Məhkəmə qərarları › İş №2-1(103)-1119/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1119/2022

04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1119/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3033/2020 saylı 24 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. İddiaçıya məxsus NZ seriyalı ******* saylı 30.10.1979-cu il tarixli hərbi biletdən görünür ki, o, 30.10.1979-cu il tarixdən 30.11.1981-ci il tarixinə kimi (02 il 01 ay 01 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı 03.07.1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 03.07.1978-ci il tarixdə Geologiya Nazirliyinin X5 X1 Şöbəsinin 14 saylı seysmik partiyasına mövsümü işlərə sürücü vəzifəsinə işə qəbul olunmuş və 03.01.1979-cu il tarixdə işdən azad edilmiş; 21.08.1979cu il tarixdə Geologiya Nazirliyinin X5 X1 Şöbəsinin seysmik partiyasına mövsümü işlərə sürücü vəzifəsinə işə qəbul olunmuş, hərbi xidmətə çağrılması ilə əlaqədar olaraq 16.10.1979-cu il tarixdə işdən azad edilmiş; 28.01.1983-cü il tarixdə Geologiya Nazirliyinin Ümumittifaq X5 X1 Şöbəsinin 2 saylı seysmik partiyasına fəhlə vəzifəsinə işə qəbul olunmuş, 16.04.1983-cü il tarixdə sürücü vəzifəsinə keçmiş, 02.01.1985-ci il tarixdə isə öz xahişi ilə işdən azad edilmişdir. 08.04.1985-ci il tarixdə Geologiya Nazirliyinin Ümumittifaq X3 X1 Şöbəsinin 2 saylı seysmik partiyasına mövsümü işlərə sürücü vəzifəsinə işə qəbul olunmuş, 08.10.1985-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. 16.10.1985-ci il tarixdə Geologiya Nazirliyinin Ümumittifaq X5 X2 Şöbəsinin 2 saylı seysmik partiyasına mövsümü işlərə sürücü vəzifəsinə işə qəbul olunmuş, 31.03.1986-cı il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. 21.07.1986-cı il tarixdə Geologiya Nazirliyinin Ümumittifaq X5 X2 Şöbəsinin 14 saylı seysmik partiyasına mövsümü işlərə qazmaçı vəzifəsinə işə qəbul olunmuş, 15.12.1986-cı il tarixdə çöl işlərinin bitməsinə görə işdən azad edilmişdir. 23.02.1987-ci il tarixdə Geologiya Nazirliyinin Ümumittifaq X5 X2 Şöbəsinin 2 saylı seysmik partiyasına mövsümü işlərə qazmaçı vəzifəsinə işə qəbul olunmuş, 29.03.1989-cu il tarixdə işdən azad edilmişdir. 05.04.1989-cu il tarixdə Geologiya Nazirliyinin Ümumittifaq X5 X2 Şöbəsinin 2 saylı seysimik partiyasına mövsümü işlərə 3-cü dərəcəli qazmaçı vəzifəsinə işə qəbul olunmuş, 10.03.2006-cı il tarixdə Geofizika və Geologiya İdarəsinin Elmi Tədqiqat İnstitununun 1 saylı Təcrübi metodik seysmik kəşfiyyat dəstəsinə 6-cı dərəcəli qazmaçı vəzifəsinə keçirilmiş, 01.04.2010-cu il tarixdə işdən azad olunmuşdur. Kürdəmir rayon Dövlət Arxivinin 155 saylı 09 dekabr 2019-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı 1986-cı ildə Kürdəmir rayonu “Şəfəq” adına kolxozda işləyərək natura dəyəri ilə birlikdə əmək haqqı qazanmışdır. Vəzifəsi kolxozçu, illik müəyyən edilmiş minimum adam günü 200, il ərzində işlənmiş adam günlərinin miqdarı 113, əmək haqqı 430 qeyd edilmişdir. İşdə olan SOCAR Geofizika və Geologiya İdarəsi tərəfindən verilmiş SOCAR**********80020123X00004 saylı 27 yanvar 2020-ci il tarixli arayışdan görünür ki, iddiaçının 03.07.1978-ci il tarixdən 16.05.2019-cu il tarixinə qədər cəmi iş stajı 36 il 04 ay 3 gün, cəmi güzəştli çöl iş stajı (1986-2008-ci illər üzrə) 14 il 11 ay 6 gün təşkil edir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 29.12.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim edilmiş İT-İ seriyalı ******* saylı əmək kitabçasına əsasən onun 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması mümkün hesab edilməmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun 01.07.1982ci il tarixdən 31.12.1982-ci il tarixədək Geologiya Nazirliyinin Ümumittifaq X5 X1 Şöbəsinin seysmik partiyasında mövsümü işlərdə sürücü kimi işlədiyi 6 ay və 1986-cı ildə Kürdəmir rayonu “Şəfəq” adına kolxozda kolxozçu kimi işlədiyi 3 ay 23 təqvim gününün qanunla müəyyən edilmiş qaydada əmək stajına daxil edilməsi və 57 yaşı tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 03.07.1978-ci ildən hal-hazıra kimi Geologiya Nazirliyinin Geofiziki Kəşfiyyat sulları ElmiTədqiqat X6 sürücü, fəhlə, qazmaçı, Geogiziki və Geologiya İdarəsinin Kompleks Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsində maşinist, gözətçi, fəhlə, yardımçı fəhlə vəzifələrində işləmişdir. Onun 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 il 6 ay 17 gün, 01 yanvar 2006-cı il tarixədək güzəştli işlərdə iş stajı isə 12 il 11 ay 28 gündür. Cavabdeh iddiaçının ümumi stajının 25 ildən az olması əsası ilə güzəştli şərtlərlə pensiya təyinindən imtina etmişdir. Halbuki, əmək kitabçası, arxiv arayışı və iş yerindən verilən arayışlarla iddiaçının qanunla tələb olunan stajının mövcudluğu təsdiqlənir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3033/2020 saylı 24 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçının 01.07.1982-ci il tarixdən 31.12.1982-ci il tarixədək Geologiya Nazirliyinin Ümumittifaq X5 X1 Şöbəsinin seysmik partiyasında mövsümü işlərdə sürücü kimi işlədiyi 6 ay və 1986-cı ildə Kürdəmir rayonu “Şəfəq” adına kolxozda kolxozçu kimi işlədiyi 3 ay 23 təqvim gününün qanunla müəyyən edilmiş qaydada əmək stajına daxil edilməsi və 57 yaşı tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının pensiya təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi, 12 il 6 aydan isə çox xüsusi əmək stajı olunduğundan, bununla da qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun ümumi və güzəştli iş stajı kifayət qədər deyil, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-683/2021 saylı 13 aprel 2021-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3033/2020 saylı 24 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivi tərəfindən verilmiş 09 dekabr 2019-cu il tarixli, 155 nömrəli arxiv arayışından görünür ki, Kürdəmir rayonu Carlı kəndində qeydiyyatda olan İddiaçı 1986-cı ildə Kürdəmir rayonu “Şəfəq” adına kolxozda işləməsi qeyd edilsə də, hazırkı iş üzrə iddiaçının iddia ərizəsində göstərdiyi 01.07.1982-ci il tarixdən 31.12.1982-ci il tarixədək Geologiya Nazirliyinin Ümumittifaq X5 X1 Şöbəsinin seysmik partiyasında mövsümü işlərdə sürücü kimi 6 ay və 1986-cı ildə Kürdəmir rayonu “Şəfəq” adına kolxozda kolxozçu kimi işlədiyi dövrlər onun əmək kitabçasında qeyd olunmamışdır. Bundan əlavə, iddiaçının əmək kitabçası ilə SOCAR tərəfindən təqdim edilmiş arxiv arayışı arasında ziddiyyətlər olduğu, iddiaçının 16.10.1979-cu il tarixdə sonrakı tarixli (31.10.1979-cu il) əmrlə işdən azad edildiyi və əmək kitabçasına sonradan düzəliş edildiyi müəyyən edilir. Belə olan halda, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanması üçün qanunvericiliklə nəzərdə tutulmuş ümumi iş stajına malik olmadığından hazırkı iddia tələbi əsassızdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2153/2021 saylı 30 noyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-683/2021 saylı 13 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməədn saxlanılmasını xahiş etmişdir. 04.05.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmənin iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 30.03.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X12 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi 29 dekabr 2019-cu il tarixdir. İş materiallarından həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması müəyyən edilmir. İddiaçı iddia ilə məhkəməyə 04.02.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən artıq olmasına, güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan 12 il 6 ay güzəştli iş stajının toplanmasına əsaslanaraq ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı” üzrə pensiya təyin edilməsini tələb edir. Bu barədə o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun ümumi iş stajının 25 ildən az olması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Sonradan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun tələbi məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının ümumi iş stajının 25 ildən, xüsusi is stajının isə 12 il 06 aydan çox olmasına istinad edərək, iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına əsaslanaraq onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını, işləməsi barədə arxiv arayışlarını və müvafiq arayışları təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletdən görünür ki, o, 30.10.1979-cu il tarixdən 30.11.1981ci il tarixinə kimi (02 il 01 ay 01 gün) hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Odur ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən müəssisənin (arxiv) arayışları nəzərə alına bilər. İddiaçıya məxsus sənədlərdən, o cümlədən hərbi bileti, arxiv arayışı və əmək kitabçasının surətindən müəyyən olunur ki, onun 13.11.1978-ci ildən 16.04.1979-cu ilədək 5 ay 4 gün, 15.06.1981-ci ildən 16.11.1981-ci ilədək 5 ay 2 gün, 20.11.1981-ci ildən 09.07.1982-ci ilədək 7 ay 20 gün, 15.07.1982-ci ildən 20.06.1983-cü ilədək 11 ay 6 gün, 18.07.1983-cü ildən 01.06.1987-ci ilədək 3 il 10 ay 14 gün, 01.06.1987-ci ildən 01.02.1988-ci ilədək 8 ay 1 gün, 01.02.1988-ci ildən 06.09.1994-cü ilədək 6 il 7 ay 6 gün, 02.01.1997-ci ildən 17.05.2010-cu ilədək 13 il 4 ay 16 gün, 18.05.2010-cu ildən 01.03.2011-ci ilədək 9 ay 14 gün, 01.03.2011-ci ildən 11.10.2011-ci ilədək 7 ay 11 gün olmaqla, ümumilikdə iş stajı 25 ildən çoxdur, lakin 01.01.2006-cı il tarixədək ümumi iş stajı 22 il 9 ay 18 gün təşkil edir. Bununla yanaşı, hazırki iş üzrə kassasiya instansiya məhkəməsinin qərarında da qeyd olunduğu kimi, iddiaçının 30.10.1979-cu ildən 30.11.1981-ci ilədək (02 il 01 ay 01 gün) hərbi xidmət dövrü, Kürdəmir rayon Dövoət Arxivi tərəfindən verilmiş 09.12.2019-cu il tarixli 155 nömrəli arxiv arayışına əsasən 1986-cı ildə Kürdəmir rayonu “Şəfəq” adına kolxozda 113 gün işlədiyi (həmin il üzrə minimum adam gün norması yerinə yetirilmədiyindən faktiki gün nəzərə alınmaqla staja daxil edilir) müddət, 01.07.1982-ci ildən 31.12.1982-ci ilədək (təxminən 6 ay) Geologiya Nazirliyinin X5 X1 Şöbəsinin seysmik partiyasında mövsümü işlərə sürücü vəzifəsində işlədiyi müddət də nəzərə alınmaqla onun 01.01.2006-cı il tarixə ümumi stajı 25 ildən artıq təşkil edir. Bu barədə kassasiya instansiya məhkəməsinin qərarında qeyd olunmuşdu ki, “həm əmək kitabçası, həm də iş yerindən arayışla iddiaçının 25 il ümumi iş stajının olması öz təsdiqini tapır. Belə olan halda, iddiaçının ümumi iş stajının olmaması barədə həm apellyasiya instansiyası məhkəməsinin, həm də cavabdehin dəlilləri əsassızdır, çülki iddiaçının kolxozda işlədiyi dövrün əmək kitabçasında əks olunmaması həmin dövrün sosial sığorta stajına daxil edilməməsinə əsas vermir”. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi- 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Hazırki iş olan iddiaya dair etirazdan və apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xüsusi iş stajının kifayət qədər olması da mübahisələndirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Hazırki iş üzrə kassasiya instansiya məhkəməsinin 2-1(102)-2153/2021 saylı 30 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdi ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına əsasən şəxsə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Hazırkı iş üzrə güzəştli iş stajı barədə arayışın təqdim edilməsi üçün iddiaçının işlədyi müəssisəyə müraciət olunsa da, SOCAR 12 iyun 2020-ci il tarixli və 14.09.2020-ci il tarixli məktublarında bildirmişdir ki, iddiaçının işlədiyi peşələrin güzəştli olub-olmamasının müəyyən edilməsi idarənin səlahiyyətinə aid deyildir (iş v.53-54; 66-67). Məhkəmə hesab etmişdir ki, güzəştli arayış iddiaçının işlədiyi müəssisə tərəfindən verilməlidir. Belə olan halda, SOCAR-ın güzəştli arayışın verilməsindən imtinası düzgün olmamış, apellyasiya instansiya məhkəməsi isə bu hala qiymət verməmişdir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla bağlı işə təkrar apellyasiya baxışı zamanı məhkəmə tərəfindən İddiaçı 24.07.1986-15.12.1986-cı illərdə Geologiya Nazirliyinin Ümumittifaq X5 X1 şöbəsinin 14 saylı seysimik partiyasında, 23.02.1987-10.03.2006-cı illərdə Geologiya Nazirliyinin Ümumittifaq X5 X1 şöbəsinin 2 saylı seysimik partiyasında, 10.03.2006-01.04.2010-cu illərdə Geofizika və geologiya İdarəsinin Elmi Tədqiqat İnstitutunun 1 saylı Təcrübi metodiki seysmik kəşfiyyat dəstəsində işlədiyi “qazmaçı” peşəsinin funksiyalarının “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında nəzərdə tutulan hansı peşənin funksiyaları ilə eynilik təşkil etməsi, eynilik təşkil etdiyi təqdirdə hansı kod altında olan peşəyə uyğun olması, həmçinin həmin peşələrin vəzifə təlimatı üzrə gördüyü işlər barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi üçün SOCAR Geofizika və geologiya İdarəsinə sorğu göndərilmişdir. 18.04.2022-ci ildə SOCAR Geofizika və geologiya İdarəsindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubundan görünür ki, İddiaçı 121-k saylı 24.07.1986-cı il tarixli əmrə əsasən Geologiya Nazirliyinin Ümumittifaq X5 X1 şöbəsinin 14 saylı seysmik partiyasına mövsümü işlərə qazmaçı vəzifəsinə işə qəbul olunmuş, 193-k saylı 15.12.1986-cı il tarixli əmrə əsasən çöl işlərinin bitməsi ilə əlaqədar olaraq işdən azad edilmiş, 30-k saylı 23.02.1987-ci il tarixli əmrə əsasən Geologiya Nazirliyinin Ümumittifaq X5 X1 şöbəsinin 2 saylı seysmik partiyasına mövsümü işlərə qazmaçı vəzifəsinə işə qəbul olunmuş, 46-k saylı 03.04.1989-cu il tarixli əmrə əsasən işdən azad edilmiş, 51-k saylı 19.04.1989-cu il tarixli əmrə əsasən Geologiya Nazirliyinin Ümumittifaq X5 X1 şöbəsinin 2 saylı seysmik partiyasına mövsümü işlərə qazmaçı vəzifəsinə 3-cü dərəcəli qazmaçı işə qəbul olunmuş, 18-k saylı 10.03.2006-cı il tarixli əmrə əsasən Geologiya və Geofiziki İdarəsinin Elmi Tədqiqat İnstitutunun 1 saylı Təcrübi metodiki seysmik kəşfiyyat dəstəsinə 6-cı dərəcəli qazmaçı vəzifəsinə keçirilmiş, 40-k saylı 01.04.2020-ci il tarixli əmrə əsasən işdən azad edilmiş, 128-k saylı 02.04.2010-cu il tarixli əmrə əsasən Geofizika və Geologiya İdarəsinin Kompleks X4 İdarəsinin Mühəndisi geoloji ekspedisiyasının müfəssəl X14 üzrə kəşfiyyat partiyasına neft və qaz üzrə qazma qurğusunun 6-cı dərəcəli maşinisti vəzifəsinə işə qəbul edilmiş, 372-k saylı 30.08.2012-ci il tarixli əmrə əsasən işdən azad edilmişdir. 90-k saylı 31.08.2012-ci il tarixli əmrə əsasən Geofizika və geologiya İdarəsinin X10 ekspedisiyasının müfəssəl X14 üzrə neft və qaz üzrə qazma qurğusunun 5-ci dərəcəli maşinisti vəzifəsinə işə qəbul edilmiş,SOCAR/15-1200-02/13-000239 saylı 06.03.2015-ci il tarixli əmrə əsasən 4-cü dərəcəli gözətçi, SOCAR/15-1200-02/13-000324 saylı 30.04.2015-ci il tarixli əmrə əsasən X10 İstehsalat bölümünün Müfəssəl mühəndisi güoloji qazma üzrə kəşfiyyat partiyasına 5-ci dərəcəli qazma qurğusunun maşinisti, B00039 saylı 04.02.2016-cı il tarixli əmrə əsasən İstehsalat xidmət bazasına 4-cü dərəcəli yardımçı fəhlə, B000171 saylı 10.03.2016-cı il tarixli əmrə əsasən X14 Ekspedisiyasının Mühəndisi geoloji tədqiqat partiyasının qazma qurğusuna 5-ci dərəcəli maşinist, 20B00012 saylı 11.01.2017-ci il tarixli əmrə əsasən yardımçı fəhlə, 20B000187 saylı 14.04.2017-ci il tarixli əmrə əsasən X14 Ekspedisiyasının Mühəndisi geoloji tədqiqat partiyasının qazma qurğusuna maşinist, 20B00616 saylı 11.10.2017-ci il tarixli əmrə əsasən4-cü dərəcəli yardımçı fəhlə, 20B00060 saylı 19.02.2018-ci il tarixli əmrə əsasən X14 Ekspedisiyasının Mühəndisi geoloji tədqiqat partiyasının qazma qurğusuna 5-ci dərəcəli maşinist vəzifəsinə keçirilmiş, 29.07.2021-ci il tarixli əmrə əsasən işdən azad edilmişdir. İddiaçı 03.07.1978-ci ildən 29.07.2021-ci il tarixə qədər ümumi iş stajı 38 il 9 ay 9 gün, 24.07.1986-cı ildən 29.07.2021-ci il tarixə qədər güzəştli iş stajı 34 il 9 ay 12 gündür. İddiaçı çalışdığı qazmaçı, maşinist peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 21300000 Neftin, qazın və qaz kondensantların hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin 1. Qazma ******* (a) fəhlələr yarımbəndindəki 11297 kodundakı neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları, 13590 kodundakı qazma qurğularının maşinistləri bəndlərində göstərilmişdir. Beləliklə, apellyasiya baxışı zamanı bir daha müəyyən olundu ki, iddiaçının 24.07.1986-15.12.1986, 23.02.1987-03.04.1989, 19.04.1989-01.04.2010-cu illərdə işlədiyi “qazmaçı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında 21300000 Neftin, qazın və qaz kondensantların hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin 1. Qazma ******* (a) fəhlələr yarımbəndində qeyd edilmiş 11297 kodu altında olan neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşəsinə uyğundur və həmin dövrlər üzrə onun güzəştli iş stajı 12 il 6 aydan artıq təşkil edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı isə işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Odur ki, iddiaçının mövsümü işlərdə sürücü kimi işlədiyi- 01.07.1982-31.12.1982 (6 ay) və kolxozda işlədiyi 3 ay 23 gün müddətin sığorta stajına daxil edilərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının mübahisələndirilən hissədə ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının 01.07.1982-ci il tarixdən 31.12.1982-ci il tarixədək Geologiya Nazirliyinin Ümumittifaq X5 X1 Şöbəsinin seysmik partiyasında mövsümü işlərdə sürücü kimi işlədiyi 6 ay və 1986-cı ildə Kürdəmir rayonu “Şəfəq” adına kolxozda kolxozçu kimi işlədiyi 3 ay 23 təqvim gününün qanunla müəyyən edilmiş qaydada əmək stajına daxil edilməklə ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, qərarının nəticə hissəsində iddiaçıya hansı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini dəqiq olaraq göstərməmişdir. Bu barədə Kollegiya hesab edir ki, bu hal kobud pozuntu hesab edilmədiyi üçün qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün də əsas yaratmır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya onun 57 yaşının tamam olduğu, yəni 19.03.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi göstərilməklə dəyişdirilmədən saxlanılmalı və cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3033/2020 saylı 24 sentyabr 2020-ci il tarixli qərarı İddiaçı Ali oğluna 57 yaşdan, yəni 19.03.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar