Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1113/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11023/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ötən 15 il ərzində ödədiyi 54.000 manat kirayə pulunun, çörəkpulu müavinətinin kəsilməsi səbəbi ilə ailəsinə dəymiş 2000 manat ziyanın, mənəvi sarsıntılara görə 50.000 manat təzminat haqqının, cəmi 106.000 manatın ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-11023/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı Laçın Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində göstərilməklə ötən 15 il ərzində ödədiyi 54.000 manat kirayə pulunun, çörəkpulu müavinətinin kəsilməsi səbəbi ilə ailəsinə dəymiş 2000 manat ziyanın, mənəvi sarsıntılara görə 50.000 manat təzminat haqqının, cəmi 106.000 manatın ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddianı mümkün saymamışdır. Hesab edir ki, həmin qərardad qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, onun cavabdehə qarşı irəli sürdüyü iddia tələbi mümkün sayılmalı və işə mahiyyəti üzrə baxılmalıdır. Belə ki, o, ailəsi ilə birlikdə 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşmüş və o vaxtdan ünvan 1 ünvanında yaşamışdır. Həmin ünvandakı ev Rusiya Federasiyasında yaşayan xalası oğlu Eldəniz Əliyevə məxsus olub. 2008-ci ildə Eldəniz qəza keçirmişdir və ehtiyacı olduğu üçün evini satası olmuşdur. Nəticədə ailəlikcə kirayədə qalmalı olmuşlar. O vaxtdan bütün ailə birlikdə kirayədə yaşamış, hazırki vaxtadək 15 il, yəni 180 ay kirayə pulu ödəmişdir. 2019cu ildə qardaşı Yasin başqa evə köçmüşdür, anası da Yasinin boşanma səbəbi ilə tək qalmasın deyə onunla birlikdə yeni ünvana köçmüşdür. O, ailə qurmuş və kirayədə yaşamağa davam etmişdir. Beləliklə, bu vaxtadək o, 54.000 manat pul vəsaitini kirayə haqqı olaraq ödəmişdir. Belə ağır vəziyyətdə olduğu vaxtda ona aidiyyatı olmayan, banka girov qoyulub pul götürülməsi üçün formal olaraq adına keçirilmiş başqasına aid mənzilin adında görünməsi səbəbi ilə ailəsinin çörəkpulu müavinəti kəsilmişdir. Dəfələrlə müraciət etsə də bərpa olunmamışdır. Sonradan məhkəmə qərarı ilə sübut təqdim etdikdən sonra bərpa edilmişdir. O arada 2000 manatdan çox ailəsinə faktiki ziyan dəymişdir. Ötən müddətdə müxtəlif dövlət qurumlarına dəfələrlə müraciət etməsinə baxmayaraq, mənzillə təmin edilməmişdir. Halbuki, qanunvericiliklə mənzillə təmin olunmalı idi. Bundan başqa, ötən müddətdə daimi yaşayış yerinin olmaması, tez-tez məkan-məhəllə dəyişməsi, məcburi köçkünlüyün yaratdığı sıxıntılar ona və ailəsinə ağır mənəvi sıxıntılar yaşatmış, onlara külli miqdarda mənəvi ziyan vurmuşdur. Ona dəyən mənəvi ziyanın miqdarı 50.000 manat civarında hesablanmalıdır. Göstərilənlərə əsasən tələb edir ki, ötən 15 il ərzində ödədiyi 54.000 manat kirayə pulunu, çörəkpulu müavinətinin kəsilməsi səbəb ilə ailəsinə dəymiş 2000 manat maddi ziyan, mənəvi sarsıntılarına görə 50.000 manat təzminat haqqını, cəmi 106.000 manat ona ödənilsin. Cavabdeh təşkilat göstərilən təzminatı ödəmək, onun düşdüyü ağır maddi durumun aradan qaldırılmasına kömək etmək əvəzinə, müxtəlif bəhanələrlə mübahisənin həllindən yayınır. Belə ki, Komitə onun müraciətini Komitənin sosial şöbəsinə, şöbə isə öz növbəsində ərizəni Laçın Rayon İcra Hakimiyyətinə yönləndirmişdir. Qərardadın təsviri hissəsində cavabdehin onun iddia tələbinə dair yazılı etirazı qeyd olunmuşdur. Tamamilə əsassız mülahizələrdən ibarət olan həmin etirazda məcburi köçkünlərin mənzillə təmin olunmasına dair qaydalar, zəruri tələblər uzun-uzadı göstərilsə də, onun müraciətinə cavab verilməməsinin səbəbləri qanuna müvafiq əsaslandırılmamışdır. Məsələn, etirazda qeyd olunur ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul edilmiş Dövlət Proqramında nəzərdə tutulmuş obyektlərdə müvəqqəti məskunlaşmadığından, onun ailə üzvləri ilə birlikdə müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi mümkün olmamışdır. Diqqətə çatdırır ki, cavabdehin bu arqumenti tamamilə əsassız olmaqla yanaşı, həm də iddiaya səbəb olan susmanın tezislərindən biridir. O isə iddia ərizəsində həmin susmanın əsassız olduğunu kifayət qədər geniş göstərmiş, məskunlaşmaq üçün etdiyi müraciətlərə müsbət cavab verilməməsinin onların hüquqlarını pozduğunu qeyd etmişdir. İddiaçı məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdələrə əsasən ayrıca yaşayış sahəsi əldə etmişdir. İddia ərizəsində göstərdiyi kimi, qeyd olunan mənzil xalası oğlu Eldənizin olmuş, o, sonradan evini satdığı üçün onlar kirayələrdə yaşamağa məcbur olmuşlar. Müavinətlərin verilməsi Komitənin deyil, İcra Hakimiyyətlərinin səlahiyyətindədir. Belə olan təqdirdə, məhkəmə üçüncü şəxsin - Laçın RİN-nin üzərinə vəzifə qoyulması məsələsinə baxmalıdır. İddiaçı iddia ərizəsində ona vurulduğunu iddia etdiyi maddi və mənəvi ziyana görə heç bir etibarlı sübut göstərməmişdir. Halbuki, onların illərlə kirayədə yaşaması, şəhərdəki kirayə qiymətləri, evsizliyin vurduğu mənəvi sarsıntının xüsusi sübutlarla əsaslandırılmasını tələb etmək özü-özlüyündə absurddur. Məhkəmənin iddianı mümkün saymaması yuxarıda göstərilən qanuni tələblərin rədd edilməsindən başqa, maddi, prosessual hüquq pozuntusu kimi nəzərə alınmalıdır. Belə ki, qərardadın 2-ci abzasında göstərilir ki, DƏDRX-nin məhkəmənin sorğusuna verdiyi xx.xx.2023-cü il tarixli cavaba əsasən İddiaçı adına daşınmaz əmlak qeydə alınmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh və 3-cü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Hesab edir ki, məhkəmə onların iştirakını təmin etməli, tələbə nə üçün cavab verilmədiyini aydınlaşdırmalı, yazılı etirazla kifayətlənməməli idi. Müəyyən vaxt ərzində adına olmuş mənzilin, əslində onların olmaması barədə həm yazılı, həm şifahi məlumatları məhkəməyə təqdim etsələr də, qərardadda bu fakta xüsusi istinad olunmuşdur. İddianın mümkün sayılmaması onun konstitusion hüququnun pozulması deməkdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquqlarının məhkəmədə qorunması təminatı vardır. Tamamilə doğru olardı ki, iddia mümkün sayılaraq mahiyyəti üzrə baxılardı. Cavabdehin, üçüncü şəxslərin iştirakı təmin olunardı, bərabərlik və çəkişmə prinsipinə əsasən aparılan məhkəmə prosesində ona da aydın olardı ki, o, tələbində haqlıdır, yoxsa haqsızdır. Məhkəmə hazırki qərardadla ona bu şəraiti yaratmamış və problemin çözülməsini yox, daha da qəlizləşməsini təmin etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki halda İddiaçı tərəfindən verilmiş iddia üzrə tələblər doğru inzibati (iddiaya cavab verməli olan) orqana yönəlməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbindən və apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı məcburi köçkün olduğu üçün mənzillə təmin edilməli olduğu halda, daşınmaz əmlakın dövlət reyestrində adına mənzil qeydiyyatda olduğundan mənzillə təmin edilməməsi səbəbindən bir neçə il kirayədə qalaraq kirayə pulu ödədiyi üçün, eləcə də bu müddətdə ona aylıq müavinət (yemək xərci əvəzinə) verilmədiyi üçün ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Lakin birinci instansiya məhkəməsi tərəfindən göstərilən iddia tələblərinin hər birinə ayrı-ayrılıqda qiymət verilməmiş, habelə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında iddiaçıya hüquqi yardım edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 3.5. Apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Göründüyü kimi, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Apellyasiya instansiyası məhkəməsi isə iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidir. Lakin birinci instansiyası məhkəməsi iddia tələblərinin hər birinə ayrı-ayrılıqda qiymət verilməmiş, yuxarıda qeyd olunan hallarla əlaqədar olaraq iddiaçıya hüquqi yardım etməmiş, yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv olunmalı, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11023/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(103)-1113/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1113/2024
28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver