Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1117/2022 08.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X3 Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 135/2021 saylı 22.02.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergilərin hesablanması barədə” 28 avqust 2018-ci il tarixli **********469900 saylı qərarın qismən - 235.524,04 manat məbləğində vergi borcunun hesablanması hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-135/2021 saylı 22.02.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı MMC barəsində tərtib edilmiş “vergilərin hesablanması barədə” 28 avqust 2018-ci il tarixli **********469900 saylı qərar qismən - 235.524,04 manat məbləğində vergi borcunun hesablanması hissəsində ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas vergi orqanı tərəfindən aparılan araşdırmalar zamanı "xxxx" MMC tərəfindən 2018-ci ilin 2-ci rübündə çoxmənzilli, 16 mərtəbəli yaşayış binasının tikinti-quraşdırma işlərinə başlanmasına baxmayaraq, Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi olmuşdur. Vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” **********584700 nömrəli 10.08.2018-ci il tarixli uyğunsuzluq məktubu göndərilmiş və dəqiqləşdirilmiş bəyannamə, əsaslandırılmış yazılı izahat və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etmək tələb olunmuşur. Lakin, vergi ödəyicisi tərəfindən müvafiq sənədlər vergi orqanına təqdim edilmədiyindən "Vergilərin hesablanması barədə" **********469900 nömrəli 28.08.2018-ci il tarixli qərar ilə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi 2018-ci ilin 2-ci rübü üzrə 965290,50 manat əlavə vergi hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04.11.2020-ci il tarixli 9/3861 nömrəli ekspert rəyindən də göründüyü kimi ekspert işin materiallarında olan "xxxx" MMC-nin 21.09.2018-ci il tarixli 429 nömrəli mütəxəssis rəyinin nəticə hissəsində qeyd olunan məlumatları (satışa yararlı sahələr üzrə) olduğu kimi rəyə köçürmüş, həmin məlumatlar əsasında vergi ödəyicisinin vergi öhdəliyini müəyyən etməklə vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Odur ki, həmin rəy qərarın qəbul edilməsi üçün mötəbər sübut hesab edilə bilməz. Məhkəmənin Vergi Məcəlləsinin 219.3-cü maddəsinin (həmin vaxt qüvvədə olan) tələbini də nəzərə almadan yalnız satışa yararlı sahələr üzrə verginin hesablanmalı olmasını əsas gətirməklə iddianı təmin etməsi qanuni və əsaslı olmamışdır. Vergi Məcəlləsinin 219.3-cü maddəsinə çəsasən bildiririk ki, hazırkı mübahisə üzrə vergilərin hesablanması satışa yararlı sahələrinə görə yox, binanın hər mərtəbəsinin ümumi sahəsinə görə hesablanmalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin hesablanması barədə” **********469900 saylı, 28.08.2018-ci il tarixli qərarından görünür ki, bəyənnamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən İddiaçı MMC-yə 965.290,50 manat vergi hesablanmışdır. Vergi növü - bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi, vergi dövrü - 2-ci rüb 2018-ci il. - İddiaçı MMC-nin 09.12.2019-cu il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, vergi borcu - hesablanmışdır 976.800,38 manat, 471.692,93 manat ödənilmiş, cəmi ödənməli borc 551.800,24 manat təşkil edir. - "xxxx" MMC-nin tərtib etdiyi İddiaçı MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının ümumi və satışa yararlı sahələrinin müəyyənləşdirilməsi barədə” 21.09.2018-ci il tarixli Mütəxəssis Rəyində satışa yararlı sahə 10370,67 kv.m (575,37 kv.m qeyri yaşayış sahəsi + 9489,30 kv.m yaşayış sahəsi + 306,0 kv.m zirzəmi) müəyyən olunmuşdur. Həmin sahələr nəzərə alınmaqla İddiaçı MMC üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi aşağıdakı kimi hesablanır: zirzəmi (satışa yararlı sahə) - 306,0 kv.m x 45 x 1,5 x 1,5 = 30.982,50 manat, qeyri yaşayış (satışa yararlı sahə) - 575,37 kv.m x 45 x 1,5 x 1,5 = 58.256,21 manat, yaşayış (satışa yararlı sahə) - 9489,30 kv.m x 45 x 1,5 x 1,5 = 640.527,75 manat. Yəni İddiaçı MMC üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi ümumilikdə 729.766,46 (30.982,50 + 58.256,21 + 640.527,75) manat məbləğində, rüblük isə 72.976,65 (729.766,46 : 10) manat məbləğində müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə iddianın təmin edilməsinə dair yekun nəticəsini onunla əsaslandırmışdır ki, “... bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi cavabdeh tərəfindən düzgün hesablanmamış, qeyd olunan qərara əsasən 965290,50 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablansa da, həmin verginin 729.766,46 manat məbləğində hesablanmalı olması müəyyən edilmişdir (yaranmış fərq 235.524,04 manat). Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməli, mübahisələndirilən qərar 235.524,04 manat məbləğində vergi borcunun hesablanması hissəsində ləğv edilməlidir.” Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 158 nömrəli 14.04.2017-ci il tarixli sərəncamına əsasən "xxxx" MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 34 saylı binanın yaxınlığında yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə 05.06.2018-ci il tarixdə 255 nömrəli Tikinti işlərinə başlanılması üçün əsas olan Xüsusi Nişan verilmişdir. 20.07.2018-ci il tarixdə isə İddiaçı MMC ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi arasında Sınaq işlərinin aparılmasına dair 802/18 nömrəli Müqavilə imzalanmışdır. Cavabdeh tərəfindən 2018-ci ilin 2-ci rübü üzrə 965290,50 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablanmış və yoxlamanın nəticəsi üzrə “Vergilərin hesablanması barədə” 28.08.2018-ci il tarixli **********469900 nömrəli qərar qəbul edilmişdir. Lakin iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyinə əsasən 28.08.2018-ci il tarixli, **********469900 saylı qərarla hesablanmış bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin düzgün hesablanmaması müəyyən edilmişdir, İddiaçı MMC üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin ümumilikdə 729.766,46 manat məbləğində, rüblük isə 72.976,65 manat məbləğində müəyyən olunması qeyd edilmişdir. Hazırda iddiaçı MMC 28 avqust 2018-ci il tarixli **********469900 saylı vergilərin hesablanması barədə qərarla hesablanmış 965.290,50 manat borcun 729.766,46 manat hissəsini qanuni hesab etməklə, qalıq 235.524,04 manat məbləğin qanunsuz hesablandığını iddia edərək, qərarın həmin hissədə ləğv edilməsini xahiş edir. AR Konstitusiyasının 73-cü maddəsinin ikinci bəndinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur; Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar; İş materiallarından və apelyasiya şikayətinin məzmunundan göründüyü kimi, cavabdeh orqan inzibati aktda mübahisəli məbləğin hesablanmasına dair mövqeyini onunla əsaslandırır ki, vergi ödəyicisi tərəfindən müvafiq sənədlər vergi orqanına təqdim edilmədiyindən 28.08.2018-ci il tarixli qərar ilə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi 2018-ci ilin 2-ci rübü üzrə 965290,50 manat hesablanmışdır. AR İPM-nin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə olan halda vergi orqanının dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləğini məhz hansı sübutlara əsasən hesablamasını təsdiq edən sübutları cavabdeh vergi orqanı təqdim etməlidir. İşdən görünür ki, vergi orqanının mübahisələndirilən qərarında istinad olunmuş tikilinin ümumi sahəsinin 13.885 k.v.m olması və bu əsasla əlavə vergi hesablanması ilə bağlı sübutlar cavabdeh Departament tərəfindən təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.-1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Sadalananlardan da göründüyü kimi, vergi orqanı tərəfindən vergilərin hesablanması zamanı mütləq şəkildə mənbəyi bəlli olan rəsmi məlumatlara və ya sənədlərə əsaslanılmalıdır. AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi vergi qanunericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi dəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan aldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqın-da” 27.11.2003-cü il tarixli 5 saylı Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11 -ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Hazırki mübahisə üzrə vergi orqanı tərəfindən iddiaçı MMC-yə 965290,50 manat vergi borcu hesablanarkən yuxarıda sadalanan normaların tələblərinin kobud surətdə pozulması müəyyən edilir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 1 vərəqdən ibarət qeydlər şəklində sənəddən cavabdeh tərəfindən MMC-nin sahəsinin təqribi hesablanması görünür. Lakin, bu sənəddə hesablamaların aparılmasına əsas olmuş, mənbəyi bəlli məlumata istinad olunmamışdır və kim tərəfindən tərtib olunması məlum deyil, ona görə də, sözügedən sənəd vergi orqanın dəlillərinə qiymət verilməsi üçün mötəbər sübut kimi qiymətiləndirilə bilməz. Digər tərəfdən cavabdeh orqan tərəfindən qeyd edilən vergi borcunun hesablanması əsasına dair hər hansı digər mötəbər sübut məhkəməyə təqdim edilməmiş, apelyasiya şikayətinə əlavə edilməmişdir. AR Vergi Məcəlləsinin 218.1.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir (29.11.2019-cu il tarixdə ləğv edilmişdir); 218.4-cü maddəsinə əsasən bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir: 218.4.3. mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər; 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir (29.11.2019-cu il tarixdə ləğv edilmişdir); 220.8-ci maddəsinə əsasən bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır (həmin maddədən “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat» sözləri 29.11.2019-cu il tarixdə çıxarılmışdır); 220.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır; 221.5-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər. Bu Məcəllənin 218.1.3cü maddəsində göstərilən vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (bina tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün bu Məcəllənin 220.8-ci maddəsinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər. Bu maddədə nəzərdə tutulmuş bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergi bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir (29.11.2019-cu il tarixdə çıxarılmışdır). Sadalanan normaların tələblərini nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq "xxxx" MMC-yə hesablanmış vergi məbləğinin düzgünlüyünün müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04.11.2020-ci il tarixli 9/3861 saylı ekspert rəyində qeyd edilir ki, “Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 28.08.2018-ci il tarixli, **********469900 saylı qərarla hesablanmış bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin düzgün hesablanması müəyyən olunmur. ... İddiaçı MMC üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi ümumilikdə 729.766,46 (30.982,50 + 58.256,21 + 640.527,75) manat məbləğində, rüblük isə 72.976,65 (729.766,46 : 10) manat məbləğində müəyyən olunur.” Göründüyü kimi, vergi orqanı tərəfindən iddiaçı "xxxx" MMC-yə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablanarkən qeyri-rəsmi məlumatlar əsasında MMC-nin vergi tutulmalı sahəsi artıq hesablanmış və nəticədə qanunsuz olaraq iddiaçıya 235.524,04 manat artıq vergi borcu hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən ekspert rəyi düzgün olaraq mötəbər sübut qismində qəbul edilmişdir. Cavabdeh vergi orqanı isə həmin rəylə razılaşmasa da, onun mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.4-cü maddəsinə müvafiq olaraq inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olumuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə uyğun olaraq qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsəsən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qeyd edilən qanunvericilik normalarının tələblərindən də aydın göründüyü kimi, rəsmi və mötəbər hesab edilə bilən məlumatlar əsasında qəbul edilməmiş və lazımi qaydada əsaslandırılmamış inzibati akt qanunsuz əlverişsiz akt kimi qiymətləndirilir. AR Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda sadalananlarla məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 965.290,50 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin hesablanmasına dair Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin hesablanması barədə” **********469900 saylı, 28.08.2018-ci il tarixli qərarı 235.524,04 manat məbləğində vergi borcunun hesablanması hissəsində əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 22.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-135/2021 saylı, 22.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1117/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1117/2022
08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver