Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1118/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, İddiaçının vəkili X3, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı şəhid statusunun verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 23.11.2020-ci il tarixli, 2-1(112)-5786/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 23.11.2020-ci il tarixli, 2-1(112)-5786/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının mərhum həyat yoldaşı X4 “Şəhid”, ailəsinə “Şəhid ailəsi” statusunun verilməsi və bu statusu təsdiq edən müvafiq arayışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X1 rayon Polis şöbəsində polis nəfəri kimi çalışmışdır. Gədəbəy rayon Polis Şöbəsinin ermənistanla həmsərhəd ərazisində polis postunda xidməti vəzifələrini yerinə yetirərkən 02.08.2002-ci il tarixdə ildırım vurmuş və təbii fəlakət nəticəsində həlak olmuşdur. Gədəbəy rayon Polis şöbəsi tərəfindən verilmiş X2 ölüm səbəbini müəyyən edən 07.08.2002-ci il tarixli rəyindən göründüyü kimi 07.08.2002-ci il tarixdə səhər saat 07:30 radələrində şöbənin sabiq polis nəfəri polis baş serjantı X1 rayonunun Göyyurd adlanan postda xidməti vəzifəsini yerinə yetirərkən təbii fəlakət zonasında şimşək vurmuş, vəfat etmişdir. Bu səbəbdən iddiaçının mərhum həyat yoldaşı X7 şəhid olduğundan ona “şəhid”, onun ailəsinə “şəhid ailəsi” statusu verilməlidir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili X9 apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, iddiaçının mərhum həyat yoldaşı X1 rayon Polis Şöbəsinin Ermənistanla həmsərhəd ərazisində polis postunda xidməti vəzifələrini yerinə yetirərkən 02.08.2002-ci il tarixdə ildırım vuraraq həlak olduğundan onun ölmü döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar hesab olunmalıdır. Bununla da iddiaçının mərhum həyat yoldaşı X4 “şəhid” və ailəyə də “şəhid ailəsi” statusu və bu statusu təsdiq edən müvafiq arayışın verilməsi üçün hüquqi əsas yaradır. Lakin bütün bunlara baxmayaraq Ç.Şəkərov döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirərkən deyil, polis əməkdaşı olaraq xidməti vəzifəsini yerinə yetirərkən, şimşək vurması nəticəsində öldüyündən bu hal da ona şəhid statusu verilməsi üçün əsas ola bilmədiyinə istinad edərək, məhkəmə tərəfindən iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1980-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 013887 nömrəli, 04.09.1998-ci il tarixli vəsiqənin surətindən görünür ki, X7 müharibə veteranıdır. Gədəbəy rayon Polis Şöbəsinin 07 avqust 2002-ci il tarixli rəyindən müəyyən edilmişdir ki, 07.08.2002-ci il tarixdə səhər saat 07:30 radələrində şöbənin sabiq Polis nəfəri Polis baş serjantı X1 rayonunun Göyyurd adlanan postda xidməti vəzifəsini yerinə yetirərkən təbii fəlakət zamanı (şimşək vurmuş) vəfat etmişdir. Daxili İşlər Nazirliyinin 00393 nömrəli pensiya vəsiqəsinin surətindən görünür ki, iddiaçıya ailə başçısını itirməyinə görə 01 oktyabr 2002-ci il tarixində pensiya təyin olunmuşdur. X4 aid ИТ ******* nömrəli əmək kitabçasının surətinə əsasən, onun 19.08.2002-ci ildə xidməti iş başında təbii fəlakət zamanı həlak olduğuna görə şəxsi heyət sıralarından azad edildiyi qeyd olunmuşdur. X4 aid olan 10 avqust 2002-ci il tarixli, 151751 nömrəli ölüm haqqında şəhadətnaməsində, onun 07.08.2002-ci il tarixdə, 31 yaşında, Gədəbəy rayonu, Daryurd şəhərində ildırım vurması nəticəsində vəfat etdiyi qeyd olunmuşdur. İşin halları ilə müəyyən edilmişdir ki, iddiaçının əri X7 daxili işlər orqanında polis nəfəri vəzifəsində işləmiş, 07.08.2002-ci il tarixdə səhər saat 07:30 radələrində Gədəbəy rayonunun Göyyurd adlanan postda xidməti vəzifəsini yerinə yetirərkən təbii fəlakət zonasında şimşək vurmuş, vəfat etmişdir. iddiaçının mərhum həyat yoldaşı X4 “Şəhid”, ailəsinə “Şəhid ailəsi” statusunun verilməsi və bu statusu təsdiq edən müvafiq arayışın verilməsi barədə cavabdehdən xahiş edilsə də, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Hazırda iddiaçı, mərhum həyat yoldaşı X4 “Şəhid”, ailəsinə “Şəhid ailəsi” statusunun verilməsi və bu statusu təsdiq edən müvafiq arayışın verilməsi cavabdehə həvalə edilməsini tələb edir. Birinci instansiya məhkəməsi aşağıdakı hüquqi əsaslara görə iddiaçını iddia tələbində haqlı hesab etməmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 2-ci maddəsinə əsasən, bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında 15 yanvar 1994-cü il tarixli Qərarının 1.1-ci bəndinə əsasən, şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qərarın 1.2.5-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; həmin Qərarın 1.2.6-cı bəndinə görə, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab olunurlar. Göstərilən qanunvericilik normalarının təhlilindən göründüyü kimi, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin şəhid hesab olduğunu əhatə edir. İş üzrə müəyyən edilir ki, X7 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirərəkən deyil, polis əməkdaşı olaraq xidməti vəzifəsini yerinə yetirərkən, şimşək vurulması nəticəsində ölmüşdür. Bu hal da ona şəhid statusu verilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23.11.2020-ci il tarixli, 2-1(112)-5786/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Mirzə Tağızadə Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1118/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1118/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver