Məhkəmə qərarları › İş №2-1(103)-1107/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1107/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1107/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə müavinətin bərpa edilməsi” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9104/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona təyin olunmuş yaşa görə sosial müavinətin dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə X3 Şəxsin tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı çoxuşaqlı (dörd uşaq) olması ilə əlaqədar yaşa görə müavinət təyin edilmişdir. Sonradan qeyd olunan müavinətin ödənilməsi cavabdeh tərəfindən heç bir səbəb göstərilmədən, heç bir məktub yazılmadan dayandırılmışdır. İddiaçı bunun səbəbləri ilə bağlı müraciət etdikdə, ona bildirilmişdir ki, vergi ödəyicisi kimi qeydiyyatından keçdiyi üçün müavinətin ödənilməsi dayandırılmışdır. Sonradan xx.xx.2022-ci il tarixdə iddiaçı VÖEN-nin artıq aktiv olmadığını, buna görə müavinətinin bərpa olunmasını və ya əks halda imtinanın hüquqi əsasları barədə ona məlumat verilməsini xahiş etdikdən, sonra ona bu barədə ətraflı məlumat veriləcəyi bildirilmişdir. Lakin iki aydan çox müddət keçsə də, İddiaçı yaşa görə müavinətinin kəsilməsinin hüquqi əsasları barədə məlumat verilməmiş və müavinətin ödənilməsi bərpa edilməmişdir. Nəzərə alınmalıdır ki, hazırda İddiaçı adına aktiv VÖEN mövcud deyil və o, sahibkarlıq fəaliyyətini dayandırmışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********270300 nömrəli məktubu və verilmiş arayışdan görünür ki, onun fəaliyyəti xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Nəzərə alınmalıdır ki, İddiaçı yaşa görə müavinət verilərkən cavabdeh bütün halları yoxlamaqla müavinət təyin etmişdir. İddiaçı adına olan VÖEN cavabdeh tərəfindən yaşa görə müavinət təyin edilən vaxtdan əvvəl mövcud olmuşdur. İddiaçı adına VÖEN olsa da o, sahibkarlıq fıaliyyəti ilə məşğul olmamışdır. Hazırda iddiaçının adına aktiv VÖEN-nin olmamasını nəzərə alaraq, hesab edilir ki, heç bir səbəb göstərmədən cavabdeh tərəfindən müavinətin dayandırılması tamamilə qanunsuz və əsassızdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9104/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı təyin olunmuş yaşa görə sosial müavinətin dayandırıldığı 30 noyabr 2021-ci il tarixdən bərpa edilərək ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9104/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xidməti yoxlama zamanı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı adına aktiv VÖEN (**********) olduğu halda Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq yaşa görə sosial müavinətin təyin edildiyi aşkar edilmişdir. Bu səbəbdən sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9104/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2-ci maddəsi yeni redaksiyada verilmişdir. Maddənin yeni redaksiyasına əsasən, əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2020-ci il tarixə qədər qüvvədə olan 1.0.2-ci maddəsinin redaksiyasına əsasən əmək qabiliyyəti olmayan şəxslər əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunundan: 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir (13 may 2022-ci il tarixli 531-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 7.0-cı maddənin birinci abzasında “Müavinətlər” sözü “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər” sözləri ilə əvəz edilmişdir): 7.0.2 yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə; 11.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: 11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda; 12.2. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 4 uşağı 8 yaşınadək tərbiyə edib və 57 yaşı qanuna müvafiq dəyişikliyin qüvvədə mindiyi xx.xx.2020-ci il tarixədək, yəni xx.xx.2018-ci il tarixdə tamam olub. Odur ki, həmin tarixdən (ertəsi gündən) onun yaşa görə müavinət almaq hüququ olmuşdur. Lakin həmin dövrdə vergi ödəyicisi kimi uçotu mövcud olmuş, məhkəmə tərəfindən müəyyyən edilmişdir ki, vergi ödəyicilərinin dövlət reyestrində İddiaçı (VÖEN: **********) vergi uçotunun xx.xx.2022-ci il tarixdə ləğv edilməsi barədə məlumat mövcuddur. Eyni zamanda İddiaçı tərəfindən 2018-ci ilin aprel ayından sonrakı dövr üzrə təqdim edilmiş bəyannamələrə əsasən dövriyyə müəyyən edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sosial müavinət təyin edildiyi dövrdə vergi ödəyicilərinin dövlət reyestrində vergi uçotu (VÖEN: **********) mövcud olmuş olsa da, həmin dövrdə hər hansı dövriyyəsi olmamış və xx.xx.2022-ci il tarixdə vergi uçotu ləğv edilmişdir. Odur ki, sadəcə vergi uçotunun mövcud olması (hər hansı dövriyyəsi olmadığı halda) iddiaçının “işləməsi” kimi qiymətləndirilə bilməz. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Nəticə etibarilə iddiaçının yaşa görə sosial müavinət təyin edilməsi ilə bağlı “qanuni gözləntisi” olmuş və cavabdeh qurum müavinətin ödənişinin dayandırılmasına səbəb olan halların mövcudluğunu (iddiaçının əmək fəaliyyətinə başlamasını) məhkəmə araşdırması zamanı sübut etməmişdir. Eyni zamanda cavabdeh qurum iddiaçıya təyin edilmiş sosial müavinətin ödənişini müvafiq əsaslandırılmış qərar qəbul etmədən dayandırmışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın aparılması proseduruna da riayət edilməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edən məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9104/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9104/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar