Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1118/2022 15.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “müvafiq illərin sığorta stajına daxil edilməklə ona əlilliyə görə pensiya təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (həyat yoldaşı) X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “müvafiq illərin sığorta stajına daxil edilməklə ona əlilliyə görə pensiya təyin edilməsi” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3212/2019 saylı 27 dekabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. Ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsindən sonra xx.xx.2018-ci il tarixdən ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya məxsus ******* saylı xx.xx.2001-ci il tarixli əmək kitabçasından görünür ki, o, Mərkəzi istehsalat Xidməti Bazasına işə qəbul edilmiş və ümumi iş stajı 2 il 6 ay 12 gündür, xx.xx.1989-cu ildə 7 saylı üzümçülük briqadasına fəhlə kimi işə qəbul edilmiş, xx.xx.1990-cı ildə işdən azad edilmiş, xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək H.Z.Tağıyev adına Bakı Maliyyə Kredit texnikumunda təhsil almış,xx.xx.1992-ci ildə Ağstafa rayon Təhsil şöbəsinin müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.1993-cü ildə rayon təhsil şöbəsində ekspeditor vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü ildə işdən azad edilmiş, xx.xx.1994-cü ildə AR DNŞ MMK İB-nin Mərkəzi İstehsalat Xidməti bazası təsərrüft Xidmətinə əsas işçinin analıq məzuniyyəti dövründə 2-ci dərəcəli yardımçı fəhlə qəbul edilmiş, xx.xx.1998-ci ildə 9-cu dərəcəli, xx.xx.1999-cu ildə 10-cu dərəcəli, xx.xx.2000-ci ildə 11-ci dərəcəli mühasib vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü ildə işdən azad edilmişdir. İddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********6 saylı 14 avqust 2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, onun əmək kitabçasında qeyd olunan 1993-2006-cı illərə aid əmək stajı yoxlanarkən öz təsdiqini tapmadığına görə ona 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta kapitalı olmadığına görə onun ərizəsinin təmin edilməsindən imtina edilmişdir Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “xx.xx.1993-cü il tarixdən 2006-cı il tarixə kimi Neft Kəmərləri İdarəsinin tabeliyində olan Mərkəzi İstehsalat Xidmət Bazasında (indiki sabunçu İstehsalat Xidməti Bazası ASC) təsərrüfatçı, mühasib və mühasib-xəzinədar vəzifələrində işlədiyi dövrlərin iş stajı kimi nəzərə alınmaqla ona İİ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, pensiya təyin olunmasından cavabdehin imtina etməsi qanunsuzdur. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci, 21.1-ci və 21.2-ci maddələrinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci və 33.2-ci maddələrinə əsasən, onun 25 yanvar 1993-cü il tarixdən 2006-cı il tarixədək Neft Kəmərləri İdarəsinin tabeliyində olan Mərkəzi İstehsalat Xidmət Bazasında 2-ci dərəcəli təsərrüfatçı, mühasib və mühasib-xəzinədar vəzifələrində işlədiyi dövrlər iş stajı kimi nəzərə alınmaqla ona 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3212/2019 saylı 27 dekabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 25 yanvar 1993-ci il tarixdən 2006-cı ilədək Neft Kəmərləri İdarəsinin tabeliyində olan Mərkəzi İstehsalat Xidmət Bazasında 2-ci dərəcəli təsərrüfatçı, mühasib və mühasib-xəzinədar vəzifələrində işlədiyi dövrlər iş stajı kimi nəzərə alınmaqla, 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF-nin Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti və ona əlavə verilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona əlavənin dəlilləri: Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, iddiaçının 52 yaş üçün tələb olunan 12 il 04 ay sığorta stajı və 12905,97 manat pensiya sığorta kapitalı olmadığına görə onun əlilliyə görə əmək pensiyası hüququ yaranmır. İddiaçının əmək kitabçasında qeyd olunan 1993-2006-cı illərə aid əmək stajı Filial tərəfindən yoxlanılarkən təsdiqini tapmadığına görə ona İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta kapitalı olmadığına görə ərizəni təmin etmək mümkün olmamışdır. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Neft Kəmərləri İdarəsinin tabeliyində olan Mərkəzi İstehsalat Xidməti Bazasında, xx.xx.2004-cü 11 tarixdən xx.xx.2014-cü il tarixədək Sabunçu İstehsalat Xidməti Bazasında işlədiyini iddia edir. M.R.X4 İdarəsinin tabeliyində olan Mərkəzi İstehsalat Xidməti Bazasında və Sabunçu İstehsalat Xidməti Bazasında qeyd olunan dövrlərdə işləməsi ilə bağlı (işə daxilolma işdən azad edilmə əmrləri, əmək haqqı cədvəllərinin əldə olunması üçün) Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə və Sabunçu İstehsalat Xidməti Bazasına müvafiq sorğular verilmişdir. xx.xx.2021-ci il tarixli Milli Arxiv İdarəsinin cavab məktubunda Mərkəzi İstehsalat Xidməti Bazasının arxiv sənədlərinin təhvil verilmədiyi qeyd olunmuşdur. "xxxx" ASCyə ünvanlanmış xx.xx.2021-ci il tarixli sorğu isə hələ də cavablandırılmamışdır. Daha sonra Filial tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinə müvafiq sorğu ünvanlanmışdır. Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinin xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, hal-hazırda Sabunçu İstehsalat Xidməti Bazasının fəaliyyəti aktivdir. Lakin iddiaçı məhkəmə iclası zamanı bildirmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixdə Sabunçu İstehsalat Xidməti Bazasında tutduğu vəzifəsindən azad edildikdən sonra qeyd olunan Baza fəaliyyətini dayandırmışdır. Maraqlı məqam isə Sabunçu istehsalat Xidməti Bazasının fəaliyyətinin hal-hazırda aktiv olmasına baxmayaraq, Bazaya məxsus olduğu iddia edilən bütün sənədlərin əslinin iddiaçıda mövcud olmasıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, İddiaçı məxsus ******* nömrəli əmək kitabçası dublikatdır. Qeyd olunan əmək kitabçasının dublikat olaraq sonradan doldurulması, iddiaçının müvafiq müəssisədə işləməsi ilə bağlı sənədlərin yalnız vətəndaşda olması və həmin sənədlərdə möhürün mövcud olmaması, ləğv olunduğu bildirilən Bazanın fəaliyyətinin aktiv olması iddiaçının qeyd olunan dövrlərdə Sabunçu İstehsalat Xidməti Bazasında işləməsi faktına şübhə doğurur. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticələr: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1070/2020 saylı 03 iyun 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3212/2019 saylı 27 dekabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1735/2020 saylı 30 sentyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1070/2020 saylı 03 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-495/2021 saylı 25 iyun 2021-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3212/2019 saylı 27 dekabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2240/2021 saylı 30 noyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-495/2021 saylı 25 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (həyat yoldaşı) X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2019-cu il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi, “xx.xx.1993-cü il tarixdən 2006-cı il tarixə kimi Neft Kəmərləri İdarəsinin tabeliyində olan Mərkəzi İstehsalat Xidmət Bazasında (indiki sabunçu İstehsalat Xidməti Bazası ASC) təsərrüfatçı, mühasib və mühasib-xəzinədar vəzfələrində işlədiyi dövrlərin iş stajlarına nəzərə alınmaqla ona İİ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun 1993-2006-cı il tarixədək olan dövrlərin sığorta stajına əlavə edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsi və pensiya kapitalının kifayət qədər olmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə bağlı məhkəməyə müraciət etmişhkəməsi tərəfindən təmin olunmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş stajının yoxlanılmasının nəticə verməməsi həmin illərin sığorta stajına daxil edilməməsinə əsas verə bilməz. Həm də nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1- ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Belə olan halda cavabdeh DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir. 01 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqında” Qanunun 12.1-ci maddəsinin tələbinə görə əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.3.1-ci bəndinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Göründüyü kimi, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 12.1-ci maddəsinə görə hazırki iddianın təmin olunması üçün iki şərt-1) iddiaçının əlil olması və 2) iddiaçının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması zəruridir. Bu şərtlər əsasında işin halları araşdırıldıqda müəyyən olunur ki, iddiaçının xx.xx.2018-ci il tarixdən ikinci dərəcəli əlil olması işin mübahisəsiz halıdır. Yəni, Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş birinci şərt mövcuddur. İkinci şərtə gəldikdə isə, cavabdeh iddiaçıya əlilliyə görə pensiya təyin olunmasını mümkünsüz edən hal kimi onun zəruri sosial sığorta stajına malik olmadığını bildirir. İddianın təmin olunması üçün tələb olunan sosial sığorta stajı isə onun xx.xx.1965-ci il təvəllüdlü olması, xx.xx.2018-ci il tarixdə əlilliyə görə pensiya təyin olunması ilə bağlı müraciət etdiyini nəzərə alaraq 12 il 8 ay (53 – 15 = 38 x 4 = 152 : 12 = 12 il 8 ay) təşkil edir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1.-ci bəndinə görə sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən olunur. Hazırki işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının yetəri qədər sığorta stajına malik olması (1993-2006-cı illər üzrə olan dövr) və ya pensiya kapitalının kifayət qədər olması mübahisələndirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə araşdırmaları zamanı cavabdehin mövcud dəlilinin araşdırılması məqsədilə iddiaçının həmin dövrdə işləməsini müəyyən etmək üçün iddiaçının işlədiyi müəssisəyə, müvafiq icra hakimiyyəti orqanlarına sorğular verilmiş, alınmış cavablarla iddiaçının işlədiyi müəssisənin dövlət qeydiyyatına alınması, hal-hazırda fəaliyyət göstərməsi öz təsdiqini tapmışdır. Beləliklə, iddiaçının işlədiyi müəssisənin həmin dövrdə də mövcud olması və iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən həmin müəssisədə işləməsi faktı kassasiya instansiyası məhkəməsi tərəfindən də təsdiqlənmişdir. Bu halın əksini təsdiq edə biləcək hər hansı sübutu cavabdeh təqdim edə bilməmişdir. Bundan əlavə, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında göstərilmişdir ki, qanunvericiliyə əsasən xx.xx.2017-ci il tarixdən sonra İİ və ya İİİ qrup əlillik təyin olunmuş şəxslərə pensiya kapitalından asılı olmayaraq əlilliyə görə pensiya təyin olunmasına yol verən hüquq norması yoxdur. Həmin tarixdən sonra əlillik təyin olunmuş şəxslərə əlilliyə görə pensiya təyinatı zamanı, sosial sığorta stajının qazanıldığı müddətdən asılı olmayaraq, pensiya kapitalının olması mütləqdir. Hətta iddiaçınin əlilliyə görə pensiya təyin olunması üçün zəruri olan sosial sığorta stajından artıq staja malik olması, özlüyündə ona zəruri olan məbləğdə pensiya kapitalının olması barədə nəticəyə gəlməyə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci madəsinə əsasən məhkəmə tərəfindən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bununla bağlı apellyasiya baxışı zamanı cavabdeh tərəfə iddiaçının işlədiyi 1993- 2006-cı illər nəzərə alınmaqla onun pensiya kapitalının nə qədər təşkil etməsi və əlilliyə görə pensiyaya çıxması üçün qanunla tələb olunan pensiya kapitalının nə qədər təşkil etməsi ilə bağlı verilmiş sorğuya cavab məktubuna əsasən müəyyən olunmuşdu ki, iddiaçının əlilliyə görə pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2018-ci il tarixdə tələb olunan sığorta stajı 12 il 8 ay, tələb olunan minimum pensiya kapitalı ilə 13254,78 manat təşkil etdiyi halda, onun mübahisələndirilən xx.xx.1993-xx.xx.2006-cı il tarixədək olan dövr də sığorta stajında nəzərə alınacağı təqdirdə vətəndaşın 22 il 2 ay 23 gün sığorta stajına əsasən xx.xx.2006-cı il tarixə pensiya kapitalı 15594,24 manat təşkil edir. Bu fakt cavabdehin nümayəndəsi tərəfindən məhkəmə baxışı zamanı təqdim olunmuş iddiaçıya məxsus pensiya alt sistemindən çıxarışdakı məlumatlarla da tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Belə olan halda iddiaçının əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 12 il 08 ay sosial sığorta stajına, eləcə də kifayət qədər pensiya kapitalına (13254,78 manata qarşı 15594,24 manat) malik olduğuna görə ona əmək pensiyası hüququnun yarandığı, yəni 04 iyun 2018-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyə görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Əlavə olaraq Kollegiya onu da qeyd edir ki, məhkəmə qərarının nəticə hissəsində iddiaçıya əlilliyə görə pensiyanın hansı tarixdən təyin olunması məsələsi göstərilməsə də, bu hal kobud pozuntu kimi qiymətləndirilmədiyi üçün qərarın ləğvi üçün də əsas yaratmır. Buna görə də məhkəmə qərarı iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarix xx.xx.2018-ci il tarix göstərilməklə dəyişdirilmədən saxlanılmalı, bununla da cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3212/2019 saylı 27 dekabr 2019-cu il tarixli qərarı iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarix xx.xx.2018-ci il tarix göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3212/2019 saylı 27 dekabr 2019-cu il tarixli qərarı İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edildiyi tarixxx.xx.2018-ci il tarix göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Cahangir Yusifov Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1118/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1118/2022
15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver