Məhkəmə qərarları › İş №2-1(103)-1118/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1118/2024

13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1118/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, 11 saylı evin 29 saylı mənzilin kirayə müqaviləsinin iddiaçının adına dəyişdirilməsinə dair sərəncamın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, e-2-1(112)-8711/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, 11 saylı evin 29 saylı mənzilin kirayə müqaviləsinin iddiaçının adına dəyişdirilməsindən cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin imtinasının əsassız hesab edilməsi, həmin müqavilənin iddiaçının adına dəyişdirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, 11 saylı evin 29 saylı mənzilin kirayə müqaviləsinin iddiaçının adına dəyişdirilməsinə dair sərəncamın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əri X6 02 iyul 1993-cü il tarixdə, torpaqların azadlığı uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. 1993-cü ildə iddiaçı 3 qız övladı ilə birlikdə şəhid ailəsi kimi, mənzil-istismar sahəsində yaşayış sahəsinin kirayə müqaviləsi əsasında X1 adına qeydə alınmış Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi ev 11 mənzil 29 ünvanında yerləşən mənzilə köçürülmüşdür. İddiaçı 30 ildir ki, həmin mənzildə yaşayır, mənzilin bütün kommunal xərclərini ödəməklə mənzilin idarəçiliyini həyata keçirir. Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçiliyi Mənzil-Kommunal Təsərrüfat İdarəsi 5 №-li Mənzil İstismar Sahəsinin verdiyi 23 avqust 1996-cı il tarixli 079 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, Nərimanov rayonu ərazisində yerləşən X14 küçəsi 11 nömrəli ev 5 №-li Mənzil İstismar Sahəsinə aiddir. Həmin binanın 29 №-li mənzili yaşayış sahəsini kirayə müqaviləsi əsasında X1 adına qeydə alınmışdır. 30 ildən artıqdır ki, X2 Azərbaycan Respublikasını tərk etməklə həmin mənzildə yaşamır. Məlum hadisələrlə əlaqədar olaraq Cəbrayıl rayonundan məcburi köçkün və şəhid ailəsi İddiaçı 3 uşağı ilə birlikdə bu ünvanda məskunlaşmışdır. İddiaçı verilən xx.xx.2008-ci il tarixli 845 saylı arayışa əsasən iddiaçı qeyd olunan ünvanda 3 uşağı - X4, X7, X3 ilə birlikdə qeydiyyatsız yaşayırlar. X2 1965-ci ildən həmin mənzildə qeydiyyatdadır. 154 saylı MKİS-nin rəisinin verdiyi məlumata əsasən Nərimanov rayonu, X14 küçəsi ev 11 mənzil 29 ünvanında yerləşən mənzildə X2 xx.xx.1965-ci il tarixdən qeydiyyatda olub. Mənzildə yaşamış X2 həmin ünvandan Nərimanov rayonu P/Şnin verdiyi məlumata əsasən 2008-ci ildə qeydiyyatdan çıxarılmışdır. Göstərilən mənzilin İddiaçı adına rəsmiləşdirilməsi üçün müxtəlif qurumlara müraciətlər edilməsinə baxmayaraq, heç bir müsbət nəticəsi olmamışdır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 20 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, 11 saylı evin 29 saylı mənzilində İddiaçı ailə üzvləri ilə birlikdə Cəbrayıl rayonundan məcburi köçkün kimi müvəqqəti olaraq məskunlaşdığından, kirayə müqaviləsi bağlanılmaqla həmin mənzilin iddiaçının adına sənədləşdirilməsi barədə xahişini təmin etmək mümkün olmamışdır. Cavab məktubundan göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti iddiaçının müraciəti ilə diqqətlə tanış olmamış, onun şəhid ailəsi olmağına əhəmiyyət verməmiş, məcburi köçkün kimi müvəqqəti olaraq məskunlaşdığını vurğulayaraq, xahişini təmin etməkdən imtina etmişdir. Belə ki, şəhid statusu bütün statuslardan üstündür və şəhid ailəsi üzvlərinin problemlərinə həssaslıqla yanaşmaq hər bir dövlət məmurunun ən vacib vəzifəsidir. Qeyd olunan kirayə müqaviləsinin bağlandığı vaxt, yəni 30 iyun 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 83-cü maddəsinə əsasən SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsinin icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 25s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 65 saylı Sərəncamına əsasən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli, 13 saylı sərəncamı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan mənzil fondu, o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, 11 ünvanında yerləşən yaşayış binası Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. İddiaçı müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, Saatlı rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı ünvan 5 ünvanında qeydiyyatda olmaqla Nərimanov rayonu, X15 küçəsi, 11 saylı evin 29 saylı mənzilində 1993-cü ildən məcburi köçkün kimi 4 nəfər ailə üzvü ilə (özü və 3 qızı) müvəqqəti olaraq məskunlaşmışdır. Qeyd edilən ünvanda yerləşən 29 saylı mənzil dövlət mənzil fonduna aid yaşayış sahəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası»nın 4-cü bəndinə əsasən "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli, 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi dayandırılmışdır. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X15 cüçəsi, 11 saylı evin 29 saylı mənzilində uzun müddət yaşaması, mənzildən istifadəyə görə kommunal xidmət haqlarının ödənilməsi nəzərə alınaraq mənzilə kirayə müqaviləsinin onunla bağlanması barədə iddia ərizəsində iddiaçı tərəfindən göstərilən dəlillər tamamilə əsassız olmaqla mənzil qanunvericiıliyinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarlarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. İddiaçı məcburi köçkün kimi müvəqqəti məskunlaşdığı mənzilin şəhid ailəsi olması nəzərə alınaraq onun istifadəsinə verilməsi barədə iddia ərizəsində göstərilənlərlə bağlı bildirilir ki, şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, e-2-1(112)-8711/2023 saylı qərarı ilə (hakim M.Hacıbəyova) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, e-2-1(112)-8711/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin iddiaçının vəkili Nümayəndə ünvanladığı N-20 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, 11 saylı evin 29 saylı mənzilində İddiaçı ailə üzvləri ilə birlikdə Cəbrayıl rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşdığından, kirayə müqaviləsi bağlanılmaqla həmin mənzilin onun adına sənədləşdirilməsi barədə xahişini təmin etmək mümkün olmamışdır. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı 3-36/2-1417/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı Füzuli rayonundan məcburi köçkündür və ona Komitənin Regional idarəetmə və status şöbəsinin xx.xx.2019cu il tarixli protokoluna əsasən AA 422278 nömrəli məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) verilmişdir. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 116, mənzil 29 ünvanında müvəqqəti məskunlaşmışlar. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli “Məlumat və sənəd surətlərinin verilməsi” barədə cavab məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 11, 29 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İddiaçı iddia ərizəsində, o cümlədən apelyasiya şikayətində məcburi köçkün kimi müvəqqəti məskunlaşdığı mənzilə şəhid ailəsi olmasının nəzərə alınaraq kirayə müqaviləsinin adına dəyişdirilməsinə dair sərəncam verilməsini cavabdeh inzibati orqandan tələb edir. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, 11 saylı evin 29 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi üçün faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən: - 10. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələri təsbit edilmişdir ki, həmin Məcəllənin 10.0.13-cü maddəsinə görə, yaşayış sahələrindən istifadə qaydalarını və bu Məcəllənin 10.0.14-cü maddəsinə müvafiq olaraq vətəndaşların yaşayış sahəsindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən edir. - 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. - 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. - 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 62.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası”na əsasən: - 1. Bu Qayda "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi köçkünlərin məskunlaşdırılmasını tənzimləyən sənəddir. - 4. "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi. 1992-1994cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1984-cü il 2 mart tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş «Yaşayış sahələrindən istifadə edilməsi, yaşayış evinin və evlər ətrafı ərazinin saxlanması Qaydaları»na əsasən:

1. yaşayış sahəsindən istifadə üçün kirayəçilər və mənzil istismar təşkilatı arasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında təsdiq edilmiş Birtipli müqavilə əsasında yazılı surətdə müqavilə bağlanır. Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması qanunvercilikdə müəyyən edilmiş qaydada həyata keçirilir. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 569 nömrəli və "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına, habelə "Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosialməişət şəraitinin yaxşılaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 dekabr tarixli 1487 nömrəli Fərmanına uyğun olaraq şəhid ailələrinin yaşayış sahəsi ilə təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddia ərizəsi ilə eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

Qərara aldı:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, e-2-1(112)-8711/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar