Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1114/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər-"xxxx" MMC, "xxxx" MMC) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2-1(82)-2702/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20-29 sentyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən iddiaçının qanuni istifadəsində olan 0,0208 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, torpaq sahəsi və ona yerləşən fərdi yaşayış evinin birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 139,7 kv. metr fərdi yaşayış evi, xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Çıxarışdan göründüyü kimi, fərdi yaşayış evinin yerləşdiyi 0,0208 ha torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir. Həmin torpaq sahəsinin üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması, torpaq sahəsi və onda yerləşən fərdi yaşayış evi ilə birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq, Rövşən Səfıquliyevin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə xx.xx.2019-cu il tarixli ərizəyə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********05 saylı məktubu ilə cavab verilərək, ərizənin təmin edilməsindən imtina olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Buna görə də, ərizədə göstərilmiş inzibati aktın qəbulu məhkəmə qərarı ilə cavabdehə həvalə edilməlidir. xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın “torpaq sahəsi üzərində hüququn növü” qrafasında yazılmış “istifadə” sözü, həmin torpağın iddiaçının qanuni istifadəsində olduğunu təsdiq edir. Beləliklə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə uyğun olaraq, həmin torpaq sahəsi dövlət tərəfindən iddiaçının əvəzsiz istifadəsinə verilmişdir. Həmin torpaq üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etmək iddiaçının hüququdur. Cavabdeh orqan tərəfindən iddiaçının qanuni tələbindən imtina edilməsi isə əsassızdır. Məhkəmənin 29 avqust 2019-cu il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2-1(82)- 2702/2019 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: R.Daşdəmirov) Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə, iddianın təmin edilməməsinə dair mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli sərəncamı və xx.xx.2008-ci il tarixli icarə müqaviləsi ilə “Palmed" MMC-yə icarəyə verildiyi məlum olur. Halbuki, sübutların tədqiqi zamanı, “Palmed" MMC-yə icarəyə verilmiş torpaq sahəsinin ünvanının iddia ərizəsində göstərilmiş Təbriz küçəsi 77 ünvanı deyil, Təbriz küçəsi 858-ci məhəllə olduğu müəyyən edilmişdir. Araşdırma zamanı işə baxan hakim tərəfindən ünvanlarla bağlı qeyd olunan ziddiyyətə aydınlıq gətirilməsi cavabdeh orqanın nümayəndəsinə təklif olunsa da, nümayəndə bu halı izah edə bilməmişdir. Buna baxmayaraq məhkəmə tərəfindən müəyyən edilməmiş hala istinad edilmişdir. Həmçinin, qeyd etmək zəruridir ki, iddia tələbində göstərilmiş torpaq sahəsi 1926-cı ildən iddiaçı və onun ailəsinə məxsus olmaqla hüquqi cəhətdən yüklüdür, hasarın içərisində yerləşir. Həmin torpaq sahəsi üçüncü şəxslərin icarəsinə verilə bilməzdi. "Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 155-İQ saylı Qanunu 1996-cı ilin iyul ayında qüvvəyə minmiş, həmin qanunun 9-cu maddəsi ilə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir. Yəni, qanuni istifadədə olan həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüququnun əsası 1996-cı ildə yaranmışdır. Həmin hüququn reallaşdırılması isə, sonradan qəbul edilmiş normativ hüquqi aktlarla məhdudlaşdırılmır. Hazırki mübahisənin predmetini təşkil edən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun əsası 1996-cı ildə yaranmışdır. Bu səbəbdən, həmin hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməli idi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 713-İİQ saylı Qanunu xx.xx.2004-cü ildə qəbul olunmuşdur. Həmin qanun, buna qədər əldə edilmiş hüquq müəyyənedici sənədlərin qeydiyyatı üçün əsas olmasını istisna etmir. Məhz buna görə də həmin qanunun 8.0.8-ci maddəsinə görə bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xilam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Birinci instansiya məhkəməsi tərəfindən həmin normanın tələbi pozularaq, hüquq münasibətlərinin yarandığı 1996-cı ildə mövcud olmuş “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli 155-İQ saylı Qanunun müddəaları hüquq münasibətlərinə tətbiq edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2839/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-2702/2019 nömrəli iş üzrə 10 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan iddiaçının verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-668/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-2839/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)- 100/2021 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2702/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçının verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2397/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021ci il tarixli, 2-1(103)-100/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı İddiaçı və nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Təkrar apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə təkrar apelyasiya qaydasında baxılarkən iş üzrə üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək, yuxarı instansiya məhkəməsinin qərarında qoyulmuş göstərişləri nəzərə alaraq belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 77 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 4637 nömrəli vərəqində qeydiyyata alınmışdır. Çıxarışa əsasən sahəsi 0,0208 ha təşkil edən torpaq sahəsi dövlət mülkiyyətindədir və İddiaçı istifadəsindədir. İşdən məlum olur ki, İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 2 ünvanında yerləşən yaşayış evinə və torpaq sahəsinə vahid əmlak kimi dövlət reyestrindən çıxarış verilməsini xahiş etmiş, lakin inzibati orqan ərizəyə cavab olaraq 25 iyun 2019-cu il tarixli, **********05 saylı məktubla bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən sözügedən ərizəyə digər hüquqi şəxsin adına keçmiş DTXK tərəfindən kadastr planı verilmişdir. Bundan əlavə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin söküntü ərazisinə aid olub-olmaması barədə Nərimanov rayon İcra Hakimiyyətinə sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, Bakı şəhərinin Baş planına əsasən əsaslı şəkildə yenidənqurulması, həmçinin müxtəlif təyinatlı (yaşayış və qeyri-yaşayış) obyektlərinin tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşdiyindən, eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə layihəsi əsasında həmin ərazidə köçürülmə işləri aparıldığından ona məxsus evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun tanınması məqsədəuyğun hesab edilmir. Bundan əlavə fərdi yaşayış evinə dair texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. İşdən görünür ki, iddiaçı müraciətdə göstərilən eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə istinad edərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etsə də, məhkəmə iddiaçının mövqeyi ilə razılaşmır və bildirir ki, hazırkı iş üzrə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun deyil, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı normaları tətbiq edilməlidir. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 77 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların iddiaçının adına qeydiyyata alınması və çıxarışın verilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə istinad etməmiş və eləcə də, həmin halların hər hansı birinin mövcudluğunu təsdiq edən sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, torpaq sahəsinin iddiaçının istifadəsində olması daşınmaz əmlakın onun adına mülkiyyət hüququ əsasında qeydə alınmasına əsas ola bilməz. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 490 saylı sərəncamı və xx.xx.2008-ci il tarixli 0826 saylı icarə müqaviləsi ilə "xxxx" MMC-yə icarəyə verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.8 maddəsinə əsasən bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xilam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Ali Məhkəmənin işin yeni apellyasiya baxışına qaytarılması haqqında qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsinin öz qərarının əsaslandırılması ilə bağlı qeyd edilməlidir ki, Ali Məhkəmə Təbriz küçəsi, 77 saylı ünvanın həmin küçədə yerləşən 858 saylı məhəlləyə aid olub-olmamasının araşdırılması barədə konkret göstəriş vermişdir, lakin apellyasiya məhkəməsinin qərarında sözügedən məsələ aydınlaşdırılmamış, üstüörtülü cümlələrlə pərdələnmişdir. Ali Məhkəmənin digər göstərişi "xxxx" MMC-nin mübahisə üzrə konkret mövqeyini bildirməsi ilə olmuşdur ki, apellyasiya məhkəməsi məhkəmə iclasında həm "xxxx" MMC və həm də başqa üçüncü şəxs "xxxx" MMC mübahisəli ərazidə heç bir tikinti işlərinin aparılmadığını bildirmişlər. Həmin fakt apellyasiya məhkəməsinin özü tərəfindən də qərarının yuxarıda göstərilmiş əsaslandırma hissəsində də öz əksini tapmışdır. Eyni zamanda apellyasiya məhkəməsinin özü tərəfindən müəyyən edilmişdir ki, 199 nömrəli, xx.xx.1963-cü il tarixli Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışın surətindən göründüyü kimi ünvan 3 ünvanında yerləşən mülkün 1/3nin iddiaçının anası X1 məxsus olması qeyd edilmişdir. Bundan başqa Ali Məhkəmə konkret olaraq belə nəticəyə gəlmişdir ki, xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışla Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 77 ünvanda yerləşən 0,0208 ha torpaq sahəsi üzərində iddiaçının qanuni hüququnun mövcudluğu müəyyən edilir. Lakin apellyasiya məhkəməsi Ali Məhkəmənin sözügedən hüquqi mövqeyini də nəzərə almamışdır. Bu baxımdan cavabdehin iddiaçıya ünvanlandığı imtina məktubundan da “sözügedən əraziyə digər hüquqi şəxsin adına keçmiş DTXK tərəfindən kadastr” kimi cavabı ümumiyyətlə Ali Məhkəmənin yuxarıda göstərilmiş hüquqi mövqeyinə zidd olmaqla yanaşı, həmin məsələ ümumiyyətlə tam və hərtərəfli araşdırılmamışdır. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən iddiaçıya sözügedən fərdi yaşayış evinə ******* saylı,xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın nəyə əsasən verilməsi barədə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə sorğu göndərilməli və araşdırılmalıdır, belə ki, ən azından ümumi sahəsi 139,7 kv.m. olan və iddiaçının xüsusi mülkiyyətindəki evin altında yerləşən torpaq sahəsi də iddiaçının mülkiyyətində olmaqla, başqa şəxslərə verilə bilməz. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, ünvan 5 fərdi yaşayış evi İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evinin X6 məxsus olmuş hissəsi 77A saylı ünvan alaraq ümumi mülkdən ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq iş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik haqqında Şəhadətnamədən müəyyən olunur ki, 30 dekabr 2006-cı il tarixdə vəfat etmiş X2 vərəsəsi qardaşı İddiaçıdur və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2015-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin reyestr № **********72-10301, qeydiyyat № **********, xx.xx.2008-ci il tarixli reyestrdən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 77 ünvanında yerləşən 9 otaqlı fərdi yaşayış evindən paylı mülkiyyət hüquq üzrə X3 məxsus olan A tikilisi- (ü/s 42.3 kv.metr) hissədən ibarətdir. Həmçinin iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti yanında Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin tərtib etdiyi xx.xx.2003-cü il tarixli 6/1416 saylı “Fərdi yaşayış evinin texniki pasportu”ndan müəyyən olunur ki, hazırda iddiaçıya məxsus yaşayış evi 1926-cı ildə tikilmiş və 221.8 kv.metr meydança sahəsi olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********41 №-li cavab məktubuna əsasən elektron kadastr baza məlumatlarına əsasən İddiaçı istifadəsində olan 0.0208 ha torpaq sahəsi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 490 saylı sərəncamı və xx.xx.2008-ci il tarixli, 0826 saylı icarə müqaviləsi əsasında "xxxx" MMC nin adına verilmiş 0.18 ha torpaq sahəsi daxilində yerləşir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı, vəkili Vəkil və cavabdehin tərəfindən təhkim edilmiş mütəxəssis X5 iştirakı ilə xx.xx.2022-ci il tarixdə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 77 ünvanda yerləşən sahəsi 208 kv m2 olan ərazi köhnə hasarla əhatə olunaraq daxilində xx.xx.2003-cü il tarixli Texniki Pasportda göstərilən A tikilisinin bir hissəsi və 2 mərtəbəli Q tikilisi mövcuddur. İddiaçı hal-hazırda həmin evin bir hissəsində yaşayır. Ərazinin eni 7 metr, uzunlugu 40 metr təşkil edir. Hasardan kənarda hər hansı tikinti işlərinin aparılması müşahidə olunmur. Həmçinin həyətdə yerləşən tikililərin həyətin tam eni boyunca (hasardan-hasara) yerləşməsi həmin ərazinin digər üçüncü şəxslərə ayrılmasını mümkünsüz edir. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti yanında Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin tərtib etdiyi xx.xx.2003-cü il tarixli 6/1416 saylı “Fərdi yaşayış evinin texniki pasportu”ndan görünür ki, hazırda mübahisəli ərazidə olan iddiacıya məxsus yaşayış evi (A tikilisi) 1926-cı ildə tikilmiş və 221.8 kv.m sahəsi olmuşdur. Eyni zamanda 199 nömrəli, xx.xx.1963-cü il tarixli Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışın surətindən göründüyü kimi ünvan 3 ünvanında yerləşən mülkün 1/3-nin iddiaçının anası X1 məxsus olması qeyd edilmişdir. Həmçinin, mübahisəli ərazidə Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısinin 189 caylı xx.xx.2003-cü il tarixli Sərəncamı ilə Təbriz küçəsi 77 saylı evdə aparılmış inşaat işlərinin sənədləşdirilməsinə icazə verilmiş, xx.xx.2003-cü il tarixli Texniki Pasport tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan göründüyü kimi ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 88.3 və 139,7 kv. metr fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində, fərdi yaşayış evinin yerləşdiyi 0,0208 ha torpaq sahəsi isə iddiaçının qanuni istifadəsindədir. Daşınmaz Əmlakın texniki inventarlaşdırılması və qiymətləndirmənin təşkili şöbəsinin mütəxəssisi X8 tərəfindən tərtib edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktından müəyyən olunur ki, Nərimanov rayonu, Təbriz küçəsi 77 ünvanında yerləşən 9 y/ot ibarət fərdi yaşayış evinin hüquq müəyyənedici sənəd üzrə və faktiki olaraq ümumi sahəsi 228.0 m2 və yaşayış sahəsi 178.7 m2-dir. Ərizəçinin istifadəsində əlavə S=5.6 m2 sahə mövcuddur. Kadastrla planla verilmiş faktiki sahə 283 m2-dir. Faktiki sahə **********0123 saylı kadastr planın bir hissəsiylə üst-üstə düşür. Kadastrla planı "xxxx" MMC-nin adına verilmişdir (0,18 ha). Fərdi yaşayış evinə dair texniki pasport olmadığından ətraflı məlumatın yazılması mümkün olmadı. Əvvəlki apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili izahat verərək, həmin ərazidə hazırda tikinti işlərinin aparılmadığını, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-yə münasibətdə verilmiş sərəncamın ləğv edildiyini bildirmişçdir. Digər üçüncü şəxsin vəkili izahat verərək, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-yə müvafiq ərazidə 0,38 ha torpaq sahəsinin icarəyə verildiyini, daha sonra tərəflərindən bu torpaq sahəsinin 0.18 ha-nın "xxxx" MMC-nin icarəsinə verildiyini, lakin sonradan razılaşma olmadığından "xxxx" MMC tərəfindən torpaq sahəsinin geri qaytarıldığını, "xxxx" MMC tərəfindən orada heç bir tikinti işlərinin aparılmadığını, hazırda 0,38 ha torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsində olduğunu bildirmişdir. Apellyasiya baxışı zamanı Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən verilmiş sorğuya cavab olaraq iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********88 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 5 ünvan 858-ci məhəllədə yerləşir. Məhkəmə kollegiyası mübahisəli torpaq sahəsinin üçüncü şəxslərin icarəsinə verilməsi ilə bağlı qeyd edir ki, "Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 155-İQ saylı Qanunu 1996-cı ilin iyul ayında qüvvəyə minmiş, həmin qanunun 9-cu maddəsi ilə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir. Yəni, qanuni istifadədə olan həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüququnun əsası 1996-cı ildə yaranmışdır. İş materiallarından göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 77 ünvanda yerləşən 0,0208 ha torpaq sahəsi üzərində iddiaçının qanuni hüququnun mövcudluğu müəyyən edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Göründüyü kimi, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apelyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2-1(82)- 2702/2019 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı qanuni istifadəsində olan 0,0208 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1114/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1114/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver