Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1111/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X12 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12859/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzilə dair order nənəsi O.Vasyanina, A.Vasyanin, anası N.Vasyanina, xalaları Nadejda Vasyanina və V.Vasyaninaya verilmişdir. Nənəsi və anası vəfat etdikdən sonra adıçəkilən mənzilə faktiki sahibliyi həyata keçirir. Bununla bağlı kirayə müqaviləsinin bağlanılmasını cavabdehdən tələb etsə də, cavabdeh müraciətinin təminindən imtina etmişdir. Halbuki, həmin müqavilənin bağlanılması üçün əsaslar mövcuddur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12859/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzilə dair order nənəsi X9 (vəfat edib), X2 (vəfat edib), anası X5 (vəfat edib), xalası X1 (RF vətəndaşı) və xalası X6 (Ukrayna vətəndaşı) verilmişdir. Nənəsi və anası vəfat etdikdən sonra bu mənzilə faktiki olaraq o sahiblik edir, bu mənzilə pasport qeydiyyatına alınmışdır, mənzildə o yaşayır və təsərrüfatı aparır. Nənəsi və anası vəfat etdikdən sonra onunla sosial kirayə müqaviləsi bağlanılmamışdır və bu səbəbdən də mənzillə bağlı hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər yaranmışdır. Həmin mənzilə aid kommunal xərclər onun tərəfindən ödənilir və qeyd edilən mənzil faktiki olaraq sahibliyində və istifadəsindədir. Mənzilə onun adına sosial kirayə müqaviləsinin bağlanması ilə bağlı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, lakin heç bir tədbir görülməmişdir, imtina edilmişdir. Verilmiş cavabda Nazirlər Kabineti tərəfindən birtipli müqavilə forması təsdiq edilmədiyi göstərilmişdir. Halbuki, cavabdeh tərəf sosial kirayə müqaviləsi bağlanılması barədə tədbir görməli idi. Sosial kirayə müqaviləsi bağlanması üçün bütün əsaslar mövcuddur. Mənzilə sosial kirayə müqaviləsinin bağlanması hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Qərarda mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədin, orderin olmadığı və bu səbəbdən də “kirayə müqaviləsi bağlanması” barədə iddiasının əsaslı hesab edilə bilmədiyi göstərilmişdir. Bu tamamilə əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş orderin surətindən görünür ki, orderdə mərhum anası X3 da adı qeyd edilmişdir və anası vəfat etdikdən sonra mənzilə faktiki olaraq sahibliyi o həyata keçirir, faktiki olaraq icarəçi hüquqlarını həyata keçirir. Orderdə adı qeyd edilən şəxslərə münasibətdə bildirir ki, X4 və xalası X8 uzun müddət bundan qabaq digər ölkələrə daimi yaşamaq üçün getmişlər, bu mənzilə heç bir maraqları yoxdur, yaşadıqları ölkədə yaşayış sahəsi ilə təmin edilmişlər, həmin ölkələrin vətəndaşlığına qəbul edilmişlər. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Göründüyü kimi orderdə adı olan digər şəxslər daimi olaraq başqa bir dövlətin ərazisində yaşamaqla vətəndaşlıq əldə etmişlər, daimi yaşamaq üçün getmişlər və həmin vaxtdan da bu mənzillə heç bir əlaqələri olmamışdır. Məhkəmə tərəfindən xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin müvafiq maddələrinə istinad etsə də nəticədə düzgün qiymət verməmişdir. Onun bu evə mülkiyyət hüququ əldə edilməsi üzrə gözləntiyə malik olması səbəbindən mənzil kirayə müqaviləsi bağlanması üçün əsaslar mövcuddur. Binəqədi rayon İcra Hakimiyyəti Nazirlər Kabineti tərəfindən birtipli müqavilə forması təsdiq edilmədiyini göstərmişdir, onun hüququnun olub-olmaması mübahisələndirilməmişdir. Məhkəmə yalnız qanunvericilik normalarını sadalamaqla kifayətlənmiş və işi ətraflı araşdırmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdeh tərəfə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan orderdən görünür ki, adıçəkilən mənzilə dair Olqa Vasyanina, Nina Vasyanina (Cəlilova), Anatoli Vasyanin, Nadejda Vasyanina, Vera Vasyaninanın adına order verilmişdir. Ölüm haqqında şəhadətnamələrdən görünür ki, Anatoliy Vasyanin, Olqa Vasyanina və Nina Cəlilova vəfat etmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı və X10 (iddiaçının bacısı) mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Mənzil Kommunal İstismar Sahəsinin arayışlarından görünür ki, iddiaçı mənzildə qeydiyyatdadır və faktiki olaraq da yaşayır. Eyni zamanda həmin mənzildə ailə üzvləri də yaşamaqdadır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, ”iddiaçının adına kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi mənzilə dair hər hansı hüquqmüəyyənedici sənəd, o cümlədən yaşayış sahəsinə köçmə əsası kimi order olmadığından, iddiaçının “kirayə müqaviləsinin bağlanması” barədə iddiası əsaslı hesab edilə bilməz. İddiaçının mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə yaşaması da onun hazırkı müzakirə edilən hüquqi statusuna əlverişli təsir göstərmir. İş materiallarında olan orderdən isə görünür ki, mənzilə dair orderdə digər şəxslərin adları mövcuddur ki, orderdə adı olub, vəfat edən şəxslərin vərəsələrinin, eləcə də sağ olan şəxslərin iddiaçının adına sosial kirayə müqaviləsinin bağlanılmasına razılıq ərizələri, eləcə də həmin şəxslərin istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı da olmadığından məhkəmə hesab edir ki, iddiaçının adına sosial kirayə müqaviləsinin bağlanılması barədə müraciətin təminindən imtina qanuni və əsaslı olmuşdur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır; 51-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir; 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İş materiallarından göründüyü kimi ünvan 1 ünvanda yerləşən mənzilə dair order iddiaçının nənəsi X9, X2 (vəfat edib), anası X5, xalası X1 və xalası X6 verilmişdir. Nənəsi və anası vəfat etdikdən sonra iddiaçı qeyd edilən ünvanda pasport qeydiyyatında olmaqla yaşayır. Həmçinin, işin hazırkı apellyasiya icraatı zamanı təqdim edilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, həmin ünvanda İddiaçı və X10 qeydiyyatdadırlar. İşin hazırkı apellyasiya icraatı zamanı təqdim edilmiş X7 xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Birləşmiş X13 şəhərindəki Baş konsulluğu tərəfindən notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, qeydiyyatda olduğu ünvan 2 ünvanındakı mənzilinə qardaşı İddiaçı tərəfindən kirayə müqaviləsi bağlanmasına heç bir etirazı yoxdur. Beləliklə, təqdim edilmiş sənədlərdən orderdə adı qeyd edilmiş şəxslərin və onların vərəsələrinin müvafiq mənzildə qeydiyyatda olmadıqları (həmçinin faktiki yaşamadıqları), həmin ünvanda yalnız iddiaçının və onun bacısı X7 qeydiyyatda olmaları, sonuncunun isə ünvan 2 ünvanındakı mənzilə qardaşı tərəfindən kirayə müqaviləsi bağlanmasına dair razılıq ərizəsi verdiyi müəyyən edilmişdir. Belə olan haıda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməli və ünvan 2 ünvanında yerləşən mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 51.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir; 51.4-cü maddəsinə əsasən, uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir; 51.5-ci maddəsinə əsasən, uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir; 51.6-cı maddəsinə əsasən, uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir; 53.1-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1 bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2 müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3 bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2-ci maddəsinə əsasən, uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır; 53.3-cü maddəsinə əsasən, uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12859/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12859/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1111/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1111/2024
09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver