Məhkəmə qərarları › İş №2-1(103)-1113/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1113/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1113/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 adından vəkil kimi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasına qarşı “yetkinlik yaşına çatmayan şəxslərin valideyin ilə yaşamaları barədə rəyin ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6367/2021 saylı 26 noyabr 2021-ci il tarixli qərarından iddiaçıların adından Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 02 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasına qarşı “yetkinlik yaşına çatmayan şəxslərin valideyin ilə yaşamaları barədə rəyin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6367/2021 saylı 26 noyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan yetkinlik yaşına çatmayan iddiaçılar İddiaçı1 və İddiaçı2 adından Vəkil tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Bununla bağlı hazırki iş üzrə apellyasiyanın mümkünlüyünün yoxlanılması məsələsinə baxılması təyin edilmişdir. Sonuncu dəfə 02 mart 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh və 3-cü şəxs iştiraklarını təmin etməmişlər. İşdə iddiaçıların adından iştirak edən Vəkil hazırki iş üzrə apellyasiyanın mümkünlük məsələsinə həmin şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Buna görə də məhkəmə kollegiyası hazırki iş üzrə verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə cavabdehin və 3-cü şəxs Malkan Baykadziyevanın iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanması apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Hazırki işdə iddiaçıların adından verilmiş apellyasiya şikayəti nəzərdən keçirilərkən müəyyən olundu ki, şikayət iddiaçıların adından onların vəkili qismində göstərilən şəxs- Vəkil tərəfindən imzalanmış, şikayətə yalnız vəkilin orderi əlavə edilmişdir. Lakin həmin şəxsə apellyasiya şikayəti vermək və onu imzalamaq üçün səlahiyyətli olmasını təsdiq edən etibarnamə apellyasiya şikayətinə əlavə edilməmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla bağlı, məhkəmə kollegiyası apelyant Vəkil göndərilmiş 01 və 10 fevral 2022ci tarixli məhkəmə bildirişlərində, eləcə də 24 fevral 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6367/2021 saylı 26 noyabr 2021-ci il tarixli qərarından iddiaçıların adından verdiyi apellyasiya şikayətini imzalamaq səlahiyyətinin olmasını təsdiq edən sənədi (etibarnaməni) məhkəməyə təqdim etməyi təklif etmişdir. Apellyasiya baxışı zamanı Vəkil iddiaçılar İddiaçı1 və İddiaçı2 yetkinlik yaşına çatmayan şəxslər olduğunu, onların öz dövlətlərinə məxsus olan şəxsiyyət vəsiqələrinin olmadığını, BMT tərəfindən onlara qaçqın statusu olan vəsiqənin verildiyini, özünün isə BMT-nin vəkili olduğunu, həmin orqanın himayəsində olan şəxslərin hüquqlarına toxunan məsələ ilə bağlı onları təmsil etmək üçün ona iş materiallarında olan 23.06.2021-ci il tarixli arayışın (i.v. 42) verildiyini bildirmiş və buna görə də apellyasiya şikayətinin mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası Vəkil izahatını dinləyib, apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin 26.11.2021-ci il tarixli qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən Vəkil adına “aidiyyəti üzrə təqdim etmək üçün” verilmiş 23.06.2021ci il tarixli arayışın (i.v.42) məzmunundan görünür ki, sözügedən şəxs qurumun aidiyyətində olan şəxslərin qanuni maraqlarını Azərbaycan Respublikasının aidiyyəti orqanlarında təmsil edə bilər. Həmin arayışın müddəti 31 dekabr 2021-ci il tarixə qədər olmuşdur. Apellyasiya baxışı zamanı Vəkil göstərilmiş hüquqi yardımla əlaqədar təqdim edilmiş “aidiyyəti üzrə təqdim etmək üçün” 15 fevral 2022-ci il tarixli arayışın məzmunundan görünür ki, Vəkil Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının aidiyyətində olan şəxslərin qanuni maraqlarını Azərbaycan Respublikasının aidiyyəti orqanlarında təmsil edir. Məhkəməyə “Aidiyyəti üzrə təqdim etmək üçün” verilmiş 29.12.2021-ci il tarixli arayışın məzmununa görə isə, cənab Ruslan Əliyev 25.04.2019-cu il tarixindən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) tərəfindən 2019-2021-ci illər üçün həyata keçirilən “Qaçqınlara və Sığınacaq Axtaran şəxslərə Hüquqi Yardım və Məsləhət” adlı layihəsi çərçivəsində xidməti saziş bağlayıb. Təqdim olunmuş A003/22 saylı 28 fevral 2022-ci il tarixli arayışdan görünür ki, X1 BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) ilə bu qurumun Azərbaycan nümayəndəliyi arasında bağlanmış AZ/19/041 saylı 25 aprel 2019-cu il və AZE/20/034 saylı 30 Mart 2020-ci il tarixli "Qaçqınlara və Sığınacaq Axtaran şəxslərə Hüquqi Yardım və Məsləhət" barədə sazişlər əsasında 25 aprel 2019-cu ildən etibarən BMTQAK tərəfindən müdafiəsi həvalə edilən qaçqınların və sığınacaq axtaran şəxslərin hüquqlarının müdafiəsi və məsləhətlərin verilməsi üzrə əməkdaşlıq edir. Xidmət bütün inzibati dövlət orqanları, bütün ölkədaxili və beynəlxalq məhkəmə instansiyaları qarşısında müdafiəni nəzərdə tutur. Həmin hüquqi xidmət çərçivəsində BMTQAK tərəfindən 15 sentyabr 2020-ci ildən etibarən Rukiyat, Daniya, Zaira, Sumaya Movlayevna, Baykhadzhieva bacılarının müdafiəsi üzə #786-02C04225 saylı iş həvalə edilmişdir. İş yetkinlik yaşına çatmayanların məişət zorakılığına məruz qalması ilə əlaqədardır. Buna görə də, BMTQAK-nın tələblərinə uyğun olaraq uşaqların hüquqlarının və mənafelərinin üstün tutulması prinsipi işdə başlıca prinsip kimi tətbiq edilir. Təcili olaraq vəkil B.Hacıyev, sonradan 2020-ci ilin oktyabrından isə Vəkil müdafiəyə cəlb edilmişdir. Vəkillərə işin müvəffəqiyyətlə nəticələnməsinə və ölkədaxili səmərəli müdafiə vasitələri tam və effektiv şəkildə tükədilməsinin tələb etdiyi bütün zəruri hərəkətləri etmək tapşırılmışdır. O cümlədən, bütün dövlət hakimiyyəti orqanlarına, məhkəmə instansiyalarına şikayət və ərizələrin tərtibi, imzalanması, təqdimi, orqanlar qarşısında təmsil və müdafiə edilməsi, eləcə də ölkədaxili qanunvericiliyin, beynəlxalq hüququn, ələxsus da uşaqların hüquqlarının və mənafelərinin üstünlüyü prinsipindən irəli gələn tələblərini xüsusi nəzərə almaqla müdafiə olunanların mənafelərindən irəli gələn bütün zəruri hərəkətəri etmək həvalə edilmişdir. Məhkəmə kollegiyası aşağıdakı maddi hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əhalinin sosial müdafiəsi müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Hazırki iş üzrə Vəkil 2019-2021-ci illər üçün həyata keçirilən “Qaçqınlara və Sığınacaq Axtaran şəxslərə Hüquqi Yardım və Məsləhət” adlı layihə çərçivəsində bağlanmış xidməti saziş əsasında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının aidiyyətində olan şəxslərin, o cümlədən iddiaçıların qanuni maraqlarını Azərbaycan Respublikasının məhkəmələrində təmsil etmək hüququnun olduğuna istinad etsə də, iddiaçıların adından hüquqlarının müdafiəsi ilə bağlı məhkəmələrdə iddia qaldırmaq, apellyasiya şikayəti vemək və onu imzalamaq səlahiyyətinin də olmasını təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iş materiallarında olan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən Vəkil adına “aidiyyəti üzrə təqdim etmək üçün” verilmiş 23.06.2021ci il tarixli arayış hüquq şöbəsinin müdiri, 15 fevral 2022-ci il tarixli arayış isə ölkə üzrə nümayəndə tərəfindən imzalanmaqla (belə səlahiyyətin olması barədə sübut təqdim olunmamışdır), məzmununa görə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının aidiyyətində olan şəxslərin qanuni maraqlarının Azərbaycan Respublikasının aidiyyəti orqanlarında təmsil edilməsi ilə bağlı verildiyindən apellyasiya şikayətini imzalamaq səlahiyyətinin də verilməsi kimi qəbul edilə bilməz. Belə ki, Kollegiya bu barədə gəldiyi qənaətini onunla əsaslandırır ki, qanunvericiliyin tələbinə görə prosesdə şəxsin hansı müstəsna hüquqlarının “etibarnamə” adlı sənəddə onu verməyə səlahiyyəti olan şəxs tərəfindən xüsusi olaraq göstərilməsi imperativ qaydada müəyyənləşdirildiyi üçün sözügedən hər iki arayış nə “etibarnamə” adlı sənədin məzmununa, nə də onu verən və verildiyi şəxs üçün “imza” səlahiyyətinin də olmasını ehtiva edən bir sənəd kimi qiymətləndirilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların adından Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti onu imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən verildiyi üçün qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Azərbaycan Respublikası İnzibati Prossessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1, 86.1.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6367/2021 saylı 26 noyabr 2021-ci il tarixli qərarından iddiaçıların adından Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar