Məhkəmə qərarları › İş №2-1(103)-1108/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1108/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1108/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 qızının, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10108/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı iddiaçıya 24 oktyabr 2017-ci il tarixdən əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 26 avqust 1978-ci il tarixində 243 saylı əmrlə Bakı Baza Energetika Texnikumunun əyani şöbəsinə qəbul olmuş, 16 may 1979-cu il tarixində 129 saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmişdir. 01 sentyabr 1981-ci il tarixində 204 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 11 mart 1984 cü il tarixində 63 saylı əmrlə "Elektrikcihazqayırma" ixtisası üzrə tam kursu bitirdiyinə görə ona "texnikelektrik" ixtisas dərəcəsi və KТ 018413 saylı diplom verilmişdir. SOCAR “Etilen-Polietilen” Zavodundan verilmiş 42 nömrəli 10.03.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 09 avqust 1984-cü ildən 01 dekabr 1985-ci ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun elektrik sexinin və sintetik sexlərinə xidmət üzrə elektrik montyoru işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Xazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. SOCAR “Etilen-Polietilen" zavodundan verilmiş 166 nömrəli 03.05.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 02 dekabr 1985-ci ildən 25 yanvar 1987-ci ilə kimi tam iş günü “Azərikimya”İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk”zavodunun divinilstirai kauçukun ayrılması sexində nəqledici işləmişdir. Göstərilən peşə (vəzilə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Vİİİ bölməsinin 1 bəndinin 1080A010 silrinə əsasən 1 saylı siyahısında sadalanan butadien, stiral, kauçuk istehsalatında güzəşdi şərtlərlə pensiya təyin etmək hüququ verir. Socar “Etilen-Polietilen" zavodundan verilmiş 167 nömrəli 03.05.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 26 yanvar 1987-ci ildən 25 yanvar 1994-cü ilə kimi tam iş günü “Azərikimya"İstehsalal Birliyinin keçmiş “Sintezkauçuk”zavodunun texniki nəzarət şöbəsində sintetik butilkauçuk və butadien stirol lateks sexlərinə xidmət sahəsində keyfliyyət üzrə növbə ustası işləmişdir. Göstərilən peşə (vəzitə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il larixli 320 saylı X bölməsinin bəndinin şifrinə əsasən 2 saylı siyahısında sadalanan texniki nəzarət şöbəsinin işçiləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ vermişdir. SOCAR “Etilen-Polietilen" zavodundan verilmiş 168 nömrəli 03.05.202 İ-ci il larixli arayışdan görünür ki, İddiaçı 01 mart 1995-ci ildən 30 aprel 1997-ci ilə kimi tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk”zavodunun bentol istehsalı sexində qurğu rəisi işləmişdir. Göstərilən peşə (vəzilə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə əsasən l saylı siyahısında sadalanan benzol, benzoil, istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verdiyindən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23514,15 manat təşkil edir. “Əmək pensiyaları haqqında,” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10108/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 24.10.2017-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı yazılı etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23514,15 manat təşkil etdiyindən məhkəmənin iddianinln təmin edilməsinə dair gəldiyi nəticə qanunsuzdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi . Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçınının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. Notarial qaydada təsdiq edilmiş ******* nömrəli Əmək kitabçasına əsasən İddiaçı 09.08.1984-cü ildə əmək fəaliyyətinə başlamış və 12.01.2011-ci il tarixədək müxtəlif müəssisə və peşələrdə işləmişdir. Notarial qaydada təsdiq edilmiş ******* nömrəli hərbi biletə əsasən İddiaçı 24.05.1979-cu il tarixdən 10.07.1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft – Energetika Kollecinin 404 nömrəli 04.05.2021-ci il tarixli arxiv arayışına əsasən İddiaçı 26 avqust 1978-ci il tarixində 243 saylı əmrlə Bakı baza Energetika texnikumunun əyani şöbəsinə qəbul olunması, 16 may 1979-cu il tarixində 129 saylı əmrlə hərbi xidmətə getdiyinə görə akademik məzuniyyət verilməsi, 01 sentyabr 1981-ci il tarixində 204 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilməsi, 11 mart 1984-cü il tarixində 63 saylı əmrlə “Elektrikcihazqayırma” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “texnik-elektrik” ixtisas dərəcəsi və KT 018413 saylı diplom verilməsi müıyyın olunur. İş materiallarında olan “Azərikimya" İstehsalat Birliyi “Etilen-Polietilen" zavodunun 327 nömrəli 22.09.2021-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı 26.01.1987-ci ildən 31.01.1994-cü ilə kimi “Azərikimya"İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun texniki nəzarət şöbəsində sintetik butilkauçuk və butadein stirol lateks sexlərinə xidmət sahəsində keyfiyyət üzrə növbə ustası işləmişdir. Göstərilən peşə (vəzitə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il larixli 320 saylı X bölməsinin 4 bəndinin 2110A04a12920 şifrinə əsasən 2 saylı siyahısında sadalanan texniki nəzarət şöbəsinin işçiləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İş materiallarında olan “Azərikimya" İstehsalat Birliyi “Etilen-Polietilen" zavodunun 329 nömrəli 22.09.2021-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı 01.05.1997-ci ildən 30.06.2005-ci ilə kimi “Azərikimya" İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun xalq təlabatı malları sexinin əlif istehsalı sahəsində usta işləmişdir. Göstərilən peşə (vəzitə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il larixli 320 saylı X bölməsinin 2-ci bəndinin 2110A020 şifrinə əsasən 2 saylı siyahısında sadalanan kimya məhsullarının hazırlanması güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, İddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan və cavabdeh qeyd edilən halları mübahisələndirmədiyindən, cavabdeh tərəfindən əlavə olaraq zəruri pensiya kapitalının mövcud olmasının tələb edilməsi, qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi 01 yanvar 2006-cı ilədək iddiaçının hərbi xidmət və təhsil dövrü də nəzərə alınmaqla, 25 ildən artıq (26 il 09 ay 03 gün) ümumi iş stajı mövcud olmuşdur. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına hərbi (alternativ) xidmət müddəti də daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan “Azərikimya" İstehsalat Birliyi “Etilen-Polietilen" zavodunun 327 nömrəli 22.09.2021-ci il tarixli və 329 nömrəli 22.09.2021-ci il tarixli arayışlarından görünür ki, iddiaçının qanunvericilikdə nəzərdə tutulan 12 il 06 aydan artıq (15 il 02 ay 04 gün) güzəştli iş stajı mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. İddiaçının işlədiyi peşələr Siyahının “X. Kimya istehsalatı” bölməsində “2110A020” və “2110A04a-12920” kodu ilə nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı cavabdeh orqanın apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, “zəruri pensiya kapitalının mövcud olması” ilə bağlı tələb 01.07.2017-ci il tarixdən qüvvədədir. İddiaçı isə pensiya hüququnu 01.01.2006-cı il tarixinədək qazanmışdır. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.10-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7- 9- cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavoduna sorğu verilmişdir. Sorguya cavabında “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodunun 26 aprel 2022-ci il tarixli 85 nömrəli arayışına əsasən İddiaçı 09 avqust 984-cü ildən 01 dekabr 1985-ci ilədək işlədiyi “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun elektrik sexində butadien və sintetik butilkauçuk sexlərinin xidmət üzrə elektrik mantyoru peşəsində (AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsində 1080A010), həmin tarixli 86 nömrəli arayışa əsasən 02 dekabr 1985-ci ildən 25 yanvar 1987-ci ilədək işlədiyi divinil-stiral kauçukunun ayrılması sexində nəqledici peşəsində ( Vİİİ bölməsində 1080A010), həmin tarixli 87 nömrəli arayışa əsasən 26 yanvar 1987-ci ildən 31 yanvar 1994-cü ilə kimi texniki nəzarət şöbəsinin sintetik butilkauçuk və butadien-stiral lotus sexlərinə xidmət üzrə sahəsində növbə ustası peşəsində (X bölmə 2110A030- 1754B), həmin tarixli 88 nömrəli arayışa əsasən 01 mart 1995-ci ildən 30 aprel 1997-ci ilədək işlədiyi bentol istehsal sexində qurğu rəisi peşəsində (Vİİİ bölmə 1080A010), həmin tarixli 89 nömrəli arayışa əsasən 01 may 1997-ci ildən 30 iyun 2005-ci ilədək işlədiyi xalq tələbatı malları istehsalı sexinin əlif istehsalı sahəsində usta peşəsində (X bölmə 2110A020) zərərli iş şəraitində işləməsi bir daha təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan və cavabdeh qeyd edilən halları mübahisələndirmədiyindən, cavabdeh tərəfindən əlavə olaraq zəruri pensiya kapitalının mövcud olmasının tələb edilməsinə dair apellyasiya şikayətinin dəlilləri qanuna zidd olmaqla bərabər iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10108/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar