Məhkəmə qərarları › İş №2-1(103)-1114/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1114/2023

10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1114/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçının qanuni təmsilçisi X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 üzrə Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10008/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyul 2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə 1814 qeydiyyat nömrəsi ilə qeydə alınmış İddiaçı “Nizamnaməsinə edilmiş Dəyişiklik”ə əsasən müəssisə xx.xx.1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, **********762800 saylı xx.xx.2021-ci il tarixli “Çıxarış”dan görünür ki, İddiaçı qanuni təmsilçisi X6r. Bakı şəhəri X17 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********762800 saylı 24 may 2022ci il tarixli qərardan görünür ki, İddiaçı barəsində İ rüb 2022-ci il hesabat dövrünə dair Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə - vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş 810 manat vergi və ya sığorta haqqına görə müəssisəyə 810 manat əlavə vergi borcu hesablanmışdır. Qərarda faizlərin təfsilatı kimi aşağıdakılar qeyd olunmuşdur: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1-ci maddəsinə görə vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaq şərti ilə vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi, sığorta haqqı və ya cari vergi ödəməsi məbləğindən qanunvericilikdə müəyyən edilmiş dərəcə ilə faiz tutulur. Hazırda İddiaçın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********762800 saylı 24 may 2022-ci il tarixli qərarının ləğv edilməsi”ni tələb edir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, müəssisə özünə məxsus torpaq sahəsini icarə müqaviləsi əsasında başqa bir təşkilata icarəyə vermişdir. Əraziyə nəzarət etmək üçün müəssisənin 4 nəfər işçi ilə 2021-ci ilin sonuna kimi rəsmi əmək müqaviləsi olmuşdur. 2022-ci ilin əvvəlində icarəyə götürən tərəf sahəyə öz işçilərinin nəzarət edəcəyini bildirdikdən sonra xx.xx.2022-ci il ildən həmin işçilərlə bağlanmış əmək müqaviləsinə rəsmi olaraq xitam verilmişdir. Bununla belə, Vergi orqanı tərəfindən əmək müqaviləsinə xitam verilmiş işçilərə görə əsassız olaraq “Sosial sığorta və İşsizlik sığortası” üçün kameral vergi hesablanmışdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqavilələri bildirişləri” elektron bazasına əsasən 2022-ci ilin yanvar və fevral aylarında hüquqi şəxs İddiaçınə məxsus 4 nəfər işçi sayının və 1200,0 manat aylıq əmək haqqı fondunun olduğu, 2022-ci ilin mart ayı ərzində isə 1 nəfər işçi sayının və 300,0 manat aylıq əmək haqqı fondunun olduğu müəyyən edilmişdir. Eyni zamanda uçot-baza məlumatlarına əsasən 2022-ci ilin yanvar-mart ayları ərzində vergi ödəyicisi tərəfindən əmlakın icarəyə verilməsi ilə bağlı ümumilikdə 4200,0 manat dəyərində elektron qaimə-fakturaların təqdim olunduğu müəyyən edilmişdir. Beləliklə, uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin 2022-ci ilin yanvar-mart ayları ərzində işçi sayının, əmək haqqı fondunun və iqtisadi göstəricilərinin olduğu müəyyən edilməsinə baxmayaraq, tərəfindən 2022-ci ilin 1-ci rübü üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsində (hesabatında) yanvar-mart ayları üçün işçi sayının və əmək haqqı fondunun göstərilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar yaranmış kənarlaşmaya görə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********460700 nömrəli “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə yaranmış kənarlaşmalar barədə” bildiriş göndərilərək, dəqiqləşdirilmiş bəyannaməni, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədlərini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadıği üçün kameral vergi yoxlaması ilə 2022-ci ilin 1-ci rübü üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə 810,0 manat əlavə sosial sığorta haqqı məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə İdarə tərəfindən xx.xx.2022-ci il tarixli **********797700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10008/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddianın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70. 73. 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Müəssisəsinin direktorunun- X3 01№-li 01 yanvar 2022-ci il tarixli əmri ilə X12, X15, X16 və X4 əmək müqavilələrinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair bildirişlər işəgötürən tərəfindən elektron informasiya sistemində xx.xx.2022-ci il tarixində yerləşdirilməsinə baxmayaraq xx.xx.2022-ci il tarixindən etibarən əmək müqaviləsinə xitam verilmiş şəxslərə heç bir əmək haqqı ödənilməmişdir. xx.xx.2022-ci il tarixindən etibarən heç bir əmək haqqının ödənilməməsi faktını əmək müqaviləsinə xitam verilmiş şəxslərin özü də təsdiq edə bilər. Qeyd olunanlara əsasən, əgər əmək müqaviləsinə xitam verilibsə və faktiki olaraq əmək müqaviləsinə xitam verilən gündən heç bir əmək haqqı ödənilməyibsə, vergi və ya sığorta haqqına görə borc hesablana bilməz, buna görə də cavabdeh tərəfindən **********797700 saylı xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə iddia tələbi əsaslıdır. Yuxarıda qeyd edildiyi kimi faktiki olaraq əmək müqaviləsinə xx.xx.2022-ci ildə xitam verilmiş, lakin informasiya sisteminə xx.xx.2022-ci il tarixində yerləşdirilmişdir. Bakı İnzibati Məhkəməsi qərarında uçot-baza məlumatlarında əmək haqqı fondunun və iqtisadi göstəricilərin olduğunun müəyyən edilməsinə baxmayaraq 2022-ci ilin 1-ci rübü üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsində (hesabatında) yanvar-mart ayları üçün işçi sayının və əmək haqqı fondunun göstərilməməsi kənarlaşmanın yaranmasına səbəb olduğu göstərilmişdir. Hesab edir ki, məhkəmə qanunvericiliyi tətbiq etsə də, işin faktiki hallarını tam araşdırmamışdır. Çünki məhkəmə yalnız əmək müqaviləsinə xitam verilməsinə dair bildirişlərin xx.xx.2022-ci il tarixində elektron informasiya sisteminə yerləşdirilməsi faktının üstündə dayanmışdır. İşin faktiki hallarının, yəni əmək müqaviləsinə xitam verilmiş şəxslərə xx.xx.2022-ci ildən etibarən əmək haqqının ödənilməməsinin təsdiq edilməsi üçün həmin şəxsləri məhkəmə araşdırmasına cəlb edə bilərdi. Bunları nəzərə alaraq məhkəmənin yalnız əmək müqaviləsinin elektron informasiya sisteminə gec yerləşdirilməsi və buna görə iddia tələbinin təmin edilməməsi mövqeyi ilə razılaşmır. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçı apellyasiya şikayətində əsassız olaraq bildirmişdir ki, müəssisənin 4 nəfər işçisi ilə 2021-ci ilin sonuna kimi rəsmi əmək müqaviləsi olmuşdur. xx.xx.2022-ci ildən həmin işçilərlə bağlanmış əmək müqaviləsinə rəsmi olaraq xitam verilmişdir. Bununla belə, vergi orqanı tərəfindən əmək müqaviləsinə xitam verilmiş işçilərə görə əsassız olaraq “Sosial sığorta və işsizlik sığortası” üçün kameral vergi hesablanmışdır. Qeyd olunanın əksinə bildirilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən X7 xx.xx.2020-xx.xx.2022-ci il tarixlərdə, X4 xx.xx.2019-xx.xx.2022-ci il tarixlərdə, X5 xx.xx.2019-xx.xx.2022-ci il tarixlərdə, X8 xx.xx.2019- xx.xx.2022-ci il tarixlərdə “Beton" Müəssisəsi ilə qüvvədə olan əmək müqavilələri olmuşdur. Apellyasiya şikayətinə dair yazılı etiraza münasibətin dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraza münasibət iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, cavabdeh apellyasiya şikayətinə etirazda bildirir ki, 2022-ci ilin 1-ci rübü üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsində (hesabatında) yanvar-mart ayları üçün işçi sayının və əmək haqqı fondunun göstərilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Belə ki, müəssisədə fəaliyyət göstərən 4 işçi öz ərizələri əsasında xx.xx.2022-ci il tarixində işdən azad olunmuş və bu tarixdən etibarən faktiki olaraq işləməmişlər. Həmin işçilərə əmək müqaviləsinə xitam verildiyi tarixdən əmək haqqı ödənilməmişdir. Mühasibin səhlənkarlığı nəticəsində işçilərin əmək müqaviləsinə xitam verilməsi portala xx.xx.2022-ci il tarixində daxil edilmişdir. Bununla əlaqədar 2022-ci ilin İ rübü Vahid Bəyannamə dəqiqləşmiş hesabat təqdim edilərək müvafiq məlumatlar bəyan edilmişdir. Qeyd olunanlara əsaslanaraq hesab edilir ki, işçilərin əmək müqaviləsinə xitam verilibsə və xitam verilən andan etibarən işçilərə əmək haqqı ödənilməyibsə, vergi və ya sığorta haqqına görə borc hesablana bilməz. Cavabdeh etirazda işçilərin əmək müqaviləsinə xitam verilməsinin xx.xx.2022-ci il tarixində portala daxil edilməsi əsası üzərində dayanır. Lakin həmin işçilərin ərizələri və işdən azadolunma ilə bağlı əmrdən də görünür ki, əmək müqavilərinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X13 iddia ərizəsini, apellyasiya şikayətini və apellyasiya şikayətinə yazılı etiraza dair münasibəti müdafiə edərək və onların məzmununa uyğun izahat verərək bildirmişdir ki, vergi orqanı tərəfindən ona 810 manat verginin hesablanması üçün əsas olan hal- 2021-ci ilin İ rübündə 4 nəfər işçisinin olması və əmək haqqı alması barədə aktiv əmək müqavilələrinin sistemdə qalması sırf mühasibinin səhvi ucbatından baş vermişdir. Belə ki, həmin 4 nəfər işçinin işdən azad olunması barədə ərizələri xx.xx.2022-ci il tarixədək olmuş və onların xx.xx.2022-ci il tarixdən işdən azad olunması barədə əmr vermişdir. Lakin həmin məlumat mühasibi tərəfindən sistemə işlənmədiyi üçün aktiv əmək müqavilələrinin mövcüdluğu əsas götürülərək ona vergi hesablanmışdır. Halbuki tərəfindən həmin şəxslərə qeyd olunan dövrdə əmək haqqı verilməmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, vergi ödəyicisinin 2021-ci ilin İ rübü üzrə 4 nəfər işçisinin olması və əmək haqqı alması barədə aktiv əmək müqavilələri olmuşdur, bunun əsasında mübahisələndirilən qərar üzrə vergi ödəyicisinə 810 manat verginin hesablanması bu qaydada aparılmışdır: 2022-ci ilin İ rübünə dair iddiaçı tərəfindən göstərilmiş əmək haqqı cədvəlinə və aktiv əmək müqaviləsi məlumatına əsasən yanvar və fevral ayları üzrə müəssisədə dörd nəfər işçi, mart ayı üzrə isə bir işçi çalışıb, 300 manat aylıq, ümumilikdə isə 2700 manat əmək haqqı aldığı üçün, həmin 2700 manatın 25%-i məcburi dövlət sosial sığorta haqqı üzrə- 675 manat, 2700 manatın 1%-i işsizlikdən sığorta haqqı üzrə- 27 manat, 2700 manatın 4%-i icbari tibbi sığorta haqqı üzrə- 108 manat təşkil etmişdir ki, bununla da ümumilikdə 810 manat (675+27+108=810) manat məbləğində vergi hesablanmışdır. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Kollegiya ilk öncə onu qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən qərarın ləğvi ilə bağlı məhkəməyə vaxtında müraciət edildiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl olunmuşdur. İddianın mümkün məsələsi cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, vergi orqanı tərəfindən 2022-ci ilin yanvar və fevral aylarında hüquqi şəxs İddiaçınə məxsus 4 nəfər işçi sayının və 1200,0 manat aylıq əmək haqqı fondunun olduğu, 2022-ci ilin mart ayı ərzində isə 1 nəfər işçi sayının və 300,0 manat aylıq əmək haqqı fondunun olduğu müəyyən edilmişdir. Eyni zamanda uçot-baza məlumatlarına əsasən 2022-ci ilin yanvar-mart ayları ərzində vergi ödəyicisi tərəfindən əmlakın icarəyə verilməsi ilə bağlı ümumilikdə 4200,0 manat dəyərində elektron qaimə-fakturaların təqdim olunduğu müəyyən edilmişdir. Beləliklə, uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin 2022-ci ilin yanvar-mart ayları ərzində işçi sayının, əmək haqqı fondunun və iqtisadi göstəricilərinin olduğu müəyyən edilməsinə baxmayaraq, tərəfindən 2022-ci ilin 1- ci rübü üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsində (hesabatında) yanvar-mart ayları üçün işçi sayının və əmək haqqı fondunun göstərilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar yaranmış kənarlaşmaya görə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********460700 nömrəli “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə yaranmış kənarlaşmalar barədə” bildiriş göndərilərək, dəqiqləşdirilmiş bəyannaməni, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədlərini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunsa da, kənarlaşma aradan qaldırılmamışdır. Nəticədə Bakı şəhəri X17 üzrə Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********762800 saylı 24 may 2022-ci il tarixli qərarla İddiaçı barəsində İ rüb 2022-ci il hesabat dövrünə dair Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə - vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş 810 manat vergi və ya sığorta haqqına görə müəssisəyə 810 manat əlavə vergi borcu hesablanmışdır. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin sözügedən qərarının ləğv edilməsi”ni tələb edir. İş üzrə birinci instansiya məhkəməsi İddiaçı (direktor Abbasov A.T.) 01 saylı 01 yanvar 2022-ci il tarixli əmri ilə X12, X15, X16 və X4 xx.xx.2022-ci il tarixdən işdən azad edilmələri və onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi əmr edilsə də, qeyd olunan əmək müqavilələrinə xitam verilməsinə dair bildirişlərin işəgötürən tərəfindən elektron informasiya sistemində yalnız xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmasına istinad edərək, iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Vergi Məcəlləsi vergi ödəyiciləri tərəfindən büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər, o cümlədən kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlaması həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Vergi qanunvericiliyi qeyd olunan yoxlamalardan hər birinin keçirilmə şərtlərin və qaydalarını tənzimləyir. Nəzərə almaq lazımdır ki, vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə həmin yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara istinad etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən maddələrin mənasına görə, kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. Hazırki işdə vergi orqanı tərəfindən 2022-ci ilin yanvar və fevral aylarında hüquqi şəxs İddiaçınə məxsus 4 nəfər işçi sayının və 1200,0 manat aylıq əmək haqqı fondunun olduğu, 2022-ci ilin mart ayı ərzində isə 1 nəfər işçi sayının və 300,0 manat aylıq əmək haqqı fondunun olduğu müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən 2022-ci ilin yanvar-mart ayları ərzində vergi ödəyicisi tərəfindən əmlakın icarəyə verilməsi ilə bağlı ümumilikdə 4200,0 manat dəyərində elektron qaimə-fakturalar təqdim olunduğundan əlaqəli məlumat əsasında müəssisənin fəaliyyətinin olduğu müəyyən olunmuşdur. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən 2022-ci ilin 1-ci rübü üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsində (hesabatında) yanvar-mart ayları üçün işçi sayı və əmək haqqı fondu göstərilməmişdir, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Həmin kənarlaşmaya görə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********460700 nömrəli “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə yaranmış kənarlaşmalar barədə” bildiriş göndərilərək, dəqiqləşdirilmiş bəyannaməni, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədlərini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuş, lakin qeyd olunan kənarlaşma aradan qaldırılmamışdır. Nəticədə vergi orqanı tərəfindən iddiaçı barəsində 810 manat verginin hesablanması barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. İddiaçı vergi orqanının qeyd etdiyi kənarlaşma ilə bağlı bildirir ki, onun işçiləri xx.xx.2022-ci il tarixədək işdən azad olunsalar da, bu barədə əmək müqaviləsinin aktiv olmadığı barədə məlumat mühasibinin səhvi ucbatından sistemə işlənməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli ərizələrin surətlərindən görünür ki, X12, X15, X16 və X14 İddiaçı rəhbərinə müraciət edərək, öz xahişləri ilə işdən azad olunmalarını xahiş etmişlər. Ərizələrin üzərinə A.Abbasov tərəfindən “xx.xx.2022-ci il tarixdən işdən azad edilsin” dərkənarı qoyulmuşdur. İddiaçı (direktor Abbasov A.T.) tərəfindən verilmiş 01 saylı 01 yanvar 2022-ci il tarixli əmrdən görünür ki, qeyd olunan əmrlə xx.xx.2022-ci il tarixdən X12, X15, X16 və X4 öz xahişləri ilə işdən azad edilmələri və əmək müqavilələrinə xitam verilmələri qərara alınmışdır. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən hesab edir ki, vergi orqanı tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli qərarın qəbul edilməsi qanuni və əsaslı olmuşdur. Belə ki, əvvəla İddiaçı ilə X12, X15, X16 və X14 arasında bağlanmış əmək müqavilələrinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildiriş”lərindən görünür ki, qeyd olunan bildirişlər elektron informasiya sistemində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində - a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək və c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 183 №-li qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilmişdir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verildikdə, aşağıdakı məlumatlar elektron informasiya sistemi vasitəsilə “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilir: 6.1.1. əmək müqaviləsinə xitam verilməsi barədə əmrin nömrəsi və tarixi; 6.1.2. əmək müqaviləsinə xitam verilməsinin əsası; 6.1.3. işəgötürənin adı; 6.1.4. işçinin soyadı, adı, atasının adı; 6.1.5. işçinin fərdi identifikasiya nömrəsi (FİN); 6.1.6. “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nin nömrəsi və tarixi. Həmin Qaydaların 6.2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair məlumatlar elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 5 nömrəli əlavəsində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq işəgötürənə sistem vasitəsilə bu Qaydaların 8 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə yaranmış kənarlaşmalar barədə bildirişdə qeyd edilmişdir ki, Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əmək haqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında ödənilir. Həmin qanunun 14.5.5-ci maddəsinə əsasən vəkillər kollegiyasının üzvləri, sərbəst mediatorlar, sərbəst auditorlar, sərbəst mühasiblər - gəlirlərinin (xərclər çıxılmaqla) 10 faizi miqdarında sosial sığorta ödənilir. Hazırki işdə uçot-baza məlumatlarına əsasən 2022-ci ilin 1-ci rübü üzrə sahibkarlıq fəaliyyətinin faktiki olaraq mövcud olmasına (gəlirlərin olmasına) baxmayaraq, vergi ödəyicisi tərəfindən bu dövr üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) təqdim edilmədiyindən və ya göstəricilər azaldılmaqla təqdim edildiyindən, bu da kənarlaşmanın yaranmasına səbəb olduğu üçün vergi orqanı tərəfindən yaranmış kənarlaşmanın aradan qaldırılması üçün 5 (beş) gün ərzində 2022-ci ilin 1-ci rübü üzrə cari və ya dəqiqləşdirilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatı) və ya zəruri olan sənədlər əlavə edilməklə əsaslandırılmış ətraflı izahat məktubunun təqdim edilməsi vergi ödəyicisinə bildirilmişdir. Təqdim edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatdan görünür ki, X12, X15, X16 və X14 ilə İddiaçı arasında bağlanmış müddətsiz əmək müqavilələri 02 mart 2023-cü il tarixdə ləğv edilmişdir. Göründüyü kimi, kameral vergi yoxlaması aparılan dövrə adı çəkilən şəxslərin aktiv əmək müqavilələri olmuş və onların aktiv əmək müqaviləsinə əsasən aylıq 300 manat məbləğində əmək haqqı aldığı müəyyən olunur. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqanın nümayəndəsi Orxan Heydərli vergi ödəyicisinə tətbiq olunan 810 manat verginin açıqlamasını verərək bildirmişdir ki, həmin məbləğin hesablanması bu qaydada aparılmışdır: 2022-ci ilin İ rübünə dair iddiaçı tərəfindən göstərilmiş əmək haqqı cədvəlinə və aktiv əmək müqaviləsi məlumatına əsasən yanvar və fevral ayları üzrə müəssisədə dörd nəfər işçi, mart ayı üzrə isə bir işçi çalışıb, 300 manat aylıq əmək haqqının alındığı nəzərə alınmaqla, yanvar və fevral ayları üzrə 4 nəfər işçi x 300 manat = 2400 manat, mart ayında isə 1 nəfər işçi x 300 manat, ümumilikdə 2700 manat (2400 + 300) əmək haqqı aldığı üçün, həmin 2700 manatın 25%-i məcburi dövlət sosial sığorta haqqı üzrə 675 manat, 2700 manatın 1%-i işsizlikdən sığorta haqqı üzrə 27 manat, 2700 manatın 4%-i icbari tibbi sığorta haqqı üzrə 108 manat təşkil etmişdir ki, bununla da ümumilikdə 810 manat (675+27+108=810) manat məbləğində vergi hesablanmışdır. Beləliklə, vergi orqanının iddiaçı barəsində kameral vergi yoxlaması ilə bağlı **********762800 saylı 24 may 2022-ci il tarixli qərarı qəbul etməkdə haqlı olduğu müəyyən olunur. Yəni, hazırki işdə cavabdeh inzibati orqan İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu tam sübuta yetirir. İddiaçının isə iddia ərizəsində və apellyasiya şikayətində qeyd etdiyi hallar məhkəmə araşdırması zamanı təsdiqini tapmamış, cavabdeh tərəfindən təqdim edilmiş yoxlama materialları ilə təkzib edildiyi üçün o, vergi orqanının qərarının qanunsuz və əsassız olub, onun hüquqlarını pozduğunu sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etməklə, formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10008/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10008/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar