Məhkəmə qərarları › İş №2-1(103)-1114/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1114/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1114/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X9 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (oğlu) X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-992/2024 saylı 05 noyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyinin xx.xx.2003-cü il tarixdə verilmiş 19081 saylı müqaviləsinə əsasən iddiaçının istifadəsinə verilmiş Novxanı bağlar sahəsindəki 1093A saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddiaçının nümayəndəsinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi əsasında iddia tələbi “Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin Baglar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə baglanmış 19081 saylı 15 sentyabr 2003-cü il tarixli müqaviləyə əsasən istifadəsinə verilmiş Bakı şəhəri Novxanı bağlar sahəsində 0,06 ha olan 1093a saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəqiqləşdirilmiş və ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-992/2024 saylı 05 noyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı münasibətdə iddianın geri götürülmüş sayılması, iş üzrə icraata xitam verilməsi və iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iş üzrə icraatın davam etdirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə hazırlıq icraatı mərhələsində məhkəmə iclasları xx.xx.2023, xx.xx.2023-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri və sms xəbərdarlıq göndərilmiş, xx.xx.2023-cü, xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarında iddiaçı (nümayəndəsinin) iştirakını təmin etsə də, növbəti məhkəmə iclaslarında iştirakını təmin etməmişdir. O, yaşlı qadın olmaqla səhhəti ilə bağlı məhkəmənin iclaslarına gedə bilmədiyindən, oğluna məhkəmədə onu təmsil etməsi üçün etibarnamə vermişdir. Oğlu Bakı Dövlət Universitetində müəllim işləyir. Məhkəmə iclasının xx.xx.2024-cü il tarixə təyin edildiyi gün oğlu ona dərsdən çıxa bilmədiyini ona görə məhkəməyə gedə bilməyəcəyini bildirdiyindən, bu barədə zəng edib hakimə demələri üçün məhkəmənin dəftərxanasına bildirmiş və məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclası günü isə oğlu məhkəmənin iclasına 15 dəqiqə gecikmiş və o, məhkəməyə çatanadək hazırki qərardad qəbul edilmişdir. Məhkəmə iclası barədə ona sms məlumatlar gəlmiş, lakin ona məhkəmənin bildirişi gəlməmiş və ona məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən artıq müddət ərzində məhkəmə icraatından yayındığı halda iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilməmiş və bu barədə qanunvericiliyin tələbləri izah edilməmişdir. Qeyd olunan halları diqqətə çatdıraraq, məhkəmənin iclasında iştirak etməməyinin üzürlü səbəbdən olmasını, iddianı geri götürmədiyini qeyd edərək, verilmiş iddiaya mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün müvafiq qərardadın ləğv edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi (oğlu) X5 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilib-edilməmə məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi, “Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin Baglar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə baglanmış 19081 saylı 15 sentyabr 2003-cü il tarixli müqaviləyə əsasən istifadəsinə verilmiş Bakı şəhəri Novxanı bağlar sahəsində 0,06 ha olan 1093a saylı bağ sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi” ilə bağlıdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə İPM-in 55.3-cü maddəsinə istinad edərək İddiaçı münasibətdə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddia tələbini geri götürülmüş saymaqla düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş üzrə hazırlıq icraatı mərhələsində məhkəmə iclasları xx.xx.2023, xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri və sms xəbərdarlıq göndərilmiş, xx.xx.2023, xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarında iddiaçı (nümayəndəsinin) iştirakını təmin etsə də, növbəti məhkəmə iclaslarında iştirakını təmin etməmişdir. Bunun nəticəsində məhkəmə mübahisələndirilən qərardadı qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Qeyd olunan maddənin məzmunundan görünür ki, iddiaçının iddia tələbinin geri götürülmüş sayılmasını qanunvericilik məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq məhkəmə icraatından yayınması ilə şərtləndirir. Belə ki, maddənin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən verilmiş ərizə nəticəsində iddianın geri götürülmüş sayılması qanunla müəyyən edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunverici bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni, məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. Hazırki işdən iddianın geri götürülmüş sayılmasının hüquqi nəticələri barədə iddiaçının xəbərdar olunmasını göstərən bildirişin olmadığı müəyyən olunur. Həm də nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.2023, xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarında nümayəndəsi vasitəsilə təmsil olunmuşdu. Odur ki, məhkəmə kolegiyası hesab edir ki, hazırki işdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulmuş prosessual əsaslar olmadığından məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-992/2024 saylı 05 noyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova X13 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar