Məhkəmə qərarları › İş №2-1(103)-1111/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1111/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1111/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X21 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X9 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X43” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X32 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8321/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X13 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X32 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7098 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 36 ünvanında yerləşən “X43” MMC-yə məxsus olan “X51” adlı obyektdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Bakı şəhəri X32 üzrə Baş İdarəsi tərəfindən 16 noyabr 2021-ci il tarixli **********3687 nömrəli qərar və xx.xx.2021-ci il tarixli 005301 nömrəli akt əsasında operativ vergi nəzarəti qaydasında yoxlama keçirilmişdir. Həmin yoxlamaların nəticəsi olaraq xx.xx.2021-ci il tarixli **********7098 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli **********7098 saylı qərara əsasən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 15 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 30.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Habelə AR VM-nin 58.10-cu maddəsinə əsasən bu Məcəllənin 220.10-cu maddəsinə uygun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 2 nəfər şəxsi fiziki işlərin yerinə yetirilmsinə cəlb edilməsinə görə 4.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həyata keçirilmiş operativ vergi nəzarətinin nəticələri “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən maraqlı şəxslərin inzibati orqana ərizə və ya şikayətlə müraciət etmək, inzibati icraatda şəxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsi ilə iştirak etmək, inzibati icraatın hərtərəfli, tam və obyektiv aparılmasını və qanunsuz inzibati aktın ləğv olunmasını tələb etmək, inzibati orqanın qərarlarından yuxarı inzibati orqana və (və ya) məhkəməyə müraciət etmək hüquqları müəyyən olunmuşdur. Həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarla razılaşmır və hesab edir ki. aşağıda qeyd etdiklərinə əsasən qərar ləğv olunmalıdır. 16 noyabr 2021-ci il tarixində saat 15:00 radələrində vergi orqanı əməkdaşı tərəfindən özünü təqdim etmədən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X32 üzrə Baş İdarəsinin mülki geyimdə olan 15 nəfərdən çox əməkdaşı obyektə daxil olmuşdur. Daxil olduqdan sonra onlara hər hansı bir qərar və ya sənəd göstərilmədən, özünün hansı vəzifə səlahiyyətlərinə sahib olması barədə məlumat vermədən obyektə əsassız baxış keçirmişdir. Halbuki Azərbaycan Respublikası Vergi Məcələlsinin 40 və 41-ci maddələrinə əsasən vergi orqanı əməkdaşları səyyar vergi yoxlaması keçirərsə, operativ vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxslərinin vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi ərazisinə və ya binasına (yaşayış binaları (sahələri) istisna olmaqla) bilavasitə daxil olması həmin şəxslər tərəfindən öz xidməti vəsiqələrini və vergi orqanının rəhbərinin (onun müavininin) həmin vergi ödəyicisində səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarını və ya məhkəmənin qərarını təqdim etdikdən sonra həyata keçirilir. Buradan da aydın olur ki, vergi orqanı əməkdaşları olan 15 nəfərdən çox əməkdaşı öz vəzifə səlahiyyətlərindən qanunsuz olaraq istifadə edərək obyektə daxil olmuş və baxış keçirmişdir. İddiaçı X13 və “X43” MMC xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədə iddiaçı X6 əsl iddiaçı “X43” MMC ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, ərizə təmin edilmiş, əsl olmayan iddiaçı X6 əsl iddiaçı “X43” MMC ilə əvəz edilməsi qərara alınmışdır. Cavabdeh orqanın iddiaya yazılı etirazları onunla əsaslandırılmışdır ki, araşdırma zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X32 üzrə Baş İdarəsinin (bundan sonra- Baş İdarə) “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********3867 nömrəli qərarına əsasən Cəmiyyətin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanda yerləşən “Zərifə” adlı şadlıq evində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 15 (on beş) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən və 2 (iki) nəfər fiziki şəxsin isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 005301 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətləri) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi barədə qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəşmiləşdirildiyi, aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsinin qəbul edilmədiyi, 16 nəfər fiziki şəxsin və vergi ödəyicisinin səlahiyyətli nümayəndəsinin operativ vergi nəzarəti tədbiri zamanı izahat verərək əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlanmadan, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etdikləri, 1 nəfərin izahat verməkdən imtina etdiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X32 üzrə Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7098 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 34.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin xx.xx.2021-ci il tarixli **********712000 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, məktub poçtdan geri qayıtmamış və elektron qutuda xx.xx.2021-ci il tarixdə saat 21:49-da oxunmuşdur. Həmin qərardan iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********986200 nömrəli) inzibati şikayət verilmiş və vergi orqanının xx.xx.2021-ci il tarixli **********215900 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli **********215900 nömrəli qərardan da AR İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət verilmiş və Apellyasiya Şurasının 8 aprel 2022-ci il tarixli 20 nömrəli qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmiş və xx.xx.2021-ci il tarixli **********712000 nömrəli və xx.xx.2021-ci il tarixli **********215900 nömrəli qərarlar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Belə ki, araşdırma zamanı “X43” MMC-nin xx.xx.2005-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanda “X51” adlı, sahəsi 890,0 m2 olan şadlıq evinin qeydiyyata alındığı, sahibkarlıq fəaliyyətini həyata keçirdiyi şadlıq evində aparılmış operativ vergi nəzarəti tədbiri zamanı 15 (on beş) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən və 2 (iki) nəfər fiziki şəxsin isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinin müəyyən edilməsi öz təsdiqini tapmışdır. Cəmiyyət tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər işlərin yerinə yetirilməsinə cəlb edilmiş, 15 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış, operativ vergi nəzarəti tədbiri zamanı aktda adları qeyd olunmuş 16 nəfər şəxs izahat verərək əmək müqaviləsi bağlanmadan və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildikləri etiraf edilmişdir. Eləcə də, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixli **********330200 nömrəli ərizə ilə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması baş idarəsinə müraciət edilərək, ünvan 2 ünvanda “X51” adlı obyektdə 25 nəfərdən 15 (on beş) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi, qeyd olunan halın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinə əsasən cinayət hesab edildiyi etiraf edilmiş, 15 (on beş) nəfər işçiyə görə dəymiş ziyanı, yəni işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi sosial sığorta haqlarının ödənildiyi bildirilmiş və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Təhqiqat şöbəsində aparılan araşdırma zamanı, “X43” MMC-nin direktoru X13 izahatında cəmiyyətə məxsus X28 xx.xx.2021-ci il tarixli etibarnamə əsasında oğlu X22 tərəfindən işlədildiyini göstərərək, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə işçilərin Nurlan Abbasov tərəfindən cəlb edildiyini bildirmişdir. “X43” MMC-nin işçiləri X7, X26 və X14 təhqiqat şöbəsində aparılan araşdırma zamanı izahatlarında X22 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiklərini bildirmişdirlər. X22 izahatında yuxarıda göstərilənləri təsdiq edərək, “X43” MMC-nin direktorunun anası X13 olduğunu, cəmiyyətə məxsus X33 etibarnamə əsasında o işlətdiyini və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, müxtəlif işlərin yerinə yetirilməsinə işçilərin onun tərəfindən cəlb edildiyini bildirərək, keçirilmiş operativ vergi nəzarəti tədbirindən sonra 15 (on beş) nəfər ilə əmək müqaviləsi bağlanaraq, müvafiq qaydada qeydiyyatdan keçirildiyini göstərərək, bunu təsdiq edən bildirişləri və eləcə də xx.xx.2021-ci il tarixli etibarnamənin surətini araşdırmaya təqdim etmişdir. Yuxarıda qeyd olunan halların hər biri sübut edir ki, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8321/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qərarı (hakim: H.Ağalarov) ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, inzibati orqanın maliyyə sanksiyası tətbiq etdiyi və bu zaman istinad etdiyi 17 nəfərdən yalnız beş nəfərin “X43” MMC ilə bağlığı vardır, qalan 12 nəfər isə birmənalı müştəri tərəfindən dəvət edilmiş musiqiçilərdir ki,bu şəxslərin "’X43” MMC-yə hər hansı bir aidiyyatı olmamışdır ki, buna görə də hansısa hüquqi məsuliyyət yaransın, bu şəxslər MMC-də bir gün belə işləməmiş şəxslər olmuşlar və MMC ilə heç bir əlaqələri olmamışdır, ümumiyyətlə vergi əməkdaşları həmin gün çox kobud surətdə rəftar etmiş və bütün izahatı alınmış şəxslərlə pis rəftar edərək, davamlı psixoloji təzyiq edərək özlərinin diktəsi ilə izahat yazmağa məcbur etmişlər, məhz bu səbəbdən də onlardan alınan izahatları vergi orqanının əməkdaşlarından çəkindikləri üçün imzaladıqlarını bildirmişdirlər, inzibati orqanın əməkdaşlarının növbəti qanunsuz hərəkəti isə cinayət təqibinə başlanılacağı hədəsi ilə izahatları alınmış şəxslərlə mütləq qaydada əmək müqaviləsi bağlanmasına məcbur edilmədir, bağlanmış əmək müqavilələrindən də görünür ki, bu şəxslərlə bağlanmış əmək müqavilələri qısa müddətli olmaqla bir ay tamam olmadan xitam verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, X15 adlı şəxs yoxlama keçirilən zaman orda olsa da izahat verməkdən imtina etmişdir və bununla bağlı akt tərtib edilmişdir. Lakin obyekti faktiki olaraq idarə edən Abbasov Nurlan operativ vergi nəzarəti həyata keçirilən zaman öz izahatında bildirmişdir ki, 15 nəfəri əmək müqaviləsi olmadan işlətmişdir və həmin şəxslərlə tez bir zamanda əmək müqaviləsi bağlanılacaqdır. Sonradan 15 nəfər əmək müqaviləsi olmadan işlədiyi üçün cinayət işi başlanılmışdır. Cinayət işi başlanıldıqdan sonra yenidən Abbasov Nurlan çağrılıb dindirilmiş və yenə də əvvəlki yoxlama zamanı verdiyi izahatı təkrar etmişdir. Daha sonra həmin əmək müqaviləsi olmadan işləyən şəxslərin məcburi dövlət sosial sığorta haqları ödənilmişdir, həmin ödənilən məcburi dövlət sosial sığorta haqqlarının tərkibində Əsgərov Elşada aid hissə də daxildir. Əgər həmin şəxs obyektdə işləməsə idi, bu zaman onun barəsində ödənişlər edilməzdi. Bundan əlavə izahat verən şəxslərdən biri də Əhmədzadə Elşəndir. Həmin şəxs öz izahatında bildirmişdir ki, obyektdə işləyən tanıdığı şəxslərdən biri də Əsgərov Ruslandır və Əsgərov Ruslan həmin obyektdə işləyir. Əsgərov Ruslanın izahat vermək hüququ var idi, lakin bu hüququndan istifadə etməmişdir. Lakin bu hal onun həmin obyektdə işlədiyini istisna etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, cavabdeh tərəfindən qəbul edilmiş “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərar əsasında iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti həyata keçirilən zaman 15 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 2 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş, bu barədə 005301 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7098 nömrəli qərarına əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 34000,0 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırda iddiaçı həmin qərarın ləğv edilməsini tələb edir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, operativ vergi nəzarəti vergi ödəyicisinə məxsus X51 adlı obyektdə keçirilmiş və maliyyə sanksiyası məhz MMC barəsində qəbul edilmişdir. Cavabdehlik daşıyan inzibati orqandır. İddiaçı inzibati aktı ilk olaraq inzibati qaydada mübahisələndirmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 20 nömrəli, 08 aprel 2022-ci il tarixli qərarı ilə MMC-nin şikayəti təmin edilməmiş, daha sonra xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 13.2.70. Vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır. - 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur; - 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; - 50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. - 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. - 50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. - 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: - 1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. - 1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. - 1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. - 10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. - 10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. - 10.7. Operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. - 10.8. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən həmin akta əsasən müvafiq köməklik göstərilməsi üçün Vergi Məcəlləsinin 26.2-ci maddəsinə uyğun olaraq digər dövlət hakimiyyəti orqanlarına müraciət oluna bilər. Sadalanan qanunvericilik normalarının təhlilindən görünür ki, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyası vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyət sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan biri də əmək müqaviləsi qüvvəsini almadan işəgötürən tərəfindən şəxsin əmək fəaliyyətinə cəlb edilməsidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, işin faktiki hallarına əsasən iddiaçının 15 nəfər fiziki şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, 2 nəfər fiziki şəxsi “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən ona məxsus obyektdə işlərin görülməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinə əsasən iddiaçıya iddiaçının mübahisələndirdiyi qərar ilə maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş 16 nəfərin izahatlardan aydın göründüyü kimi, hər biri öz izahatında X43nda işlədiyini bildirmiş, həmçinin gündəlik əmək haqqı almaları barədə, iş saatları barədə məlumat vermişlər. Həmçinin, izahatların hər birinin sonluğunda özləri tərəfindən yazıldığı imzaları ilə təsdiq edilmişdir. İzahatı alınmayan X15 barəsində isə Məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxs izahat verməkdən imtina etsə də, şadlıq sarayını idarə edən X22 öz izahatında həmin şəxsin də əmək müqaviləsi qüvvəyə minmədən işlərə cəlb edildiyini etiraf etmiş, həmçinin, cinayət işi zamanı da həmin şəxsə münasibətdə də işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları həyata keçirmiş, bundan əlavə, izahatı alınmış işçilərdən biri olan X2 öz izahatında şadlıq sarayında işləyən işçilərdən Ruslanı tanıdığını bildirmişdir. Beləliklə, inzibati pozuntunun baş verməsi əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 15 nəfər fiziki şəxsin 14-dən (X15 izahat verməkdən imtina etmişdir) və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 2 nəfər fiziki şəxsdən (X2, X3, X29, X1, X14, X4, X16, X10, X11, X30, X31, X26, X8, X23, X17 və X27) alınan izahatlar (bu izahatlar həmin şəxslərin özləri tərəfindən yazılmış və bu halı özləri təsdiq edərək imzalamışlar) ilə, eyni zamanda vergi nəzarəti tədbirindən sonra iddiaçının həmin şəxslərin 16-sı ilə (X1 istisna olmaqla) ilə bağlanmış əmək müqavilələrini müvafiq icra hakimiyyəti orqanının elektron sistemində qeydiyyata aldırması, həmçinin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il Qərardan göründüyü kimi ümumilikdə 16 nəfər şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri nəticəsində ödənilməkdən yayındırılmış 709,28 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının onların DSMF-da, 54,56 manat icbari tibbi sığorta haqlarının isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində olan hesablarına köçürülməsi və işin digər faktiki halları ilə kifayət qədər sübuta yetirilir. Qeyd edilməlidir ki, izahatı alınan fiziki şəxslər izahatlarında adıçəkilən obyektdə konkret gördükləri işi, aldıqları əmək haqlarını, iş qrafikini, işəgötürənin X22 və “X43” MMC olduğunu bildirməklə yanaşı, onlarla birlikdə çalışan digər şəxslərin adlarını bildirmişlər ki, bu məlumatlar yalnız həmin obyektdə işləyən şəxslərin malik ola biləcəkləri informasiyalardır. Kollegiya həmçinin qeyd edir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixli **********330200 nömrəli ərizə ilə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması baş idarəsinə müraciət edilərək, ünvan 2 ünvanda “X51” adlı obyektdə 25 nəfərdən 15 (on beş) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi, qeyd olunan halın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinə əsasən cinayət hesab edildiyi etiraf edilmiş, 15 (on beş) nəfər işçiyə görə dəymiş ziyanı, yəni işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi sosial sığorta haqlarının ödənildiyi bildirilmiş və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Təhqiqat şöbəsində aparılan araşdırma zamanı, “X43” MMC-nin direktoru X13 izahatında cəmiyyətə məxsus X28 xx.xx.2021-ci il tarixli etibarnamə əsasında oğlu X22 tərəfindən işlədildiyini göstərərək, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə işçilərin Nurlan Abbasov tərəfindən cəlb edildiyini bildirmişdir. “X43” MMC-nin işçiləri X7, X26 və X14 təhqiqat şöbəsində aparılan araşdırma zamanı izahatlarında X22 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiklərini bildirmişdirlər. X22 izahatında yuxarıda göstərilənləri təsdiq edərək, “X43” MMC-nin direktorunun anası X13 olduğunu, cəmiyyətə məxsus X33 etibarnamə əsasında o işlətdiyini və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, müxtəlif işlərin yerinə yetirilməsinə işçilərin onun tərəfindən cəlb edildiyini bildirərək, keçirilmiş operativ vergi nəzarəti tədbirindən sonra 15 (on beş) nəfər ilə əmək müqaviləsi bağlanaraq, müvafiq qaydada qeydiyyatdan keçirildiyini göstərərək, bunu təsdiq edən bildirişləri və eləcə də xx.xx.2021-ci il tarixli etibarnamənin surətini araşdırmaya təqdim etmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati xəta məsuliyyəti müəyyən edilmişdir. AR Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi isə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə cinayət məsuliyyəti müəyyən etmişdir. Göründüyü kimi, istər inzibati xəta, istər cinayət, istərsə də vergi qanunvericiliyi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət müəyyən edən normaları özündə ehtiva edir ki, burada qorunması nəzərdə tutulan hüquq və mənafelər təkcə dövlətin hüquq və mənafeləri olmayıb, həmçinin işçilərin də hüquq və mənafelərinin qorunmasına xidmət edir. Belə ki, əmək müqaviləsi işçi üçün əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlar müəyyən edir ki, həmin müqavilələrin mövcudluğu faktiki olaraq iş və ya xidmət göstərən şəxslərin işəgötürən qarşısında hüquqlarının müdafiəsini imkanlarının müəyyən edilməsinə xidmət edir. Yekunda hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən 25 noyabr 2021-ci il tarixli **********7098 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunarkən cavabdehin iddiaçını vergi məsuliyyətinə cəlb edərək, ona maliyyə sanksiyalarını tətbiq etməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur (VM-37.4), cavabdeh iddiaçının hüquqlarını və qanuni mənafelərini gözləmişdir (VM-24.0.2), cavabdehin mübahisəli qərarları qəbul olunan anda qüvvədə olan maddi hüquq normalarına, habelə inzibati icraatla bağlı tələblərə uyğun olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), qərar mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X43” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8321/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar