Məhkəmə qərarları › İş №2-1(103)-1116/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1116/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1116/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8974/2023 saylı 26 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Laçın Rayon İcra Hakimiyyəti Laçın rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, iddiaçının xx.xx.1982-ci ildən xx.xx.1992-ci il tarixə kimi Laçın rayon “Raypo” İstehlak Cəmiyyətində müdir və satıcı işləməyi barədə arxiv sənədləri 1992-ci il may ayının 18-də rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə əlaqədar işğalda qalıb. İddiaçının ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1982ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “Raypo” İstehlak Cəmiyyətində müdirsatıcı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********0 nömrəli əmək pensiyasının təyin edilməsi haqqında qərarda qeyd edilmişdir ki, pensiya hüququnun yarandığı tarixi xx.xx.2021-ci il tarixindən 282,83 pensiya məbləği təyin edilmişdir. (Ümumi iş stajı – 25 il 22 gün, güzəştli iş stajı – 17 il 7 ay 3 gün) Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının yenidən hesablanmasının mümkün olmaması haqqında məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filial tərəfindən iddiaçıya 7 yanvar 2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı 1 iyun 2021-ci il tarixdən hesablanmışdır. Eyni zamanda bildirilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi 25 oktyabr 1993-cü il tarixdə ИТ-İ ******* nömrəli əmək kitabçasının 42 və 43-cü səhifələrində xx.xx.1982-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Laçın rayon “Raypo” İstehlak Cəmiyyətində müdir-satıcı vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, xx.xx.1982-ci il tarixə aid qeydin həmin tarixdə mövcud olmayan Azərbaycan Respublikasına aid etibarsız möhürlə təsdiqlənməsi yuxarıda qeyd olunan dövrə dair məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradır. Bu səbəblərdən də həmin dövrü sosial sığorta stajına daxil etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının ərizəsində göstərdiyi əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli fərdi şəxsi hesabı haqqında məktubunda qeyd edilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili 2006-cı il 1 yanvar tarixdən başlayaraq aparıldığından 2006-cı il tarixdən əvvəlki dövrlər üzrə məlumatlarının təqdim edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 175 nömrəli Qərarı ilə təsdiqlənmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4-cü maddəsində qeyd edildiyi kimi “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin 2006-cı il yanvarın 1-dək olan dövr üzrə iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. İddiaçı əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbi “Laçın rayonunda yerləşən X10 Mallar Mağazasında işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin aidiyyəti qurum tərəfindən pensiya təyin edilərkən iddiaçının iş stajı düzgün nəzərə alınmamış, müəyyən dövrlər sosial iş stajına daxil edilməmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya verilmiş “Güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının yenidən hesablanmasının mümkün olmaması haqqında” xx.xx.2022-ci il tarixli imtina məktubunda Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1993-cü il tarixində açılmış əmək kitabı səhifələrində xx.xx.1982-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Laçın rayonu “Raypo” İstehlak Cəmiyyətində müdir-satıcı vəzifədə işlədiyi qeyd olunmuş və buna dair arxiv olunmuşdur. Lakin Laçın rayon Dövlət Arxivinin arayışında bildirilmişdir ki, xx.xx.1982-ci ildən xx.xx.1992-ci il tarixinə kimi Laçın rayonu “Raypo” İstehlak Cəmiyyətində müdir və satıcı işləməyi barədə arxiv sənədləri 1992-ci il may ayının 18-də rayonun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı ilə əlaqədar işğal altında qaldığı qeyd olunmuşdur. Qeyd oluan səbəbdən arxiv arayışının təqdim edə bilmədiyindən cavabdeh iddiaçıya imtina vermişdir. Halbuki DSMF tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli imtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 175 nömrəli Qərarı ilə təsdiqlənmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4-cü maddəsində qeyd edildiyi kimi, “Sosial sığorta haqqında” qanuna və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin 2006-cı il yanvarın 1-dək olan dövr üzrə iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və dövlət arxivinin arayışı) həmin sənədlərin mötəbərliyinə əsaslı şübhəli olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. İddiaçı inzibati orqanın bu qərarı ilə razı deyil. İddiaçı onkoloji xəstədir. Mədəsi əməliyyatla götürülüb. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edilmişdir ki, icraatında olan 2-1(112)-8974/2023 saylı iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, 1982-1992-ci illərdə işlədiyi dövrün əmək stajına daxil edilərək güzəştli şərtlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiçaya bildirilmişdir ki, 25 oktyabr 1993-cü il tarixində açılmış ИТ-İ ******* nömrəli əmək kitabçasının 42 və 43-cü səhifələrində xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “Raypo” İstehlak Cəmiyyətində müdir-satıcı vəzifəsində işlədiyinin qeyd olunduğunu, lakin xx.xx.1982-ci il tarixinə aid qeydin həmin tarixdə mövcud olmayan Azərbaycan Respublikasına aid etibarsız möhürlə təsdiqlənməsi yuxarıda qeyd olunan dövrə dair məlumatların həqiqiliyinə əsaslı şübhələr yaratdığından müraciəti müsbət həll etmək mümkün olmamışdır. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “Raypo” İstehlak Cəmiyyətində müdir-satıcı vəzifəsində işlədiyi dövləri nəzərə alaraq güzəşt şərtlərlə yaşa görə əmək pensiyasını yenidən hesablanmasını məhkəmədən xahiş etmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələr" də həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələr və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8974/2023 saylı 26 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə əlavə olaraq bildirilmişdir ki, aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı apellyasiya icraatı qaydasında ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, 1982-1992-ci illərdə işlədiyi dövrün əmək stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçaya bildirilmişdir ki, 25 oktyabr 1993-cü il tarixdə açılmış ИТ-İ ******* nömrəli əmək kitabçasının 42 və 43-cü səhifələrində xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “Raypo” İstehlak Cəmiyyətində müdir- satıcı vəzifəsində işlədiyinin qeyd olunduğu, lakin xx.xx.1982-ci il tarixə aid qeydin həmin tarixdə mövcud olmayan Azərbaycan Respublikasına aid etibarsız möhürlə təsdiqlənməsi yuxarıda qeyd olunan dövrə dair məlumatların həqiqiliyinə əsaslı şübhələr yaratdığından müraciəti müsbət həll etmək mümkün olmamışdır. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Laçın rayon “Raypo” İstehlak Cəmiyyətində müdir- satıcı vəzifəsində işlədiyi dövləri nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Laçın Rayon İcra Hakimiyyəti Laçın Rayon Dövlət Arxivinin 20 iyul 2022-ci il 23 nömrəli məktubunda bildirilir ki, iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “Raypo” İstehlak Cəmiyyətində müdir-satıcı vəzifəsində işləməsi ilə bağlı arxiv sənədləri 18 may 1992-ci il Ermənistan silahlı qüvvələrinin işğalı ilə əlaqədar işğalda qalmışdır. İş materiallarından görünür ki, əmək kitabçası 25 oktyabr 1993-cü ildə açılmışdır, xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “Raypo’’ İstehlak Cəmiyyətində müdir-satıcı vəzifəsində işlədiyini iddia etdiyi dövrlərin arxiv sənədləri olmadığı halda hansı əsaslarla əmək kitabçasına qeyd edildiyi müəyyən edilməmişdir. Məhkəmə qərarında Azərbaycan Respublikası Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2023-cü il tarixli məktubuna əsasən Laçın Rayon İcra Hakimiyyət başçısının Şəlvə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-64/46-3-2-237/2023 nömrəli arayışına istinad edərək iddiaçının xx.xx.1982-ci ildən xx.xx.1992-ci il ilədək Laçın rayon “Raypo" İstehlak Cəmiyyətində işləməsini təsdiqləmişdir. Lakin həmin arayışda Şəlvə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Laçın rayon “Raypo” İstehlak Cəmiyyətinə dair sənədlərin 1992-ci ilin may ayında Laçın rayon ərazisinin bütünlüklə erməni silahlı quldur dəstələri tərəfindən işğalı zamanı işğal zonasında qaldığı və erməni vandalları tərəfindən məhv edildiyi bildirilmiş və iddiaçının Laçın rayon “Raypo” İstehlak Cəmiyyətinin “X10 mallar mağazası”nda xx.xx.1982-ci ildən xx.xx.1992-ci il ilədək işləməsini təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Beləliklə, məhkəmə mötəbərliyinə əsaslı şübhələr olan arayışa və əmək kitabçasına istinad edərək İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1992-ci il ilədək Laçın rayon “Raypo” İstehlak Cəmiyyətində işləməsini təsdiq etmiş və həmin illərin sosial stajı kimi nəzərə almaqla pensiyanın yenidən hesablanma öhdəliyinin cavabdeh Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulmasını qərara almışdır. Bütün bu halları nəzərə alaraq məhkəmə qərarlarında qanunvericinin sosial təminat sistemi ilə bağlı qanunvericilikdə mülahizə sərbəstliyini tanımalı, onun bütün faktorlarını nəzərə alaraq formalaşdırdığı sistemə ziddiyyət təşkil edəcək tövsifdən və təfsirdən çəkinməli, qanunun ümumi məqsədlərini nəzərə almalıdır. Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. Həmin məktubun iddaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixli **********0 nömrəli “əmək pensiyasının təyin edilməsi haqqında qərar”a əsasən pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən 282,83 pensiya təyin edilmişdir. Hazırda iddiaçı onun Laçın rayonunda yerləşən X10 Mallar Mağazasında işlədiyi dövrün (1982-1992) sosial sığorta stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını tələb edir. Bu barədə iddiaçı cavabdeh quruma müraciət etsə də, tələbi “onun xx.xx.1982-xx.xx.1992-ci il tarixlərində Laçın rayon “Raypo” İstehlak Cəmiyyətində müdir-satıcı vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil etməyin mümkün olmaması” əsası ilə təmin olunmamışdır. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2- ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Hazırki işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1982xx.xx.1992-ci il tarixlərdə Laçın rayon “Raypo” İstehlak Cəmiyyətində müdir-satıcı vəzifəsində işlədiyi dövrün onun stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina olunur. İmtinanın əsası kimi cavabdeh qurum iddiaçının 25 oktyabr 1993-cü il tarixində açılmış ИТ-İ ******* nömrəli əmək kitabçasının 42 və 43-cü səhifələrində xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “Raypo” İstehlak Cəmiyyətində müdir-satıcı vəzifəsində işlədiyi qeyd olunsa da, xx.xx.1982-ci il tarixinə aid qeydin həmin tarixdə mövcud olmayan Azərbaycan Respublikasına aid etibarsız möhürlə təsdiqlənməsinə və bunun yuxarıda qeyd olunan dövrə dair məlumatların həqiqiliyinə əsaslı şübhələr yaratdığına istinad edir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X7 Rəhbəri tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, həqiqətən işğala qədər Laçın rayonunda yerləşən “X10 mallar” mağazası Azərittifaqın tabeliyində olmuşdur. Hal-hazırda həmin ticarət obyekti X4 görünür. İşğal dövründə bütün obyektlər və sənədlər erməni işğalçıları tərəfindən məhv edildiyi üçün 1961-ci il təvəllüdlü İddiaçı həmin müəssisədə işləyibişləməməsi barədə məlumat təqdim edə bilməmişdirlər. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Laçın Rayonu İcra Hakimiyyəti baçısı Aparatının xx.xx.2023-cü il tarixli məktubuna əsasən Laçın Rayonu İcra Hakimiyyəti başçısının Şəlvə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-64/46-3-2-237/2023 nömrəli arayışında bildirilmişdir ki, Laçın rayonunun Şəlvə kənd ərazi dairəsinin Şəlvə kəndində daimi qeydiyyatda olan İddiaçı həqiqətən 1992-ci il 18 may tarixədək mövcud olmuş Laçın Rayon İstehlak Cəmiyyətinin “X10 mallar mağazası”nda 1982- 1992-ci illərdə müdir-satıcı vəzifəsində işləmişdir. Laçın Rayon İstehlak Cəmiyyətinin 1982-1992-ci illərdəki fəaliyyətinə dair sənədləri 1992-ci ilin may ayında Laçın rayonu ərazisinin bütünlüklə erməni silahlı quldur dəstələri tərəfindən işğalı zamanı işğal zonasında qalmış və erməni vandalları tərəfindən məhv edilmişdir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həm iş materiallarında olan iddiaçının əmək kitabçasının surəti, həm də Laçın Rayonu İcra Hakimiyyəti başçısının Şəlvə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışı İddiaçı həqiqətən Laçın Rayon İstehlak Cəmiyyətinin “X10 mallar mağazası”nda 1982-1992-ci il tarixlərdə müdir-satıcı vəzifəsində işləməsini təsdiq edir. Məhkəmə kollegiyası cavabdeh qurumun “əmək kitabçasındakı xx.xx.1982-ci il tarixinə aid qeydin həmin tarixdə mövcud olmayan Azərbaycan Respublikasına aid etibarsız möhürlə təsdiqlənməsinə və bunun yuxarıda qeyd olunan dövrə dair məlumatların həqiqiliyinə əsaslı şübhələr yaratdığına” dair dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda da göstərildiyi kimi, iddiaçının 1982-1992-ci illərdəki əmək fəaliyyətinə dair qeydiyyat Laçın rayonunun 1992-ci ilin may ayının 18-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması ilə əlaqədar iddiaçının xx.xx.1993-cü ildə əmək kitabçası tərtib olunarkən aparılmışdır ki, bu da iddiaçının həmin dövrdə işlədiyi müəssisənin həqiqətən mövcud olması və iddiaçının da məhz həmin müəssisədə işləməsi faktının Laçın rayon icra hakimiyyəti və Laçın rayon Şəlvə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlarla təsdiq olunması səbəbindən iddiaçının həmin dövrdəki əmək fəaliyyətinin mövcudluğunu şübhə altına ala bilməz. Həmin əmək stajının qəbul edilməməsi iddiaçıya münasibətdə ədalətsiz olmaqla yanaşı, ümumiyyətlə əmək fəaliyyəti işğal altında olan rayonlarda olan və sənədləri də həmin rayonlarda qalan şəxslərin əmək stajının qəbul edilməməsi inzibati orqanın inzibati praktikasının yanlış olması deməkdir və vətəndaşın inzibati orqana etimad hüququnun təminatını pozmuşdur. Danılmaz faktdır ki, iddiaçının 1982-1992-ci illərdə adı çəkilən müəssisədə işləməsi barədə onun əmək kitabçasında qeydlər mövcuddur və bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehə aid olsa da, cavabdeh bu halı sübuta yetirə bilmir. Odur ki, cavabdeh qurumun iddiaçıya xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək faktiki olaraq mövcud olan sosial sığorta stajını nəzərə almaması qanuni hesab edilə bilməz. İnzibati orqanın heç bir araşdırma aparmadan iddiaçının əmək pensiyasının yenidən hesablanması tələbinə imtina etməsi iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi hesab edilməlidir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün iddiaçının tələbinin təmin olunmasından imtina edilməsi əsassız olmuşdur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin 2-1(112)-8974/2023 saylı 26 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8974/2023 saylı 26 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar