Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1113/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı birdəfəlik müavinət kimi adaptasiya pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3314/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, qanunla iddiaçıya çatacaq adaptasiya pulunun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17.11.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxs kimi sosial adaptasiyası məqsədilə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərarın əsaslarına görə, ““Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 7.1ci maddəsinin tələblərindən də göründüyü kimi sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxslərin müəyyən edilməsi və bu şəxslərin qeydiyyata götürülməsi, qeydiyyata götürülmüş şəxslərə onların hüquq və azadlıqlarının, sosial adaptasiya tədbirlərinin məzmununun və həyata keçirilməsi qaydasının izah olunması "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il tarixli 606 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. Bu baxımdan həmin qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin müraciət etməsinə deyil, aidiyyəti qurumlar tərəfindən adaptasiya tədbirlərinin həyata keçirilməsinə şamil olunur ki, bu da həmin müddət başa çatdıqdan sonra müvafiq şəxsin ona birdəfəlik pul müavinətinin verilməsini tələb etməsinə maneə yaratmır. Həmçinin nəzərə alınmalıdır ki, cəza çəkməkdən azad edilmiş şəxslərin adaptasiyası fəaliyyətinin əlaqələndirilməsini də ayrıca inzibati orqan olsa da, hazırkı cavabdehin yuxarı orqanı olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir və müəyyən edilmiş tədbirlərin həmin müddət ərzində həyata keçirilməsinə məhz qeyd olunan orqan nəzarət etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir.” Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı 07 yanvar 2020-ci il tarixdə Şöbəyə müraciət edərək, ona cəza çəkməkdən azad edilmiş şəxslər üçün müəyyən olunmuş sosial adaptasiya müavinətinin təyin edilməsini xahiş etmişdir. Müraciətinə cavab olaraq ona ünvanlanmış 24 yanvar 2020-ci il tarixli imtina məktubu ilə sosial adaptasiya müddətinin 1 il olduğu və bu müddəti ötürərək müraciət etdiyi üçün tələbini təmin etməyin mümkün olmadığı bildirilmişdir. Məhkəmə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” AR Qanununun 7.1-ci maddəsinə əsaslanaraq sosial adaptasiya müddətinin iddiaçı tərəfindən ötürülməməsi qərarına gəlmişdir. Birinci məsələni - iddiaçının sosial adaptasiyaya ehtiyacı olan şəxs qismində qeydiyyata alınıb alınmamasını isə ümumiyyətlə araşdırmamışdır. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin adaptasiyası “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 6-cı maddəsində sosial adaptasiya tədbirlərinin dairəsi müəyyən olunmuşdur. Qanunun 6.1.7-ci maddəsində cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsi sosial adaptasiya tədbirlərinin növlərindən biri kimi qeyd edilmişdir. Həmin Qanunun 7.1 -ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (ƏƏSMN) penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınırlar. Yuxarıda qeyd edilmiş müddəalardan aydın olur ki, şəxs penitensiar müəssisədə cəza çəkməkdən azad olunduğu tarixdən əvvəlki 3 ay ərzində qeydiyyata götürülür. Əgər bu müddət ərzində qeydiyyata götürülməsə, penitensiar müəssisədə cəza çəkməkdən azad olunduğu gündən 3 ay ərzində qeydiyyata götürülməsi ilə bağlı müraciət edə bilər. Cəza çəkməkdən azad olmuş statusunun yaranma anı isə Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsi ilə tənzimlənir: 167.0. Məhkumlar cəza çəkməkdən aşağıdakı əsaslarla azad edilirlər: 167.0.3. cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə; Belə ki, iddiaçı cəza çəkməkdən azad edilmiş statusunu 15.08.2018-ci il tarixli məhkəmə qərarı ilə əldə etmiş, lakin nə həmin vaxtdan əvvəlki 3 ay ərzində sosial adaptasiyaya ehtiyacı olan şəxs qismində qeydiyyata götürülmüşdür, nə də ki, sonrakı üç ay ərzində sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi qeydiyyata götürülməsi ilə bağlı ƏƏSMN-ə müraciət etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi Məmmədova Leyla Şirzad qızı əvvəlki məhkəmə iclasında şikayətə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Mahiyyətcə şikayət əsaslıdır. İşdə olan, Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanlanmış 24.01.2020-ci il tarilxli **********5 nömrəli məktubunda göstərilmişdir ki, “Penitensıar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsınə əsasən bu qanun cəza cəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçun qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Həmçinin, bu Qanunun 8-ci maddəsinə əsasən sosial adaptasiya müddəti 1 il müəyyən edilmişdir. AR Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin 07.05.2019-cu il tarixli 17/71-10D-690 nömrəli arayışından müəyyən edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.11.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 15.08.2018-ci il tarixli 7(007)-1675/2018 saylı qərarına əsasən cəzasının çəkilməmiş qalan 08 ay 12 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş iddiaçının üzərində nəzarət dayandırılaraq cəzasını çəkmiş kimi 07.05.2019-cu il tarixdən şöbənin qeydiyyatından çıxarılmışdır. AR Cəzaların İcrası Məcəlləsinin 167.0.3-cü maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə məhkumlar cəza çəkməkdən azad edilirlər. Normanın tələbinə görə, iddiaçı 15.08.2018-ci il tarixdən cəza çəkməkdən azad edilmiş şəxsdir. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun: 7.1. Müvafiq icra hakimiyyəti orqanı penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və azadlıqları, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur; 7.2. Penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 3 iyul 2007-ci il tarixli 606 nömrəli Fərmanının 2.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 7.1-ci, 7.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. İşdən müəyyən olunur ki, iddiaçı penitensiar müəssisədə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmişdir, o, cəza çəkməkdən azad edildikdən sonra da 3 ay ərzində və ümumiyyətlə qeydiyyata alınma məqsədilə cavabdehə ərizə ilə müraciət etməmişdir, başqa sözlə, Qanunun 7.2-ci maddəsilə imperativ qaydada tələb olunan üç aylıq müddət, ərizə ilə müraciət etmə və ən əsası, qeydiyyata alınma şərtlərinə onun tərəfindən əməl olunmur. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun: 6.1. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər aşağıdakılardır: 6.1.7. cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək; 14.1. Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Göründüyü kimi, iddiaçıya Qanunun 6.1.7 və 14.1-ci maddələrinə əsasən birdəfəlik pul müavinətinin verilə bilməsi üçün o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfındən qeydiyyata alınmalı idi. Lakin iddiaçı sonuncu tərəfindən qeydiyyata alınmamışdır. Odur ki, qeyd olunan qaydada qeydiyyata alınmayan şəxsin hazırkı faktiki əsaslarla iddiası təmin oluna bilməz. Əgər iddiaçı qeydiyyata alınmamasını qanunsuz sayırsa, o halda həmin hərəkəti (hərəkətsizliyi) müstəqil inzibati iddia qaldırmaqla mübahisələndirə bilər. Qeyd olunanları diqqətə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Lakin şikayət olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi işin müzakirə edilən hallarına düzgün hüquqi qiymət verməmiş, qərarda qanun müddəaları səhv təfsir edilmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi iddiaçıya birdəfəlik pul müavinətinin verilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası nəticə olaraq qanunazidd olmamaqla, iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməli (İPMin 87.6-cı maddəsi), şikayət təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3314/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı birdəfəlik müavinət kimi adaptasiya pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-1113/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1113/2021
23.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver