Məhkəmə qərarları › İş №2-1(103)-1109/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1109/2024

02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1109/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(112)-11543/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya yenidən hesablama əsasında 01 iyul 2022-ci il tarixindən etibarən müəyyən edilmiş 1.080,88 manat əmək pensiyası ilə yenidən hesablamadan əvvəl ödənilən 623,75 manatlıq pensiya məbləği arasındakı fərqin 12 noyabr 2020-ci il tarixindən 01 iyul 2022-ci il tarixinə qədər (ümumilikdə 19 ay 18 gün) hesablanaraq ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(112)-11543/2023 saylı qərarı ilə iddia təmin olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(112)-11543/2023 saylı qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq hazırda heç bir şikayətinin qalmadığını, mübahisənin məhkəmədənkənar həll olunduğunu bildirərək, İnzibati Prosessual Məcəllənin 67.3-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 “Elektron kabinet” vasitəsilə məhkəməyə ərizə göndərərək məhkəmədən kənar mübahisə həll olunduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının vəkili və cavabdehin nüamayəndəsi tərəfindən verilmiş ərizəni və pensiya təyin olunması barədə sənədləri araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 67.3-ci maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Göründüyü kimi, inzibati prosessual qanunvericilik inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və bununla əlaqədar tərəflər arasında mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizə təmin olunsun. İş üzrə icraatına xitam verilsin. İzah olunsun ki, iş üzrə icraata xitam verilməsi eyni tərəflərin eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia vermə imkanını istisna edir. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar