Məhkəmə qərarları › İş №2-1(103)-111/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-111/2022

09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-111/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X13 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X3 və Nizami rayon İcra Hakimiyyəti) bağ sahəsinə dair reyestrdən çıxarışın və plan-ölçüsünün verilməsi tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-729/2019 saylı, 14 may 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: 2018-ci il 05 dekabr tarixdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (bundan sonra DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, “Dübəndi” bağ massivində ona ayrılmış 10 saylı bağ sahəsinə texniki pasportun, cizgi planın və torpaq üzərində mülkiyyət hüququ verən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər XDS İK Azərbaycan SSR Nazirlər Sovetinin 15 sentyabr 1987-ci il tarixli 326 saylı qərarına əsasən 27 sentyabr 1987-ci il tarixdə 20396 saylı qərarı ilə Bakı şəhəri Nizami Rayon XDS İK-nın kollektivinə bağçılıq-yoldaşlıq təsərrüfatı yaradılması məqsədilə keçmiş Əzizbəyov (indiki Pirallahı) rayonu, Dübəndi qəsəbəsində torpaq sahəsi ayrılmışdır. Nizami XDS İK-nın nəzdində yaradılmış bağçılıq-yoldaşlıq kollektivinin 29 iyun 1990-cı il tarixli ümumi iclasında 29 nəfərin iştirakı ilə torpaq sahəsinin bölgüsü üzrə püşkatma aparılmışdır. Püşkatmanın nəticələrinə əsasən 1-ci Cənub küçəsi, sahəsi 0,06 ha olan 10 nömrəli bağ sahəsi ona (iddiaçıya) ayrılmışdır. Əvvəlki illərdə müəyyən səbəblərdən bağ sahələrinin sənədləşdirilməsi mümkün olmamış, 11 dekabr 2015-ci il tarixdə bağ sahəsinin sənədləşdirilməsi ilə bağlı hazırkı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh sənədləşdirmədən imtina etmiş və imtinasını onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 7 noyabr 2000ci il tarixdə keçirilmiş bağçılıq-yoldaşlıq kollektivi üzvlərinin iclasında qəbul edilmiş yeni siyahı mövcuddur və həmin siyahıda onun adı aşkar olunmamışdır. 7 noyabr 2000-ci il tarixdə keçirilmiş iclasın 2 saylı protokoluna əsasən ona məxsus olan 600 kv.m torpaq sahəsi onun məlumatı olmadan, RİH-nin işçisi X9 (1.200 kv.m ölçüdə) ayrılmışdır. Məlum olur ki, RİH-nin protokolu ilə işçilərin hər birinə 1.200 kv.m olmaqla torpaq sahələri özbaşına şəkildə yenidən bölüşdürülmüşdür. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi mərhum Anar İbrahimovun arvadı Aybəniz Məmmədovanın müraciətinə rədd cavabı vermişdir. Cavab belə əsaslandırılmışdır ki, 10 nömrəli sahə torpağın plan-sxemi üzrə 600 kv.m ölçüdə qeyd olunmuşdur. Bu sahənin 1.200 kv.m ölçüdə sahə kimi sənədləşdirilməsi qeyrimümkün sayılmış, yerində baxış zamanı göstərilən sahə üzrə tam uyğunsuzluq təşkil etmişdir. Onun DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etdiyi sənədlərdən məlum olur ki, həmin İdarənin ona ünvanlanmış imtina cavabı hüquqi sənədlərə yox, qondarma faktlara əsaslanmışdır. Göründüyü kimi, bağ sahəsi ona 2000-ci ildən əvvəl 1990-cı ildə ayrılmışdır. Nizami RİH tərəfindən 7 noyabr 2000-ci il tarixdə keçirilmiş bağçılıq-yoldaşlıq kollektivi üzvlərinin iclasında qəbul edilmiş yeni siyahı onun hüquqlarını pozmuş və bu iclasın hüquqi nəticəsi olaraq tərtib edilmiş protokolun ona aid olan hissəsinin etibarsızlığı barədə 2 saylı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırılmış və məhkəmənin 17 may 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, 7 noyabr 2000-ci il tarixli protokolu ona 29 iyun 1990-cı il tarixli protokolla ayrılmış torpaq sahəsinə münasibətdə etibarsız sayılmışdır. Məhkəmə qərarı qüvvəyə mindikdən sonra o, 30 oktyabr 2018-ci il tarixdə cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh imtina cavabı vermiş və imtinada bildirilmişdir ki, onun adı 7 noyabr 2000-ci il tarixli protokolda aşkar olunmamışdır. İdarəyə həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün digər fiziki şəxslər müraciət etmişlər, məhkəmə qərarı ilə DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamış, qərar İdarəyə daxil olmamışdır. Cavabdehin iddiaya qarşı etirazında qeyd olunmuşdur ki, iddia etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 10 saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İdarənin arxiv qovluğunda iki siyahı mövcuddur. Belə ki, onun adı 29 iyun 1990-cı il tarixli 3 saylı protokoldan çıxarışda qeyd edilsə də, bağçılıq yoldaşlığının 7 noyabr 2000-ci il tarixli 2 saylı protokolundan çıxarışda aşkar olunmamışdır. Bundan başqa, sözügedən sahəyə dair İdarəyə digər fiziki şəxsin müraciəti daxil olmuşdur. Çöl-ölçmə işlərinin aparılması nəticəsində müəyyən olunmuşdur ki, sözügedən ərazi qonşu sahə ilə bir hasar daxilindədir, ara sərhədləri şərtidir. Ərizəyə əlavə edilmiş məhkəmə qətnaməsi İdarəyə rəsmi daxil olmamışdır və məhkəmə qətnaməsi ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Bu səbəbdən iddiaçının ərizəsinin icrası İdarə tərəfindən mümkün olmamış və bu barədə ona 23 noyabr 2018-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, 10.2-ci, 11-ci, 12.1-ci, 23-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 176.1-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.1-ci, 65-ci, 66.1-ci, 67-ci, 109-cu, 111.1-ci maddələrinə, “Yerli icra hakimiyyəti idarələrinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamına, eləcə də, İPM-in 48.2-ci maddələrinə əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-729/2019 saylı, 14 may 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 10 saylı bağ sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli 2-1(103)-2216/2019 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-729/2019 saylı 14 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 12 fevral 2020-ci il tarixli 2-1(102)-344/2020 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2216/2019 saylı 17 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmə göstərmişdir ki, apelyasiya məhkəməsi tərəfindən cavabdehin apelyasiya şikayətinin dəlillərinə, bağçılıq-yoldaşlığın xx.xx.2000-ci il tarixli protokol qərarına əsasən torpaq sahəsinin mərhum X8 istifadəsinə verildiyinə, sonuncuya da həmin siyahıya uyğun olaraq üzvlük kitabçasının verildiyinə düzgün hüquqi qiymət verilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-736/2018 saylı, 17 may 2018-ci il tarixli qərarı isə hazırkı iş üzrə cavabdeh, digər işə baxılarkən tərəf olmadığından həmin qərarın onun barəsində preyudisiallığı istisna olunur. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, nəzdində bağçılıq yoldaşlıq yaradılmış Nizami rayon icra hakimiyyəti, bağçılıq-yoldaşlığı və həmin sahəyə dair hüquqlarının rəsmiləşdirilməsi üçün müraciət etmiş mərhum X8 vərəsəsi X3 işə baxılmasına cəlb edilməli, cavabdehdən 2000-ci ildə təqdim edilmiş siyahı tələb olunaraq qiymətləndirilməli, iddiaçının hansı səbəblərdən bağçılığın üzvlüyündən çıxarıldığı aydınlaşdırılaraq bunun səbəblərinə qiymət verilməli, beləliklə, iş üzrə hərtərəfli və obyektiv araşdırma aparılmaqla mübahisənin obyektiv həlli təmin edilməlidir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 avqust 2020-ci il tarixli 2-1(103)-1206/2020 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-729/2019 saylı 14 may 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli 2-1(102)-249/2021 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 avqust 2020-ci il tarixli 2-1(103)-1206/2020 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, idarənin arxiv qovluğunda iki siyahı mövcuddur. İddiaçının adı xx.xx.1990-cı il 3 saylı protokoldan çıxarışda aşkar qeyd edilsə də, bağçılıq yoldaşlığın xx.xx.2000-ci il 2 saylı protokolundan çıxarışda adı aşkar olunmamışdır. Bundan başqa idarəyə digər fiziki şəxsin (mərhum X8 vərəsəsi X1) müraciəti daxil olmuş və çöl-ölçmə işlərinin aparılması nəticəsində müəyyən olmuşdur ki, sözügedən ərazi qonşu sahə ilə bir hasar daxilindədir, ara məsafələri şərtidir. Qonşu bağ sahəsinin mülkiyyətçisi ilə razılaşdırılmış və notarial qaydada təsdiq edilmiş bölgü-sxemi təqdim edilməmişdir. Bundan əlavə iddiaçının ərizəsinə əlavə etdiyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-736/2018 saylı, 17 may 2018-ci il tarixli qərarı idarəyə rəsmi qaydada daxil olmamış və həmin qərarda idarənin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası işə 3-cü şəxslərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində konkret olaraq müəyyən olunmuşdur. Həmin normada sadalanmış bu əsaslar, daşınmaz əmlaka hüququn yaranmasına səbəb olan hüquqi faktları ehtiva edir. Nəzərə alınmalıdır ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İddiaçının şərh etdiyi işin halları baxımından, yəni hüquqlarını bəyan etdiyi bağ sahəsi üzərində hüququn qeydiyyata alınması üçün iddiaçı Qanunun 8.0.7-ci maddəsində göstərilən əsasları - icarə müqaviləsi, sərəncamı və orderi, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafıq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışı təqdim etməli olduğu, bu sənədlərdən bağçının üzvlük kitabçasını, topraq sahəsinin verilməsi barədə qərarı, torpaq sahəsinin bölgü sxemini təqdim etdiyi kassasiya instansiyası məhkəməsi tərəfindən işin nəzərə alınmalı olan halı kimi qeyd edilmişdir. İş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 12 fevral 2020-ci il tarixli qərarında göstərilmişdir ki, işə yenidən baxılarkən, nəzdində bağçılıq yoldaşlıq yaradılmış Nizami rayon icra hakimiyyəti, bağçılıqyoldaşlığı və həmin sahəyə dair hüquqlarının rəsmiləşdirilməsi üçün müraciət etmiş mərhum X8 vərəsəsi X3 işə baxılmasına cəlb edilməli, cavabdehdən 2000-ci ildə təqdim edilmiş siyahı tələb olunaraq qiymətləndirilməli, iddiaçının hansı səbəblərdən bağçılığın üzvlüyündən çıxarıldığı aydınlaşdırılaraq bunun səbəblərinə qiymət verilməli, beləliklə, iş üzrə hərtərəfli və obyektiv araşdırma aparılmaqla mübahisənin obyektiv həlli təmin edilməlidir. Apelyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən Nizami rayon İH və X3 işə cəlb etsə də, digər göstərişlərə əməl etməmişdir. Qeyd olunanlara əsasın məhkəmənin qərarı ləğv edilib təkrar baxılması üçün göndərilməli, işə təkrar baxan məhkəmə iddiaçının bağçılıq yoldaşlığından xaric edilibedilmədiyini, xaric edilmişdirsə nə vaxt, hansı əsasla xaric edildiyini, iddiaçının sözügedən torpaq sahəsindən istifadə edib etməməsini, həmin yerin hazırda başqa şəxs tərəfindən istifadə edilib-edilmədiyini, başqa şəxs istifadə edirsə hansı hissədən və hansı əsaslarla istifadə etdiyini, bağçılığa aid 1990cı ildə tərtib edilmiş siyahının 2000-ci ildə dəyişdirlməsinin səbəbini, nəyə görə iddiaçının adının həmin siyahıya daxil edilməməsini və işin gedişində meydana gələ biləcək əlavə halları araşdırmalıdır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İş materiallarından, o cümlədən Nizami rayon XDS İcraiyyə Komitəsinin nəzdində yaradılmış bağçılıq-yoldaşlıq kollektivinin ümumi iclasının 18 may 1990-cı il tarixli 2 №-li protokolundan görünür ki, Nizami rayon XDS İK-nin kollektivinin işçiləri üçün Bakı şəhəri XDS İcraiyyə Komitəsi 26/326 saylı 27 oktyabr 1987-ci il tarixli qərarı ilə M.Əzizbəyov rayonu Dübəndi qəsəbəsində torpaq sahəsi ayrılmış və kollektivin bağçılıq-yoldaşlıq təsərrüfatının 36 nəfərlik siyahısı təsdiq olunmuşdur. Eyni zamanda, həmin bağçılıq-yoldaşlıq kollektivinin ümumi iclasının 29 iyun 1990-cı il tarixli 3 saylı protokolundan çıxarışa əsasən müəyyən olunur ki, İddiaçı 1-ci Cənub küçəsi, 10 №-li, sahəsi 600 kv.m olan bağ sahəsi ayrılmışdır. Daha sonra, iş materiallarının 51-ci vərəqindən isə göründüyü kimi, ona bağçılıq-yoldaşlığın üzvlük kitabçası verilmişdir. İşdə olan Nizami rayon XDS İcraiyyə Komitəsinin nəzdində yaradılmış bağçılıqyoldaşlığın torpaq sahəsinin 29 iyun 1990-cı il tarixli 3 saylı protokolu əsasında bölüşdürülməsinin siyahısı və sxemindən isə görünür ki, iddiaçının adı 10-cu sırada yer almış və həmin saylı bağ cizgidə öz əksini tapmışdır. Tədqiq olunan sübutlardan göründüyü kimi, iddiaçıya verilən üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarış, kollektivin bağçılıq-yoldaşlıq üzvlərinin siyahısına müvafiq olaraq verilmişdir. Belə olan halda, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun qeyd olunan 8.0.7-ci maddəsinin tələbləri baxımından həmin bağ sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas yaranmış olur. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən isə göründüyü kimi, iddiaçının 1-ci siyahıda və xx.xx.1990-cı il 3 saylı protokoldan çıxarışda adının mövcudluğunu qəbul etsə də, bağçılıq yoldaşlığın sonrakı xx.xx.2000-ci il tarixli 2 saylı protokolundan çıxarışda onun adının aşkar olunmadığını mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan dəlilləri tamamilə əsassızdır. Çünki, işə əlavə olunmuş, onun özünün də şikayətində qeyd etdiyi - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(82)-736/2018 saylı 17 may 2018-ci il tarixli qərarı ilə bağçılıq yoldaşlığın xx.xx.2000-ci il tarixli protokolu - iddiaçıya 29 iyun 1990-cı il tarixli protokolla ayrılmış torpaq sahəsinə münasibətdə etibarsız sayılmışdır. Beləliklə də, mübahisəli bağ sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Hazırkı mərhələdə məhkəmənin sorğusu əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli **********92 saylı məktubla xx.xx.1990-cı il tarixli 3 saylı və xx.xx.2000-ci il tarixli 2 saylı protokolların, ayrıc aktının, xx.xx.1987-ci il tarixli, 20/396 saylı qərarın, eləcə də, **********92 saylı xx.xx.2016-cı il tarixli məktubun təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilən sənədlərdən aydın olur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1987-ci il 15 sentyabr tarixli 326 nömrəli Fərmanı əsasında əvvəllər mövcud olmuş Əzizbəyov rayonunun Dübəndi qəsəbəsində yerləşən keçmiş Zirə tərəvəz-südçülük sovxozunun ərazisi Bakı şəhər XDS İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 saylı qərarı ilə keçmiş Nizami rayon XDS İcraiyyə Komitəsinə 36 üzv üçün kollektiv bağçılıq yoldaşlığın təşkili məqsədilə ayrılmışdır. Ayrıc aktına görə torpaq sahəsinin ümumi ölçüsü 2,04 hektar təşkil etmişdir. Nizami rayon XDS İK-nin nəzdində yaradılmış bağçılıq yoldaşlıq kollektivinin xx.xx.1990-cı il tarixli ümumi iclasının 3 saylı protokolu ilə 31 nəfər üzvdən ibarət bağçılıq-yoldaşlıq kollektivinin siyahısı təsdiq edilmiş və iddiaçının adı həmin siyahıda 10 saylı bağ sahibi kimi qeyd edilmişdir. Nizami rayon İcra Hakimiyyəti aparatı işçilərinin rayon Həmkarlar İttifaqı komitəsinin iştirakı ilə bağçılıq yoldaşlığı üzvlərinin birgə iclasının xx.xx.2000-ci il tarixli 2 saylı protokolundan görünür ki, əvvəlki qərarla ayrılmış torpaq sahələri yenidən bölüşdürülmüş və iddiaçının adı həmin siyahıda nəzərdə tutulmamışdır. Həmçinin xx.xx.2022-ci il tarixli **********92 saylı məktubla məhkəməyə X2 ünvanlanmış xx.xx.2016-cı il tarixli **********92 saylı məktubun surəti əlavə edilmişdir. Həmin məktubdan görünür ki, 10 saylı bağa mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar müraciətə baza məlumatlarına əsasən sözügedən bağ sahəsinin yerləşməsi bağçılıq yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil etməsi əsasına görə imtina cavabı verilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı 1990-cı ildə verilən siyahıda nəzərdə tutulan şəxslərdən bəzilərinin hüquqlarının qeydə alındığını, 2000-ci ildə təsdiq edilən siyahı üzrə isə qeydə alınmadığını bildirmiş və bununla əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.1990-cı il tarixli 3 saylı protokol əsasında bölüşdürülməsi sxemində adları qeyd edilmiş Həsənov R (sahə № 21), Muradov İ (sahə № 23) və Mazanov B (sahə № 13) daşınmaz əmlakın dövlət reyeystrindən çıxarışların və həmin çıxarışların verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğu göndərilmişdir. xx.xx.2022-ci il tarixli **********38 saylı məktubla həmin İdarə tərəfindən sorğuya cavab verilmiş və bildirilmişdir ki, sözügedən bağçılıq yoldaşlıq birliyi nəzdində X4 adına 21 saylı, X6 adına 23 saylı bağ sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq Dübəndi bağ sahəsi, “Nizami RİH” b/y birliyi nəzdində X4 (04 saylı), X5 (13 saylı) və X6 (6 saylı) adlarına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmış bağ sahələrinə dair verilmiş çıxarışların və həmin çıxarışların verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Təqdim edilmiş sənədləri təhlil edilərkən müəyyən edilmişdir ki, hər üç şəxsin mülkiyyət hüquqlarının qeydə alınması üçün ilkin hüquq müəyyən edici sənədlər qismində Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 20/396 saylı qərarı, Nizami rayon XDS İK-nin nəzdində yaradılmış b/y-nın xx.xx.1990-cı il tarixli 02 saylı və xx.xx.1990-cı il tarixli 03 saylı protokolları, bağçının üzvlük kitabçası, bağ sahələrinin bölgü sxemi, keçmiş DTXK tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim edilmişdir. Təqdim edilən sənədlərlə X6 adına olan bağ sahəsinin nömrəsinin 23 əvəzinə 6 olmasının əsası müəyyən edilmişdir. Belə ki, Nizami rayon XDS İK-nin nəzdində xx.xx.1990-cı ildə yaradılmış bağçılıq yoldaşlıq kollektivinin 14 dekabr 2006-cı il tarixdə keçirilmiş ümumi iclasının 5 saylı protokolundan çıxarışın təsdiqlənmiş surətindən aydın olur ki, 23 saylı bağ sahibi X6 xahişi, 6 saylı bağ sahibi X4 yazılı razılığı nəzərə alınaraq, 6 saylı bağ sahəsi İ.Muradovun adına keçirilmişdir. Beləliklə də, mübahisəli bağ sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu ilə yanaşı, eyni qərarla başqa şəxslərə münasibətdə ayrılmış torpaq sahələrinin mülkiyyətçilərindən bəzilərinin hazırki işdə olan əsaslarla hüquqlarının qeydə alındığı sübuta yetirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun bərabərlik prinsipini nəzərdə tutan 12.1, 12.2, 12.3 və 12.4-cü maddələrinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Qeyd edilən normanın tələbindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina qanunsuz olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə, müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifıkasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayınm 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. Göründüyü kimi torpaqların eyni cəmiyyət tərəfindən ayrılmasına baxmayaraq, iddiaçının bağ qonşuları olan X4 (4 saylı), X5 (13 saylı) və X6 (6 saylı) istifadələrində olan torpaq sahələri DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış, müvafiq olaraq **********, **********, ********** qeydiyyat nömrəli, 0043883, seriya MH № 0210533, 615394 reyestr nömrəli dövlət reyestrindən çıxarışlar verilmiş, lakin iddiaçının uzun müddətdir faktiki istifadəsində olan torpaq sahəsinə çıxarışın verilməsindən cavabdeh inzibati orqan tərəfindən qanunsuz olaraq imtina olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə kollegiyası hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-729/2019 saylı, 14 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar