Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1112/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (xx.xx.1960-cı il tarixində ünvan 1ində anadan olmuş, Cəlilabad rayonu, Günəşli kəndi ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən faktiki yaşadığı ünvan ünvan 2likası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)- 2462/2019 nömrəli iş üzrə icraatın yeni açılmış hallar üzrə təzələnməsi barədə qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 16.05.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 07.04.1995-ci il tarixli 1042 saylı Sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, Badamdar qəsəbəsi, 2ci yaşayış massivində yerləşən faktiki ölçüsü 210 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2- 1(81)2462/2019 saylı qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin başçısının 07.04.1995-ci il tarixli 1042 saylı Sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, Badamdar qəsəbəsi, 2ci yaşayış massivində yerləşən faktiki ölçüsü 210 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. 24.02.2020-ci il tarixdə cavabdeh qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1026/2020 saylı, 16 iyun 2020ci il tarixli qərarı ilə (hakimlər V.Ağayev, A.Nuriyeva,A.Hüseyn) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2-1(81)- 2462/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilməmişdir. 29.09.2020-ci il tarixdə iddiaçı Bakı İnzibati Məhkəməsinə ərizə ünvanlayaraq, cavabdeh tərəfindən məhkəmə qərarının icra olunmadığını bildirmişdir. Həmin tarixdə Bakı İnzibati Məhkəməsi tərəfindən 2-1(81)-2462/2019, 20 dekabr 2019-cu il tarixli qərarın icraasına dair icra vərəqəsi icra edilməsi üçün cavabdehə ünvanlanmışdır. 01.10.2020-ci il tarixdə cavabdeh məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatət təqdim edərək, idarə tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2-1(81)-2462/2019 saylı qərarının ləğv edilməsini, Bakı şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin, Səbail rayonu Badamdar qəsəbə Bələdiyyəsinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, X1 Təşkili üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin və SOCAR-ın Neft Kəmərləri İdarəsinin müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini, ekspertiza təyin edilməsini və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2-1(81)-2462/2019 saylı qərarında qeyd olunan müvafiq daşınmaz əmlakla bağlı İdarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda yoxlamaölçü işləri aparılarkən və mövcud sənədlərin ətraflı və təkrar araşdırılması zamanı birinci instansiya məhkəməsində müvafiq inzibati işə baxılarkən əvvəlcədən məlum olmayan və müvafiq icra sənədinin icrasının mümkünsüz edən yeni hallar və sübutlar aşkar edilmişdir. Belə ki, müvafiq ünvanda təkrar və ətraflı aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin daxilindən yüksək gərginlikli (10000vt) elektrik xətti keçir. Bundan başqa göstərilən torpaq sahəsinin sərhəd xəttindən 42 metr yaxınlığından neft quyusu yerləşir. Bundan əlavə torpaq sahəsinin sərhəd xəttindən 2-3 metr məsafədən diametri 530 mm-425 mm olan yeraltı qaz kəmərləri keçir. Səbail Rayon İcra Hakimiyyəti başçısının 1042 saylı, 07.04.1995-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamı əsasında tərtib olunan torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında perimetrik ölçü fərqi, sahə fərqi və uyğunsuzluq mövcuddur. Belə ki, müvafiq torpaq sahəsinin ölçüsü sərəncamla 600,0 kv.m yerləşmə cizgisi ilə 240.0 kv.m faktiki isə 210.0 kv.m –dir. Yuxarıda qeyd edilən sonradan məlum olan hallar məhkəmə tərəfindən nəzərə alınmalı və iş üzrə icraat təzələnməlidir. 30.10.2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında qərarı məhkəməyə göndərilmişdir. (icra məmuru S.Qurbanova) Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-2462/2019 nömrəli qərardadı ilə (hakim M.Hacıbəyova) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2-1(81)-2462/2019 saylı iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsiin ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan cavabdeh 21.01.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-2462/2019 nömrəli qərardadının ləğv edilməsini, idarə tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2-1(81)-2462/2019 saylı qərarının ləğv edilməsini, Bakı şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin, Səbail rayonu Badamdar qəsəbə Bələdiyyəsinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, X1 Təşkili üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin və SOCAR-ın Neft Kəmərləri İdarəsinin müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini, ekspertiza təyin edilməsini və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ərizəyə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, 26.03.2021-ci il tarixində məhkəməyə cavabdehin apellyasiya şikayətinə dair etiraz ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə qeyd edilən Bakı şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin, Səbail rayonu Badamdar qəsəbə Bələdiyyəsinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, X1 Təşkili üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin və SOCAR-ın Neft Kəmərləri İdarəsinin müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilmələri zərurətini təsdiq edən heç bir sənəd sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. AR İPM-nin 106-cı maddəsinə əsasən, icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Məhkəmə Kollegiyası qeyd edir ki, AR İPM-nin 100-cü maddəsinin məzmunundan belə nəticə çıxır ki, hazırkı iş üzrə məhkəmə icraatının təzələnməsi yalnız o halda mümkündür ki, sonradan aşkar olunmuş yeni sübutlar və hallar ərizəçidən asılı olmayan səbəblərdən işin ilkin icraatı zamanı təqdim olunmamışdır.Bu zaman həmin halların təqdim edilə bilməməsi ərizəçi tərəfindən sübüta yetirilməlidir. Hazırkı iş üzrə cavabdeh tərəfindən irəli sürülmüş, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin daxilindən yüksək gərginlikli ( 10000vt) elektrik xətti keçir. Bundan başqa göstərilən torpaq sahəsinin sərhəd xəttindən 42 metr yaxınlığından neft quyusu yerləşir. Bundan əlavə torpaq sahəsinin sərhəd xəttindən 2-3 metr məsafədən diametri 530 mm- 425 mm olan yeraltı qaz kəmərləri keçir. Səbail Rayon İcra Hakimiyyəti başçısının 1042 saylı, 07.04.1995-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncam əsasında tərtib olunan torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında perimetrik ölçü fərqi, sahə fərqi və uyğunsuzluq mövcuddur. Belə ki, müvafiq torpaq sahəsinin ölçüsü sərəncamla 600,0 kv.m yerləşmə cizgisi ilə 240.0 kv.m faktiki isə 210.0 kv.m –dir. Lakin, cavabdeh tərəfindən müvafiq yoxlama-ölçü işlərinin aparılmasını və mövcud sənədlərin ətraflı və dəqiq araşdırılmasının hansı səbəbdən cavabdeh orqan tərəfindən iddiaçının ərizəsinə baxılan zaman və ya işin ilkin icraatı zamanı deyil, yalnız məhkəmə qərarının icrası ilə bağlı həyata keçirildiyi açıqlanmamışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən irəli sürülən dəlillər iddiaçının müraciəti üzrə inzibati icraat çərçivəsində ortaya çıxa bilən haldır.Bu halların hansı səbəbdən sonradan cavabdeh orqana məlum olması barədə sübutlar təqdim edilmədiyindən, kollegiya həmin dəlilləri formal xarakterli olması kimi qiymətləndirir və onların Azərbaycan Respublikası İPM-nin 100-cü maddəsinin təsir dairəsinə düşmədiyini qeyd edir. Məhkəmə Kollegiyası hazırkı iş üzrə qeyd olunan inzibati orqanların üçüncü şəxs qismində cəlb olunması barədə isə qeyd edir ki, AR İPM-nin 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Eyni zamanda, AR Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12.04.2017-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına, habelə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə diqqət yetirilməklə, məsələ qanunvericilik qaydasında həll edilənədək, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, AR Konstitusiya Məhkəməsinin Qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunulan şəxs,yalnız onun hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu təqdirdə inzibati icraat üzrə üçüncü şəxs qismində cəlb edilə bilər. Lakin, hazırkı iş üzrə cavabdeh tərəfindən qeyd edilən, Bakı şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin, Səbail rayonu Badamdar qəsəbə Bələdiyyəsinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, X1 Təşkili üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin və SOCAR-ın Neft Kəmərləri İdarəsinin hüquqları qərarda qeyd olunduğu kimi əhəmiyyətli dərəcədə pozulmur və qanuni qüvvəyə minmiş məhkəmə qərarı birbaşa olaraq onların hüquqlarına və qanuni maraqlarına toxunmur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsində göstərilən əsaslar hazırkı işdə olmadığından iş üzrə məhkəmə qərarının icrasının dayandırılmasından söhbət gedə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı iş üzrə ərizəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-2462/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1112/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1112/2021
30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver