Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1113/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4140/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş 17 mart 1999-cu il tarixli, 2223 saylı icarə müqaviləsinə əsasən 6611 saylı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 hektar bağ sahəsinin adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 0,12 hektar torpaq sahəsindən ibarət 6611 saylı bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə həmin bağ sahəsi qeyd olunan müqavilə ilə onun icarəsinə verilmişdir. Ləhiş bağ massivində yerləşən 0.12 hektar 6611 saylı bağ torpaq sahəsindən artıq iyirmi ildir istifadə edir. Həmin torpaq sahəsinin öz adına mülkiyyət hüququ ilə rəsmiləşdirilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciəti cavablandırılmamışdır. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə təqdim etdiyi etirazında iddianı qəbul etməmiş, mümkün sayılmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, bağ sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4140/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 hektar olan 6611 saylı bağ sahəsinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçının tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, İddiaçı müvafiq ünvanda yerləşən torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixdə İdarəyə müraciət etmiş, aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən bağ sahəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, qeyd olunan bağ nömrəsinin göstərilən əraziyə aidiyyəti yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar qanunsuz və əsassız olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə apellyasiya şikayətini müdafiə etmiş və iddiaçıya məxsus bağ sahəsinin sxematik xəritəyə uyğun gəlmədiyini bildirərək şikayətin təmin olunmasını, iddiaçının nümayəndəsi Vəkil isə onunla razılaşmamış, şikayətin qeyd olunan dəlilinin əsassız olduğunu bildirərək, qərarı qüvvədə saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri İcra Hakimiyyəti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş 17 mart 1999-cu il tarixli, 2223 saylı icarə müqaviləsinə əsasən 6611 saylı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 hektar bağ sahəsinin adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb reyestrdən çıxarış veilməsini tələb etmişdir. İşdən görünür ki, sözügedən müqavilənin cavabdeh qeydiyyat orqanında saxlanılan arxiv çıxarışı işə əlavə edilmişdir və cavabdeh tərəfindən həmin müqavilənin mövcudluğu və torpaq sahəsinin faktiki olaraq iddiaçının istfadəsində olması mübahisələndirilmir. Cavabdeh, bağ sahəsinin iddiaçının adına qeydə alınmasının mümkünsüzlüyünü vurğuladığı yeganə səbəbi kimi bildirir ki, torpaq sahəsinin yerləşməsi bağların sxematik xərtiəsinə uyğun gəlmir. Bununla əlaqədar, birincisi, məhkəmə kollegiyası onu qeyd edir ki, məhkəmə praktikasında oxşar işlərə baxılarkən, cavabdeh orqanın qeyd olunan əsasla bağ sahələrinin qeydiyyata alınmasından imtinasına ən çox rast gəlinən hallardan biridi və hər dəfə məhkəmə qərarlarında bu uyğunsuzluğun aradan qaldırılması məhz, cavabdeh qeydiyyat orqanın qanunvericiliklə üzərinə düşən öhdəliyi olması izah edilsə də, sonuncu tərəfindən bütün bunlara məhəl qoyulmur. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndinin tələbinə görə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh qeydiyyat orqanının vəzifəsidir. İkincisi, “İnzibati icraat haqqında” Qanunun 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Həmin Qanunun 24.3-cü maddəsinin tələbinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Cavabdeh qeydiyyat orqanı isə qanunvericiliyin qeyd olunan tələblərinə varmadan “sxamatik xəritəyə uyğunsuzluq” adı altında laqeyid bir ifadə formasında, faktiki olaraq “Torpaq islahatı haqqında” Qanunun 9-cü maddəsinə əsasən artıq həmin torpaq sahəsinin faktiki mülkiyyətçisinə çevrilmiş iddiaçıya torpağın onun adına qeydiyyata alınmasını mümkünsüz sayır. Belə ki, həmin Qanunun 9-cu maddəsi nəzərədə tutur ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Bundan əlavə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun hüquqların dövlət qeydiyyatından imtina hallarının təsbit olunduğu 15-ci maddəsində qeyd olunan əsasla qeydiyyatdan imtinada nəzərdə tutulmamışdır. Beləliklə də göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı tələbində haqlı olduğu və cavabdehin bağ sahəsinin sxematik xəritəyə uyğun gəlməməsi əsası ilə iddiaçının adına qeydiyyatdan imtina etməsi sonuncunun qanunla qorunan hüquqlarını pozur. Çünki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0.7-ci maddəsinin tələbinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bağ sahələrinə hüququn qeydiyyata alınması üçün əsasdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsininin tələbindən də görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Ona görə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4140/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4140/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1113/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1113/2023
18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver