Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1109/2021 30.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Yusifov Cahangir Afər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 04.08.2020-ci il tarixli, 2- 1(112)-4454/2020 saylı qərarından cavabdehin nümyəndəsi F.Hüseynzadə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı «iddiaçıya Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etdiyinə görə verilən əlavə dördqat məbləğ nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 04.08.2020-ci il tarixli, 2-1(112)-4454/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının əmək pensiyası məbləğinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 1991-ci il tarixli 577 nömrəli qərarına əsasən 12 aprel 1988ci il tarixdən 17 avqust 1988-ci il tarixədək Çernobıl AESdə qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 17.213 rubl dördqat məbləğ Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25,4-ə vurulmaqla həmin dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə 1 yanvar 2008-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh DSMF 1 saylı Bakı Ərazi Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim R.Kərimli). Həmin qərardan cavabdehin nümayəndəsi F.Hüseynzadə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən cavabdehin nümayəndəsi X3 hesab etmişdir ki, cavabdeh tərəfindən apelyasiya şikayətinin verilməsi üçün müddət ötürülməmişdir və apellyasiyanın mümkün sayılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən cavabdehin nümayəndəsi X5 bildirmişdir ki, cavabdeh tərəfindən apelyasiya şikayətinin verilməsi üçün müddət ötürülməmişdir, ona görə də apellyasiyanın mümkün sayılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı tələbi “ona Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etdiyinə görə verilən əlavə dördqat məbləğ nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Həmin iddia tələbi birinci instansiya məhkəməsinin 2-1(112)-4454/2020 saylı 4 avqust 2020-ci il tarixli qərarı ilə təmin olunsa da, sonradan məhkəmə 28 sentyabr 2020-ci il tarixli qərardadı ilə cavabdehin vəsatətini nəzərə alaraq qəbul edilmiş qərarla Dövlət Sosial Müdafiə Fondunun hüquqları və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasının istisna olunmadığına istinad edərək, qərarın ləğv edilməsi və icraatın təzələnərək, həmin qurumun 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qənaətinə gəlmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayət vermişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.11.2020-ci il tarixli, 2- 1(103)-1916/2020 saylı qərardadı ilə şikayət təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4454/2020 saylı 28 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, cavabdehin AR ƏƏSMN yanında DSMF-nun 3-cü şəxs qismində cəlb edilməsi barədə vəsatəti təmin edilməmişdir. Həmin qərardaddan kassasiya şikayəti verilməmişdir. Bundan sonra cavabdehin nümayəndəsi F.Hüsynzadə Bakı İnzibati Məhkəməsinin 04 avqust 2020-ci il tarixli, 2-1(112)-4454/ 2020 saylı qərarından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti surətli poçt vasitəsilə 28.12.2020-ci il tarixdə göndərilmişdir və Bakı İnzibati Məhkəməsinə 29.12.2020-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi qərardan apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddətin tamam olmasından sonra təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. İş materiallarında olan məhkəmə qərarının göndərilməsi barədə məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 04.08.2020-ci il tarixli, 2-1(112)-4454/2020 saylı qərarın surəti 10.08.2020-ci il tarixdə göndərilmiş, 10.09.2020-ci il tarixdə cavabdeh tərəfindən alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1-ci əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilməsi məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (24.2). Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (24.3). Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir (24.5). Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir (24.6). Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin məhkəmə qərarından apellyasiya şikayəti verməsi üçün kifayət qədər vaxtı olmuş və o, bundan istifadə etməmiş, nəticədə isə prosessual müddət onun özünün təqsiri üzündən üzürsüz səbəbdən buraxılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, cavabdehin nümyəndəsi F.Hüseynzadə tərəfindən Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 04.08.2020-ci il tarixli, 2-1(112)-4454/2020 saylı qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdehin nümyəndəsi F.Hüseynzadə tərəfindən Bakı İnzibati Məhkəməsinin 04.08.2020-ci il tarixli, 2-1(112)-4454/2020 saylı qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1109/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1109/2021
30.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver