Məhkəmə qərarları › İş №2-1(103)-1115/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1115/2021

06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1115/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Hüseyn Aida Əli qızı, Məmmədov Vidadi Məmməd oğlu və Nuriyeva Afaq Bayram qızından ibarət tərkibdə, Musayev Kamran İbrahim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə qarşı “orderdən və orderin verilməsi üçün təqdim edilmiş siyahıdan “xidməti” sözünün çıxarılması və mənzilin özəlləşdirməyə təqdim edilməsi vəzifəsinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2- 1(112)-3765/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayon İcra Hakimiyyəti başçısının 22.10.1998-ci il tarixli 1408 nömrəli sərəncamı ilə təsdiq edilmiş 27.10.1998-ci il tarixli orderdən və orderin verilməsi üçün təqdim edilmiş 26.11.2019-cu il tarixli S-631 nömrəli siyahıdan “xidməti” sözünün çıxarılmasını və Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi 23A nömrəli evin 35 nömrəli mənzilinin İddiaçı mülkiyyətinə, arvadı Gülnarə, qızları Pərvanə və Elgina ailə tərkibi olmaqla özəlləşdirilməyə təqdim edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, 1978-ci il mayın 17-dən 1980-ci il mayın 04-dək Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət, 1983-cü il oktyabrın 14-dən 1992-ci il aprelin 02-dək Sovet Ordusunda gizir, bundan sonra isə 2009-cu il aprelin 11dək Azərbaycan Respublikasının Müdafı Nazirliyində mayor rütbəsilə zabit hərbi xidmətini keçmişəm. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən yaşa görə silahlı qüvvələrdən ehtiyata buraxılaraq, pensiyaya çıxmışdır. Xidmət keçdiyi dövrdə, yəni 1987-ci ildə cavabdeh təşkilat ona 4-cü mikrorayon, Cavadxan küçəsi, 23 A nömrəli evin iki otaqlı 33 nömrəli mənzilini daimi yaşamaq üçün vermişdir. Birinci mərtəbə səsküylü və əlverişsiz olduğuna görə sonradan, onun müraciəti ilə cavabdeh orqan Yasamal rayon İcra Hakimiyyəti başçısının 22.10.1998-ci il tarixli 1408 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 27.10.1998-ci il tarixli orderlə həmin evin ikinci mərtəbəsində əvvəlki mənzili boşaldaraq təhvil vermək şərtilə, ona ailəsi ilə birlikdə 35 nömrəli iki otaqlı mənzili vermişdir. O 33 nömrəli mənzili boşaldıb, 35 nömrəli mənzilə ailəsi ilə birlikdə köçmüşdür. Lakin mənzilin özəlləşdirilməsi üçün bu yaxınlarda müraciət edərkən məlum olmuşdur ki, daimi əsaslarla yaşadığı mənzilin əvəzinə hazırda yaşadığı mənzilə verilən orderdə “xidməti” sözü göstərilmişdir. Bu səbəbdən, cavabdeh 25.11.2019cu il tarixli 5308 nömrəli məktubla onun mənzili özəlləşdirmək barədə müaraciətimə imtina yazmışdır. Cavabdehin imtinası əsassızdır. Əvvəla, daimi yaşayış təyinatı ilə verilmiş mənzili təhvil verdikdən sonra ona xidməti istifadə üçün deyil, daimi yaşayış üçün hazırda yaşadığı mənzil verilmişdir. İkincisi, hərbi xidmətdən ehtiyata buraxılmış pensiyaya çıxmış hərbiçilərin yaşadığı mənzillər daimi yaşayış əsasları ilə mənzil hesab edilir və onlara “Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsinin tələbləri şamil edilmir. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-3765/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verib, qərarı ləğv edərək iddia tələblərinə mahiyyəti üzrə baxılması üçün işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən görüldüyü kimi, iddia tələbləri aşağıdakı kimi olmuşdur: “1. Yasamal rayon İcra Hakimiyyəti başçısının 22.10.1998-ci il tarixli 1408 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 27.10.1998-ci il tarixli orderdən və orderin verilməsi üçün təqdim edilmiş 26.11.2019-cu il tarixli S-631 nömrəli siyahıdan “xidməti” sözü çıxarılsın. 2. Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi, 23 A nömrəli evin 35 nömrəli mənzili İddiaçı mülkiyyətinə, arvadı Gülnarə, qızları Pərvanə və Elgina ailə tərkibi olmaqla özəlləşdirilməyə təqdim edilsin.” Məhkəmə iclasında hakim təklif etmişdir ki, iddia tələbi dəyişdirilsin və birdəfəlik mənzilin özəlləşdirilməsi tələbi olsun. Noyabrın 17-nə təyin edilmiş məhkəmə iclasının hər iki tərəf üzrlü səbəbdən gələ bilməməyinə baxmayaraq, məhkəmə işi təxirə almaq əvəzinə, qərar qəbul etmişdir. Qərarda iddia tələblərinin mahiyyətinə deyil, məhkəməyə təqdim edilməmiş mənzilin özəlləşdirilməsi tələbi haqqında guya iddia tələbinə baxılmışdır. Göründüyü kimi, məhkəmə işi mahiyyəti üzrə həll etməmişdir. Azərbaycan Respublikası İPM-in 73.3-cü maddəsində cavabdehin üzərinə öhdəliyin qoyula bilməməsinin konkret şərtləri göstərilmişdir. Bu şərtlərdən heç biri mövcud iddia tələblərinə şamil edilmir. Odur ki, məhkəmə iddia tələblərini, onların dəlilərini araşdırmadan iddia tələbini özbaşına dəyişməkdə haqlı olmamış və inzibati prosessual pozuntuya əhəmiyyətli dərəcədə yol vermişdir. Bu səbəbdən, İPM-in 87.7-ci maddəsində göstərildiyi kimi, birinci instansiya məhkəməsi ciddi prossesual pozuntulara yol verdiyinə, habelə təqdim edilmiş sübutları və iddia tələbini əsaslandırılan dəlilləri araşdırılmadığına, eyni zamanda birinci instansiya məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədiyinə görə, Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edərək, işi mahiyyəti üzrə İnzibati məhkəməyə baxılması üçün göndərə bilər. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının apellyasiya şikayətinə etiraz edərk təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, işin halları tam araşdırılmadığından iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İPM-in 69.3-cü maddəsində deyilir ki, məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Hazırki işin hallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiasında, iki müstəqil tələb irəli sürmüşdür:

1. Yasamal rayon İcra Hakimiyyəti başçısının 22.10.1998-ci il tarixli 1408 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 27.10.1998-ci il tarixli orderdən və orderin verilməsi üçün təqdim edilmiş 26.11.2019-cu il tarixli S-631 nömrəli siyahıdan “xidməti” sözünün çıxarılması;

2. Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi, 23 A nömrəli evin 35 nömrəli mənzilin İddiaçı mülkiyyətinə, arvadı Gülnarə, qızları Pərvanə və Elgina ailə tərkibi olmaqla özəlləşdirilməyə təqdim edilməsi. İşdən isə görünür ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən yalnız iddianın ikinci tələbinə dair araşdırma apararaq yekun nəticəyə gəlmiş, nə əsaslandırma, nə də nəticə hissədə birinci tələbə dair heç bir araşdırma aparmamış, həmin tələbə mahiyyəti üzrə baxmamış və hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinin tələbinə görə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu hallarda inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçının birinci tələbinə mahiyyəti üzrə baxılmadığından və müvafiq olaraq həmin tələbə dair qərar qəbul edilmədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməli, iddiaçının apellyasiya şikayəti təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-3765/2020 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə qarşı “orderdən və orderin verilməsi üçün təqdim edilmiş siyahıdan “xidməti” sözünün çıxarılması və mənzilin özəlləşdirməyə təqdim edilməsi vəzifəsinin qoyulması” tələbinə dair iş, məhkəmə icraatının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Sədrlik edən Aida Hüseyn Hakimlər Vidadi Məmmədov Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar