Məhkəmə qərarları › İş №2-1(103)-1112/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1112/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1112/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), X9 və X10 ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair arayışın (çıxarışın) verilməsi tələbi barədə inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3748/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3748/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya Bakı şəhəri, Nardaran bağ massivində yerləşən 0,12 ha sahəsi olan 1026”V” nömrəli bağ sahəsinin onun mərhum X1na məxsus olması barədə arayışın verilməsi öhdəliynin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim R.Kərimli). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsi Bağlar Təsərrüfatının İnkişafı və X2 massivində 77 nömrəli Bağtikinti kooperativindən mərhum X1na verilmiş 0,12 hektar torpaq sahəsi olan 1026 “V” nömrəli bağ (xx xxxx 1990-cı il Order №E/C) torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi və həmin bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhər İcraiyyə Komitəsi Bağlar Təsərrüfatının İnkişafı və X2 massivində 77 nömrəli bağtikinti kooperativindən mərhum X1na verilmiş 0,12 ha torpaq sahəsi olan 1026 “V” nömrəli bağ (xx xxxx 1990-cı il Order № Б/С) torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən arayış (çıxarış) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı, Xırdalan şəhəri, “xxxxxxx” MTK bina 1 mənzil 28 ünvanda yaşayır. Bakı şəhər İcraiyyə Komitəsi Bağlar Təsərrüfatının İnkişafı və X2 massivində 77 nömrəli Bağ-tikinti kooperativində atam X5 0,12 hektar torpaq sahəsi olan 1026 “V” nömrəli bağ sahəsi verilmişdir (xx xxxx 1990cı il Order № B/C ). X1 xx xxxx 1996-cı il tarixdə vəfat etmişdir.Atasının yeganə vərəsəsi kimi tanınmış və həmin bağ torpaq sahəsi istifadəsindədir. Atası sağlığında bağ sahəsini özəlləşdirməmişdir. Bakı şəhəri 32 saylı Notariat Ofisi xx xxxxxx 2019-cu il tarixdə X-555 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Nardaran qəsəbəsi, 1026”V” saylı bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair Çıxarış verilməsini Xahiş etmişdir. Həmin məktuba əlavə olaraq bağa dair bütün sənədlərin əslini Reyestr Xidmətinə təqdim etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx xxxxxxxx 2019-cu il tarixli **********60 nömrəli cavab məktubu ilə torpaq sahəsinə dair Çıxarış verilməsindən imtina edilmişdir. İmtinada göstərilir ki, qonşu “ 1026V ” saylı bağ sahəsi ilə keçid yolu nəzərə alınmaqla notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Bundan əlavə order Bak şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 15/595 qərarına əsasən verilsə də, təqdim edilmiş arxiv arayışında Bakı şəhər XDS İK-nin 1/23 saylı xx.xx.1990-cı il tarixli qərarı göstərilmişdir. Həmçinin Bakı şəhər İcraiyyə Komitəsinin 1/23 nömrəli xx.xx.1990-cı il tarixli qərarının həqiqiliyinə münasibət bildirilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu göndərilmişdir. Bu səbəbdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Hesab edir ki, cavabdehin bağ torpaq sahəsinin özəlləşdirilməsindən imtina etməsi əsassızdır. Cavabdeh verdiyi sorğunun cavabını gözləməli idi. Lakin, cavabdeh yalnız sorğunu verdiyini bildirməklə kifayətlənmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edir.Yuxarıda göstərilənlərə və məhkəməyə təqdim etdiyim sənədlərə əsasən, hesab edir ki, cavabdeh tərəfindən bağ torpaq sahəsinə dair mərhum X4 adına torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır . İş üzrə 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Cavabdeh verdiyi apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı mərhum X3 miras qalmış müvafiq bağ sahəsinə dair çıxarış almaq məqsədilə İdarəyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qonşu “1026B” bağ sahəsi ilə keçid yol nəzərə alınmaqla notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir. Bundan əlavə, order Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli 15/595 saylı qərarına əsasən verilsə də, təqdim edilmiş arxiv arayışında Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli 1/23 saylı qərarı göstərilmişdir. Qeyd olunan səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün aradırılmamış, qeyd olunan hallar əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə ədalətsiz qərar qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, ona dair yazılı etiraz təqdim edərək, bildirmişdir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır, apellyasdiya şikayətinin dəlilləri isə əsassız olmaqla qanunvericiliklə və işin halları ilə təkzib edilir.Belə ki, məhkəmə qeyd edir ki, iddiaçının mərhum X1na 77 saylı BTK-nın Б/C nömrəli orderi ilə Bakı şəhəri, Nardaran bağlar massivindəki 0,12 ha ölçüdə 1026b saylı bağ sahəsi ayrıldığından və həmin orderin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı bir sübut (dəlil) təqdim edilmədiyindən, order sübut kimi mötəbər qitymətləndirilir və iddiaçının məhrum atasının həmin torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiqlənir. Bundan əlavə məhkəmə qeyd edir ki, İddiaçı mərhum X1nun vərəsəsi olması müvafiq vərəsəlik işi açmış notarius tərəfindən müəyyən edildiyindən, həmin torpaq sahəsinə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyataa alınmadan X8 vəfat etdiyindən və sonuncu müvafiq torpaq sahəsinin qanuni istifadəçisi kimi vaxtilə “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən ona mülkiyyət hüququ əldə etdiyindən, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin intinası qanuna zidd və vərəsə qismində iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir.Cavabdehin Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakı Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməsi və məhkəmə tərəfindən ekspertiza təyin edilməsi barədə göstərdikləri tam əsassızdır və həmin təşkilatların bu məsələyə hər hansı bir aidiyyatı yoxdur. Məhkəmə tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, qərar qanuni və əsaslıdır. Vəkil və nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarından görünür ki, Bakı Şəhər İcraiyyə Komitəsi Bağlar Təsərrüfatının İnkişafı və X7 massivində 77 nömrəli bağ-tikinti kooperativ tərəfindən X5 adına Nardaran bağ massivindəki 0,12 ha torpaq sahəsi olan 1026 “V” saylı bağ sahəsinə dair Б/С nömrəli order verilmişdir. İş materiallarında olan Bakı şəhəri 32 saylı Notariat Ofisinin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış x xxxxxx 2019-cu il tarixli məktubunda bildirilmişdir ki, X4 xx xxxx 1996-cı il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsəsi İddiaçı ərizəsi əsasında tərəfindən vərəsəlik işi açılmış və o, miras qoyanın vərəsəsi kimi tanınmışdır. Birincoi instansiya məhkəməsi aşağıdakı əsaslara görə iddianı təmin etmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin x xxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxx 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7.1-ci bəndində qeyd olunmuşdur ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs DƏDRX-in ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış veririr. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən sözügedən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə DƏDRX-in ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mərhum X1na 77 saylı BTK-nın Б/С nömrəli orderi ilə Bakı şəhəri, Nardaran bağlar massivindəki 0,12 ha ölçüdə 1026b saylı bağ sahəsi ayrıldığından və həmin orderin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, order sübut kimi mötəbər qiymətləndirilir və iddiaçının mərhum atasının həmin torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiqlənir. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən orderlər belə əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Həmçinin, birinci instansiya məhkəməsi cavabdehin imtina üçün gətirdiyi dəlillərə münasibətdə qeyd etmişdir ki, bölgü sxeminin olmaması, arxiv arayışında bakı Şəhər XDS İK-nın qərarının düzgün göstərilməməsi iddiaçının və ya miras qoyanın irədəsindən asılı olan halı deyil, bu uyğunsuzluqlar inzibati icraatda aradan qaldırılmalıdır. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür Hazırkı iş üzrə iddiaçı olan İddiaçı mərhum X1nun vərəsəsi olması müvafiq vərəsəlik işi açmış notarius tərəfindən müəyyən edildiyindən, həmin torpaq sahəsinə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan X8 vəfat etdiyindən və sonuncu müvafiq torpaq sahəsinin qanuni istifadəçisi kimi vaxtilə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən ona mülkiyyət hüququ əldə etdiyindən, birinci instansiya məhkəməsi sonda belə qənaətə gəlmişdir ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd və vərəsə qismində iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri qəbul etmir və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3748/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar