Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1112/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 qızının, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ödənişlərin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7918/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ödənişlərin edilməsi” barədə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2006-cı ildən “Azərbaycan Boru prokatı” indiki "xxxx" ASC-də işləmiş və orada təqaüdə çıxmışdır. Həmin ildən sonra işləsə də zavod 2006-2016-cı illərdə Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqlarını köçürməmiş, nəticədə o və digər şəxslərin pensiya məbləği artmamışdır. Çoxsaylı müraciətlərdən sonra isə məbləğ 2020-ci il tarixdə ödənilmişdir. Lakin, artan məbləğ 2016-2020-ci illərə şamil edilməmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən "xxxx" ASCnin 2006-2016-cı illər üzrə məcburi dövlət sosial sığorta haqqları üzrə ödədiyi borc məbləği nəzərə alınaraq 01.06.2020-ci il tarixdən ödənilən pensiya artımının 01.01.2017-ci il tarixdən yenidən hesablanaraq ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7918/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, "xxxx" ASC-nin 2006-2016-cı illər üzrə məcburi dövlət sosial sığorta haqqları üzrə ödədiyi borc məbləği nəzərə alınaraq 01.06.2020-ci il tarixdən ödənilən pensiya artımının 01.01.2017-ci il tarixdən yenidən hesablanaraq ödənilməmiş məbləğin İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış inzibati icraat tədbirlərinin nəticə olaraq bildirilmişdir ki, cavabdeh orqana İddiaçı tərəfindən hər hansı müraciət daxil olmamışdır. Bu səbəbdən adı çəkilən şəxsə dair Mərkəzi Filialda hər hansı məlumat mövcud olmadığından iddia tələbin münasibət bildirilməsi mümkün deyildir. Həmçinin, iddiaçı qeyd edilən məsələ ilə bağlı DSMF tabeliyində 1 saylı regional ərazi Filialına müraciət etmişdir. Aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilmişdir ki, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına vətəndaş İddiaçı tərəfindən hər hansı müraciət daxil olmamışdır. Buna görə də adıçəkilən şəxsə dair Mərkəzi Filialda hər hansı məlumat mövcud olmadığından iddia tələbinə münasibət bildirilməsi mümkün olmamışdır. İddiaçı İPM-in 35.1-ci maddəsinə istinad edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etirraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından görünür ki, hazırkı mübahisənin yaranması, yəni iddiaçıya 01.01.2017-ci il tarixdən əmək pensiyası məbləğində artımın baş verməməsi, iddiaçının iradəsindən asılı olmayan haldan, yəni "xxxx" ASC-nin 2006-2016-cı illər üzrə məcburi dövlət sosial sığorta haqqları üzrə borcunu vaxtında ödəməməsi səbəbindən yaranmışdır. Cavabdeh tərəf hesab etmişdir ki, sığorta haqqları ödənildikdən sonra 01.06.2020-ci il tarixdən iddiaçının fərdi hesabın sığorta hissəsində olan pensiya kapitalı nəzərə alınaraq onun pensiyasının üzərinə əlavə hesablanmağa başlanılmışdır. İddiaçı isə MMC-nin sığorta haqqlarını gecikdirməsinin onun təqsiri olmamasına istinad edərək pensiya kapitalının nəzərə alınmaqla əmək pensiyasına artımın 01.01.2017-ci il tarixdən ödənilməsində israrlıdır. Birinci instansiya məhkəməsi iddia təmin edərək qərarını onunla əsaslandırmışdır ki, həmin dövrdə pensiya kapitalında artımın olmamasına münasibətdə əmək pensiyasında artımın 01.06.2020-ci il tarixdən hesablanmalı olması, artımın 01.01.2017-ci il tarixdən nəzərə alınmaması işin faktiki hallarına formal yanaşmanın nəticəsidir. Belə ki, iddiaçı əmək pensiyaçısi kimi "xxxx"ASC-də qanuni əsaslarla əmək fəaliyyəti göstərmiş, əmək haqqı almış və əmək haqqında dövlət büdcəsinə ödənişlərin edilməsinə və həmin ödənişlərin pensiya təyin edilərkən nəzərə alınmasına etimad etmişdir. Hazırkı halda isə cavabdeh iddiaçını MMCnin məcburi dövlət sosial sığorta haqqları üzrə borcu gec ödəməsindən asılı etmişdir ki, iddiaçının iradəsindən və təqsirindən asılı olmayan hal, məhkəmə hesab edir ki, vəziyyəti iddiaçının ziyanına dəyişmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı normalarla əsaslandırır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Həmin Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən şəxsin pensiya kapitalının əsasını təşkil edən fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə birbaşa bağlıdır. Belə ki, adıçəkilən Qanunun 1.0.8-ci maddəsindən də görünür ki, fərdi hesabın sığorta hissəsi dedikdə əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesab başa düşülür. Pensiya kapitalı isə müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləği hesab edilib, hazırda qüvvədə olan şəxslərə pensiya təyin edilməsi, onun yenidən hesablanmasının əsasını təşkil edir. Başqa sözlə məcburi dövlət sosial sığorta haqları ödənilirsə pensiya kapitalında yığılmış məbləğlərdə dəyişikliklər müəyyən edilir ki, əmək pensiyasının yenidən hesablanması zamanı pensiya məbləğinin artımı da məhz pensiya kapitalından asılıdır. İş materiallarından göründüyü kimi cavabdeh orqan 01.01.2017-ci il tarixdə iddiaçının fərdi hesabın sığorta hissəsində olan pensiya kapitalına uyğun olaraq əmək pensiya məbləğinin yenidən hesablanmasının mümkün olmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası cavabdeh orqanın gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, MMC tərəfindən ödənilməli olan məcburi dövlət sosial sığorta haqqları ödənilmədiyindən iddiaçının pensiya kapitalına məbləğ əlavə edilməmiş, nəticədə pensiya artımı baş verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin dövrdə pensiya kapitalında artımın olmamasına münasibətdə əmək pensiyasında artımın 01.06.2020-ci il tarixdən hesablanmalı olması, artımın 01.01.2017-ci il tarixdən nəzərə alınmaması işin faktiki hallarına formal yanaşmanın nəticəsidir. Belə ki, iddiaçı əmək pensiyaçısi kimi "xxxx"ASCdə qanuni əsaslarla əmək fəaliyyəti göstərmiş, əmək haqqı almış və əmək haqqında dövlət büdcəsinə ödənişlərin edilməsinə və həmin ödənişlərin pensiya təyin edilərkən nəzərə alınmasına etimad etmişdir. Hazırkı halda isə cavabdeh iddiaçını MMCnin məcburi dövlət sosial sığorta haqqları üzrə borcu gec ödəməsindən asılı etmişdir ki, iddiaçının iradəsindən və təqsirindən asılı olmayan hal vəziyyəti iddiaçının ziyanına dəyişmir. Burada iddiaçının təqsirsizliyi ilə yanaşı, sığorta borclarının 4 ildən sonra ödənilməsi, başqa sözlə müvafiq inzibati orqanların həmin borcların ödənilməsinin gec təmin edilməsi nəzərə alınmalıdır ki, qeyd olunan işin faktiki nəzərə alınmaqla iddiaçının pensiya artımından 01.01.2017-ci il tarixdən 01.06.2020-ci il tarixədək məhrum olması, pensiya artımının ödənilməli olmasının MMC-nin borcunun ödənilməsindən asılı edilməsi yol verilməzdir. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1181/2021 saylı iş üzrə qəbul etdiyi 30.06.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Müəssisənin vergi və digər ödənişləri edib-etməməsi, həmin müəssisədə çalışan işçilərin əmək haqqlarından tutulmalar olub-olmaması, əmək müqaviləsi ilə çalışan işçilərin siyahısının təqdim edilib edilməməsi isə iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi hüququnu məhdudlaşdıra, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbləri baxımından iddiaçını qanunla müəyyən olunmuş müddətdə pensiya hüququnun təmin edilməsindən əlverişsiz vəziyyətdə qoya bilməz.” Həmçinin, 2-1(102)-672/2021 saylı iş üzrə 06.04.2021-ci il tarixli qərarda qeyd edilmişdir ki, maliyyə sənədlərini qoruyub saxlamaq, maliyyə sənədlərini dövlət arxiv idarələrinə təhvil vermək, məcburi dövlət sosial sığorta ödənişlərini ödəmək işçinin yox, işəgötürənin vəzifəsidir. Odur ki, sosial sığorta ödənişlərinin edilməməsi iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz.” Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7918/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1112/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1112/2022
11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver