Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1116/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X4 ibarət tərkibdə, Ramiz Vüqar oğlu Əsgərlinin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştrakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9118/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunun Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Zülfüqarov küçəsi, 40A saylı fərdi yaşayış evinə dair 1985-ci il tarixli texniki pasportuna əsasən, X5 40 saylı evin sahibi kimi qeyd edilmişdir. Həmin texniki pasportun 1985-ci il tarixdə tərtib edilmiş “kartoçkasında” daha sonra qeyd edilmişdir ki, fərdi yaşayış evi 1971-ci il tarixdə inşa edilmiş, cəmi tikintinin sahəsi 106.2 kv.metr, cəmi meydançanın sahəsi 1158.7 kv.metr təşkil edir.
2. 4 Saylı Bakı "Asan Xidmət" Mərkəzində Notariat Ofisinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlandığı xx.xx.2024-cü il tarixli 133 nömrəli məktubunda qeyd edilmişdir ki, X2 xx.xx.2023-cü il tarixdə vəfat etmiş anası X6 müraciəti miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2009-cu ildə ölmüş X1 adına vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Həmin Məcəllənin 1151-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquq və vəzifələri, ümumi mülkiyyətdən ölənə çatası pay, yaxud bu əmlakın dəyəri daxildir. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində göstərildiyi kimi müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Qeyd olunnlara əsasən həmin əmlak üzərində hüquqlarının ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi xahiş edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Zülfüqarov küçəsi, 40A nömrəli evin və həmin evin yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Zülfüqarov küçəsi, 40A nömrəli evin xüsusi mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosu tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”a əsasən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Zülfüqarov küçəsi, ev 40A iddiaçının mərhum atası X1 adına qeydə alınmışdır. X5 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Mərhumun adına qeydə alınmış evə dair 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisində vərəsəlik işi açılmışdır və mərhumun adına çıxarışın verilməsi üçün cavabdehə müraciət edilmişdir. Tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Zülfüqarov küçəsi, 40A saylı evə dair mərhum atası X1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdi. Həmin İdarənin iddiaçıya ünvanladığı xx.xx.2024-ci il tarixli cavab məktubunda qeyd edilir ki, xx.xx.1985- ci il tarixli texniki pasportun arxiv nüsxəsi mülkiyyət hüquqularının qeydiyyata alınması üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) tələblərinə uyğun olmalıdır. Lakin iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Zülfüqarov küçəsi, ev 40A barəsində mərhum atası X1 adına texniki pasport Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosu tərəfindən verilmişdir. Həmin texniki pasport isə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə uyğundur və çıxarışın verilməsi üçün əsas hesab edilir. Odur ki, pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, fərdi yaşayış evinə dair təqdim edilmiş xx.xx.1985-ci il tarixli texniki pasportun arxiv nüsxəsi mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə uyğun olaraq üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Bundan əlavə müvafiq daşınmaz əmlaka texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanması təmin edilməlidir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9118/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.
8. Cavabdeh orqan apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddia olunan fərdi yaşayış evində digər şəxslər yaşayır. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq daşınmaz əmlak üzərində hüquqların iddiaçıya mənsub olub-olmaması barədə tam və hərtərəfli araşdırma aparılmamışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
11. Məhkəmədə cavabdehin nümayəndəsi apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddiaçı isə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
14. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər
17. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
22. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-18-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
23. Belə ki, iş materiallarında olan 1985-ci il tarixli texniki pasporta əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Zülfüqarov küçəsi, 40A saylı fərdi yaşayış evi 1971-ci il tarixdə inşa edilmiş, cəmi tikintinin sahəsi 106.2 kv.metr, cəmi meydançanın sahəsi 1158.7 kv.m təşkil edir, həmin evin sahibi kimi X5 qeyd edilmişdir. Göstərilənlərə əsasən iddiaçı həmin evin xüsusi mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsini tələb edir.
24. Cavabdeh orqan isə fərdi yaşayış evinə dair təqdim edilmiş xx.xx.1985-ci il tarixli texniki pasportun arxiv nüsxəsi mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas olmamasına istinad edərək, imtina cavabı vermişdir.
25. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdehin qeyd olunan dəliləri ilə razılaşmır.
26. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1985-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Zülfüqarov küçəsi, 40A saylı fərdi yaşayış evinə dair X1 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport tərtib edilmişdir.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər – daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur.
28. Müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar -daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər sırasına aid edilmişdir
29. İş materiallarından görünür ki, X5 xx.xx.2009-cu ildə ölmüş, X2 xx.xx.2023-cü il tarixdə vəfat etmiş anası X6 müraciəti əsasında X1 adına vərəsəlik işi açılmışdır.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 05 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 1.2-ci bəndinə əsasən bu Təlimatla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra - arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Qeyd olunan Təlimatın müvafiq bəndindən məlum olur ki, daşınmaz əmlakla bağlı dövlət reyestrində qeydə alınmış hüquqlar, hüquq sahibi barədə məlumatlar, daşınmaz əmlakın təsviri qeyd olunan arayışda öz əksini tapmalıdır.
31. Arayışın təyinatı barədə digər qeyd həmin Təlimatın 2.4-cü bəndində öz əksini tapmışdır. Belə ki, Təlimatın qeyd olunan bəndinə əsasən daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi üçün sərəncamverən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış sərəncamverənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edilir.
32. Həmin Təlimatın 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Təlimatın 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Qeyd olunan Təlimatın 7.1-ci bəndində ölmüş şəxsin sağlığında sahibliyində olan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı DƏDRX-ə müraciət edərək hüquqlarının qeydə alınması və reyestrdən çıxarışın almadan ölməsi, 7.2-ci bənddə isə ölmüş şəxsin sahibliyində olan daşınmaz əmlaka dair hüquqlarının qeydə alınması ilə bağlı ümumiyyətlə DƏDRX-ə müraciət etmədiyi hallara şamil olunur. Hər iki halda ölmüş şəxsin vərəsələrinə elektron çıxarışın verilməsi nəzərdə tutulur.
33. Göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əmlakın təsviri, hüquq sahibi barəsində məlumat xarakterli arayışın DƏDRX tərəfindən verilməsi mümkün deyil. Belə ki, yuxarıda qeyd olunan maddi hüquq normalarından məlum olur ki, məlumat xarakterli arayış verilməsi yalnız dövlət qeydiyyatından keçmiş daşınmaz əmlakla bağlı ola bilər.
34. Hesab olunur ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsində göstərilmiş arayışın verilməsi ölmüş şəxsin adına DƏDRX-də qeydə alınmış daşınmaz əmlakın təsviri, hüquq sahibi və sair məlumatlar barəsində verilə bilər. Belə ki, Qanunun 22.2-ci maddəsinin tələbləri baxımından müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
35. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, notariuslar tərəfindən miras şəriklərinə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən miras əmlakın mərhuma mülkiyyət hüququ ilə məxsus olmasının yoxlanılması mühüm şərtlərdən biridir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 94-cü bəndinə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əmək haqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Həmin Təlimatın 107-ci bəndinə əsasən miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir. Notarius hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış vərəsə və ya onun nümayəndəsi tərəfindən təqdim edilir.
36. Göründüyü kimi, iddiaçıya vərəsə kimi, mübahisəli daşınmaz əmlakın mərhum atasına məxsus olması barədə arayış verilməsi üçün əsasların mövcudluğu sübuta yetirilir.
37. Apellyasiya şikayətini dəlilləri isə əsassızdır. Belə ki, cavabdehin şikayətdə müvafiq daşınmaz əmlak üzərində hüquqların iddiaçıya mənsub olub-olmaması barədə dəlili ilə bağlı kollegiya tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sorğu verilmişdir. 10 yanvar 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, 1985-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinəı aid texniki pasporta əsasən evin sahibi kimi X5 qeyd edilmişdir. Qeyd olunan fərdi yaşayış evi 1971-ci ildə bir mərtəbə olaraq inşa edilib və 1988-ci ildə həmin evin ikinci mərtəbəsinin inşa edilməsinə icazə verilmişdir.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
39. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 40.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9118/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 41.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2- ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9118/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.