib olunmaqla vergi ödəyicisinə (iddiaçıya ) məsul saxlamaya təhvil verilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, daha sonra, cavabdeh vergi orqanı tərəfindən iddiaçının siyahıya alınmış həmin əmlakının ixtisaslaşdırılmamış açıq hərracda satılması üçün Bakı Kommersiya Məhkəməsinə iddia qaldırmış və həmin xx.xx.2021-ci il tarixli e-2(113)-1558/21 saylı qətnaməsi ilə iddia təmin olunaraq İddiaçı 2776,87 manat məbləğində borcunın ödənilməsinin təmin edilməsi məqsədi ilə 187000 manat məbləğində siyahıya alınmış əmlak ixtisaslaşıdırılmamış açıq hərracda satılması qət edilmişdir (Qətnamənin qanuni qüvvəsini aldığı mübahisələndirilmir). Bakı Kommersiya Məhkəməsinin sözügedən qətnaməsi ilə müəyyən edilən hallardan da görünür ki, cavabdeh vergi orqanının hazırda mübahisələndirilən vergi ödəyicisi R.Şükrovun əmlakının siyahıya alınması barədə qərarı, habelə mlakın siyahıya alınması barədə protokol və təhvil aktı məhkəmənin araşdırma predmetini təşkil etmiş və müəyyən etmişdir ki, həmin qərarlar və sənədlər vergi qanunvericiliyinin 89-90-cı maddələrinin tələbləri çərçivəsində tərtib olunmuşdur. Qeyd olunmalıdır ki, mübahisələndirilən qərarlar və onların əsasında tərtib olunmuş protokol və akt iddiaçı barəsində hakimiyyət tədbirini ehtiva etmir və onun üçün hüquq nəticələr yaratmır və yalnız iddiaçının vergi borcununun dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi zərurətindən irəli gələlərək məhkəmədə qaldırılmış siyahıya alınmış əmlakın satılması barədə iddiaya baxılmasında, vergi ödəyicisinin əmlakının mövcudluğunun sübutu kimi məhkəmə araşdırmasının predmetini təşkil edə bilər. Bu baxımdan cavabdehin sözügedən qərarlaorı iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkməsinin 2-1(102)-2212/2021 saylı 15.2.2021-ci il tarixli qərarından görünür ki, artıq formalaşmış məhkəmə təcrübəsinə görə oxşar hallar üzrə iddialar mümkün sayılmır. Belə olan halda, iddiaçı tərəfindən cavabdehin İPM-in 36.1-ci maddəsinin tələbləri çərçiavəsində, əmlakının siyahıya alınması haqqında cavabdehin 08 sentyabr 2020-ci il tarixli **********6 nömrəli qərarın və 10 noyabr 2020-ci il tarixli **********106900 saylı qərara əlavənin etibarsızlığının tanınmasına dair hazırkı iddiasının İPM-in 35.1-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qiymətləndirilməsi və inzibati məhkəmə icraatında baxılmasının mümkünlüyü istisna edilir. Belə olan halda, birinci instansiya məhkəməsinin həmin Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq qəbul etdiyi iddianın mümkün sayılmaması barədə qərardadı nəticə etibarı ilə işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin həmin qərardadının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5501/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 80, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5501/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar