Məhkəmə qərarları › İş №2-1(103)-111/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-111/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-111/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsız hesab edilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-664/2023 saylı,06 fevral 2023-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin 51 saylı, xx.xx.2020-ci il tarixli sərəncamının ünvan 1 ünvanında yerləşən onların xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə aid hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən yaşayış evi və onun yerləşdiyi 263.4 kv.m torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qedyiyyata alınmışdır. Hazırda üçüncü şəxs tərəfindən (Pilot16 MMC) iddiaçılara mülkiyyətindən çıxarılmağı barədə iddia qaldırılmışdır. İddia ərizəsi və iş materialları ilə tanışlıq zamanı üçüncü şəxsin Bakı Şəhər İcra Hakimiyyətinin 51 saylı, xx.xx.2020-ci il tarixli sərəncamına istinad etmişdir. Sərəncamı iddiaçı xx.xx.2021- ci il tarixdə məhkəmə qəbzinə imza etməklə götürmüşdür. Sərəncamla tanışlıq zamanı müəyyən edilmişdir ki, qanunsuz olduğundan iddiaçının mülkiyyətinə aid hissədə etibarsız hesab edilməlidir. Birincisi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Buna görə də həmin sərəncam “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın və onun 1, 4, 6 və 7 saylı Protokollarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın tələblərini və həmin Konvensiyanın 1 saylı prokotolunun 1 -ci maddəsini, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinə ziddir. Belə ki, hər hansı şəxs iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evini yalnız qarşılıqlı razılıq əsasında ala bilər. Həmçinin Sərənamcamda hər hansı normativ hüquqi aktın normasına istinad edilməmişdir. Sərəncam yararsız evlərin sökülməsi üçün qəbul edilmişdir. İddiaçının fərdi xüsusi mülkiyyətinə aid deyil və ola da bilməz. Çünki həmin Sərəncamın adında belə onun qəzalı vəziyyətdə olan, istismar müddətini başa vuran evlərə aid olduğu görünür. İddiaçının evi isə qəzalı vəziyyətdə deyil və istismar müddəti də var. Onun qəzalı olmasını sübut edən heç bir sənəd səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilməmişdir. Həmin sərəncam iddiaçının iştirakı olmadan qəbul edilmişdir. Halbuki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 21.1 və 21.2-ci maddələrinə əsasən inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Lakin həmin Sərəncam qəbul edilərkən iddiaçılara və yüzlərlə sakinə xəbər verilməmiş, və fikirləri dinlənilməmiş və mülkiyyətləri haqqında bağlı qapılar arxasında qanunsuz sərəncam verilmişdir. Lakin qanunvericiliyin tələbləri pozularaq milyonlarla dəyəri olan iddiaçının xüsusi mülkiyyətinin sökülməsi, mülkiyyətində olan torpaq sahələrinin zəbt olunması barədə qanunsuz qərar qəbul edilmişdir. Bundan başqa, həmin sərəncam həmçinin, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə ziddir. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən ərazi planlaşdırılması sənədlərinin hazırlanması üzrə icraat zamanı fiziki və ya hüquqi şəxslərə, müvafiq dövlət orqanlarına və digər aidiyyəti qurumlara öz mövqelərini ifadə etmək, etiraz və təkliflərini bildirmək üçün imkan yaradılmalıdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-664/2023 saylı,06 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə iddiaçıların apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - "xxxx" MMC tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin başçısına ünvanlanan xx.xx.2019cu il tarixli məktubundan görünür ki, Bakı şəhər, Nəsimi rayonu, C.Məmmədquluzadə, H.Əliyev, Y.V.Çəmənzəminli və Novruzov qardaşları küçələrin kəsişməsində yerləşən ərazidə memarlıq görünüşünə xələl gətirən, yaşayış üçün yararsız olan binaların sosial və digər təyinatlı qeyriyaşayış obyektlərinin sökülməsini və həmin ünvanlarda yaşayan mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qeyd olunan ərazidə yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi ilə bağlı ona 4.5 ha torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsi xahiş edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının “yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi haqında” 04 mart 2020-ci il tarixli, 51№li Sərəncamında aşağıdakılar qərara alınmışdır: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25.09 2019-cu il tarixli, 09 saylı müraciətini, Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 1-1092 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-ci il tarixli, **********46 saylı və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/07-510 saylı razılıq məktublarını nəzərə alaraq, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndinə və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək, yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə, həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsi icarə əsasında "xxxx" MMCnin istifadəsinə verilsin; ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlər, sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən "xxxx" MMC tərəfindən həll edilsin. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanda yerləşən 115.1 kv.metr sahədən ibarət 29 saylı fərdi yaşayış evi iddiaçıların adına paylı mülkiyyət hüququ ilə, evin yerləşdiyi 0.02634 torpaq sahəsi isə İddiaçı1 adına qeydiyyatdan keçmiş və evin texniki pasportu tərtib edilmişdir. - "xxxx" MMC-nin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verdiyi iddia ərizəsinin surətindən görünür ki, İddiaçı1, X5, X8, X9, X6, X3, X4, X10, X11 və X7 ünvan 6 ev 29 üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin ünvandan çıxarılmaqla mənzillərin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları 29 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 141 kv.m ümumi sahəsi olan təmirli yeni mənzilin İddiaçı1 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən İddiaçı1 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatındadır (iş 2(006)-788/2022). Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “, oxşar mübahisəyə dair qəbul edilmiş “Fortis-Bayıl” MənzilTikinti Kooperativinin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd olunur ki, “Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı)”. Həmin Qərarda həmçinin vurğulanır ki, “Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir”. Göründüyü kimi, istinad olunan mövqe mülkiyyətə müdaxiləni cəmiyyətin, konkret hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarını qorumaqla ədalətli, ağlabatan balansı qorumaq yolu ilə mümkün sayır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: Maddə 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Maddə 76.1. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. Maddə 76.2. Nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. Maddə 76.3. Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 65.1.2 Müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (Əlavə protokol, 1 saylı protokol) 1-ci maddəsinə əsasən Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Birinci instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində və gəldiyi nəticədə səhvə yol verilmişdir. Belə ki, hazırkı iddianı qaldırmaqda iddiaçıların hüquqi marağı, nail olmaq istədiyi məqsəd baxımından mübahisələndirilən sərəncamla xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə və torpaq sahəsinə müdaxilənin qarşısının alınmasına və mülkiyyət hüququnun həmin müdaxilədən qorunmasına nail olmaqdan ibarətdir. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, sözügedən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi iddiaçıların xüsusi mülkiyyətindədir və həmin daşınmaz əmlak üzərində iddiaçıların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülkiyyət hüququ əsasında iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 4,2258 ha torpaq sahəsi həmin ərazidə mövcud yaşayış və qeyriyaşayış bina və qurğuları sökülməklə, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 51 nömrəli sərəncamına əsasən "xxxx" MMC-yə icarəyə verilmişdir. Mübahisəyə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilərkən, nəzərə alınmamışdır ki, cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək haqqına malikdir. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə sərəncam vermək, başqa sözlə iddiaçının mülkiyyətində olan torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malik olmadığı nəzərə alınmalı və mübahisələndirilən sənədlərə bu prizmadan qiymət verilməlidir. Nəzərə almaq lazımdır ki, hazırkı işdə Bakı şəhər İcra Hakimiyyəti, xüsusi mülkiyyətdə olan torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, iddiaçıların torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə inzibati akt qəbul etmişdır. “İnzibati icraat haqqında” Qanununun 65-ci maddəsində etibarsız inzibati aktların dairəsi təsbit edilmişdir. İstinad olunan Qanunun 65.1.2-ci maddəsinə görə, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin norma anlamında cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati aktlar iddiaçının torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə, iddiaçıya aid hissədə etibarsız inzibati akt sayılmalıdır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. . Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi məhz mübahisələndirilən sərəncamın ona aid hissədə etibarsız sayılması barədə olduğu, eləcə də onun daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qanunsuz müdaxilədən müdafiəsinə yönəlmiş hüquqi marağı və prosessual qənaət prinsipi nəzərə alınaraq, iddiaçılara münasibətdə həmin aktın etibarsızlığı tanınmalıdır. Göründüyü kimi sübutların qiymətləndirilməsi ilə bağlı birinci instansiyası məhkəməsinin qənaəti də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Bu səbəbdən birinci instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya şikayəti təmin edilməli, birinci instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası İPM-nin: 12.1. məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-664/2023 saylı,06 fevral 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-664/2023 saylı,06 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyətinin 51 saylı, xx.xx.2020-ci il tarixli sərəncamı iddiaçıların mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid hissədə etibarsız sayılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar