Məhkəmə qərarları › İş №2-1(103)-1107/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1107/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1107/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (PHŞ) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8987/2021saylı, 07.12.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və sonradan iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 60 yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına 1959-cu il il təvəllüdlü iddiaçı müxtəlif sahələrdə çalışmış, halhazırda neft şitkətində çalışır. O, 19.02.1982-ci il tarixli, 13 №-li əmrlə Quba 2716 saylı Avtomobil Dəstəsinə 2-ci dərəcəli sürücü vəzifəsinə qəbul olunmuş, 01.08.2005-ci il tarixli əmrə əsasən öz xahişi ilə azad olunmuşdur. Bu barədə onun əmək kitabçasının 67-ci qrafalannda möhürlə təsdiq olunmuş yazılı qeydləri vardır. O, güzəştli şərtlərlə pensiya yaşına çatması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin sonuncu ona ünvanladığı 21 yanvar 2021-ci il tarixli cavab məktubunda həmin Avtomobil Dəstəsinin sənədlərinin arxivə təhvil verilmədiyini və sənədlərin yerləşdiyi ünvanı müəyyən etmək mümkün olmadığını bildirərək, həmin Avtomobil dəstəsində işlədiyi müddətin sığorta stajına daxil edilməsini mümkünsüz hesab edərək, ümumi sığorta stajının 25 ildən az (16 il 5 ay 17 gün) olması əsası ilə güzəştli şərtlərlə yaşa görə pensiya təmin olunmasından imtina etmişdir. İddia ərizəsinə etirazında da cavabdeh imtina məktubunda göstərilən əsaslarla iddianın rədd olunmsını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)- 8987/2021saylı, 07.12.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı xx.xx.1959-cu ildə doğulmuş İddiaçı 60 yaşının tamam olduğu 06 sentyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmaması haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “...məhkəmənin qərarı əsassızdır. Belə ki, “Əmək pensiayları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər AR Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Eyni zamanda, Mərkəzi filialın Əsasnamsinə uyğun olaraq öz fəaliyyətində Konstitusiyanı, Benəlxalq müqavilələri, Qanunları, AR Prezidentinin fərman və sərəncamlarını və s. rəhbər tutur. İddiaçının Filiala təqdim etdiyi 26 iyun 1980-cı il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında 19.02.1982- 01.08.2005-ci il tarixləri arasındakı dövr ərzində “Quba 2716 saylı avtomobil dəstəsi”ndə sürücü vəzifəsində işlədiyi qeyd olunmuşdur. Həmin müəssisədə əmək stajının dəqiqləşdirilməsi ilə bağlı Mərkəzi Filial tərəfindən aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq “Quba 2716 saylı avtomobil dəstəsi”nin sənədlərinin arxivə təhvil verilmədiyi və müəssisənin səndlərinin yerləşdiyi ünvanı müəyyən etmək mümkün olmadığı bildirilmişdir. Buna görə də qeyd olunan dövrü sosial sığorta stajına daxil etmək mümkün olmadığından iddiaçının ümumi iş stajı 25 ildən az (16 il 5 ay 17 gün) təşkil edir...” Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayndəsi A.Ağayeva apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, 04.12.2020-ci il tarixdən, yəni, 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmiş, lakin sonuncu 21 yanvar 2021-ci il tarixli cavab məktubunda Quba 2716 saylı Avtomobil dəstəsinin sənədlərinin arxivə təhvil verilmədiyini və sənədlərin yerləşdiyi ünvanı müəyyən etmək mümkün olmadığını bildirərək, həmin müddətin sığorta stajına daxil edilməsini mümkünsüz hesab edərək, ümumi sığorta stajı 25 ildən az (16 il 5 ay 17 gün) olması əsası ilə ona güzəştli şərtlərlə yaşa görə pensiya təmin olunmasından imtina etmişdir. Apellyasiya şikayətində də cavabdeh eyni əsaslara istinadən mübahisələndirmişdir ki, məhkəmənin qərarı əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdkılara görə birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunması əsaslıdır. 01.01.2006-cı il tarixdən qüvvədə olan, «Əmək pensiyaları haqqında» Qanunun 9.1ci maddəsinin 01.07.2017-ci il tarixədən qüvvədə olanredaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan iverdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanun qeyd olunan tələbindən göründüyü kimi, 60 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün sığortaolunanın 60 yaşı, 25 il ümumi və azı 12 il 6 ay güzətli pensiya hüququ verən iş stajı və minimum əmək pensiysını almağa imkan verən pensiya kapitalı mövcud olmalıdır. İddiaçının iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətinə (Quba No0*******; RPŞ 26.11.2010) əsasən müəyyən olunur ki, 08.09.1959-cu il təvəllüdlü iddiaçının 08.09.2019-cu il tarixində 60 yaşı tamam olmuşdur. Eyni zamanda, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş, iddiaçının fərdi hesabından elektron çıxarışa əsasən müəyyən olunur ki, onun hesabının sığorta hissəsində 60.602,96 manat pensiya kapitalı yığılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına görə pensiya məqsədləri üçün 2019-cu ilin 1 oktyabr tarixinədək əmək pensiyasının minimum məbləği 160 manat (1 oktyabr 2019-cu il tarixdən 200 manat) məbləğində nəzərdə tutulurdu. Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndi ilə müəyyən olunan pensiya ödəniş müddəti (12 il) baxımından, iddiaçının 60 yaşının tamam olduğu tarixinə 204 (144+60) aya bərabər olan pensiya ödəniş müddəti üçün tələb edilən pensiya kapitalı 32.640 manat (1 oktyabr 2019-cu il tarixdən götürüldükdə 40.800 manat) təşkil edirdi. Eyni zamanda, iddiaçının İT-İ seriyalı ******* nömrəli 25.05.1975-ci il tarixli əmək kitabçasının surətinə, habelə, ARDNŞ-in (SOCAR) 11.04.2019-cu il tarixli, həmin Şirkətin: “Azneft” İstehsalat Birliyi 28 may “Neft və Qazçıxarma İdarəsi”nin 22.11.2019-cu il tarixli və Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyat Departamentinin 01.05.2020-ci il tarixli – arayışlarına əsasən müəyyən olunur ki, həmin istehsalat sahəsində müvafiq olaraq 8 ay +7 il 1 ay 22 gün+5 il 9 ay olmaqla işləmiş və onun iddiaçı 60 yaşının tamam olduğu 08.09.2019-cu il tarixinə azı 12 il 6 ay - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 10.2-ci (“Neft, qaz və qaz kondensatının hasilatı”)bölməsinin “a" bəndinin 11-ci sətrində nəzərdə tutulan “sementləyici aqreqatın motorçusu” peşəsində işləmişdir. Cavabdehin imtina məktubuna, iddia ərizəsinə etirazına və apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd olunan hallar, o cümlədən iddiaçının 60 yaş güzəştli pensiya yaş həddinə çatdığı, tələb olunan pensiya kapitalından da çox (60.602,96 manat) pensiya kapitalı toplaması və azı 12 il 6 ay xüsusi staja malik olduğu mübahisələndirilmir. Cavabdeh tərəfindən mübahisələndirilən, iddiaçının 19.02.1982 - 01.08.2005-ci (23 il 5ay 22gün) illərdə “Quba 2716 saylı Avtomobil Dəstəsində sürücü kimi işlədiyi dövrün sığorta stajı kimi nəzərə alınmasının mümkünsüz hesab etməsinə gəldikdə məhkəmə kollegiyası cavabdehin bu mövqeyni tamamilə əsassız sayır. Belə ki, həmin vaxt qüvvədə olmuş (01.01.2006-cı il tarixə qədər), «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Hazırda qüvvədə olan, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Eyni zamanda, qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasıdır. “Quba-Nəqliyyyat” ATSC-nin işə əlavə olunmuş 29.11.2019-cu il tarixli 07 №li arayışına əsasən İddiaçı 19.02.1982-ci ildə 13 nömrəli əmrlə Quba 2716 avtomobil dəstəsində avtobus parkına İİ dərəcəli sürücü işinə qəbul edildiyi və 01.08.2005-ci ildə 10 nömrəli əmri ilə öz xahişi ilə işdən azad edildyi təsdiq olunur. Həmin ATSC-in işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tərəfindən qeydə alınmış 2817 saylı 15.07.1998-ci il tarixdə qeydə alınmış Nizamnamənin surətinə əsasən isə müəyyən olunur ki, Cəmiyyət Azərbaycan Republikası Dövlət Əmllak Komitəsinin 891 №li 16.06.1998-ci il tarixli sərəncamı ilə yaranmışdır, X1 müəssisəsinin bazasında yaradılmış və onun hüquqi varisidir. İddiaçının Quba 2716 avtomobil dəstəsində işlədiyi dövrün 19.02.1982-ci il tarixdən 1 yanvar 1992-ci il tarixinədək təşkil edən 9 il 10 aydan da çox olan hissəsi SSRİ dövrünə düşür ki, həmin dövr «Əmək pensiyaları haqqında» Qanunun 23.2-ci maddəsinin tələbi baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi nəzərə alınmadan, qeyd şərtsiz sığorta stajı kimi qəbul edilir. Həmin müddət (9 il 10 ay) cavabdehin iddiaçının sığorta stajı kimi qəbul etdiyi 19.02.1982-ci il tarixinə kimi olan və yuxarıda qeyd olunan zərərli iş şəratitindəki iş stajı (16 il 5 ay 17 gün) ilə toplandıqda, onun 25 ildən də çox ümumi stajı yaranır. Digər tərəfdən, əmək kitabçasının mübahisələndirilən qeydlərindən görünür ki, iddiaçının həmin müəssisəyə işə götürlməsi və işdən azad edilməsi kadrlar müfəttifşinin imzası və müəssisənin dairəvi möhürləri ilə, hər vaxta uyğun gələn əlifba yazısı ilə qeyd olunmuş, qeydlərin sıra nömərsi ardıcıldır, işə girmə və azad olunma barədə əmrlərin nömrəsi və tarixi göstərilmiş, həmin yazıların və vurulmuş möhür əkslərinin tamlığı pozulmamış, qaralamalar mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qanunun qeyd olunan tələbi baxımından, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək kittabçasının Quba 2716 Avtomobil dəstəsində işlədiyi dövrün qeydlərinin həqiqətə uyğun olmadığı mötəbər sübutlarla əsaslandırılmadığı halda, həmin qeydlər mötəbər məlumatlar kimi qəbul edilməlidir. Beləliklə də, iddiaçıya güzəştli şərtlərlə yaşa görə 60 yaşından əmək pensiyası təyin edilməsi üçün «Əmək pensiyları haqqında» Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan bütün şərtlərin mövcudluğu sübuta yetirilir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbindən isə görünür ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla, və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya onun 25 il ümumi stajının mövcud olmadığını əsas gətirərək, 60 yaşından güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina etməsi qanunsuz olduğundan onun qanunla qorunan pensiya hüququnu pozur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsini işdə olan sübutlara, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8987/2021saylı, 07.12.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8987/2021 saylı, 07.12.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar