Məhkəmə qərarları › İş №2-1(103)-1116/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1116/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1116/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, vəkili Vəkil, 3-cü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı (3-cü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi) “yeni məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2-1(112)-431/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4-tədqiqat və redaksiya şöbəsinin elmi katibi vəzifəsi ilə yanaşı, həmin şöbənin rəisi kimi işlədiyi 2 il 9 ay ərzində aldığı əmək haqqına müvafiq olaraq yeni məlumat vərəqinin və pul attestatının cavabdeh tərəfindən tərtib edilərək aidiyyəti üzrə göndərilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 20 fevral 2020-ci il tarixli, 2-1(112)-2095/2020 saylı qərardadına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Sonradan iddiaçı məhkəməyə təqdim etdiyi ərizədə iddia tələbinin dəqiqləşdirərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin elmi katibi vəzifəsi ilə yanaşı, həmin şöbənin rəisi vəzifəsini 3 ay ərzində müvəqqəti və sonrakı müddətdə, yəni pensiyaya çıxanadək dövrdə Akademiya rəhbərliyinin göstərişi əsasında icra etdiyi 2 il 9 ay (xx.xx.2013 – xx.xx.2015-ci il) ərzində aldığı əmək haqqı məbləği nəzərə alınaraq yeni məlumat vərəqinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh təşkilatın X4-tədqiqat və redaksiya-nəşriyyat şöbəsində elmi katib vəzifəsindən polis polkovnik-leytenantı rütbəsi ilə xx.xx.2015-ci il tarixdən “yaşa görə” daxili işlər orqanlarından xaric edilmiş, tərxis olunduğu tarixə xidmət müddəti təqvim hesablaması ilə 35 il 3 ay 14 gün, imtiyazlı hesablama ilə 36 il 1 ay 17 gün təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən 36 il 1 ay xidmət müddəti nəzərə alınmaqla ona pensiya təyinatı üçün tərtib edilmiş maliyyə vərəqi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş idarəsinə göndərilmişdir. Lakin həmin hesablama vərəqində iddiaçının cavabdeh təşkilatın X4-tədqiqat və redaksiya-nəşriyyat şöbəsində elmi katibi ilə yanaşı, həmin şöbənin rəisi kimi işlədiyi və 2 il 9 ay ərzində aldığı əmək haqqı qeyd edilməmişdir. Azərbaycan Respublikasının DİN-in Polis Akademiyası rəisinin xx.xx.2013-cü il tarixli Ə45- 034-13 №-li əmri ilə iddiaçıya – elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin (ETRNŞ) elmi katibinə ETRNŞ-nin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq həvalə edilmiş və xx.xx.2015-ci il tarixinədək (yəni son yaş həddinə görə pensiyaya çıxanadək) bu vəzifəni icra edib və 2 il 9 ay ərzində həmin vəzifənin maaşını almışdır. xx.xx.2013-cü il tarixindən xx.xx.2013-cü il tarixinədək ETRNŞ-nin rəisi vəzifəsini Polis Akademiyasının Ə45-034-13 N-li əmrinə, xx.xx.2013-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək isə Akademiyanın rəhbərliyinin göstərişinə əsasən icra etmişdir. Akademiya rəhbərliyinin göstərişi faktiki olaraq iddiaçının tutduğu ETRNŞ-nin elmi katibinin funksional vəzifə borclarını həmin şöbənin vakant (boş) qalmış rəis vəzifəsinin funksional vəzifə borcları ilə birləşdirməklə bir əməkdaş kimi xidməti fəaliyyət funksiyalarının da genişləndirilməsinə əsas olmuşdur. Yaranmış mövcud süni problemin başlıca mənfi tərəfi (mənbəyi) onunla bağlıdır ki, DİN-in Baş Kadrlar İdarəsinin hesablama vərəqində iddiaçının tutduğu vəzifə ETRNŞ-nin elmi katibi kimi göstərilməsi, öz növbəsində, DİN-in X3 plan şöbəsi tərəfindən tərtib edilmiş pul attestatında da əsas götürülmüşdür və son 2 il 9 ay ərzində işlədiyi şöbənin rəisi vəzifəsini də icra etdiyi qeyd edilməmişdir. Bu isə əmək və pensiya təminatı hüququnun pozulması kimi səciyyələndirilməlidir. Əslində DİN-in Polis Akademiyasında pul attestatında tutduğu vəzifə ETRNŞ-nin elmi katibi göstərilməklə yanaşı həmçinin mötərizədə xüsusi olaraq qeyd olunmalıdır ki, “DİN-in Polis Akademiyasının xx.xx.2013-cü il tarixli Ə45-034-13N2-N əmri və daha sonrakı göstərişinə əsasən əməkdaşın elmi katib vəzifəsi işlədiyi şöbənin rəisi vəzifəsi ilə birləşdirilərək genişləndirildiyi nəzərə alınmaqla”. Belə olduğu təqdirdə pul attestatında son 2 il 9 ay ərzində faktiki aldığı maaş göstərilməli və onun üzərində pensiya təminatı hesablanmalıdır. X3 plan şöbəsi tərəfindən yenidən tərtib olunacaq pul attestatı DİN-in Maliyyə Plan İdarəsinə təqdim edilməlidir və bu idarə pul attestatını “Hərbi və xüsusi rütbəli dövlət qulluqçuları və güzəştli təminat verilən şəxslərin Mərkəzi”nə göndərməlidir, həmin Mərkəz pensiyasının düzgün şəkildə ödənilməsini həyata keçirməklə pozulmuş pensiya hüququnu bərpa edə bilər. Bütün bunlarla əlaqədar dəfələrlə cavabdeh təşkilata ərizələrlə müraciət etmiş, lakin müraciətləri müsbət təmin edilməmiş və cavabdeh təşkilatın sonuncu imtina cavabını xx.xx.2019-cu il tarixdə poçt vasitəsi ilə almışdır. xx.xx.2019-cu il tarixdə yazdığı ərizəyə cavabında cavabdeh təşkilatın Polis Akademiyasının rəisi Nazim Əliyev vəzifə maaşının 25%-ni xx.xx.2019-cu il tarixli 07 №-li pul attestatında qeyd edərək yenidən cavabdeh təşkilatın Maliyyə Plan İdarəsinə göndərilmiş, lakin Maliyyə Plan İdarəsinin sonuncu imtina cavabında hətta 25% əlavə də qeyd edilməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin məhkəməyə təqdim etdiyi etirazında bildirilmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və həmin Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2-1(112)-431/2021 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı xidmətdən buraxıldığı günə aldığı əmək haqqı nəzərə alınmaqla məlumat vərəqəsinin yenidən tərtib edilib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulmuşdur. Məhkəmə qərarından cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2021-ci il tarixli, 2- 1(103)-1552/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-431/2021 saylı 05 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2150/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2021-ci il tarixli, 2-1(103)-1552/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının daxili işlər orqanlarından xx.xx.2015-ci il tarixli xaric edilmə barədə əmrdə onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4-tədqiqat və redaksiya şöbəsinin elmi katibi vəzifəsi ilə xaric edildiyi göstərilmişdir. Bu əmr iddiaçı tərəfindən heç vaxt mübahisələndirilməmişdir. İddiaçının sonuncu xidmət yeri üzrə vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4tədqiqat və redaksiya şöbəsinin elmi katibi olduğu üçün pensiya təminatında bu vəzifənin pul təminatı əsas götürülmüşdür. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, 2015-ci ildə pensiyaya çıxanda DİN-in Maliyyə Plan idarəsinə pul attestatı getdi, dedilər ki, planlanmış vəzifə maaşı göstərilməlidir, buna görə də geri qaytardılar. İkinci pul attestatında vəzifə maaşı 49 manat aşağı düşdü. Birinci pul attestatında 25 faiz əlavə qeyd olunmadığı üçün yenidən 3-cü dəfə pul attestatı göndərdilər. Həmin əlavələr birinci pul attestatında olmadığı üçün 471 manatlıq pul attestatını göndərsə qəbul etməyəcəklərdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, pensiya təminatı zamanı iddiaçının yalnız tutduğu vəzifənin əmək haqqısının nəzərə alınması, səlahiyyətlərini müvəqqəti icra etdiyi vəzifəyə görə ödənilən əlavə əmək haqqının (əgər ödənilibsə) nəzərə alınmaması iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçıya pensiya hesablanması zamanı onun xidmətdən xaric edildiyi günə aldığı aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələr və s. nəzərə alınmalıdır. Belə olan halda, iş üzrə araşdırılmalı məsələ iddiaçının xidmətdən xaric edildiyi gün hansı məbləğdə vəzifə maaşı və digər əlavələri alması halıdır. Başqa sözlə, iddiaçı xidmətdən xaric edildiyi gün almadığı vəzifə maaşını və digər əlavələri pensiya hesablanmasında tələb edə bilməz. Eyni zamanda, iddiaçı müvəqqəti icra etdiyi vəzifələrə görə əmək haqqına əlavə alıbsa, həmin əlavələri pensiya hesablanması zamanı tələb edə bilər. Beləliklə, apellyasiya instansiya məhkəməsinin iddiaçıya yalnız elmi-katib vəzifəsinə uyğun vəzifə maaşı və əlavələr əsasında məlumat vərəqəsinin tərtib edilməli olması barədə nəticəsi düzgün olmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, iş materiallarında iddiaçıya aid bir neçə pul attestatı vardır (iş v.9; 10 və 15). Həmin pul attestatları müxtəlif tarixlərdə tərtib olunmuş (xx.xx.2015; xx.xx.2015; xx.xx.2019) və həmin sənədlərdə iddiaçının vəzifə maaşının miqdarı fərqli göstərilmişdir, həmçinin aldığı əlavələrin həcmində də fərq vardır. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi bu ziddiyyətli hallara qiymət verməmişdir. Belə olan halda, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi cavabdehə sorğu verməli, həmin sorğuda iddiaçıya ödənilən hazırkı pensiyanın təyini üçün göndərilmiş sonuncu məlumat vərəqi tələb edilməli, həmin məlumat vərəqi iddiaçının xidmətdən xaric edildiyi vaxt aldığı vəzifə maaşı (icra etdiyi şöbə müdiri vəzifəsinə uyğun aldığı əlavə aldığı halda, həmin əlavə də nəzərə alınmaqla) və digər əlavələrlə müqayisə edilməli, başqa sözlə, iddiaçının xidmətdən xaric edilərkən aldığı miqdarda aylıq vəzifə və vəzifə maaşından hesablanan əlavələr nəzərə alınmaqla məlumat vərəqəsinin tərtib edilməsi məsələsinə qiymət verilməlidir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli, 23159ş/h-001-15 saylı əmrindən görünür ki, polis polkovnik-leytenantı İddiaçı Azərbaycan Respublikası DİN-in X4-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin elmi katibi, “istefada olan polis polkovnik-leytenantı” sayılmaqla 23 noyabr 2015-ci il tarixdən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 5-ci bəndinə - xidmətdə olmanın son yaş həddinə çatdığına görə xidmətdən xaric edilmişdir. 20 noyabr 2015-ci il tarixə xidmət müddəti təqvim hesablaması ilə 35 il 3 ay 14 gün, imtiyazlı hesablama ilə 36 il 02 ay 16 gün təşkil etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinin xx.xx.2019ci il tarixli, 027-28699/29-929 saylı məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanlanmış ərizəsinə Nazirliyin rəhbərliyinin tapşırığına əsasən DİN-in Maliyyə-Plan İdarəsində baxılmışdır. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən daxili işlər orqanlarının əməkdaşına eyni zamanda müvəqqəti olaraq üç aydan artıq olmayan müddətə digər vəzifənin icrası həvalə edilə bilər. Bu halda daxili işlər orqanları əməkdaşının vəzifə maaşına Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əlavə müəyyən edilib ödənilməlidir. Qeyd edilənlər və DİN-in Polis Akademiyasının təqdim etdiyi pul attestatlarında iddiaçının xidmətdən buraxıldığı günə aldığı təminat xərcliyinin Elmi-tədqiqat və Redaksiya-nəşriyyat şöbəsinin elmi katibinin vəzifəsinə müvafiq olaraq ödənildiyinin göstərildiyi baxımından müraciətində qeyd etdiyi, müvəqqəti vəzifənin icrasına görə aldığı əlavə nəzərə alınmaqla yeni məlumat vərəqəsinin tərtib edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinin iddiaçıya ünvanlanan 28 avqust 2019-cu il tarixli 027286xx/xx-1215 saylı məktubundan görünür ki, iddiaçı DİN-in X4-tədqiqat və Redaksiya-nəşriyyat şöbəsində elmi katib vəzifəsindən, polis polkovnik-leytenantı rütbəsi ilə xx.xx.2015-ci il tarixindən “yaşa görə” daxili işlər orqanlarından xaric edilmişdir. DİO-dan tərxis olunduğu tarixə xidmət müddəti təqvimi hesablama ilə 35 il, 3 ay, 14 gün, imtiyazlı hesablama ilə 36 il, 1 ay, 17 gün təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 07 fevral 2006-cı il tarixli 54İİİ- Q nömrəli Qanununa əsasən 36 il, 1 ay xidmət müddəti nəzərə alınmaqla iddiaçıya pensiya təyinatı üçün tərtib edilmiş məlumat vərəqi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilmişdir. Hazırda “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5. maddəsinə (təminat xərcliyi-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələrdən ibarət olan məbləğdir) əsasən pensiya təminatı: - vəzifə maaşı - 513 manat, rütbə maaşı - 134 manat, xidmət illərinə görə 25 faiz əlavə (vəzifə və rütbə maaşlarından) - 161,75 manat, məharət dərəcəsinə görə 35 faiz əlavə - 179,55 manat və ərzaq payı əvəzinə kompensasiya- 64 manat, cəmi 1052,30 manat məbləğində pul təminatından yeni hesablama qaydasına görə pensiya təminatı 1042,64 manat təşkil edir. Polis əməkdaşlarının pensiya məbləğləri onların xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyindən, yəni sonuncu aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı üçün verilən pul kompensasiyasından və vəzifə maaşına hesablanan digər əlavələrdən hesablanır. Sonuncu xidmət yeri üzrə iddiaçının vəzifəsi X4-tədqiqat və Redaksiya-nəşriyyat şöbəsinin elmi katibi olduğu üçün pensiya təminatında bu vəzifənin pul təminatı əsas götürülmüşdür. Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin məhkəməyə təqdim etdiyi iddiaçının pensiya işində olan əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2006-cı il tarixli və “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2019-cu il tarixli qərarlarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsi tərəfindən tərtib edilərək verilmiş “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında təqdim olunan” xx.xx.2015-ci il tarixli 591 saylı məlumat vərəqinə əsasən DİN-in X4-tədqiqat və Redaksiyanəşriyyat şöbəsində elmi katib vəzifəsində maaşı göstərilməklə xx.xx.2015-ci il tarixindən əmək pensiyası təyin edilərək sonrakı artırımlarla nəzərə alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********70 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixli 591 saylı məlumat vərəqinə əsasən ona 11 yanvar 2016-cı il tarixində (məhkəmə həmin tarixi formal xəta kimi pensiya işinə uygun olaraq xx.xx.2006-cı il qəbul edir) idarə tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. 1 sentyabr 2019-cu il tarixindən xidmət etdiyi orqan tərəfindən idarəyə daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 635 manat, rütbə maaşı 154 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavə 197.25 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavə 222.25 manat, xüsusi işə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə - 158.75 manat və ərzaq payı əvəzinə kompensasiya 64 manat olmaqla cəmi təminat xərcliyinin 1431.25 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinə əsasən uyğun olaraq 36 il, 1 ay, 17 gün xidmət müddətinə görə 1,387.90 manat məbləğində pensiya müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2020-ci il tarixli, 027- 4409-1220 saylı məktubundan görünür ki, İddiaçı DİN-in X1 və Redaksiya-nəşriyyat şöbəsində elmi katib vəzifəsindən, polis polkovnikleytenantı rütbəsi ilə xx.xx.2015-ci il tarixindən yaşa görə daxili işlər orqanlarından xaric edilmişdir. DİO-dan tərxis olunduğu tarixə xidmət müddəti təqvimi hesablama ilə 35 il, 3 ay, 14 gün, imtiyazlı hesablama ilə 36 il, 1 ay, 17 gün təşkil etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının 07 fevral 2006-cı il tarixli 54İİİ-Q nömrəli Qanununa əsasən 36 il xidmət müddəti nəzərə alınmaqla İddiaçı pensiya təyinatı üçün tərtib edilmiş Məlumat Vərəqi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə (Xüsusi Şərtlərlə Təyinat İdarəsi) göndərilmişdir. Hazırda «Əmək pensiyaları haqqında» Qanuna əsasən Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ödənilən pensiya təminatı: - vəzifə maaşı - 635 manat, rütbə maaşı - 154 manat, xidmət illərinə görə 25 faiz əlavə (vəzifə və rütbə maaşlarından) - 197,25 manat, məharət dərəcəsinə görə 35 faiz əlavə - 222,25 manat, vəzifə maaşına 25 faiz əlavə - 158,75 və ərzaq payı əvəzinə kompensasiya- 64 manat, cəmi 1431,25 manat məbləğində pul təminatından yeni hesablama qaydasına görə 1387,90 manat təşkil edir. İddiaçının sonuncu xidmət yeri üzrə vəzifəsi X4-tədqiqat və Redaksiyanəşriyyat şöbəsində elmi katib olduğu üçün pensiya təminatında bu vəzifənin pul təminatı əsas götürülmüşdür. İddiaçı xx.xx.2013-cü ildən xx.xx.2015-ci ilədək olan xidmət dövrü üçün təminat xərcliyi, ona xidmətdən buraxıldığı günə ödənilmiş aylıq vəzifə maaşının məbləği və həmin məbləğin hansı vəzifəyə müvafiq ödənilməsi barədə məlumatı təqdim edilmişdir. Məktuba əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən tərtib edilmiş “DİN-in Polis Akademiyasının sabiq əməkdaşı polis polkovnik–leytenantı İddiaçı xx/xx/2013-cü il tarixdən xx/xx/2015- ci il tarixədək hesablanmış təminat xərcliyi” cədvəlindən görünür ki, İddiaçı vəzifə əmək haqqısı 2013-cü ilin fevral ayından 2015-ci ilin noyabr ayına kimi 473 manat məbləğində olmuşdur. Həmin cədvəlin qeyd hissəsindən görünür ki, xx/xx/2010 tarixli 025 nömrəli əmrə əsasən Elmi-təhqiqat və Redaksiya-nəşriyyat şöbəsinin elmi katibi-vəzifə maaşı - 385,00 manat məbləğində olmuşdur. İddiaçı Polis Akademiyasının xx.xx.2013-ci il tarixli Ə 45- 034-13 nömrəli əmrinə əsasən Elmi-təhqiqat və Redaksiya-nəşriyyat şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra etməsi həvalə olunmuşdur və vəzifə maaşı 430 manat məbləğində olmuşdur. DİO-da xidmetkeçmə əsasnamənin 38-ci bəndinə əsasən daxili işlər orqanlarının əməkdaşına eyni zamanda müvəqqəti olaraq üç aydan artıq olmayan müddətə digər vəzifənin icrası həvalə edilə bilər. Bu halda daxili işlər orqanlan əməkdaşının vəzifə maaşına Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əlavə müəyyən edilib ödənilməlidir. xx/xx/2013-cü il tarixli 020 nömrəli əmrə əsasən Elmitəhqiqat və Redaksiya-nəşriyyat şöbəsinin rəis vəzifəsini müvəqqəti icra edən-vəzifə maaşı 473,00 manat olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2013-cü il tarixli, Ə45- 034-13 saylı “Elmi-təhqiqat və Redaksiya-nəşriyyat şöbəsinin rəis vəzifəsinin müvəqqəti icrasının polis polkovnik-leytenantı İddiaçı həvalə edilməsinə dair” əmrindən görünür ki, Elmi-təhqiqat və Redaksiya-nəşriyyat şöbəsinin rəis vəzifəsinin müvəqqəti icrası həmin şöbənin elmi-katibi polis polkovnik-leytenantı İddiaçı həvalə edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu Qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; Həmin Qanunun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 91-ci maddəsinə əsasən daxili işlər orqanları əməkdaşlarının təminat xərclərinə, tutduğu vəzifəyə və xüsusi rütbəyə görə maaşları, fasiləsiz xidməti illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyası, digər müavinət və ödənişlər daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlmişdir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur...Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun...Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir”. Apellyasiya baxışı zamanı təqdim edilmiş İddiaçı 2013-cü ilin yanvar ayından 2015-ci ilin yanvar ayınadək faktiki ödənilmiş əmək haqqı barədə” Məlumatdan görünür ki, İddiaçı vəzifə əmək haqqısı 2013-cü ilin yanvar ayında 385, fevral ayından avqust ayınadək 430 manat, sentyabr ayından 2015-ci ilin noyabr ayına kimi 473 manat məbləğində olmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə sorğusuna əsasən İddiaçı ödənilən hazırkı pensiyanın təyini üçün göndərilmiş sonuncu məlumat vərəqəsinin təqdim olunması xahiş olunmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş 591 saylı Məlumat vərəqinin surətindən müəyyən olunur ki, İddiaçı ehtiyatda olmağın son yaş həddinə çatmağı ilə əlaqədar xx.xx.2015-ci il tarixdə tərxis olunmuşdur. Məlumat vərəqində İddiaçı təqvim xidmət illəri 35 il 03 ay 14 gün, cəmi iş saatı və xidmət illəri (iş stajı, ali təhsil, təqvim üzrə xidmət iləri, güzəştli xidmət illəri) 36 il 01 ay 17 gün; pul təminatı- vəzifə maaşı 424,00 manat, rütbə maaşı 134,00 manat, xidmət illərinə görə əlavə 25 faiz-139,50 manat, ərzaq payı əvəzinə kompensasiya 64.00 manat, məharət dərəcəsi 35 faiz -148.40 manat, cəmi 909.90 manat qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı 2013-cü ilin yanvar ayından 2015-ci ilin yanvar ayınadək faktiki ödənilmiş əmək haqqı barədə Məlumatda, onun vəzifə maaşı 2013-cü ilin yanvar ayında 385, fevral ayından avqust ayınadək 430 manat, sentyabr ayından 2015-ci ilin noyabr ayına kimi 473 manat məbləğində olmuş, lakin əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdeh inzibati orqan tərəfindən göndərilmiş sonuncu məlumat vərəqəsində iddiaçının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4-tədqiqat və redaksiyanəşriyyat şöbəsinin elmi katibi vəzifəsi ilə deyil, həmin şöbənin rəisi vəzifəsini 3 ay ərzində müvəqqəti və sonrakı müddətdə, yəni pensiyaya çıxanadək dövrdə Akademiya rəhbərliyinin göstərişi əsasında icra etdiyi 2 il 9 ay (xx.xx.2013 – xx.xx.2015-ci il) ərzində aldığı əmək haqqı nəzərə alınmamışdır. Odur ki, pensiya təminatı zamanı iddiaçının səlahiyyətlərini müvəqqəti icra etdiyi vəzifəyə görə ödənilən əlavə əmək haqqının (əgər ödənilibsə) nəzərə alınmaması iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının xidmətdən tərxis olunması ilə əlaqədar pensiya təminatı məqsədilə “məlumat vərəqəsi” də onun sonuncu aldığı əmək haqqı nəzərə alınmaqla tərtib olunmalıdır. Odur ki, cavabdehin iddiaçının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4-tədqiqat və redaksiyanəşriyyat şöbəsinin elmi katibi vəzifəsi ilə deyil, həmin şöbənin rəisi vəzifəsini 3 ay ərzində müvəqqəti və sonrakı müddətdə, yəni pensiyaya çıxanadək dövrdə Akademiya rəhbərliyinin göstərişi əsasında icra etdiyi 2 il 9 ay (xx.xx.2013 – xx.xx.2015-ci il) ərzində aldığı əmək haqqı alması əsası ilə məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsindən imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2-1(112)-431/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar