Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1108/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı pensiyanın yenidən hesablanması vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1057/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 27 aprel 2008-ci il tarixdən 57 yaşdan cavabdeh tərəfindən təyin edilmiş əmək pensiyasının həmin dövrdə qüvvədə olmuş qaydalarla aldığı əməkhaqqına əsasən təyin edilməsinin və ötən dövr üçün hal-hazıra kimi yaranmış pensiya məbləği fərqinin birdəfəlik ödənişlə ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 19.11.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu 27 aprel 2008-ci il tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” AR Qanununun tələblərinə əsasən aldığı əməkhaqqına əsasən yenidən hesablanması və 04 dekabr 2019-cu il tarixdən əvvəlki üç il üçün yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərarın əsaslarına görə, “İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 27 aprel 2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, 04 dekabr 2019-cu il tarixdən isə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı güzəştli şərtlərlə pensiya hüququnun 57 yaşı tamam olduğu 27 aprel 2008-ci il tarixdən yarandığı əsası ilə ona təyin edilmiş əmək pensiyasının həmin dövr qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən aldığı əmək haqqında əsasən təyin edilməsi ilə yenidən hesablanmasını və həmin dövrdən hal-hazıradək yaranmış pensiya məbləği fərqinin birdəfəlik ödənilməsini tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, lakin cavabdeh tərəfindən iddiaçıya əmək pensiyasının qanunvericiliyin tələblərinə uyğun qaydada sosial sığorta kapitalına əsasən hesablanaraq ödənildiyi əsası ilə imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, iddiaçıya yaşa görə əmək pensiyası 27 aprel 2014-cü il tarixdə təyin edilərkən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması nəzərə alınmamış, daha sonra ona 04 dekabr 2019-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İdarə tərəfindən güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 27 aprel 2008-ci il tarixindən ona əmək pensiyası təyin edilərək keçmiş dövr üzrə pensiya məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən üç il müddəti üçün hesablanmışdır. Lakin pensiya hesablanarkən onun 01.01.2006-01.12.2014-cü il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmışdır. Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə pensiya hüququ 57 yaşı tamam olduğu 27 aprel 2008-ci il tarixdə yaranması hazırki işin mübahisə edilməyən haqlıdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək 04 dekabr 2019-cu il tarixdə təyin edilsə də, lakin onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 27 aprel 2008-ci il tarixdə yarandığından, ona təyin edilmiş pensiya hesablanarkən pensiya təyin edilən dövr qüvvədə olan qanunvericiliyin tələbləri deyil, hüququnun yarandığı dövr qüvvədə olan qanunvericiliyin tələbləri əsas götürülməli idi. Belə ki, 01.01.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu pensiya hesablanarkən orta əmək haqqına məhdudiyyətin tətbiq edilməsini aradan qaldırmışdır. Həmin Qanunun 26.2-ci maddəsinin 01.01.2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən bu Qanun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. İddiaçıya pensiya təyin edilərkən orta aylıq əmək haqqının nəzərə alınmalı olması ilə bağlı qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsi 01.01.2010-cu tarixdən qüvvədən düşsə də, iddiaçı həmin qanunun qüvvəyə minməsindən əvvəl, yəni 27.04.2008-ci il tarixədə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə etdiyindən, ona pensiya hüququnun yarandığı dövr qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqı nəzərə alınmaqla əmək pensiyası hesablanmalıdır.” Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Şikayətin əsaslarına görə, işin faktiki hallarından da müəyyən olunduğu kimi, iddiaçının yaşı (57) və stajı (25 il ümumi, 12 il 6 ay xüsusi staj) əvvəlki qanunvericiliyin tələbinə əsasən nəzərə alınmış və 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Başqa sözlə, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi təyin olunan pensiyanın hesablanması qaydasını deyil, məhz yaş və stajın 01.01.2006-cı ilədək qüvvədə olan qanunvericilik normaları əsas götürülməklə hesablanmasını müəyyən edir. Qanunun hazırda qüvvədə olan redaksiyasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqına münasibətdə hesablanması qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada sosial sığorta kapitalına əsasən hesablanaraq ödənilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələbinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. İşdən müəyyən edilir ki, iddiaçıya 27 aprel 2014-cü il tarixdən yaşa görə əmək pensiyası, 04 dekabr 2019-cu il tarixdən isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı güzəştli şərtlərlə pensiya hüququnun 57 yaşı tamam olduğu 27 aprel 2008-ci il tarixdən yarandığı əsası ilə ona təyin edilmiş əmək pensiyasının həmin dövr qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən aldığı əmək haqqında əsasən təyin edilməsi ilə yenidən hesablanmasını və həmin dövrdən hazıradək yaranmış pensiya məbləği fərqinin birdəfəlik ödənilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək pensiyasının hazırda qüvvədə olmayan qanunvericiliyin tələblərinə, əmək haqqında əsasən yenidən hesablanması tələbi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikasında 01.01.2006-cı ildən vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən normativ hüquqi akt “Əmək pensiyaları haqqında” Qanundur. Həmin Qanunun Vİİ fəsli “Əmək pensiyaların yenidən hesablanması” adlanır ki, bu da təyin edilmiş bütün pensiyaların yenidən hesablanması qaydasının hazırda qüvvədə olan norma ilə tənzimlənməsi deməkdir. Bu müstəvidə, “Əmək pensiyaları haqqında” Qanunun yalnız 9.8-ci maddəsində bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaların yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsi nəzərdə tutulmuşdur. Həmin maddə yalnız yaşa və staja münasibətdə əvvəllər qüvvədə olmuş qanunvericiliyin tətbiq edilməsini nəzərdə tutduğu üçün, əmək pensiyasının məbləğinin hesablanması və yenidən hesablanması məsələlərində əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələblərinin tətbiqini özündə ehtiva etmir. Bundan əlavə, İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu baxımdan, İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-in 14.3-cü maddəsi) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli sübutlara malikdir. Odur ki, pensiyanın yenidən hesablanmasını zəruri edən faktiki şərtlərin iş üzrə mövcudluğunu iddiaçı sübut etməlidir. Lakin iddia ərizəsindən və işin digər materiallarından məlum olur ki, iddiaçı 01.01.2010-cu il tarixdən əvvəl qüvvədə olan qanunvericilik aktının müddəalarına istinad etməklə İPM-in ona aid etdiyi vəzifələrin onun tərəfindən yerinə yetirildiyi qənaətindədir. Halbuki, indiki iddianın qaldırılması üçün iddiaçı ona hansı tarixdə hansı pensiyanın hansı qaydada hansı məbləğdə təyin edildiyini, əslində isə hansı tarixdə hansı qaydada hansı pensiyanın hansı məbləğdə təyin edilməli olduğunu konkret olaraq göstərməli, bununla bağlı dəlillərini və əsaslandırmasını təqdim etməli idi ki, müqayisədə onun hansı hüquqlarının pozulduğu Məhkəmə tərəfindən düzgün anlaşılaraq, araşdırma da bu istiqamətdə aparılsın. İddia bu qaydada əsaslandırılmamışdır. İşdən isə aşkar olunur ki, iddiaçı əmək pensiyasının əvvəllər qüvvədə olmuş qaydada yenidən hesablanmaması ilə əlaqədar onun pensiya hüququnun pozulduğunu ehtimal edir və bu fərziyyəsinin sübut olunması arzusu ilə Məhkəməyə müraciət etmişdir. Bütün bunlar da özlüyündə İPM-in 14.3-cü maddəsinin birinci cümləsində təsbit olunan şərtlərə iddiaçı tərəfindən əməl edilməməsi deməkdir. Başqa sözlə, iddiaçı hüquqlarının pozulduğunu konkretləşdirmədən və bununla bağlı zəruri sayılan sübutetmə və əsaslandırma hərəkətləri etmədən, bu hüquqların pozulmadığının inzibati orqan və Məhkəmə tərəfindən sübut olunmasını tələb etmişdir ki, bu vəziyyət də İPM-in 15.1-ci maddəsinə ziddir. Həmin normaya görə, inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Bu məqamda, məhkəmə kollegiyası həm də qeyd edir ki, İPM-in 12-ci maddəsində əks olunan işin hallarının araşdırılması və 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsi prinsipləri Məhkəmənin tərəflərin yerinə keçərək, onların əvəzinə iddianın əsaslandırılması və sübutların təqdim olunması ilə bağlı müvafiq prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi demək deyil, o cümlədən, bu prinsiplər və onlardan irəli gələn obyektiv həqiqət prinsipi də ədalət mühakiməsinin statusuna uyğun olmayan formada mütləqliq ifadə etmir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 26.3-1-ci maddəsinə əsasən, 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Göründüyü kimi, 2011-ci ilin iyulun 1-dən artıq 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin pensiyanın hesablamasının (yenidən hesablamasının) yeni prosedur qaydası müəyyənləşdirilmiş və iddiaçının istinad etdiyi normaların tətbiqi artıq öz mahiyyətini və mənasını itirmişdir. Eyni zamanda, 10.03.2017-ci il tarixli 543-VQD nömrəıi Qanunla əmək pensiyasının yenidən hesablanması ilə bağlı Qanunun 26-cı maddəsi yenidən yeni redaksiyada verilmişdir (01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir): 26.3. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır; 26.3-1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır; 26.3-2. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə də, 01.07.2017-ci il tarixdən qanunvericiliyin əvvəlki normaları ilə müəyyən edilən əmək pensiyasının hesablanması (yenidən hesablanması) qaydaları qüvvədən düşmüşdür. Digər tərəfdən, 01.01.2011-ci il tarixdən qüvvəyə minən İPM Alman inzibati məhkəmə-hüquq təcrübəsinə əsaslanır. Həmin təcrübəyə görə mübahisələndirmə haqqında iddialara mübahisənin maddi-hüquqi əsası kimi inzibati aktın qəbul edildiyi, öhdəliyin icrası və məcburetmə haqqında iddialara isə mübahisənin maddi-hüquqi əsası kimi məhkəmə qərarının qəbul edildiyi vaxt qüvvədə olan qanunvericilik müddəaları tətbiq olunur. Bu kontekstdə, şəxsin əmək pensiyası hüququ onun hüquqi sferası ilə sıx bağlı olmaqla, bu hüququn əldə olunması üçün qanunla müəyyən edilən şərtlərin (yaş, sığorta stajı, əlillik, güzəştli peşə və sair) məhz həmin şəxs tərəfindən yerinə yetirilən anda yaranır. Bundan fərqli olaraq, pensiyanın hesablanması və ödənilməsi qaydası bilavasitə fərdə aid və ondan asılı deyil. Baxmayaraq ki, onun bununla bağlı pozitiv gözləntiləri vardır, pensiyanın hesablanması və ödənilməsi prosesi bu pensiyanı hesablayan və ödəyən qurumun (hazırkı işdə dövlətin) fəaliyyət sahəsində cərəyan etməklə, qazanılmış pensiya hüququnun realizəsi olaraq, onun iqtisadi imkanları və həmin vaxtda sosial təminat sahəsində yeritdiyi siyasətin tələbləri ilə uzlaşmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də “Fabian Macarıstana qarşı” işi üzrə 05.09.2017-ci il tarixli Qərarında göstərmişdir: “...sosial sığorta sistemi üzrə ödənişlərə dair qanunların qəbul edilməsi haqqında qərarlar adətən iqtisadi və sosial məsələlərin analizi ilə bağlıdır. Avropa Məhkəməsi qanunvericinin sosial-iqtisadi siyasətin həyata keçirilməsi zamanı geniş mülahizə həddinə malik olmalı olmasını təbii hesab edir və bu mövqenin açıq-aşkar ağlabatan əsasa malik olmadığı hallar istisna olmaqla, hansı tədbirlərin “cəmiyyətin maraqlarına” cavab verməsi məsələsi ilə bağlı qanunvericinin mövqeyinə hörmətlə yanaşacaq. Bu xüsusilə, məsələn, siyasi-iqtisadi rejimin dəyişməsi ilə bağlı qanunların, dövlət vəsaitinin tamlığının təmin edilməsi və ya vəsaitin təkrar bölüşdürülməsi ilə bağlı siyasi tədbirlər, yaxud da ciddi iqtisadi böhran nəticəsində qənaət tədbirlərinin qəbul edildiyi halda qəbul edilir. ... Avropa Məhkəməsi xatırladır ki, pensiyadan tam məhrumetmə, göründüyü kimi, Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin pozulmasına gətirib çıxaracaq, pensiya və ya onunla bağlı ödənişlərin məbləğinin ağlabatan azaldılması isə, çox güman ki, bu maddənin pozulmasına səbəb olmayacaq (§65); Sosial təminat və pensiyalar sahəsində dövlətin geniş mülahizə hüdudlarını nəzərə alaraq, Avropa Məhkəməsi ərizəçinin əmək haqqı və pensiyaların eyni zamanda ödənilməsinə qadağanın dövlət xəzinəsinin ümumi müdafiəsi maraqlarına xidmət etməsinə şübhə etmək üçün heç bir əsas görmür (§67); Avropa Məhkəməsi xatırladır ki, dövlət pensiya sistemlərinin maliyyələşdirilməsi metodları Razılığa gələn Dövlətlərdən asılı olaraq, dövlətdaxili pensiya sistemlərində haqq ödəyənlər və benefisiarlar arasında həmrəylik prinsipinə vurğunun edilməsi kimi əhəmiyyətli dərəcədə fərqlənir. Bu məsələlərin sosial və iqtisadi siyasətlə bağlı olması səbəbindən, onlar dövlətlərə bu sahədə təqdim edilmiş dövlətdaxili mülahizə hədləri çərçivəsində prinsipə müvafiqdir (§72)”. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan dövlətinin 01.01.2010, 01.07.2017 və 01.01.2019-cu il tarixlərdə qüvvəyə minən dəyikliklərlə “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyalarının hesablanması, yenidən hesablanması, ödənilməsi ilə bağlı müəyyən etdiyi qayda və prosedurlar da məhz bu xarakterə və əhəmiyyətə malikdir. Bu baxımdan, 2019-cu ilin sonunda qaldırılan iddia ilə artıq mövcud (qüvvədə) olmayan normalara istinadən nəinki 01.07.2017, hətta 01.01.2010-cu ildən əvvəl tətbiq olunan qayda ilə pensiyanın yenidən hesablanmasını tələb etmək, uzun müddət keçməsi və iddiaçının bu vəziyyətlə razılaşması ilə yanaşı, habelə cavabdeh inzibati orqanı səlahiyyətində olmayan qaydada məsələnin həllinə məcbur etmək niyyətini ehtiva etdiyi üçün, əsassızdır. Başqa ifadə ilə, şəxsin qazanılmış pensiya hüququndan və bu hüququn yaranması əsaslarından bəhs oluna bilər, onun pensiyasının hesablanması və ödənilməsi qaydası hüququndan isə yox. Yəni, şəxsin qazanılmış pensiya hüququ, əgər həmin şəxs bu hüququnun həyata keçirilməsini hüququn yarandığı dövrdə deyil də, daha sonrakı tarixdə tələb etmişsə, həmin pensiyanın sonradan qanunla dəyişdirilmiş hesablanması və ödənilməsi qaydasını əhatə etmir. Əgər inzibati orqan vaxtilə qanunla onun vəzifəsi sayılan hər hansı qərarı qəbul etməmiş və şəxs də həmin qayda qüvvədə olan dövrdə deyil, bundan sonra sonuncuya müraciət etmişdirsə, artıq inzibati orqandan yalnız həmin vəzifəni yerinə yetirməməsi ilə əlaqədar vurulmuş zərərin əvəzi kimi kompensasiya tələb oluna bilər, qüvvədən düşmüş normada təsbit olunan icraat (prosedur, icra) qaydasına əməl etmək isə yox. Çünki, qeyd olunduğu kimi, pensiyanı hesablamaq və ödəmək dövlətin funksiyalarına daxildir. Sonuncu hal isə dövlətin, onu təmsil edən qurumun və ümumilikdə inzibati orqanların üzərinə qüvvədə olan normalara əsaslanaraq öhdəlik (vəzifə) qoyulmasını şərtləndirir ki, öhdəliyin icrası və məcburetmə haqqında iddialara məhkəmə qərarının qəbul edildiyi vaxt qüvvədə olan qanunvericilik normalarının tətbiqinin prosessual-hüquqi məqsədi də məhz bundan ibarətdir. Belə ki, inzibati orqanın başlıca vəzifəsi qanunvericiliklə ona həvalə olunmuş səlahiyyətlərin icrasını vaxtında, tam və dürüst təmin etməkdir. Norma yoxdursa, inzibati orqanın vəzifəsi (səlahiyyəti) də yoxdur, əksinə deyişlə, “inzibati orqanın vəzifəsidir” demək üçün onun sözügedən vəzifəsini müəyyən edən norma, həmin norma isə qüvvədə olmalıdır. İddiaçı ərizəsində Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə (Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir) istinad edərkən də nəzərə almamışdır ki, sözügedən normanın hər hansı kazusa tətbiq olunması üçün hüquqi vəziyyəti yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi akt (onun bir hissəsi, norması) hüquq tətbiq edilən anda mövcud (qüvvədə) olmalıdır ki, geriyə də şamil edilə bilsin. başqa sözlə, qüvvədə olmayan norma geriyə şamil edilə bilməz. Odur ki, qüvvədən düşmüş normalar Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin təsirinə düşmür. Bu mənada, qüvvədən düşmüş qanun müddəalarının mübahisəyə tətbiq edilməsi, cavabdehin üzərinə artıq onun səlahiyyətində olmayan məsələnin həllini həvalə etməklə, maddi hüquq normalarının pozuntusu demək olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu da “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” 28.01.2014-cü il tarixli Qərarında göstərmişdir ki, “Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi ümumi şəkildə aşağıdakı qaydaları müəyyən edir: normativ hüquqi akt yalnız gələcəyə dair qaydaları müəyyən edir, onun geriyə qüvvəsi yoxdur.” Məhkəmə kollegiyasının bu məsələ ilə bağlı mövqeyi ümumiləşdirilsə, iddiaçının əmək pensiyası hüququnun yaranma əsasları müəyyən edilərkən bu hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan (sonradan qüvvədən düşsə də) maddi hüquq normalarına istinad olunduğu halda (İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 217.2-ci maddəsi), bu hüququn tətbiqi (realizə) imkanları (icraat, proses, icra qaydaları, hüququn realizə proseduru və sair), konkret olaraq hazırkı iş üzrə pensiyanın yenidən hesablanması və ödənilməsi qaydası və müddəti ilə bağlı yalnız məhkəmə qərarı çıxarılan anda qüvvədə olan normalar tətbiq olunmalıdır. Qeyd edilənlərin əksi fərz olunsa, o halda şəxs pensiyanın ona hazırda qüvvədə olan qaydalara əsasən nağdsız şəkildə (bank kartı vasitəsilə) deyil də, vaxtilə bu hüququnun yarandığı dövrdə qüvvədə olmuş nağd formada ödənilməsini tələb edə bilər ki, bu da qanunazidd olmaqla yanaşı texniki-praktiki cəhətdən də mümkün deyil. Eyni qaydada, pensiyanın əvvəllər qüvvədə olan qaydada (əmək haqqı üzərindən) hesablanmasını tələb etmək də qanunilikdən uzaqdır. Çünki, Azərbaycan Respublikasının 27.10.2009-cu il tarixli 904-İİİQD nömrəli Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanuna edilən əlavə və dəyişikliklərə uyğun olaraq 2010-cu ilin yanvarın 1-dən etibarən əvvəlki dövrlərdə qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsində əmək haqqına istinad aradan qaldırılmış, hesablamaların vahid əmək stajı göstəricilərinə əsasən aparılması təmin edilmişdir. Eləcə də, iddiaçının pensiya işindən məlum olur ki, ona ilk dəfə əmək pensiyası 18.04.2014-cü il tarixli 205 nömrəli qərarla təyin edilsə də, razılaşmadığı hesablama qaydasını və pensiya məbləğini əsas götürən inzibati orqanın bu barədə qəbul etdiyi qərarından şikayət vermədən, sözügedən qərarın ləğv edilməsini yaxud dəyişdirilməsini istəmədən, yəni onun əmək pensiyası ilə bağlı artıq qüvvədə olan inzibati akt olduğu halda, yenisinin qəbul edilməsini arzulamışdır. Halbuki, həmin sərəncam iddiaçıya bu barədə məlumat verildiyi andan yaxud bu barədə ona məlum olduğu andan ona məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minmişdir və hüquqi cəhətdən etibarlıdır, həmin hüquqi akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Bundan əlavə, iddiaçı 2008-ci ildə pozulduğunu güman etdiyi hüquqlarının müdafiəsi ilə bağlı 2019-cu ildə Məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) Azərbaycan Respublikasının 10.06.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan “Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət” adlı 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (İkinci yarımbölmə. Ümumi hüquqi münasibətlərdən əmələ gələn işlər üzrə icraat (xüsusi iddia icraatı). Fəsil 27. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat). Göründüyü kimi, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktı ilə məhkəməyə müraciət etmə müddəti nəzərdə tutulmuş, MPM bu müddəti “şəxsin özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən” 1 ay olaraq müəyyən etmişdir. Buna görə, mübahisə açan tərəf MPM-in verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Çünki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçı da, cavabdehin qanunsuz qərarı (hərəkəti) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktı ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində, yəni ən geci 2008-2010cu illərdə hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamış, 10 il gözlədikdən sonra hüququnun pozulduğunu irəli sürmüşdür. İPM-in bu məsələlərlə əlaqədar keçid müddəaları nəzərdə tutmaması da diqqətə alınarsa, iddiaçının artıq ötürdüyü bu bir aylıq prosessual müddətin İPM-lə bərpa olunmadığı sabit olar. Başqa sözlə, 01.01.2011-ci il tarixə mübahisələndirilməsi mümkün olmayan hüquqi faktlar bu tarixdən sonra da mübahisə edilə bilməz. İPM-in əsas alındığı alman prosessual hüququna görə də uzun müddət mövcud olan tələbin qaldırılmaması həmin tələbin itirilməsinə, o da öz növbəsində iddianın mümkünsüz sayılmasına gətirib çıxarır. Bu mənada, yalnız mübahisələndirmə və məcburetmə haqqında iddiaların qaldırılması üçün prosessual müddət müəyyən edən qanunvericinin İPM-in 36.3-cü maddəsində iddiaçıdan həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olmasını tələb etməsi də bu kontekstdə dəyərləndirilməlidir. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmalıdır. İş üzrə iki qərarında Ali Məhkəmənin bu məsələyə toxunmamasını məhkəmə kollegiyası araşdırmanın əsaslılıq üzrə aparılmalı olması kimi qəbul etmişdir. Bütün bu müzakirə olunan hallar da birinci instansiya məhkəməsinin iddianı qismən təmin etməklə əlaqədar səhv nəticəyə gəldiyinə dəlalət edir və məhkəmə kollegiyası məhz bu mənada apellyasiya şikayəti ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, cavabdehin apellyasiya şikayətinin dəlilləri qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməli, cavabdehin şikayəti təmin edilməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1057/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edisin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 27 aprel 2008-ci il tarixdən 57 yaşdan cavabdeh tərəfindən təyin edilmiş əmək pensiyasının həmin dövrdə qüvvədə olmuş qaydalarla aldığı əməkhaqqına əsasən təyin edilməsinin və ötən dövr üçün hal-hazıra kimi yaranmış pensiya məbləği fərqinin birdəfəlik ödənişlə ödənilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-1108/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1108/2021
30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver