Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1106/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “icbari sığorta ödənişinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7204/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı icbari sığorta ödənişinin verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Azərbaycan Silahlı Qüvvələrində xidmət keçmişdir. Hər iki ağ ciyərin aşağı paylarının keçirilmiş kəskin ocaqlı pnevmoniyasından sonrakı vəziyyət xəstəliyi, hərbi xidmət dövründə alınmışdır. Diaqnozu təyin edildiyi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli Qərarına əsasən hərbi xidmətə yararsız hesab edilmiş və xəstəliyə görə vaxtından əvvəl ehtiyyata buraxılmışdır. Dəfələrlə ƏƏSMN tabeliyində olan DSMF müraciət etmiş, cavab olaraq bildirilmişdir ki, 20 nömrəli qoşma təqdim edilməlidir ki, sığorta ödənişi məsələsinə baxılsın. Lakin hospitaldan ona bildirmişdirlər ki, o hərbi xidmətdə bu xəstəliyi qazanmadığı üçün bu sənəd verilə bilməz. 521 nömrəli 16 mart 2023-cü il tarixli Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının rəisi, tibb mayoru Rasim Həsənovun verdiyi cavab məktubundan görünür ki, xəstəlik hərbi xidmət dövründə yarandığı qeyd olunmuşdur. Lakin 20 nömrəli qoşmanı almaq mümkün olmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilərək iddianın əsassız hesab edilməklə təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı xx.xx.2022-ci il tarixdə müraciət edərək hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta ödənişinin təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunda baxılaraq şəxsiyyət vəsiqəsinin və hərbi biletin və ya onu əvəz edən sənədin surətinin, həmçinin xəsarətin səbəbi və dərəcəsi barədə arayışın (20 №-li qoşma) təqdim edilməli olduğu qeyd olunmuş, qanunvericiliklə tələb olunan sənədlər tam təqdim edildikdən sonra sığorta ödənişinin verilməsi məsələsinə baxılacağı bildirilmişdir. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci və 2.8ci bəndlərinə görə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Dövlət Sığorta Kommersiya Şirkəti ("xxxx" ASC) tərəfindən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid dövlət icbari şəxsi sığortası üzrə üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən Fond təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2023-cü il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 sistemi haqqında Əsasnamə”nin 4.1-ci bəndinə əsasən MEİS-ə inteqrasiya edilən dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatları və sistemlərindən sığorta ödənişi almaq hüququ olan şəxs barəsində, habelə sığorta ödənişi verilməsi üçün bu Qaydanın 3-cü hissəsində və 4.2- 4.5-ci bəndlərində qeyd edilən məlumatları əldə etmək mümkün olduqda, bu məlumatların daxil olduğu gündən 10 (on) iş günü müddətində MEİS-in “Dövlət icbari şəxsi sığorta” altsistemi vasitəsilə proaktiv qaydada təyinat aparılır və sığorta ödənişi almaq hüququ olan şəxsin əks-əlaqə vasitəsinə (bu barədə məlumat olduqda) və ya poçt vasitəsilə məlumat göndərilir. Proaktiv təyinat aparılması mümkün olmayan hallarda sığorta ödənişinin verilməsinə sığorta ödənişi almaq hüququ olan şəxsin müraciəti əsasında baxılır. Həmin Qaydanın 4.5-ci bəndinə əsasən xəsarətlə nəticələnən hadisə zamanı tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları sığortaolunanları üzrə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “a”, “b”, “c” və “ç” bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən xəsarət (yaralanma, travma, kontuziya) barədə arayışı (barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlara münasibətdə unikal kod qeyd olunmaqla) müraciət edildiyi tarixdən 5 (beş) iş günü müddətində (bu Qaydanın 4.5-ci bəndi nəzərə alınmaqla) rəsmiləşdirildiyi gün “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edirlər. Digər sığortalıların sığortaolunanları üzrə isə bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun olaraq tərtib olunmuş arayış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.2-ci bəndinə uyğun müəyyən edilmiş siyahıda qeyd edilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən müraciət edildiyi tarixdən 5 (beş) iş günü müddətində (bu Qaydanın 4.5-ci bəndi nəzərə alınmaqla) rəsmiləşdirildiyi gün EHİS vasitəsilə MEİS-in “Dövlət icbari şəxsi sığorta” altsisteminə ötürülür. Bildirilir ki, İddiaçı təqdim etdiyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi-həkim komissiyası tərəfindən verilmiş 2012-ci il tarixli 24 yanvar tarixli 736 nömrəli xəstəlik haqqında şəhadətnamədə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsi tərəfindən verilmiş 2023-ci il tarixli 4 iyul tarixli 129 nömrəli arayışda “Şizofreniya, paranoid forma, mülayim aktivlikdə olan xroniki “C” virus hepatiti, qaraciyər funksiyasının mülayim dərəcədə pozulması. Ümumi xəstəlikdir” qeyd edilmiş və o, xəstəliklə əlaqədar hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli, 296- İQ nömrəli Qanununun 2.1.6-cı maddəsinə əsasən sığorta hadisəsi dedikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal nəzərdə tutulur. Qanunun 5-ci maddəsində nəzərdə tutulan hallardan biri də maddənin ç) bəndində göstərilən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyinin müəyyən edilməsidir. Bu zaman: -orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz nisbətində; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz nisbətində; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz nisbətində sığorta ödənişləri verilir. Həmin Qanuna əsasən sığorta ödənişi dedikdə isə sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti nəzərdə tutulur. X1 X5 Sistemində qeyd olunan məlumartlara əsasən İddiaçı ilk dəfə əlillik ümumi xəstəlik səbəbindən xx.xx.2021-ci il tarixdə orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə 5 il müddətinə təyin edilmişdir. Qanunun 2.1.9-cu maddəsindən də aydın olduğu kimi sığorta ödənişinin verilməsi üçün Qanunda nəzərdə tutulan sığorta hadisəsi baş verərsə, sığorta ödənişinin verilməsi həyata keçirilir. İddiaçıya münasibətdə nəzərdə tutulan sığorta hadisəsi 5-ci maddənin “ç” bəndində nəzərdə tutulduğundan iddiaçı ehtiyata buraxıldığı gündən hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edilməsi halıdır. Nəzərə alınmalıdır ki, iddiaçının əlillik səbəbi hərbi xidmət dövrü ilə əlaqədar deyil, ümumi xəstəlik səbəbindən qeyd olunmuş, həmçinin ehtiyata buraxıldıqdan 09 il 01 ay 02 gün sonra müəyyən edilmişdir. Göründüyü kimi bu Qanunda nəzərdə tutulan üç il müddətin ötürülməsi anlamına gəlir. Yuxarıda geyd edilənlərə əsasən, İddiaçı hərbi xidmətə yararsız hesab edilərək xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən üç il müddətində əlilliyin müəyyən edilməsinə səbəb olmayan xəstəliyi sığorta hadisəsi hesab edilmir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7204/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, onun xəstəliyi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası 20 may 1997-ci il tarixli, 296 saylı Qanunun 5-ci maddəsinin tərkibi ilə əhatə olunmaqla hərbi xidmət dövründə yaranmışdır. Barəsində təqdim edilmiş 736 nömrəli xəstəlik şəhadətnaməsinə əsasən xəstəliyi şizofreniya, paranoid xəstəliyidir. Mülayim aktivlikdə olan xroniki “C” virusu hepatitdir. Həmin 736 saylı şəhadətnamədən göründüyü kimi kəskin ocaqlı pnevmoniya xəstəliyi hərbi xidmət dövrünə aid xəstəlikdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin 129 nömrəli, 04 iyul 2023-cü il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası silahlı qüvvələrində xx.xx.2011-ci il - xx.xx.20212-ci il tarixədək müddət ərzində xidmət keçmişdir. Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında tibbi şəhadətləndirilən zaman ona “Şizofreniya, paranoid forma. Mülayim aktivlikdə olan xroniki “C” virus hepatiti. Qara ciyər funksiyanın mülayim dərəcədə pozulması. Ümumi xəstəlikdir.” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli qərarının “Xəstəliklər cədvəlinin” 15,58 “B” maddəsinin İİ qrafasına əsasən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız” hesab edilmiş və xəstəliyə görə vaxtından əvvəl ehtiyata buraxılmışdır. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəməyə müraciət edərək 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyini bildirmiş və məhkəmə iclasında onun iştirakının təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - 736 №-li xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçı “Şizofreniya, paranoid forma. Mülayim aktivlikdə olan xroniki “C” virus hepatiti. Qara ciyər funksiyasının mülayim dərəcədə pozulması” diaqnozu əsasında” şəhadətləndirilmiş, şəhadətnamədə qeyd olunmuşdur ki, “Ümumi xəstəlikdir: Hər iki ağ ciyərin aşağı paylarının keçirilmiş kəskin ocaqlı pnevmoniyasından sonraki vəziyyət” – Xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin 129 nömrəli 04 iyul 2023-cü il tarixli arayışa əsasən İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında tibbi şəhadətləndirilən zaman ona “Şizofreniya, parnoid forma. Mülayim aktivlikdə olan xroniki “C” virus hepatiti. Qara ciyər funksiyasının mülayim dərəcədə pozulması. Ümumi xəstəlikdir. Hər iki ağ ciyərin aşağı paylarının keçirilmiş kəskin ocaqlı pnevmoniyasından sonrakı vəziyyət. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” diaqnozu təyin edildiyi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli Qərarının “Xəstəliklər cədvəlinin” 15.58 “B” maddəsinin İİ qrafasına əsasən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız” hesab edilmiş və xəstəliyə görə vaxtından əvvəl ehtiyyata buraxılmışdır. - Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkəti tərəfindən verilmiş 03 noyabr 2022-ci il tarixli məktubda bildirilmişdir ki, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair arayışdan məlum olduğu kimi iddiaçıya xx.xx.2021-ci il tarixində 3-cü dərəcəli əlillik təyin edildiyindən, Fərmana edilmiş dəyişikliyə əsasən vətəndaşlara sığorta ödənişinin verilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondu tərəfindən verilmiş 06 yanvar 2023-cü il tarixli məktubda bildirilmişdir ki, icbari sığorta ödənişinin verilməsi məsələsinə baxılması üçün sığortaolunanın şəxsiyyət vəsiqəsinin və hərbi biletinin və ya onu əvəz edən sənədin surəti həmçinin xəsarətin səbəbi və dərəcəsi barədə arayışın (20 №-li qoşma) əslinin Fondun qəbul şöbələri və ya “DOST” mərkəzləri vasitəsilə Fonda təqdim edilməsi zəruridir. Dövlət icbari şəxsi sığorta üzrə qanunvericiliklə tələb olunan sənədlər tam təqdim edildikdən sonra sığorta ödənişinin verilməsi məsələsinə baxılacaqdır. Beləliklə iş materiallarında əsasən müəyyən edilir ki, İddiaçı “Şizofreniya, paranoid forma, mülayim aktivlikdə olan xroniki “C” virus hepatiti, qaraciyər funksiyasının mülayim dərəcədə pozulması. Ümumi xəstəlikdir.” kimi şəhadətləndirilmiş və həmin xəstəliklə əlaqədar hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilmişdir. İddiaçı ilk dəfə əlillik ümumi xəstəlik səbəbindən xx.xx.2021-ci il tarixdə orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə 5 il müddətinə təyin edilmişdir. Göründüyü kimi iddiaçı 2012ci ildə şəhadətləndirilsə də, ona əlillik ilk dəfə xx.xx.2021-ci il tarixdə orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə ümumi əsaslarla təyin edilmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə iddiaçıya münasibətdə nəzərdə tutulan sığorta hadisəsi 5-ci maddənin “ç” bəndində nəzərdə tutulduğundan iddiaçı ehtiyata buraxıldığı gündən hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edilməsi halıdır. Lakin yuxarıda göstərilənlərdən də göründüyü kimi, iddiaçının əlillik səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmamış, ümumi xəstəlik səbəbindən olmuş, həmçinin ehtiyata buraxıldıqdan 09 il 01 ay 02 gün sonra müəyyən edilmişdir. Faktiki olaraq bu hal Qanunda nəzərdə tutulan üç il müddətin ötürülməsinə dəlalət edir. Çünki qanunvericiliyin müddəaları ilə təsbit olunan üç illik müddət konkretdir və hazırki iş üzrə bu müddətin ötürüldüyü görünür. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci və 2.8-ci bəndlərinə görə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Dövlət Sığorta Kommersiya Şirkəti ("xxxx" ASC) tərəfindən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid dövlət icbari şəxsi sığortası üzrə üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən Fond təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nın: - 1.2. Sığorta ödənişi almaq hüququna Azərbaycan Respublikası Milli Məclisinin deputatları, hakimlər, prokurorluq işçiləri, müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən şəxslər, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşları və inzibati-texniki xidməti həyata keçirən şəxslər və ya bu bənddə qeyd edilən şəxslərin vərəsələri (bundan sonra – sığorta ödənişi almaq hüququ olan şəxslər) malikdirlər. - 1.3. Sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin verilməsi üçün əsas olan sığorta hadisələri “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının qanunları (bundan sonra – qanunlar) ilə müəyyən edilir. - 4.1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 sistemi haqqında Əsasnamə”nin 4.1-ci bəndinə əsasən MEİS-ə inteqrasiya edilən dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatları və sistemlərindən sığorta ödənişi almaq hüququ olan şəxs barəsində, habelə sığorta ödənişi verilməsi üçün bu Qaydanın 3-cü hissəsində və 4.2-4.5-ci bəndlərində qeyd edilən məlumatları əldə etmək mümkün olduqda, bu məlumatların daxil olduğu gündən 10 (on) iş günü müddətində MEİS-in “Dövlət icbari şəxsi sığorta” altsistemi vasitəsilə proaktiv qaydada təyinat aparılır və sığorta ödənişi almaq hüququ olan şəxsin əks-əlaqə vasitəsinə (bu barədə məlumat olduqda) və ya poçt vasitəsilə məlumat göndərilir. Proaktiv təyinat aparılması mümkün olmayan hallarda sığorta ödənişinin verilməsinə sığorta ödənişi almaq hüququ olan şəxsin müraciəti əsasında baxılır. - 4.4. Xəsarətlə nəticələnən hadisə zamanı tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları sığortaolunanları üzrə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “a”, “b”, “c” və “ç” bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən xəsarət (yaralanma, travma, kontuziya) barədə arayışı (barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlara münasibətdə unikal kod qeyd olunmaqla) müraciət edildiyi tarixdən 5 (beş) iş günü müddətində (bu Qaydanın 4.5-ci bəndi nəzərə alınmaqla) rəsmiləşdirildiyi gün “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edirlər. Digər sığortalıların sığortaolunanları üzrə isə bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun olaraq tərtib olunmuş arayış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci 16 yanvar tarixli 12 nömrəli Qərarı elə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.2-ci bəndinə uyğun müəyyən edilmiş siyahıda qeyd edilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən müraciət edildiyi tarixdən 5 (beş) iş günü müddətində (bu Qaydanın 4.5-ci bəndi nəzərə alınmaqla) rəsmiləşdirildiyi gün EHİS vasitəsilə MEİS-in “Dövlət icbari şəxsi sığorta” altsisteminə ötürülür. - 4.5. Sığortaolunanın əlavə müalicəyə ehtiyacı olduğu halda bu Qaydanın 4.4-cü bəndinə uyğun olaraq təqdim edilən arayış əlavə müalicə başa çatdığı gündən 5 (beş) iş günü müddətində həmin bəndlə müəyyən edilən qaydada əldə edilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun: - 2.1.6. sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal; - 5. Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7204/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7204/2024 saylı, 12 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1106/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1106/2025
18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver