Məhkəmə qərarları › İş №2-1(103)-1117/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1117/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1117/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı iş üzrə (Açar sözlər: artıq ödənilmiş pensiya məbləğinin qaytarılması barədə) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması barədə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, e-2- 1(112)-106/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə artıq ödənilmiş 16.816,38 manat pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 02 may 2018-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 2397,75 manat, rütbəyə görə əlavə 390,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 45 faizi miqdarında əlavəsi 1254,49 manat, ərzaq payı əvəzinə kompensasiya 64,00 manat, digər növ əlavələr 143,55 manat olmaqla onun orta aylıq əmək haqqı 4249,79 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 25 il 4 ay 17 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (4249,79 manat) 80 faizi-3399,83 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən cavabdehə xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 118884,40 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 135700,80 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 16816,38 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Tərəfindən xx.xx.2021-ci il tarixli **********1 nömrəli məktubla həmin artıq ödənilmiş 16816,38 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Mərkəzi Filial tərəfindən cari ilin aprel ayından cavabdehin əmək pensiyasının məbləği 3399,83 manat müəyyən edilməklə onun müvafiq kart hesabına köçürülür.

3. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, e-2-1(112)-106/2024 saylı qərarı ilə iddia rədd edilmişdir.

4. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

5. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Əlvəndov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək artıq ödənilmiş 17755,64 manat pul vəsaitinin büdcəyə geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

8. Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-14948/2023 nömrəli qərarına əsasən ötən dövrlər üzrə təyin olunmuş pensiya məbləğləri haqqında məlumat bölməsində qeyd edilmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyasının xx.xx.2018-ci il tarixdə 3880,10 manat, xx.xx.2022-ci il tarixdə 5057,40 manat, xx.xx.2023-cü il tarixdə isə müddətsiz olaraq 6380,92 manat təyin edilməsi qərara alınmışdır.

9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-17092/2023 nömrəli qərarına əsasən ötən dövrlər üzrə təyin olunmuş pensiya məbləğləri haqqında məlumat bölməsində qeyd edilmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyasının xx.xx.2018-cü il tarixdə 3399,83 manat, xx.xx.2022-ci il tarixdə 4312,96 manat, xx.xx.2023-cü il tarixdə isə müddətsiz olaraq 5441,66 manat təyin edilməsi qərara alınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

10. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

11. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, artıq ödənilmiş 17755,64 manat pul vəsaitinin büdcəyə geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

12. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

13. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

14. Hazırkı iş üzrə iddiaçının tələbi artıq ödənilmiş pensiya məbləğinin qaytarılmasıdır.

15. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə hesab edir ki, qeyd edilən normaya əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tələb edilməsi pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında deyil (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallara istinad edildiyi hallar istisna olmaqla), pensiyanın hesablanması zamanı yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama zamanı mümkün hesab edilə bilər.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

17. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.

18. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

19. Odur ki, pensiya təyinatı zamanı vətəndaşın ilkin təyin edilmiş pensiya məbləğinə təsir edəcək hər hansı təqsirli hərəkəti olduğu müəyyən edilmədiyindən, eləcə də müvafiq təyinat vətəndaşın məsuliyyət dairəsi ilə əhatə olmadığından artıq ödənilmiş hesab edilən məbləğ ondan tutula bilməz.

20. Beləliklə, müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-17092/2023 nömrəli qərarına əsasən hesablama tarixinə qədər cavabdehin pensiya məbləği 6380,92 manat və yenidən hesablama nəticəsində 5441,66 manat məbləğində müəyyən edilmişdir. Həmçinin cavabdehə 16816,38 manat artıq pul vəsaitinin (iddia tələbinin dəqiqləşdirməsinə dair ərizəyə əsasən 17755,64 manat) ödənildiyi aşkar edilmişdir.

21. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğu sübut edilməmiş və həmin hallara istinad edilməmişdir.

22. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən əsaslar, yəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

24. Məhkəmə kollegiyası, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir.

25. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir.

26. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).

27. Göründüyü kimi inzibati orqan tərəfindən səhv hesablama nəticəsində artıq pensiya ödənilsəydi belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə cavabdehin hesabına düzəldilməsi yol verilməzdir.

28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

30. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

31. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, e-2-1(112)-106/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar