Məhkəmə qərarları › İş №2-1(103)-1118/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1118/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1118/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: «hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9513/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, aparılan araşdırma zamanı elektron kadastr baza və arxiv məlumatlarına əsasən qeyd olunan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük ərazisində yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinin Abşeron rayonunun inzibati ərazi vahidliyinə aid ərazidə yerləşmədiyi müəyyən edilmişdir.

2. ünvan ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri 25 saylı notariat ofisində qanun üzrə vərəsəsi Bakı şəhəri, Xəzər rayonu, Binə Qəsəbəsi, X10 ünvanında qeydiyyatda olan İddiaçı (ŞVAA*******; FİN: xxxxxxx) müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən həmçinin, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 mirası üzrə vərəsəlik işi açılmışdır. Mirasqoyanın miras əmlakına Bakı şəhəri Xəzər rayonu Binə Qəsəbəsi X10-ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət daşınmaz əmlak daxildir. Göstərilənlərə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci və 8-ci, “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat"ın 7-ci bəndinə və “Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələblərinə uyğun olaraq etmiş X5 məxsus göstərilən əmlaka arayış verilməsi xahiş olunmuşdur.

3. Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının İ müavinin İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli 5-12/2-Ə-241-091/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Xəzər rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın tərkib hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.6-cı maddəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi barədə müqavilənin ayrılmaz hissəsidir. Qeyd olunanları nəzərə alaraq, X10 ərazisində istifadənizdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafiq hesab olunur.

4. AZ-İİ 289311nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.

5. Xəzər rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, X8 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir.

6. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsi, X10nda yerləşən torpaq sahəsinin faktiki ölçüləri 962.5 kv.metrdir. Texniki pasporta əsasən ərazi 2 hissəyə bölünüb. Texniki pasportdakı ev sökülüb. Ərizəçinin istifadəsindəki ərazi texniki pasportdakı ərazinin bir hissəsidir. Ərizəçinin istifadəsindəki ərazidə yeni tikilmiş yaşayış evi və həyət tikililəri mövcuddur.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, “aparılan araşdırma zamanı sözügedən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin, həmçinin eyniləşdirmə əməliyyatının aparılması üçün İddiaçı şəxsiyyətini təsdiq edən sənədin surətinin hazırkı ərizənizə əlavə olunmadığı hazırkı müraciətinizə əlavə olunmadığı müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə tərəfinizdən şərait yaradılmamışdır.”

8. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “torpaq sahəsi və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir.”

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük ərazisində yerləşən ümumi sahəsi 12 sot olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X6 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

10. Tələb onunla əsaslandırılmışdır ki, atası X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X1 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Atası və anası sağlıqlarında Hövsanda yerləşən sovxozda anası sağıcı, atası isə traktorist işləmişdir. Onlar orada işləyərkən atası Azərbaycan SSR Abşeron rayonu Hövsan Südçülük tərəfindən 1988-ci ilin noyabr ayında 12 sot torpaq evlə birlikdə verilmişdir. Həmin vaxtdan da orada yaşamışlar. O və qardaşları burada doğulub yaşamışdırlar. Atasının vəfatından sonra vərəsəlik işinin açılması ilə bağlı olaraq tərəfindən notariat orqanına müraciət olunmuş və xx.xx.2023cü il tarixdə 25 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra onun mərhum atasından qalan əmlaka dair müvafiq arayışın verilməsi ilə cavabdeh orqana müraciət etsə də, xx.xx.2024-cü il tarixli 321332/2-01180/24 saylı məktubla müraciəti müsbət həll edilməsində imtina olunmuşdur. Belə ki, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd - xx.xx.2001-ci il tarixə kimi olan texniki pasportların təqdim edilməməsi səbəbindən müraciətini müsbət həll edilməsindən imtina edilmişdir. 1988-ci ilin noyabr ayında onun mərhum atasına verilmiş texpasportu təqdim etmişdir. Buna baxmayaraq ona əsassız imtina olunub. Beləliklə, cavabdeh orqan əsassız yerə əmlakın özəlləşdirilməsinə maneə yaradaraq konstitusion hüquqlarına toxunmuşdur. Məhz bu səbəbdən də qanunla qorunan hüquqlarının bərpa edilməsi məqsədilə ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir. Həmçinin, cavabdehin imtinasında qeyd edilmiş torpaq sahəsinə dair texpasportun olmaması göstərilsə də o, həmin pasportu ora təqdim etsə də yenə ona imtina veriblər. Sözügedən torpaq sahəsi qanuni əsasla mərhum atası Əzizağa Askərova verilmişdir. Həmin torpaq sahəsinin pasportu ola-ola cavabdeh orqan tərəfindən sözügedən əmlaka dair hüquqmüəyyənedici sənədin verilməsindən imtina edilməsi üçün əsas deyildir. Belə ki, cavabdeh orqan əsassız olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəsbəsi Südçülük sovxozunda yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası Əzizağa Askərova məxsus olması haqqında arayışın verilməsindən imtina etmiş, qanunla müəyyən edilmiş hüquqlarımı kobud surətdə pozmuşdur. Odur ki, cavabdehin imtinası onun hüquqlarını pozan hal kimi qiymətləndirilməli, pozulmuş hüququ məhkəmə qaydasında bərpa edilməlidir.

11. Cavabdehin iddiaya dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsi Hövsan Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşir. Həmçinin təqdim edilən torpaq sahəsinə dair texniki pasportla faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. İdarənin mütəxəsissləri tərəfindən texniki baxış keçirilən zaman qeyd edilən torpaq sahəsinin ümumi sahəsinin 962.5 kv.m olduğu məlum olmuşdur.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9513/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz. Belə ki, qeyd edilən torpaq sahəsinə dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. İddiaçı tərəfindən təqdim edilən fərdi yaşayış evinə dair texniki pasport “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmamışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

14. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9513/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar əsaslandırılmışdır. Belə ki, iddiaçı apellyasiya şikayətində məhkəmənin tətbiq etdiyi hüquq normalarını sadalamış, məhkəmə araşdırmasından kənarda qalan hansı sübutların tədqiq edilmədiyini, qiymətləndirilmədiyini konkred olaraq göstərməmişdir.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Proses iştirakçılarının izahatları

17. Məhkəmə Kollegiyasının iclasında tərəflər iştirak etməmişdirlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

19. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. .... 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.

21. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

26. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının mərhum atası X3 qalan əmlaka dair müvafiq arayışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət edilmişdir, həmin şəxs xx.xx.2022-ci il tarixdə vəfat etmişdir, 25 saylı Bakı şəhəri Notariat Ofisinin cavabdehə ünvanlanmış 26 sentyabr 2023-cü il tarixli məktubuna əsasən iddiaçı vəfat etmiş şəxsin varisidir. Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair ölmüş adamın adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

27. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir ki, qeyd edilən torpaq sahəsinə dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. İddiaçı tərəfindən təqdim edilən fərdi yaşayış evinə dair texniki pasport “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmamışdır.

28. Cavabdehin imtinasını əsaslı saymış birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə Kollegiyası diqqətə çəkir ki, iş materiallarından müəyyən edilir ki, texniki pasportda (noyabr 1988-ci il tarixli) göstərilən ev sökülmüş, yeni yaşayış evi və həyət tikililəri tikilmiş, iddiaçının istifadəsində olan torpaq sahəsi isə Hövsan Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşir.

29. Belə ki, Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsi, X10nda yerləşən torpaq sahəsinin faktiki ölçüləri 962.5 kv.metrdir. Texniki pasporta əsasən ərazi 2 hissəyə bölünüb. Texniki pasportdakı ev sökülüb. Ərizəçinin istifadəsindəki ərazi texniki pasportdakı ərazinin bir hissəsidir. Ərizəçinin istifadəsindəki ərazidə yeni tikilmiş yaşayış evi və həyət tikililəri mövcuddur.

30. Məhkəmə Kollegiyası iddia tələbinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür.

31. Əlavə olaraq məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində məhkəmənin tətbiq etdiyi hüquq normalarını sadalamış, məhkəmə araşdırmasından kənarda qalan hansı sübutların tədqiq edilmədiyini, qiymətləndirilmədiyini konkred olaraq göstərməmişdir.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

33. Beləliklə, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmamışdır.

34. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9513/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9513/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar