Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1109/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X16 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X8 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı vəkili X3, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X9 üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın verilməsi”tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1179/2022 saylı, 22 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin 09 mart 1995-ci il tarixli 755 saylı sərəncamı ilə ona ayrılan və hazırda sahibliyində və istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair faktiki mövcud olan ölçülərinə uyğun olaraq mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh müraciətinə cavab olaraq bildirmişdir ki, həmin torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki göstərilən ərazi fərqlidir. Həmçinin torpaq sahəsinin koordinatları digər fiziki şəxsə məxsus olan torpaq sahəsinin planı və ölçüsü ilə üst-üstə düşür. Bundan əlavə, torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamı ilə ona fərdi evin tikintisi üçün 600 kv/metr torpaq sahəsi ayrılmışdır. Bu günədək torpaqdan istifadəsinə dair heç bir fiziki və ya hüquqi şəxsin etirazı olmamışdır. Qeyd edilən torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətti keçmir. Hətta keçmiş olsa belə, bu xətt öz vəsaiti hesabına dəyişdirilə bilər. İmtina məktubunda qeyd olunan məsələlərin müəyyən edilməsi üçün isə ekspertizanın keçirilməsi zəruridir. İddia ərizəsinə əlavə edilmiş aktın surətindən də görünür ki, sözügedən torpaq sahəsi 05 iyun 1997-ci il tarixdə faktiki olaraq istifadəsinə verilmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsində hasarlanma və mərzçəkmə işləri aparılmamış, təqdim edilən torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki göstərilən ərazi fərqlidir. Həmçinin torpaq sahəsinin koordinatları digər fiziki şəxsə (X9) məxsus olan ləğv edilmiş X15 Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü (kadastr planı) ilə üst-üstə düşür. Bundan əlavə torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli (6 kvt.) elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Bağırov X1 əvvəlki müraciətində torpaq sahəsinin coğrafi mövqeyini göstərən fərqli yerləşmə cizgisi təqdim etmiş və fərqli ərazidə yerləşən torpaq sahəsi göstərmişdir. Qeyd edilən torpaq sahəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1838/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı İdarəyə daxil olmuş, lakin yekun məhkəmə aktı barədə məlumat İdarəyə daxil olmamışdır. Bununla bağlı vətəndaşa **********54 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə tənzimlənir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1179/2022 saylı, 22 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 3-cü şəxs Koroğlu Paşayevin mülkiyyətində həmin torpaq sahəsi yoxdur, cavabdeh həmin ünvanda yerləşən torpaq sahəsinin 3-cü şəxs X2 mülkiyyətində olan torpaq sahəsinin planı və ölçüsü ilə üst-üstə düşdüyünü və həmin torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyini bildirmiş və bu səbəbdən ona həmin ərazi üçün çıxarış verilməsindən imtina etmişdir, belə olduğu təqdirdə cavabdeh işdə maraqlı olduğundan məhkəməyə qeyri-dəqiq və təhrif olunmuş sübut təqdim edərək məhkəmənin iş üzrə səhv nəticəyə gəlməsinə səbəb olmuşdur, məhkəmə tərəfindən iş kifayət qədər hərtərəfli araşdırılmamış, tərəfindən verilmiş izahatlar nəzərə alınmamışdır. İşin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə torpaq sahəsinə yerində müayinə keçirilməli və əldə edilmiş sübutlar birlikdə tədqiq edildikdən sonra iş üzrə yekun məhkəmə aktı çıxarılmalı idi. Birinci instansiya məhkəməsi isə yalnız ekspertiza keçirməklə kifayətlənərək iş üzrə qeyri-adekvat və ədalətsiz qərar qəbul etmişdir. Tərəflərin izahatları: Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1109/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə X13 və X14 zəruri cəlbetmə qaydasında 3-cü şəxs qismində inzibati iş üzrə cəlb edilmişdirlər. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı vəkili X12 apellyasiya şikayətinə uyğun hüquqi məsələlərə dair izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs Koroğlu Paşayev izahatında bildirdi ki, Mirzə Paşayev qardaşı, Dilbər Paşayeva isə gəlinləridir, torpaq sahəsinin plan və ölçüsü onlara bələdiyyə sənədi əsasında verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş digər üçüncü şəxslər X13 və X14 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh publik hüquqi şəxs cavabdehlik daşıyan orqandır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən müraciətinə imtina məktubu almışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 755 №-li 9 mart 1995-ci il tarixli sərəncamına istinad edərək, həmin sərəncamla ona ayrılmış torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydə alınması tələbini irəli sürmüşdür. Cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənəd mübahisələndirilməmişdir. Cavabdehin imtinasının əsasını aşağıdakılar təşkil edir: 1) iddiaçı tərəfindən göstərilən torpaq sahəsində hasarlanma və mərzçəkmə işləri aparılmamış, təqdim edilən torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki göstərilən ərazi fərqlidir; 2) torpaq sahəsinin koordinatları digər fiziki şəxsə (X9) məxsus olan ləğv edilmiş X15 Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü (kadastr planı) ilə üst-üstə düşür; 3) torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli (6 kvt.) elektrik xəttinin mühafizə zonasında yerləşir; 4) iddiaçı əvvəlki müraciətində torpaq sahəsinin coğrafi mövqeyini göstərən fərqli yerləşmə cizgisi təqdim etmiş və fərqli ərazidə yerləşən torpaq sahəsi göstərmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 iyul 2022-ci il tarixli 10/2079 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 600 kv.metr torpaq sahəsinin yerləşmə mövqeyini sərəncama əlavə olunmuş cizgi miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilmədiyindən müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyi torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən ləğv edilmiş X15 Komitəsi tərəfindən X5 verilmiş torpaq sahəsinin planı və ölçüsü (kadastr planı) ilə üst-üstə düşür. Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 600 kv.metr torpaq sahəsinin yerləşmə mövqeyini sərəncama əlavə olunmuş cizgi miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilmədiyindən müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyi torpaq sahəsi ilə kadastr nömrəsi **********0335, kadastr nömrəsi **********0334, kadastr nömrəsi **********341 olan sənədlərə əsasən üst-üstə düşmə faktı olsa da, hüquqlar dövlət qeydiyatına alınmamışdır. Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 600 kv.metr torpaq sahəsinin yerləşmə mövqeyini sərəncama əlavə olunmuş cizgi miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilmədiyindən faktiki istifadə olunan torpaq sahəsi ilə üstüstə düşüb-düşməməsini tam dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin cizgi ortofoto görüntüsünə əsasən naturada faktiki istifadə olunan torpaq sahəsinə uyğundur. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi 601 kv.metrdir. Qərardadın dördüncü sualı üzrə tədqiqatın aparılması üçün sözügedən sahəyə baxış keçirilmişdir. Sözügedən ərazidə, yəni iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyi torpaq sahəsinə yaxın hər hansı yüksək gərginlikli elektrik xətti müəyyən edilməmişdir. Ekspert rəyinin əsassızlığı ilə bağlı iddiaçı tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. İddiaçının istinad etdiyi sərəncama əlavə olunmuş cizgi miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilmədiyindən torpaq sahəsinin yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamış, iddiaçının naturada göstərdiyi torpaq sahəsinin isə elektron kadastr məlumat bazasına əsasən ləğv edilmiş X15 Komitəsi tərəfindən X5 verilmiş torpaq sahəsinin planı və ölçüsü (kadastr planı) ilə üst-üstə düşməsi, o cümlədən kadastr nömrəsi **********0335, kadastr nömrəsi **********0334, kadastr nömrəsi **********341 olan sənədlərə əsasən üst-üstə düşmə faktı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsində icraat zamanı X13 və X14 üçüncü şəxs qismində işə cəlb edilmiş, daha sonra DƏDKR Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilərək üçüncü şəxslər X6, X7 və X2 adlarına qeydiyyatdan keçmiş 0,12 ha torpaq sahələrinin qeydiyyatdan keçməsinə dair inzibati icraat materiallarının və həmin torpaq sahələrinə dair plan-ölçülərin təqdim edilməsi xahiş edilmişdir. Məhkəməyə təqdim edilmiş AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhər Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 1348, 1353, 1349 saylı qərarları ilə Səbail rayonu, Salyan şossesi 32-də hər birinə 1200 kv.m olmaqla fərdi yaşayış evinin tikintisi üçün X10, X5 və X11 torpaq sahəsi ayrılmışdır. Həmin plan və ölçü sənədlərindən də müəyyən edilir ki, iddiaçının çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etdiyi torpaq sahəsinin koordinatları qeyd olunan fiziki şəxslərə (X9, X13 və X14) məxsus olan ləğv edilmiş X15 Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü (kadastr planı) ilə üst-üstə düşür. Belə olan halda məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçının iddia etdiyi torpaq sahəsi hazırda qüvvədə olan kadastr planları ilə üst-üstə düşdüyündən hazırki məqamda tələbinin təmini qeyri-mümkündür.Qeyd edilən hal iddiaçının müraciətinin təmininə əsas vermədiyindən digər imtina əsaslarının yoxlanılması məhkəmə kollegiyası lüzum bilmir. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1179/2022 saylı, 22 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1109/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1109/2023
04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver