Məhkəmə qərarları › İş №2-1(103)-1110/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1110/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1110/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7148/2024 nömrəli, 02 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "Çinar bağçılığın X8"-nin üzvü kimi Bakı şəhər X9 İcraiyyə Komitəsinin 10/369 nömrəli 22 Sentyabr 1989-cu il tarixli qərarı ilə Türkan qəsəbəsində ayrılmış torpaq sahəsindən 0.6 ha hissəsinin plan-ölçüsünün tərtib edib iddiaçının adına qeydiyyata alaraq xüsusi mülkiyyət hüquqlarına dair çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X9 İcraiyyə Komitəsinin 10/369 nömrəli 22 Sentyabr 1989-cu il tarixli qərarı ilə Türkan qəsəbəsində "Bakıelektropribor" İBnə hazırki hüquqi varisi "xxxx" ASC-yə 12.45 hektar bağ sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinantları sxemi tərtib edilərək İdarə tərəfindən təsdiq edilmişdir. Qərarla ayrılan torpaq sahəsi Birliyin 200 (iki yüz) nəfər işçisi arasında bölünmüş və həmin vaxt siyahıda olan şəxslərin əksəriyyəti erməni və digər millətlərdən olan şəxslər olmuşdur. Bağçılıq yoldaşlığı haqqında təlimata və Nizamnaməyə uyğun olaraq Reyestr Xidmətinin razılığı əsasında Kollektivin yığıncağının qərarı ilə köhnə siyahıda adları qeyd olunan və məlum hadisələrlə əlaqədar olaraq Azərbaycan Respublikasını tərk etmiş şəxslər siyahıdan çıxarılmış və yerinə müəssisədə uzun müddət çalışmış və müxtəlif imtiyazlara malik olan şəxslərlə əvəz olunması qərara alınmışdır. Bundan sonra məhkəmənin tövsiyəsi ilə ''Bakı Çinar Soyuducuları" ASC -nin əməkdaşlarına göstərilən bağ sahəsi ilə əlaqədar yeni Bağçılıq Təsərrüfatı yaradılması tövsiyyə edilmişdir. Bu tövsiyyədən irəli gələrək "Çinar Bağçılığın X8" yaradılaraq AR Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Birliyin yığıncağının qərarı ilə əvvəlki siyahıda olan şəxslərin Azərbaycan Respublikasını tərk etdiyi üçün onların əvəzinə "xxxx" ASC-nin əməkdaşları üzvlüyə qəbul edilmişdir. Qeyd olunur ki, "Çinar bağçılığın X5in"-in daxili qaydaları və nizamnaməsinə əsasən uzun müddət birliyin ictimai tədbirlərində iştirak etməyən, yığıncaqlara və iclaslara laqeydlik göstərdiyinə görə torpaq sahəsini digər şəxsə vermək səlahiyyəti və hüquqi vardır. Yenilənmiş əvvəlki siyahı Əmlak Xidmətləri Məkanına "Çinar bağçılığın X8" tərəfindən təqdim olunmuş və qeyd edilən yenilənmiş siyahıda iddiaçının adı qeyd olunmuşdur. "Çinar bağçılığın X5"-in 14 yanvar 1997-ci il tarixli yığıncağının 5 saylı protokolundan çıxarışa əsasən "172" nömrəli bağ sahəsi ona, yəni İddiaçı verilmişdir. Həmin qərar "Çinar bağçılığın X8"-nin "153" nömrəli "Bağçının üzvlük kitabçası"nda da (qoşmaya əlavə olunub) öz əksini tapmışdır. Siyahıda olan Birliyin üzvlərinin hər birinə 0.6 ha olmaqla, bağ sahəsi 200 nəfər şəxs arasında bölünmüşdür. Bütün üzvlərə bağçının üzvlük kitabçası verilmişdir. Daha sonra isə AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən lazımi dövlət rüsumları ödətdirilərək hər bir şəxsin istifadəsinə ayrılmış 0,0562 ha ölçüdə torpaq sahəsi 20182019-cu illərdə qeydiyyata alınıb və 100 (bir yüz) nəfərdən çox şəxsə çıxarışlar verilmişdir. Lakin lazımi sənədləri dəfələrlə təqdim olunsa da iddiaçıya ayrılan və istifadəsində olan torpaq sahəsi qeydiyyata alınmamışdır. Bundan sonra cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli **********97 nömrəli məktubla bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli **********61 nömrəli məktubla iddiaçıya cavab verilmişdir və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edildiyini bildirmişlər. Əvvəlki cavab məktubunda isə göstərilmişdir ki, arxivdə olan siyahıda onun adı aşkar olunmamış, təqdim olunan protokoldan çıxarış isə İdarənin arxivində mövcud deyil. Qeyd olunur ki, arxivdə olan həmin siyahıda əksəriyyəti erməni və digər millətlərdən olan şəxslərdir və onların əvəzinə yeni yaradılmış və AR ƏN-də qeydiyyata alınmış Çinar bağcılığın X8"-nin ümumi iclasının protokolunun qərarı ilə "xxxx" ASCnin əməkdaşları üzvlüyə qəbul edilmişdir və həmin protokoldan çıxarışın arxivdə olması mümkün deyildir. İddiaçı hesab edir ki, rəsmi sənədlərə əsasən əldə etdiyi torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi və qeydiyyata alaraq çıxarış verilməsindən göstərilən əsaslarla imtina etməkdə cavabdeh haqlı olmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək torpaq sahəsi hissəsində 600 m2əvəzinə 562,5 m2torpaq sahəsi kimi göstərilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli xx.xx.2022-ci il tarixli, ********** nömrəli xx.xx.2024-cü il tarixli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2022-ci il tarixli **********61 xaricolma nömrəli, xx.xx.2024-cü il tarixli **********97 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, idarənin arxivində olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Əlavə olaraq, iddiaçı tərəfindən təqdim edilmiş üzvlük kitabçasında torpaq sahəsinin ölçüsü 562,5 kv.m qeyd olunsa da, iddia tələbi 6000 kv.m ilə bağlıdır. Həmçinin, texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Belə ki, iddiaçı bağ sahəsinin yerini tanımadığını bildirmişdir (torpaq sahəsi istifadəsində deyil). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7148/2024 nömrəli, 02 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun olaraq onunla əsaslandırılmışdır ki, bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, idarənin arxivində olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Həmçinin, texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Belə ki, iddiaçı tərəfindən bağ sahəsinin yerini tanımadığı bildirilmişdir (torpaq sahəsi istifadəsində deyil). Bakı İnzibati Məhkəməsi tərəfindən etirazda yazılan dəlillərlə bağlı ətraflı araşdırılma aparılmamışdır Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mahiyyətcə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. “Torpaq islahatı haqqında” Qanunun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «İnzibati icraat haqqında» Qanunun: - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün iş materiallarındakı sübutlara nəzər yetirir: Bakı şəhəri X9 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 10/369 nömrəli qərarına əsasən Əzizbəyov rayonu, Türkan qəsəbəsi ərazisindən PO “Bakelektrobıtpribor” ("xxxx" ASC) işçilərinin bağçılıq yoldaşlıq birliyinin 200 üzvün torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bölgü sxemindən görünür ki, Bakı şəhəri X9 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 10/369 nömrəli qərar əsasında “Bakelektrobıtpribor” İB-nin əmək kollektivinə bağçılıq yoldaşlığına ayrılmış 12,45 ha torpaq sahəsinin bölgüsü müəyyən olunmuşdur. “Çinar” bağçılığın X5in 14 yanvar 1997-ci il tarixli yığıncağının 5 №-li protokolundan çıxarışdan görünür ki, Bakı şəhəri X9 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 10/369 nömrəli qərarına əsasən Əzizbəyov rayonu, Turkan qəsəbəsi ərazisində ayrılmış torpaq sahəsində PO “Bakelektrobıtpribor” ("xxxx" ASC) işçilərinin bağçılıq yoldaşlıq birliyinin üzvü X1 həmin sahə alınaraq İddiaçı verilmişdir. Onun bağ sahəsi 172 nömrə ilə qeydə alınaraq ümumi sahəsi 562,5 kv.m hesab edilmişdir. 51 nömrəli Bağçının üzvlük kitabçasından görünür ki, İddiaçı 14 yanvar 1997-ci il tarixdə Çinar bağçılığın X8 tərəfindən yoldaşlıq bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, 5 nömrəli protokol əsasında Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 562,5 kvm 172 nömrəli bağ sahəsi ona ayrılmışdır. xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçının adı “Çinar” bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmamışdır. Həmçinin, iddiaçı bağ sahəsinin yerini dəqiq tanımadığı üçün idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilməsi mümkün olmamışdır. Cavabdeh tərəfindən məhkəmə icraatı zamanı “Çinar” bağçılıq-yoldaşlıq təsərrüfatına dair sənədlər toplusu təqdim olunmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cavabdehin apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir:

1. Torpaq sahəsinə aid olan hüquq müəyyənedici sənədlərin təqdim edilməməsi

2. İdarənin arxivində olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adının aşkar edilməməsi;

3. Torpaq sahəsində texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmaması, torpaq sahəsinin istifadə də olunmaması

Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı bağçılıq cəmiyyətinin üzvü kimi ona ayrılmış bağ sahəsinə dair üzvlük kitabçasına malikdir. Həmçinin “Çinar” bağçılığın X5in 14 yanvar 1997-ci il tarixli yığıncağının 5 №-li protokolundan çıxarışa əsasən Bakı şəhəri X9 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 10/369 nömrəli qərarına əsasən Əzizbəyov rayonu, Turkan qəsəbəsi ərazisində ayrılmış torpaq sahəsində PO “Bakelektrobıtpribor” ("xxxx" ASC) işçilərinin bağçılıq yoldaşlıq birliyinin üzvü X1 həmin sahə alınaraq İddiaçı verilmişdir. Göründüyü kimi, iddiaçı həm üzvlük kitabçasına, həm də protokoldan çıxarışa malikdir. Bununla yanaşı məhkəmə kolllegiyası qeyd edir ki, bağçılıq yoldaşlığı cəmiyyətinin üzvlüyünə qəbul edilməsindən sonraki dövr üzrə bağçılıq yoldaşlığı üzvlərinin siyahısının yenilənməməsi iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun ziyanına şərh edilə bilməz. Bununla belə apellyasiya araşdırması zamanı “Çinar” bağçılıq-yoldaşlıq təsərrüfatına dair sənədlər toplusunun əslinə baxış keçirilmişdir. Arxiv qovluğanda olan 27 dekabr 1986-cı il tarixli siyahının əslinə baxış zamanı müəyyən edildi ki, siyahıda 51-ci sırada X2 adı qeyd edilsə də qarşısından xətt çəkilərək 172 nömrəli bağa dair hazırki İddiaçı adı qeyd edilmişdir. Bu da onu göstərir ki, “Çinar” bağçılığın X5in 14 yanvar 1997-ci il tarixli yığıncağının 5 №-li protokolundan çıxarış mötəbər sənəd kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, Bağçılıq Yoldaşlığı idarə heyətinin yığıncağının iddiaçının adı da qeyd olunan protokoldan çıxarışı və üzvlük kitabçası Qanunun 8.0.7-ci maddəsində göstərilən sənədlərə aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. Qeyd olunan protokol və üzvlük kitabçası hal-hazırda ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır. Bu səbəbdən də həmin protokol və protokol əsasında verilmiş üzvlük kitabçası iddiaçının iddia olunan torpaq (bağ) sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının yarandığının göstəricisidir. Göründüyü kimi, cavabdehin sözügedən dəlilləri əsassız olmaqla iddiaçının ona məxsus hüququn qeydə alınmasını tələb etməsini istisna edə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Torpaq sahəsində texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmaması, torpaq sahəsinin istifadə də olunmaması dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu hal müraciətə imtina üçün əsas verə bilməz. Cavabdeh sözügedən ərazinin “Çinar” bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılan torpaq sahəsi daxilində olmasını mübahisələndirməmişdir. Həmçinin, məhkəmə araşdırmaları zamanı göstərilən sahəyə dair digər şəxslərin hüquqlarının qeydiyyata alınması barədə də məlumat mövcud olmamışdır. O hal da qeyd edilməlidir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçının bağ sahəsindən istifadə etməməsi iddiaçının hüququnun qeydə alınmasından imtina üçün əsas təşkil edə bilməz. Bununla belə məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya araşdırmasında “Çinar” bağçılıq-yoldaşlıq təsərrüfatı birliyinə dair arxiv qovluğunun əslinə baxış zamanı cavabdehin nümayəndəsi hazırki iddiaçı kimi bir neçə şəxsin də siyahı tərtib olunan tarixdən sonrakı dövrdə üzv qəbul edilərək mövcud siyahı üzərində qələmlə məlumatların qeyd edildiyinə istinad etmiş və məhz qeyd edilən məlumata əsasən cavabdeh inzibati orqana sorğu ünvanlanaraq “Çinar” bağçılıq-yoldaşlıq təsərrüfatı birliyinin nəzdində qeydiyyatdan keçən bağ sahələrinə dair sənədlərin, oxşar situasiyada olmuş X4 çıxarışın verilməsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətinin olub-olmaması barədə, əgər varsa bununla bağlı bütün hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Təqdim olunan sənədlərə baxış zamanı müəyyən olundu ki, oxşar sənədlərə malik olan X3 iddiası əsasında iddia tələbi təmin edilmiş və həmin məhkəmə qərarından cavabdeh inzibati orqan apellyasiya şikayəti verməmiş, qərarı dərhal icra etmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır? Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1842/2023 saylı xx.xx.2023-ci il tarixli qərarında məhkəmə hüquqi mövqeyini bu cür əsaslandırılmışdır: Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Təqdim olunan sənədlər toplusundan və ona əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1578/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X7 üzvlük kitabışasına və protokoldan çıxarışa istinad edərək hüquqlarının qeydiyyata alınmasını tələb etmiş, məhkəmə araşdırması yekununda iddiası təmin edilmişdir. Qeyd olunan hüquqmüəyyənedici sənədlər əsasında inzibati icraat qaydasında yuxarıda adı qeyd olunan şəxsin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışda torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaq sahələri olduğu qeyd edilmişdir. Beləliklə, eyni mühüm faktiki hallara, hüquqmüəyyənedici sənədlərə malik olmasına baxmayaraq, cavabdeh inzibati orqan əsassız olaraq İddiaçı müraciətinin təmin edilməsindən imtina etmişdir. Bununla da inzibati orqan öz praktikasında vətəndaşlara münasibətdə bərabər davranmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7148/2024 nömrəli, 02 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar