Məhkəmə qərarları › İş №2-1(103)-1108/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1108/2023

06.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1108/2023 06.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil Əli oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-183/2021 saylı, 22 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2019-cu il tarixli, **********028700 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra İddiaçı məhkəməyə “sürətli poçt çatdırması” vasitəsilə ərizə ünvanlayaraq iddia tələbi üzrə inzibati işin baxılmamış saxlayıb, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasının xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-183/2021 saylı, 22 iyun 2021-ci il tarixli qərardadı (hakim Ş.Həsənova) ilə ərizə təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə iddianın geri götürülmüş sayılması və inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili həmin qərardadı rəsmi qaydada 30 noyabr 2022-ci il tarixində əldə etmiş və ondan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və işin araşdırılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsinin geri götürülməsi barədə Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etməmişdir. Həmin ərizə nə iddiaçı tərəfindən, nə də onun nümayəndəsi tərəfindən icra edilməmişdir.Hətta ərizədə qeyd edilən əlaqə nomrəsi nə ona, nə də ki ailə üzvlərinə aid deyildir.İmza nümunələrini məhkəməyə təqdim edərək həmin ərizənin iddiaçı tərəfindən imzalanmadığını diqqətə çatdıraraq hesab edir ki, iş üzrə xətşünaslıq ekspertizası təyin edilməklə, qeyd edilən qərardad ləğv edilməli və iş yenidən icraata qəbul edilərək mahiyyəti üzrə baxılmalıdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən araşdırılmasını xahiş etdi. İzahatında bildirdi ki, o sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Ərizədəki imza iddiaçıya aid deyildir, onun tərəfindən icra edilməmişdir. İddiaçı hazırki iddiada maraqlıdır, onun barəsində tərtib edilmiş qərarın ləğvini xahiş edir. Belə olan halda iddianın geri götürülməsi barədə ərizənin verilməsi heç bir məntiqə uyğun gəlmir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-183/2021 saylı, 22 iyun 2021-ci il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İşin araşdırılmış hallarından görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən İddiaçı barəsində qəbul edilmiş **********028700 nömrəli Qərara əsasən ona 419 272,20 manat əsas vergi borcu hesablanmışdır. İddiaçı vergi ödəyicisi kimi onun barəsində əlavə öhdəlik yarandığından cavabdehə qarşı məhkəməyə müraciət edərək, kameral yoxlama ilə hesablanmış vergini əsassız hesab edərək onun ləğv edilməsini xahiş etmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra iddiaçının adından daxil olmuş ərizə əsasında iş üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı həmin ərizənin onun tərəfindən icra edilmədiyini, iddiaya mahiyyəti üzrə baxılmasında hüquqi marağının olduğunu əsas gətirərək. qərardadın ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən göstərilən hallar düzgün araşdırılmamış, prosessual hüquq normaları düzgün tətbiq edilməyərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən iddianın geri götürülmüş hesab edilməsi barədə qərardad qəbul edilmişdir. Belə ki, maddənin tələbinə əsasən, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Hazırki halda isə iddiaçının səlahiyyətli nümayəndəsi və vəkili mütəmadi olaraq məhkəmə araşdırması zamanı iclaslarda iştirak etmiş, iddia tələbinin mahiyyəti üzrə izahatlar vermişdir. Yəni iddianın geri götürülmüş hesab edilməsinə əsasən olan heç bir məqam mövcud olmamışdır. Həmçinin, iddiaçının adından ərizə daxil olduqdan sonra da məhkəmə iclasında iştirak edən nümayəndəyə məhkəmə tərəfindən İPM-nin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq səlahiyyəti çərçivəsində hüquqi yardım edilməmişdir. Məhkəmə kollegiyası həmçinin, onu da vurğulayır ki, inzibati prosessual qanunvericilikdə iddiaçının ərizəsi üzrə iddianın geri qaytarılmasına dair norma olmasa da, hesab edilir ki, bu iddiaçının aktiv hərəkətlər ilə artıq iddianın mahiyyəti üzrə araşdırılmasına hüquqi marağının qalmaması kimi qiymətləndirilir. Hazırki halda isə işin hallarından bəlli olur ki, iddiaçı onun barəsində hesablama aparılmış qərarın ləğv edilməsində hüquqi marağa malikdir. Hətta iş üzrə araşdırmanın gedişatından da bu hal özünü göstərir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-183/2021 saylı, 22 iyun 2021-ci il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Rəşid Səmədov Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar