Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1111/2025 14.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotunun Təşkili Baş İdarəsinə (əvvəlki: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi) qarşı “borcun silinməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5763/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdehə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən İddiaçı adına (VÖEN **********) əsassız hesablanmış 1143 manat vergi borcunun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı vergi ödəyicisi olan fiziki şəxs kimi 2011-ci ildə (VÖEN **********) qeydiyyatdan keçmiş, lakin hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığından, 2011-ci ildə də fəaliyyətini dayandırmışdır. Heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığından, ödənilməmiş vergi borcu olmamışdır. Lakin 2021-ci ildə iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığına baxmayaraq, ölkə ərazisinə 3 ədəd minik avtomobili idxal olunması səbəbi ilə vergi ödəyicisi olaraq vergi borcu yaranmış, 1092 manat vergi borcunun ödənilməsinə dair xəbərdarlıq olunmuşdur. İddiaçı hər hansı sahibkarlıqla məşğul olmasa da, yaranmış borcdan 300 manat hissəsini ödəmiş və xx.xx.2023-cü il tarixdə onun vergilər üzrə ödənilməmiş 705.51 manat vergi borcunun yarandığı bildirilmişdir. Lakin müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2023-cü il tarixinə vergilər üzrə 705.51 manat borc, məcburi dövlət sosial sığorta haqqı üzrə, işsizliklə bağlı sığorta haqqı üzrə və icbari tibbi sığorta haqqı üzrə hər hansı borcun olmaması bildirilmişdir. Buna baxmayaraq, cavabdehə müraciət edərək, əsassız hesablanmış 1143 manat borcun sistemdən silinməsini xahiş olunsa da, borcun silinməsi təmin edilməmiş, iddiaçıya 1143 manat məbləğində borcun ödənilməsi barədə xəbərdarlıq gəlməkdə davam olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin həmin borcun tələb etməsi əsassız olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5763/2024 nömrəli, xx.xx.2024-cü il tarixli nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin qərardadında qeyd edilmişdir ki, iddiaçı onun barəsində hesablanmış vergi borcunun silinməsinə nail olmaq arzusundadır. Lakin iddiaçı borcun əsasında dayanan inzibati aktın mövcudluğunu və hazırda qüvvədə olduğunu nəzərə almamış, məhkəmə tərəfindən hüquqi yardım göstərildiyi halda, həmin aktın mübahisələndirilməsi ilə bağlı iddia tələbini dəqiqləşdirməmişdir. Lakin İddiaçı borcun hesablanması barədə inzibati akt ona məhkəmədən əvvəl də, məhkəmə prosesində də təqdim edilməmişdir Məhkəmə araşdırması zamanı isə işə baxan hakim İddiaçı borcun hesablanması barədə inzibati aktın artıq ləğv edildiyini bildirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasında inzibati aktın ləğv edildiyini etiraf etmiş, lakin İddiaçı hesablanmış borcun boş bəyənnamə təqdim etməsi ilə bağlı olduğunu bildirrmişdir. Lakin İddiaçı avtomobil gətiridiyi müddətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinə boş bəyənnamə təqdim etməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsi iddianın mümkünsüzlüyü ilə bağlı qərardadını əsaslandırarkən qeyd etmişdir ki, “...işin faktiki hallarından göründüyü kimi iddiaçı onun barəsində hesablanmış vergi borcunun silinməsinə nail olmaq arzusundadır. Lakin iddiaçı borcun əsasında dayanan inzibati aktın mövcudluğunu və hazırda qüvvədə olduğunu nəzərə almamış, məhkəmə tərəfindən hüquqi yardım göstərildiyi halda, həmin aktın mübahisələndirilməsi ilə bağlı iddia tələbini dəqiqləşdirməmişdir” Kollegiya iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəlləsinin 12-ci (işin hallarının araşdırılması prinsipi) və 13-cü (məhkəmənin yardım etmək vəzifəsi) maddələrinin tələbləri pozulmuşdur. Belə ki, sözügedən Məcəllənin 13-cü maddəsinə görə, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Birinci instansiya məhkəməsi qərarında iddiaçının mübahisələndirdiyi borcun əsasında dayanan inzibati aktın olmasını iddiaçının arzuladığı məqsədə çatmaq üçün həmin inzibati aktı mübahisələndirməli olmasını qeyd etsə də, bununla bağlı iddiaçıya hüquqi yardım göstərməmişdir. Məhkəmə qərarında iddiaçıya hüquqi yardım göstərildiyini qeyd etsə də, bununla bağlı iş materiallarında hər hansı “hüquqi yardım xarakterli” məktub, bildiriş və s. öz əskini tapmır. Eyni zamanda Kollegiya tərəfindən həm məhkəmə iclaslarının gedişatını əks etdirən məhkəmə iclası protokollarına, həm də məhkəmə iclaslarının video-audio çəkilişlərinə baxış keçirilmiş, lakin iddiaçıya iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) ilə bağlı hər hansı hüquqi yardımın göstərilməsi müəyyən edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi borcun əsasında dayanan inzibati aktın mövcud olduğunu və hazırda qüvvədə olduğunu qeyd etsə də, sözügedən inzibati akt iş materiallarında mövcud olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı da, ona hər hansı qərar təqdim edilmədiyini, iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) ilə bağlı hər hansı hüquqi yardım göstərilmədiyini bildirmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qeyrimümkün sayılması nəticəsinə gəlinərkən işin hallarına hərtərəfli yanaşılmamış, bununla da obyektiv araşdırma prinsipinin tələbləri pozulmuşdur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçının hüquqi marağı və nail olmaq istədiyi məqsəd baxımından düzgün iddia növünün müəyyən olunmasında İPM-in 13-cü maddəsində təsbit edilmiş yardım etmək vəzifəsini yerinə yetirməli, eləcə də işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. AR İPM-nin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5763/2024 nömrəli, xx.xx.2024-cü il tarixli nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-1111/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1111/2025
14.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver