Məhkəmə qərarları › İş №2-1(103)-1115/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1115/2022

11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1115/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh inzibati orqan tərəfindən əlilliyin etibarsız hesab edilməsinin qanunsuz sayılması və etibarsız hesab edildiyi tarixdən əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı X1 cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh inzibati orqan tərəfindən əlilliyin etibarsız hesab edilməsinin qanunsuz sayılması və etibarsız hesab edildiyi tarixdən əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-598/2021 saylı 29 yanvar 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X2 14.11.1968-ci il təvəllüdlüdür. İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AADCR saylı 21.02.2018-ci il tarixli göndərişi əsasında 22.02.2018-ci il tarixdə qiymətləndirilmiş və “Böyrəklərin kistoz (autosom-dominant) xəstəliyi. Xroniki böyrək xəstəliyi V mərhələ. XBÇ-terminal mərhələ. Renal hipertenziya. Renal anemiya (EPO-dan asılı). Hemodializ seansından sonrakı vəziyyət. Nefrolitotomiyadan sonrakı vəziyyət (2000-ci il). Xroniki obstruktiv pielonefrit.” xəstəliyi ilə ümumi xəstəlik səbəbi ilə ona müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı Kamaləddin Baxşəliyev inzibati orqana müraciət etmiş, Səhiyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 17.10.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, əlilliyin təyini ilə bağlı 88 saylı göndəriş rəsmiləşdirilərkən onun xəstəliyi heç bir tibbi sənədlə öz təsdiqini tapmamış, göndəriş barədə həkim Məsləhət Komissiyasının jurnalında qeydiyyat aparılmamış, göstərilən tarixlərdə o, Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinədən keçməmiş, bununla bağlı əlilliyin təyini ilə adına rəsmiləşdirilmiş göndəriş əsassız hesab edilmişdir. Bundan sonra iddiaçı X2 cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, ona 22.02.2018-ci il tarixdən 1-ci qrup əlil olaraq pensiya təyin edilmişdir. İyul ayına kimi pensiyanın təyin edilməsində heç bir problem mövcud olmamışdır. 2018-ci ilin iyul ayının axırlarında təyin edilmiş pensiyanın alınması üçün kartı bankomata saldıqda bankomat qəbul etmiş kartı heç bir əməliyyat aparmadan geri qaytarmışdır. O, dializ xəstəsidir və tez-tez müalicə olma səbəbindən kartın aqibəti ilə maraqlanmağa imkanı olmamışdır. Buna baxmayaraq bir neçə yerlə bununla bağlı telefonla əlaqə saxlamağa çalışmış, lakin nəticə əldə etməmişdir. O, 1-ci qrup əlil olduğuna və pensiyanın təyin edilməsinə baxmayaraq pensiyanın alınmasında çətinlik çəkdiyinə görə bir müddət sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-ya rəsmi müraciət etmişdir. ƏƏSMN yanında DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən ona 02.10.2018-ci il tarixli bildiriş göndərilmiş və pensiyanın təyinatı üçün təqdim edilmiş “Forma 88”-in etibarsız hesab edildiyini və bu səbəbdən pensiyanın dayandırıldığını bildirmişdir. Bu səbəbdən o, iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə (üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti) qarşı inzibati orqanın qanunsuz hərəkətlərinə son qoyulması, pensiyanın dayandırılması barədə inzibati aktın ləğv edilməsi və pensiya ödənişinin bərpa edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.09.2019-cu il tarixli 2-1(82)- 412/2019 saylı qərarı ilə iddia təmin edilmədiyindən həmin qərardan apellyasiya şikayəti verilmiş və Apelyasiya Məhkəməsində məhkəmə icraatı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən məhkəməyə təqdim olunan məktubda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti Daxili işlər Nazirliyinin Tibb idarəsinin 21.02.2018-ci il tarixli ******* AADCR saylı göndərişi əsasında 22.02.2018-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmiş, lakin göndərişi rəsmiləşdirən Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən əlilliyin təyininə əsas olan 4110003AADCR saylı göndərişin əsassız rəsmiləşdirildiyinə görə də Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız hesab edilmişdir. Tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə məktub ünvanlayaraq onun haqqında əlilliyin etibarsız hesab edilməsi barədə qəbul edilmiş qərarın surətinin ona təqdim edilməsini xahiş etmiş, lakin əlillik altsistemində onun haqqında əlilliyin etibarsız hesab edilməsi barədə qəbul edilən qərar ona təqdim edilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 21.02.2018-ci il tarixli, 4110003AADCR saylı göndərişi əsasında 22.02.2018-ci il tarixdə qiymətləndirilmiş və “Böyrəklərin kistoz (autosom-dominant) xəstəliyi. Xroniki böyrək xəstəliyi V mərhələ. XBÇterminal mərhələ. Renal hipertenziya. Renal anemiya (EPO-dan asılı). Hemodializ seansından sonrakı vəziyyət. Nefrolitotomiyadan sonrakı vəziyyət (2000- ci il). Xroniki obstruktiv pielonefrit.” xəstəliyi ilə ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsini Nazirliyinin 27.07.2017-ci il tarixli 029-2360-1218/5 saylı məktubu qiymətləndirməyə əsas verən 4110003AADCR saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. DİN Tibb İdarəsinin qeyd olunmuş məktubu əsasında İddiaçı aid qiymətləndirmə Əlillik altsistemində etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 21.02.2018-ci il tarixli, 4110003AADCR saylı göndərişi əsasında 22.02.2018-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Göndərişi rəsmiləşdirən Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən əlilliyin təyininə əsas olan 4110003AADCR saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. İddiaçı əlilliyinin etibarsız edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Əlilliyin təyininə əsas verən hüquqi sənəd əsassız hesab edildiyinə görə şəxsin əlillik müayinəsi etibarsız edilmişdir. İddiaçı qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən müayinə və müalicə olunduqdan sonra, göndəriş rəsmiləşdirildiyi halda əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq şəxsin iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcəkdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-598/2021 saylı 29 yanvar 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçının əlilliyinin qiymətləndirilməsinin cavabdeh tərəfindən Tibbi Sosial Ekspertiza və X4 etibarsız edilməsinin qanunsuz hesab edilməsi və həmin alt sistemdə iddiaçıya aid qiymətləndirmənin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin faktiki hallarına əsasən cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik alt sistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. Eyni zamanda iddiaçının əlilliyinin qiymətləndirilməsi ilə bağlı cavabdehin qəbul etdiyi inzibati akta münasibətdə “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində qeyd edilən hallar mövcud deyildir. Məhkəmənin gəldiyi qənaətə görə iddiaçının əlilliyinin qiymətləndirilməsinin cavabdeh tərəfindən Tibbi Sosial Ekspertiza və X4 etibarsız edilməsinin heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Həmin qərardan narazı qalan cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 22.02.2018-ci il tarixdə qiymətləndirilmiş əlilliyinin etibarsız hesab edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. Digər tərəfdən məhkəmə qərarda qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddianın faktiki olaraq mübahisələndirmə və məcburetmə haqqında iddialara aid olmasına baxmayaraq, məhkəmə tələbi səhv olaraq öhdəliyin icrası kimi qiymətləndirərək, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb idarəsinin 21.02.2018-ci il tarixli, 4110003AADCR saylı göndərişi əsasında 22.02.2018-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Qiymətləndirmənin aparılmasına əsas verən iddiaçının adının da olduğu siyahı üzrə göndərişlər Daxili işlər Nazirliyinin Tibb İdarəsi tərəfindən etibarsız hesab edildiyindən, inzibati orqan tərəfindən tədbir görülərək adları siyahıda olan, dövlət büdcəsindən qanunsuz olaraq vəsait ödənməsinə nail olmuş şəxslərin, o cümlədən İddiaçı “Əlillik altsistemi”ndə qiymətləndirmələri etibarsız edilmişdir. İddiaçı faktiki olaraq inzibati orqan tərəfindən qiymətləndirmənin etibarsız edilməsi ilə bağlı görülmüş tədbir olan inzibati aktı mübahisələndirir və əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Qeyd olunan tələblər mübahisələndirmə və məcburetmə iddialarıdır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1443/2021 saylı 13 avqust 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilərək, qərarın ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırmış olduğu ona əlilliyin təyin olunması barədə qərarın etibarsız hesab edilməsinə dair qərarın etibarsız hesab edilməsi tələbi mümkün sayıla bilməz. İddiaçı cavabdehin əlilliyinin etibarsız hesab edilməsi hərəkətinin əsası kimi çıxış etmiş Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 2018-ci il 27 iyul tarixli, 029-2360-1218/5 nömrəli göndərişinin hansı səbəbdən əsassız rəsmiləşdirilmə aparmasını mübahisələndirməlidir. Yuxarıda qeyd edilən hal hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş, iddiaçının iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddianın mümkün sayılmaması haqqında qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2409/2021 saylı 28 dekabr 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1443/2021 saylı 13 avqust 2021-ci il tarixli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçıya 22.02.2018-ci il tarixdə təyin edilmiş əlilliyin əlillik altsistemində 06.08.2018-ci il tarixdə etibarsız hesab edilməsi ilə bağlı hər hansı bir rəsmi qərar qəbul olunmamışdır, buna görə də belə qərarı təqdim etmək imkanı yoxdur. Sonda cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin apelyasiya baxışı zamanı işin hallarından aydın oldu ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsi mübahisə üzrə qəbul ediləcək məhkəmə qərarı qanunla qorunan hüquq və maraqlarına toxunan şəxs deyil, buna görə də məhkəmənin 11.05.2022-ci il tarixli qərardadı ilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin hazırki iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi səhv olduğundan onun bu cəlbetməsinin ləğv edilməsi qərara alınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbi “onun əlilliyinin etibarsız hesab edilməsinin qanunsuz sayılması və etibarsız hesab edildiyi tarixdən əlilliyinin bərpa edilməsi” ilə bağlıdır, yəni tələbi öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 22.08.2018-ci il tarixli 411003AADCR saylı göndərişinə əsasən ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 06 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 22.02.2018-ci il tarixli, 4110003AADCR nömrəli göndərişinə əsasən ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə dərəcə əlillik təyin edilmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 27.07.2018-ci il tarixli, 029-2360-1218/5 nömrəli məktubu ilə 226 nəfərin, o cümlədən İddiaçı əlilliyinin təyini üçün əsas olmuş göndərişinin etibarsız edilməsi barədə məlumat daxil olmuşdur. Qeyd olunan əsasla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində İddiaçı əlilliyi etibarsız edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 15.10.2020-ci il tarixli məktubundan görünür ki, dövlət vergi orqanları əməkdaşlarının sağlamlıqlarının profilaktikası məqsədi ilə “Dövlət vergi orqanlarında idmanın kütləviliyinin təbliği və əməkdaşların tibbi müayinədən keçmələrinin zəruriliyi haqqında” Vergilər Nazirliyinin 19 mart 2004-cü il tarixli F-61 nömrəli əmrinə əsasən nazirliyin mərkəzi aparatının əməkdaşlarının tibbi müayinədən keçmələri ildə iki dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hospitalında (Nazirliyin 20.02.2008-ci il tarixli **********058800 nömrəli əmri ilə edilmiş dəyişikliyə əsasən ildə bir dəfə DİN-nin poliklinikasında) 2004-cü ilin may ayından həyata keçirilməyə başlanılmışdır. Nazirliyin digər strukturlarında qeyd olunan əmrin tələblərindən irəli gələn tədbirlərin icrası həmin strukturların rəhbərlərinə tapşırılmışdır. Vergilər Nazirliyinin “Vergilər Nazirliyinin bir sıra əmrlərinin ləğv edilməsi haqqında” 05.07.2016-cı il tarixli **********983700 nömrəli əmri ilə qeyd olunan əmr və həmin əmrə dəyişikliklər haqqında əmrlər ləğv edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 15.09.2020-ci il və 20.10.2020-ci tarixli eyni məzmunlu məktublardan görünür ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin poliklinikalarının X5 tərəfindən əlillik dərəcisinin təyin edilməsi üçün göndərişlər (Forma 88) DİN-in poliklinikalarında tibbi qeydiyyatda duran şəxslər barəsində tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində DİN-in poliklinikalarının bu işə məsul vəzifəli şəxsləri poliklinikalarda tibbi qeydiyyatda durmayan vətəndaşlar barəsində göndərişlər tərtib etdikləri üçün daxili işlər orqanlarında xidmətdən xaric edilmişlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daxil olmuş siyahıda qeyd olunan vətəndaş İddiaçı daxili işlər orqanlarında xidmət etmədiyi və DİN-in poliklinikasında tibbi qeydiyyatda olmadığı üçün barəsində tərtib edilmiş göndəriş əsassız hesab edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 26.10.2020-ci il tarixli məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin poliklinikalarının X5 tərəfindən əlillik dərəcisinin təyin edilməsi üçün göndərişlər (Forma 88) DİN-in poliklinikalarında tibbi qeydiyyatda duran şəxslər barəsində tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində DİN-in poliklinikalarının bu işə məsul vəzifəli şəxsləri poliklinikalarda tibbi qeydiyyatda durmayan vətəndaşlar barəsində göndərişlər tərtib etdikləri üçün daxili işlər orqanlarında xidmətdən xaric edilmişlər. Vətəndaş İddiaçı Vergilər Nazirliyinin əməkdaşı kimi ‘‘Böyrək çatışmazlığı xəstəliyi” diaqnozu ilə 2011-ci il tarixədək DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan 1 saylı poliklinikada tibbi qeydiyyatda olmuş, 12.02.2018-ci il tarixdə DİN-in A.N.Heydərov adına Respublika Hospitalının Hemodializ şöbəsində kənar şəxs kimi ödənişli qaydada dializ seansı almışdır. Barəsində tərtib edilmiş göndəriş (Forma 88) vət. İddiaçı DİN-in poliklinikasında tibbi qeydiyyatda olmadığı dövrə təsadüf etdiyi üçün əsassız hesab edilmişdir. İddiaçı adına Azərbaycan Respublikası DİN-nin 1 saylı poliklinikasında tərtib edilmiş tibbi karta əlavə edilmişdir. Beləliklə, iş üzrə iddiaçıya 22.02.2018-ci il tarixdə müddətsiz təyin edilmiş əlillik sonradan əlilliyin altsistemində yuxarıda göstərilən səbəblərdən etibarsız hesab edilmişdir. Hazırda iddiaçı bu etibarsız hesab edilməni mübahisələndirir. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28.12.2021-ci il tarixli qərarında göstərilmişdir ki, “......cavabdeh iddiaçıya təyin edilmiş əlilliyi ləğv etməklə və ya əlilliyi etibarsız hesab etməklə, artıq iddiaçının hüquqlarına müdaxilə etmişdir. İddiaçı da həmin müdaxilənin (cavabdehin davranışının) qanuniliyini mübahisələndirir. Bu müdaxilənin qanuni və ya qanunsuz olduğunu isə məhkəmə iddiaya mahiyyəti üzrə baxmaqla müəyyən edə bilərdi.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin təkrar apellyasiya baxışı zamanı kassasiya instansiya məhkəməsinin sözügedən qərarındakı göstərişlər nəzərə alınaraq iddiaçıya tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım göstərilmiş, bununla bağlı iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh tərəfindən iddiaçının əlilliyinin etibarsız hesab edilməsinin qanunsuz sayılmasını və etibarsız hesab edildiyi tarixdən əlilliyin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı dövründə cavabdeh inzibati orqanın nümayəndəsi tərəfindən əlillik altsistemindən çıxarışlar məhkəməyə təqdim edilmişdir. Həmin çıxarışlardan görünür ki, iddiaçıya 22.02.2018-ci il tarixdə ilkin təyinat üzrə 1 dərəcə əlillik verilsə də, həmin əlillik altsitemdə 06.08.2018-ci il tarixdə etibarsız hesab edilmişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçıya 22.02.2018-ci il tarixdə müddətsiz təyin edilmiş əlilliyin cavabdeh tərəfindən etibarsız hesab edilməsinin səbəbi məhz Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 029-2360-1218/15 saylı 27.07.2018-ci il tarixli məktubu olmuşdur. Halbuki həmin məktubda hər hansı bir maddi hüquq normasına istinad edilmədən sadəcə olaraq göstərilmişdi ki, siyahıda adları qeyd olunan 226 nəfər şəxsin, o cümlədən İddiaçı adına rəsmiləşdirilmiş göndəriş etibarsız hesab edilmişdir. Lakin Kollegiya xüsusi olaraq vurğulayır ki, iddiaçıya 22.02.2018-ci il tarixdə müddətsiz verilmiş əlilliyin əlillik altsistemində etibarsız hesab edilməsi ilə əlaqədar olan məsələ sadəcə yuxarıda göstərilmiş yazışmalarla (məktublarla və yazılı cavablarla) həll olunmuşdur, yəni bu məsələyə dair işdə hər hansı bir rəsmi qərar yoxdur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi belə qərarın qəbul olunmadığı üçün onu təqdim etmək imkanının olmadığını bildirmişdir. Bu baxımdan Kollegiya hesab edir ki, iddiaçıya verilmiş əlillik cavabdeh inzibati orqan tərəfindən etibarsız hesab olunarkən aşağıda sadalanan maddi hüquq normalarının müddəalarına, yəni müəyyən edilmiş məcburi prosedur qaydalarına riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 2020-ci il 16 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 saylı Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə görə göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X6 Sosial Ekspertiza və X9 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.16-cı bəndinə görə TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 saylı Qərarı ilə Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarında dəyişiklik edilərək “Əlilliyin qiymətləndirilməsi” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 3.1-ci bəndinə görə əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Həmin Qaydanın 3.2-ci bəndinə görə isə əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Həmin Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində iddiaçıya müddətsiz əlilliyin təyin olunması qüvvədə olduğu halda həmin əlilliyin rəsmi qərar qəbul edilmədən altsistemdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 029-2360-1218/15 saylı 27.07.2018-ci il tarixli məktubu əsasında etibarsız hesab edilməsi barədə faktiki hərəkət inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Kollegiya onu da qeyd edir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin edərək, İddiaçı əlilliyinin qiymətləndirilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən altsistemdə etibarsız hesab edilməsinin qanunsuz sayılması və qiymətləndirmənin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qənaətinə gələrkən bunun davamı olaraq iddiaçının pozulmuş hüququnun bərpası ilə bağlı məhz konkret olaraq hansı hərəkətin edilməsinin cavabdeh inzibati orqanın üzərinə qoyulmalı olmasını qərarında göstərməmişdir. Bununla əlaqədar iddiaçının hüquqi marağına uyğun olaraq ona tələbinin dəqiqləşdirilməsi təklif olunmalı idi və nəticədə iddiaçının pozulmuş hüququnun bərpası ilə bağlı hansı hərəkətin edilməsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması məhkəmə qərarında dəqiq göstərilməli idi. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsi iddiaçının məhkəmədə qaldırdığı iddia ilə hüquqi marağının əhatə olunubolunmadığını yoxlamayıb, ona istədiyi məqsədə çatmaq üçün daha uğurlu iddia tələbini qoymaq üçün tələbini dəqiqləşdirməyi təklif etmədiyi üçün İPM-nin 12.1-ci maddəsində nəzərdə tutulan xidməti vəzifəsini lazımi qaydada icra etməmiş sayılır. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi hazırki işdə iddiaçının hüquqi marağının nədən ibarət olduğunu müəyyən etmədən, ona iddia tələbini hüquqi marağına uyğun daha əlverişli iddia növü ilə əvəzləməyi təklif etmədiyindən, nəticədə cavabdeh inzibati orqanın hərəkətini qanunsuz hesab etsə də, bununla yanaşı, məhz konkret olaraq hansı hərəkətin edilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla iddiaçının pozulmuş hüququnun bərpasının təmin ediləcəyini nəzərə almadan natamam qərar qəbul etmişdir ki, bu hal da kobud pozuntu kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddiaçının dəqiqləşdirilmiş tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-598/2021 saylı 29 yanvar 2021-ci il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı 22.02.2018-ci il tarixdə təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkəti qanunsuz hesab edilsin. İddiaçı 22.02.2018-ci il tarixdə müddətsiz təyin edilmiş əlillik dərəcəsinin etibarsız hesab edildiyi 06.08.2018-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar