Məhkəmə qərarları › İş №2-1(103)-111/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-111/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-111/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-623/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehin xx.xx.2022-ci il tarixli **********51 nömrəli imtina məktubu ilə etirazda göstərilənlər bildirilmişdir.

2. Abşeron rayon Dövlət Arxivindən arxiv çıxarışı ilə verilmiş 2 №-li Zığ-zeytun sovxozu üzrə xx.xx.1988-ci il tarixli 81 nömrəli əmrindən çıxarışdan görünür ki, iddiaçıya fərdi evin tikintisi üçün 0.06 hektar torpaq sahəsi ayrılmışdır.

3. "xxxx" ASC-nin 13-13/2-1/16-9478/2023 nömrəli, 01 noyabr 2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, qeyd olunan torpaq sahəsi "xxxx" ASC-nin balansında olan 35 kv-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon X5 İcraiyyə Komitəsinin 140, 4 nömrəli, xx.xx.1986-cı il tarixli qərarına əsasən, 2 nömrəli Zığ-Zeytun sovxozunun 81 nömrəli, xx.xx.1988-ci il tarixli əmrinə görə Bakı şəhəri Xətai rayonunda iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsinin cizgisinin çəkilməsi və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı 2 nömrəli Zığ-Zeytun sovxozunun 81 nömrəli, xx.xx.1988-ci il tarixli əmri ilə ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

6. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Abşeron rayon X5 İcraiyyə Komitəsinin 2 nömrəli Zığ-Zeytun sovxozunun ərazisindəki kənd təsərrüfatına yararsız olan 6 hektar torpaq sahəsinin 100 yaşayış evinin, klubunun və uşaq bağçasının tikilməsi üçün ayrılması haqqındakı 140,4 nömrəli xx.xx.1986-cı il tarixli qərarına əsasən sovxozun komissiya heyətinə tapşırılaraq, sovxozda işləyən X1 ev şəraitinin olmamasını nəzərə alaraq təsdiq edilmiş genplana uyğun bir tipli proektlə ev tikmək üçün 0.06 ha torpaq sahəsi ayrılmış, sərhədləri müəyyən edilmişdir. Bununla bağlı xx.xx.1988-ci il tarixli 81 nömrəli əmr verilmişdir. Həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməklə çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin tələbinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, imtina qanunsuzdur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Cavabdeh etirazında göstərmişdir ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 2 nömrəli Zığ-Zeytunçuluq sovxozu rəhbərinin əmrinin əsli və qanuna uyğun yerləşmə sxemi təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilən xx.xx.2022-ci il tarixli, F1225 saylı arxiv çıxarışında iddiaçının soyadı Bəxtiyarova qeyd edilsə də, şəxsiyyət vəsiqəsində Quliyeva qeyd edilmiş və soyadın dəyişdirilməsi haqqında sənəd təqdim edilməmişdir. Əlavə olaraq, torpaq sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2022-ci il tarixli, **********51 nömrəli cavab məktubu ünvanlanmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-623/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məhkəmə qeyd edir ki, 2 №-li Zığ-zeytun sovxozu üzrə xx.xx.1988-ci il tarixli 81 nömrəli əmri ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsindədir. Təqdim etdiyi sənəd isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə əsasən, eləcə də Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.

10. Hazırkı məhkəmə araşdırması zamanı iddiaçının iddia olunan torpaqla bağlı mülkiyyət hüququnun yaranmasını təkzib edən hallar müəyyən edilməmiş və iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyinə xələl gətirən hər-hansı hal aşkar edilməmişdir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

c) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, torpaq sahəsi bütövlükdə yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir, iddia olunan torpaq sahəsinin naturada yerləşməsini müəyyən edən yerləşmə sxemi təqdim edilməmişdir, torpaq sahəsinin həqiqi yerləşmə yeri məhkəmə tərəfindən araşdırılmamış, idarənin torpaq sahəsi ayrılan zaman tərtib edilmiş yerləşmə sxeminin təqdim edilməməsi dəlilinə münasibət bildirməmişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

14. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

15. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 8.0.7. 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. .......

17. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

18. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:

2.5-ci bəndi yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış;

19. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

20. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və yajırrun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir.. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı cfəoul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibatiorqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

25. Daha sonra məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə əsaslıdır və təmin olunmalıdır.

26. Belə ki, işin hallarına görə 2 №-li Zığ-zeytun sovxozu üzrə xx.xx.1988-ci il tarixli 81 nömrəli əmrinə əsasən iddiaçıya fərdi evin tikintisi üçün 0.06 hektar torpaq sahəsi ayrılmışdır.

27. Göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdeh ərizəni təmin etməmişdir.

28. Məhkəmə cavabdehin imtinasını aşağıda göstərilənlərə görə əsaslı hesab edir.

29. İş üzrə alınmış mütəxəssis rəyinə görə şərti sərhədlərlə göstərilən sahə faktiki olaraq 600.0 kv.m. təşkil edir. Torpaq sahəsinə dair yerləşmə cizgisi olmadığından naturada mövqeyini təyin etmək mümkün olmadı. Göstərilən torpaq sahəsinin üzərindən və 12 metr məsafəsindən yüksək gərginlikli elektrik xətti (35 kvt-lıq) keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə keçmiş 2 nömrəli Zığ Zeytunçuluq sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sahəyə dair sənəd təqdim edilməmişdir. Şərti sərhədlərlə göstərilən sahə üzərində zeytun ağacları vardır. Göstərilən sahə bütövlüklə yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. Bundan əlavə sözügedən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir.

30. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir.

31. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, şərti sərhədlərlə göstərilən sahə üzərində zeytun ağacları vardır.Torpaq sahəsinin üzərində tikili yoxdur,

32. Apellyasiya baxışı zamanı məhkəmənin 2-1(103)-2224/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühəndis-texniki ekspertiza təyin olunaraq ekspert qarşısında torpaq sahəsinin naturada yerinin və koordinatlarının müəyyən edilməsi, 3-cü şəxslərin yeri ilə üst-üstə düşüb-düşməməsi və.sair suallar qoyulmuşdur.

33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/731 saylı ekspert Rəyində rəyə gəlinmişdir ki: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 06 mart 2025-ci il tarixli, 3-21-3-30/2-9246/2025 mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Torpaq sahəsi faktiki olaraq 600.0 kv.m təşkil edir. Torpaq sahəsinin bütün tərəfləri şərtidir. Sahəyə dair yerləşmə cizgisi təqdim edilmədiyindən sahənin naturada mövqeyini təyin etmək mümkün olmadı. Sahənin üzərindən və 12.0 metr məsafəsindən yüksək gərginlikli (35 kVt-lıq) elektrik xətti keçir. Bundan əlavə torpaq sahəsinin daxilində zeytun ağacları mövcuddur. Faktiki olaraq göstərilən 600.0 kv.m torpaq sahəsinin koordinatları da göstərilmişdir. -Vahid elektron kadastr baza məlumatlarına əsasən şərti sərhədlərlə göstərilən sahə keçmiş 2 nömrəli Zığ Zeytunçuluq sovxozunun ərazisindən Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir.

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

35. Məhkəmə Kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək (İPMin 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) rəylə razılaşmamağa əsaslar görmür.

36. Göründüyü kimi, iddiaçı iddia etdiyi torpaq sahəsinin yerini göstərə bilmir, torpaq sahəsi üzərində tikili yoxdur, hasarlama işləri aparılmamışdır.Bundan əlavə torpaq sahəsinin daxilində zeytun ağacları mövcuddur. 37.Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli № 664 nömrəli Fərmanının

2. bəndinə əsasən Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Bu hissənin birinci cümləsində nəzərdə tutulmuş eyniliyin müəyyən olunması məqsədi ilə qeydiyyat orqanının və ya hüquq sahibinin sorğusuna cavab 10 gün müddətində verilməlidir. 38.Məhkəmə Kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən Fərmanın tələbləri baxımından iddiaçının iddia etdiyi torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər mövcud deyil və iddiaçı iddia etdiyi torpaq sahəsinin yerini göstərə bilmir, odur ki, məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrsə və qüvvədə qalacağı təqdirdə icra edilmək keyfiyyətinə malik olmayan qərar qəbul etmiş olar.

39. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2497/2023 saylı, xx.xx.2023 qərarında qeyd edilmişdir: ”... 23. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən iddia olunan torpaq sahəsinə dair Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin 14 may 1991-ci il tarixli, 08 nömrəli qərarına istinad etmiş və həmin qərarın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən iddiaçının qanuni istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən sahəsi 1200 kv.m. olan, 649 nömrəli torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olduğunu bildirmişdir. 24. Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin etsə də, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan yekun nəticəyə gəldiyinə görə məhkəmənin qərarı əsassız olduğundan icra edilmək keyfiyyətinə malik deyil. 25. Belə ki, iddiaçının hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin naturada yerləşməsi, digər şəxslərin hüququna toxunub-toxunmaması ətraflı şəkildə araşdırılmamış, sadəcə olaraq torpaq sahəsinin yerləşdiyi yer, koordinatlar və sxemi göstərilməyən akta (Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin 14 may 1991ci il tarixli, 08 nömrəli qərarına) istinad edilməklə, gələcəkdə icrası ciddi problemlərlə müşayiət ediləcək qərar qəbul edilmişdir. 26. Ona görə də, məhkəmə kollegiyası kassatorun mübahisələndirilən qərarla bağlı dəlillərinə dair birinci növbədə qeyd edir ki, prosessual hüquq normalarının tələbləri baxımından, apellyasiya instansiyası məhkəməsi öz qərarını əsaslandırmağa borcludur. 27. Kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, iddiaçı torpaq sahəsinin naturada yerinin müəyyənləşdirilə bilməsi üçün heç bir sənəd təqdim etməmişdir.

28. Cavabdehin kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya Buzovna qəsəbəsində 649 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsinin ayrılmasına dair Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin 14 may 1991-ci il tarixli, 08 nömrəli qərarının qəbul edilməsi işin mübahisəsiz halıdır. Lakin həmin qərarda iddiaçıya ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü, sxemi və yerləşmə yeri göstərilmədiyindən, sadəcə olaraq, həmin qərara istinad etməklə iddiaçının mülkiyyət hüququnun qeydə alınması qanunvericiliyin tələblərinə uyğun deyil. 29. İlk öncə qeyd edilməlidir ki, mübahisəli torpaq sahəsinin verildiyi 14 may 1991-ci il tarixdə qüvvədə olmuş Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. 30. Həmin Məcəllənin 29-cu maddəsinə görə müvafiq rayon, şəhər X2 tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. 31. Göründüyü kimi, torpaq sahəsi üzərində hüququn qüvvəyə minməsi üçün həmin dövrdə qüvvədə olmuş qanunla müəyyən edilmiş rəsmiləşmə başa çatmamışdır. İnzibati orqan bu rəsmiləşdirməni başa çatdırmalı idi. Lakin, eyni zamanda torpaq almaq marağında olan subyektin də bu rəsmiləşdirməni başa çatdırmağı tələb edib, torpaqdan istifadə etməyə başlamasını həmin dövrdə qüvvədə olmuş qanunvericilik tələb edirdi. 32. İşin xüsusi halı ondan ibarətdir ki, iddiaçı ötən uzun müddət – 30 il ərzində bu rəsmiləşməni tamamlamaq, yer quruluşu orqanlarının yerdə (naturada) sahənin hüdudlarını müəyyən etməsi üçün səy göstərməmişdir. Qeyd olunan səbəblərdən inzibati aktın icrası mümkünsüz hala gəlmişdir. 33. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda bunları etməmiş, torpaq sahəsinin yerləşdiyi yer, koordinatlar və sxemi göstərilməyən Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin 14 may 1991-ci il tarixli, 08 nömrəli qərarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə uyğun olması əsası ilə iddianı təmin etməklə, qüvvədə qalacağı təqdirdə icra edilmək keyfiyyətinə malik olmayan qərar qəbul etmişdir.” 40.Beləliklə, məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsasdır.

41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.

42. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

43. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirilməyərək iddia təmin edilmişdir.

45. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-623/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-623/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar