Məhkəmə qərarları › İş №2-1(103)-1109/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1109/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1109/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil oğlunun, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8444/2021 saylı, 05.11.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 02.05.2021-ci il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına onun əmək pensiyasının buna hüququ yarandığı 55 yaşının tamam olduğu 30.06.2014-cü il tarixdən təyin edilməsi və pensiyasının “X1 haqqında” Qanunun 17-ci maddəsinin tələblərinə müvafiq surətdə orta əmək haqqının 90 faizi həcmində hesablanması, ödənilməmiş müddətlər üçün pensiyasının birdəfəlik ödənilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və göstərmişdir ki, “X3” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “X1 haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə kişilər üçün 57 yaş müəyyən edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək pensiyasının buna hüququ yarandığı 55 yaşının tamam olduğu 30.06.2014-cü il tarixdən təyin edilməsi və həmin pensiyanın “X1 haqqında” Qanunun 17-ci maddəsinin tələblərinə müvafiq surətdə orta əmək haqqının 90 faizi həcmində hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Orta məktəbi 1976-cı ildə bitirdikdən sonra əmək fəalyyətinə başlamışdır. Onun işlədiyi işlərin hamısı Nazirlər Kabinetinin 2 saylı Siyahısına uyğun olaraq ağır işlər sırasına daxildir və güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdir. Məhz bu səbəbdən, 57 yaşının tamam olduğu 30.06.2016-cı il tarixdən etibarən ona güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Lakin pensiya təyin edilkərkən kobud qanun pozuntusuna yol verilmiş, ona pensiya 2006-cı ilin yanvarın 1-dən qüvvədə olan “X1 haqqında” Qanunun müdəalarına müvafiq surətdə təyin edilməli olduğu halda, 2006-cı ilin yanvarın 1-dən qüvvədə olan “X3“ Qanunun müdəalarına müvafiq təyin edilmişdir. İşin hallarından müəyyən olunur ki, güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün tələb olunun əmək stajını, yəni 12 il 6 ay (xüsusi ilə agır işlər üzrə iş stajı) və 25 il ümumi stajını o, 01 yanvar 2006-cı il tarixə qədər əldə etmişdir. Həmçinin “X1 Haqqında” Qanunun 17-ci maddəsinə əsasən – yaşa görə əmək pensiyası üçün müraciət edənin orta aylıq əmək haqqının 60 faizi, bu qanun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 65 faiz məbləğində təyin edilir. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, 13-cü maddənin “B” bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8444/2021 saylı, 05.11.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8444/2021 saylı, 05.11.2021-ci il tarixli qərarının qismən ləğv edilməsini, iddiaçıya “X1 Haqqında” Qanunun 17-ci maddəsini tələblərinə müvafiq surətdə iddiaçıya orta əmək haqqının 90 faizi həcmidə pensiya təyin edildiyi tarixdən yenidən hesablanması barədə cavababdeh inzibati orqanın üzərinə öhdəlik qoyulnası barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya pensiya 2006-cı ilin yanvarın 1-dək qüvvədə olan “X1 Haqqında” Qanunun müdəalarına müvafiq surətdə təyin edilməli olduğu halda, 2006-cı ilin yanvarın 1-dən qüvvədə olan “ X3 “ Qanun müdəalarına müvafiq olaraq təyin edilmiş və düzgün hesablanmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8444/2021 saylı, 05.11.2021-ci il tarixli qərarının qismən ləğv edilməsini, iddiaçıya “X1 Haqqında” Qanunun 17-ci maddəsini tələblərinə müvafiq surətdə iddiaçıya orta əmək haqqının 90 faizi həcmidə pensiya təyin edildiyi tarixdən yenidən hesablanması barədə cavababdeh inzibati orqanın üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8444/2021 saylı, 05.11.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının qismən ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1959-cu ildə doğulmuş, 01.09.1976-18.02.1978-ci illərdə təhsil almış, 22.03.1978-ci ildə çilingər qəbul edilmiş, 20.04.1978-ci ildə işdən azad olunmuş, 02.05.1978-08.05.1980-cı illərdə hərbi xidmətdə olmuş, 26.06.1980-cı ildə Bakı Lokomotiv Deposunda elektrovoz təmiri üzrə çilingər qəbul edilmiş, 04.12.1980-cı ildə elektrovoz maşinisti köməkçisinin dublyoru, 12.12.1980-cı ildə elektrovoz maşinisti köməkçisi, 25.04.1984-cü ildə elektrovoz maşinisti keçirilmiş, 01.11.1994-cü ildə işdən azad edilmişdir. 03.11.1994-cü ildə 28 May NQCİ-nə daxili yanma mühərriki maşinisti qəbul edilmiş, 02.01.1996-cı il tarixdə qaztrubin maşinisti keçirilmiş, 01.12.1998-ci ildə daxili yanma mühərriki maşinisti keçirilmiş, 28.11.2016-cı il tarixdə də həmin vəzifədə işləmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “X3” Qanunun 9.1, 9.8, 10.1, 27-ci maddələrini, X1 haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsini, «X1 haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndini tətbiq etməklə belə qərara gəlmişdir ki, qanunvericiliyə edilmiş və 01.01.2010cu il tarixdə qüvvəyə minmiş bu dəyişikliklə ƏPQ qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiyahüquqlarının pensiya kapitalına çevrilməsi, bununla da həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat kapitalın hesablanması müəyyən edilmiş, beləliklə də, əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqının nəzərə alınması ilə bağlı müddəa qanunvericilikdən çıxarılmışdır. İddiaçıya 57 yaşının tamam olduğu 30.06.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyindən məhkəmə hesab edir ki, 01.01.2010-cu il tarixədək qüvvədə olmuş normalar iddiaçıya tətbiq edilə və onun əmək pensiyasının “X1 haqqında” Qanunun 17-ci maddəsinin tələblərinə müvafiq surətdə orta əmək haqqının 90 faizi həcmində hesablanması barədə tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “X3” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İş materiallarına, eləcə də iddiaçının apellyasiya şikayətində qeyd etdiklərinə əsasən müəyyən olunur ki, iddiaçının pensiya hüququ 57 yaşının tamam olduğu 30.06. 2016-cı il tarixdə yaranmışdır. “X3” Qanunun 9.8-ci maddəsində qeyd olunanlara əsasən, iddiaçıya pensiya təyin olunarkən məhz yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Lakin, pensiyanın məbləğinin hesablanması zamanı isə pensiya təyin olunan zaman qüvvədə olan normalar tətbiq olunmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qərar mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8444/2021 saylı, 05.11.2021-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar