Məhkəmə qərarları › İş №2-1(103)-1119/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1119/2023

12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1119/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3228/2022 saylı 27 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı il xx.xx.1961-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Bərdə rayonu bölməsinin 11 dekabr 2020-ci il tarixli 2464 nömrəli arayışında qeyd olunur ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür, hazırda Bərdə rayonu, Bakı küçəsində (yarımçıq binada) müvəqqəti məskunlaşmışdır. 1502/55 saylı 10 iyun 1979-cu il tarixli attestatın surətindın görünür ki, İddiaçı 1975– 1979-cu illərdə 130 nömrəli X12 Məktəbində təhsil almışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinin 14 dekabr 2020-ci il tarixli 2370 nömrəli arayışından və NZ seriyalı ******* saylı xx.xx.1971-ci il tarixli hərbi biletdən görünür ki, İddiaçı həqiqətən 26 noyabr 1979-cu il tarixdən 10 dekabr 1981-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur (əsas: hərbi bilet NZ 4256020). İddiaçıya məxsus İT-İ seriaylı ******* saylı xx.xx.1982-ci il tarixli əmək kitabçasından görünür ki, o, xx.xx.1982-ci ildə Mingəçevir rayonu PD-11 üzrə İİ dərəcəli yol çilingəri qəbul edilmiş, xx.xx.1982-ci ildə əvvəlki vəzifəsində Təzəkənd rayonuna keçirilmiş, xx.xx.1984cü ildə yol çilingərinin İİİ dərəcəsi verilmiş, xx.xx.1987-ci ildə vəzifədən azad edilmiş, xx.xx.1987-ci ildə yaşayış obyektlərinin tikintisi üçün inşaatçı kimi qəbul edilmiş, xx.xx.1987-ci ildə işdən azad edilmiş, xx.xx.1988-ci ildə 4-cü dərəcəli fəhlə kimi qəbul olunmuş, xx.xx.1988-ci ildə işdən azad edilmiş, xx.xx.1988-ci ildə kadrlar üzrə köməkçi işçi kimi təyin edilmiş, xx.xx.1989-cu ildə işdən azad edilmiş, xx.xx.1989-cu ildə müvəqqəti bənna olaraq işə qəbul edilmiş, xx.xx.1989-cu ildə vaxtın bitməsi səbəbiylə işdən azad olunmuş, xx.xx.1990-cı ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1990-cı ildə tikinti briqadasına müvəqqəti olaraq fəhlə qəbul edilmiş, xx.xx.1992-ci ildə işdən azad edilmiş, xx.xx.1993-cü ildə 13 nömrəli Yevlax dəmir yolu idarəsinin 8 nömrəli təzəkənd məntəqəsinə 2-ci drəcəli fəhlə qəbul edilmiş, xx.xx.2015-ci il tarixdə işdən azad edilmişdir. İddiaçı onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********7 saylı xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40.800 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 25.801,80 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbi baxımından mümkün hesab edilməmişdir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 mart 1982-ci il tarixdə 51 saylı əmrə əsasən X6 magistral dəmir yolunun 11 saylı Mingəçevir məntəqəsinə 2-ci dərəcəli yol montyoru vəzifəsinə qəbul edilmişdir. Təqdim edilən "xxxx" QSC-nin arayışından göründüyü kimi, 27 il 5 ay 5 gün güzəştli iş stajı toplamışdır. 14 iyul 2015-ci il tarixdə o, öz ərizəsi əsasında 380 saylı əmrə əsasən işdən azad olunmuşdur. ASAN Xidmətə 7 aprel 2021-ci il tarixdə ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ona ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11, 308-ci maddələrinə əsaslanaraq, iddiaçının 27 il 5 ay 5 gün güzəştli iş stajı nəzərə alınmaqla ona güzəştli pensiya təyinatının təsdiq edilməsi faktının müəyyən edilməsinə dair qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı iddiası əsassız və qanuna zidd olduğundan, təmin edilməməlidir. İddiaçı 7 aprel 2021-ci il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40.800 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 25.801,80 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşması imkanına malikdir. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3228/2022 saylı 27 sentyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayəti müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv dilməsini xahiş etmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iştirakını təmin etməmişdir. Onun tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramın məzmunundan aydın olur ki, o, maddi çətinlik, yaşlı olması və səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bununla bağlı məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası hazırki işə İddiaçı iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi, “ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun güzəştli iş stajının 12 il 6 aydan az, yəni 4 il 10 ay 23 gün, həmçinin pensiya kapitalının kifayət qədər olmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi tərəfindən tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajına, güzəştli iş stajının 12 il 6 ay olmasına, eyni zamanda minimum məbləğdə sığorta kapitalını toplamaq şərtinin tələb olunmamasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun həqiqətən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü yoxlanılmalıdır. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq olunmalı olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması məsələsi yoxlanılmalıdır. Əvvəla qeyd olunmalıdır ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olduğu üçün onun 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. Bununla yanaşı, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsil barədə sənədi (attestat), əmək kitabçasını və müvafiq güzəştli arayışı təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin və təhsil haqqında sənədin surətlərindən görünür ki, o, 1975–1979-cu illərdə 130 nömrəli X12 Məktəbində təhsil almış, 26 noyabr 1979-cu il tarixdən 10 dekabr 1981-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. İddiaçının ümumi iş stajının iş materiallarında olan təhsil barədə sənədə əsasən 4 il (1975–1979), hərbi biletə əsasən 2 il 14 gün (xx.xx.1979-xx.xx.1981), əmək kitabçasına əsasən 22 il 5 ay 8 gün (xx.xx.1982-xx.xx.1987 (4 il 10 ay 24 gün), xx.xx.1988xx.xx.1988 (2 ay 14 gün), xx.xx.1988- xx.xx.1989 (1 il 1 ay 25 gün), xx.xx.1989xx.xx.1990 (9 ay 25 gün), xx.xx.1990- xx.xx.1992 (2 il 5 ay 1 gün), xx.xx.1993- xx.xx.2015 (xx.xx.2006-cı ilədək 12 il 11 ay 25 gün) olmaqla ) ümumilikdə 28 il 5 ay 22 gün təşkil edir. Buna görə də iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi- 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. İddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunda nəzərdə tutulan 2-ci şərt- 12 il 6 aydan çox zərərli iş stajının olub-olmaması yoxlanılarkən aşağıdakılar müəyyən olundu: İşdə olan "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 13 nömrəli Yevlax yol sahəsinin 58 saylı 23 dekabr 2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən tam iş günü ərzində ağır və zəruri iş şəraitində aşağıda qeyd edilən qaydada 13 nömrəli X6 (hazırda qeyd olunan sahələr 1 yanvar 2016-cı il tarixdən "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 13 nömrəli Yevlax yol sahəsi adlanır) yol montyoru vəzifəsində işləmişdir. Onun güzəştli əmək fəaliyyəti aşağıdakı qaydada olmuşdur: 10 mart 1982-ci il tarixli 51 saylı əmrə əsasən X6 magistral dəmir yolunun 11 saylı Mingəçevir məntəqəsinə 2-ci dərəcəli yol montyoru qəbul edilmişdir. 1 iyul 1982-ci il tarixli 69 saylı əmrə əsasən Yevlax-Xankəndi magistral dəmir yolunun Təzəkənd məntəqəsinə yol montyoru keçirilmişdir. 13 fevral 1984-cü il tarixli 53 saylı əmrə əsasən 2-ci dərəcə yol montyoru vəzifəsindən 3-cü dərəcə yol montyoru vəzifəsinə keçirilmişdir. 3 fevral 1987-ci il tarixli 14 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad olunmuşdur. 4 yanvar 1993-cü il tarixli 01 saylı əmrə əsasən Yevlax-Xankəndi magistral dəmir yolunun 8 saylı Təzəkənd məntəqəsinə 2-ci dərəcə yol montyoru qəbul edilmişdir. 4 may 1993-cü il tarixli 252 saylı əmrə əsasən həmin məntəqədə İİ dərəcədən İİİ dərəcəyə yüksəlmişdir. 29 mart 1999-cu il tarixli 151 saylı əmrə əsasən İİİ dərəcədən İV dərəcəyə yüksəlmişdir. 14 iyul 2015-ci il tarixli 380 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat ixtisarına düşdüyü üçün) işdən azad edilmişdir. Göstərilən bu işlərdə İddiaçı tam iş günü ərzində magistral dəmir yolunda ağır və zərərli iş şəraitində işləmişdir. Onun tam iş günü ərzində işləmiş olduğu bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın “XXVİİİ.Nəqliyyat” bölməsinin (23001000-21250), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının “21.Nəqliyyat” bölməsinin 21.4-cü yarımbölməsində bilavasitə nəzərdə tutulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna təminat verir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 29 mart 2022-ci il tarixli məktubunda «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə istinad olunmuş və bildirilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 il 10 ay 23 gün (xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1987- ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1993- cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər) olduğu müəyyən edilib. Həmçinin, adıçəkilən şəxs tərəfindən təqdim edilmiş əmək kitabçasında fəhlə vəzifəsində ilədiyi göstərilsə də, güzəştli iş stajı barədə arayışında yol montyoru vəzifəsində çalışdığı qeyd olunub. Qeyd edilən uyğunsuzluğa görə həmin dövrləri (1993 – 2006-cı illər) onun güzəştli is stajına daxil etmək mümkün olmayıb. Buna görə də, onun güzəştli iş stajının 4 il 10 ay 23 gün olduğu müəyyən edilib. Qeyd olunanlara əsasən adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Halbuki "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 13 nömrəli Yevlax yol sahəsinin 54 saylı 29 iyun 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş həmin tarixli 25 nömrəli güzəştli arayışda İddiaçı qurumun 23 dekabr 2020- ci il tarixli 58 nömrəli arayışında sadalanan əmək fəaliyyəti üzrə iş dövrləri təkrarlanmış, lakin onun tam iş günü ərzində işləmiş olduğu vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın “XXVİİİ.Nəqliyyat” bölməsində 23001000 – 19825 kodu ilə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının “21.Nəqliyyat” bölməsinin 21.4cü yarımbölməsində nəzərdə tutulduğu qeyd edilmişdir. Beləliklə, iş materiallarında iddiaçının işlədiyi vəzifələrin güzəştli olması ilə bağlı işlədiyi müəssisə tərəfindən verilmiş güzəştli iş stajı barədə arayışlar olsa da, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətində də bu hal yenə də mübahisələndirilmişdir. İddiaçı isə qanunla tələb olunan 12 il 6 aydan çox zərərli iş stajının olduğunu bildirir. Hazırki işdə iddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün məhkəmə kollegiyası bu tələbin təmin olunması məqsədilə Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini də yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Bununla bağlı hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün 04 yanvar 1993-cü il tarixli 01 nömrəli əmrə əsasən İddiaçı Azərbaycan Dəmir Yolu 13 nömrəli Yevlax yol distansiyasına qəbul olduğu "xxxx" peşəsi ilə Azərbaycan Dəmir Yolları QSC İnfrastruktur Departamenti 13 nömrəli Yevlax yol Sahəsinin 14 iyul 2015-ci il tarixli 380 nömrəli əmrinə əsasən azad olduğu “yol montyoru” peşəsinin funksiyalarının eynilik təşkil edib-etməməsi, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında hansı kod altında olan peşəyə uyğun gəlməsi barədə məhkəməyə məlumat verilməsi, həmçinin həmin peşənin vəzifə təlimatı üzrə gördüyü işlər barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Dəmir Yolları QSC İnfrastruktur Departamenti 13 nömrəli X11 və Azərbaycan Dəmir Yolları QSC-yə müvafiq sorğular göndərilmişdir. Həmin sorğulara cavab olaraq xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Dəmir Yolları QSC-nin məktubunda qeyd edilmişdir ki, arxiv sənədlərində sorğu edilən İddiaçı 1993-cü il 04 yanvar tarixli 01 nömrəli əmrə əsasən ADY-nin 13 nömrəli Yevlax yol distansıyasına işə qəbul olduğu yol təmiri fəhləsi peşəsinin ADY-nin İnfrastruktur departamentinin 13 nömrəli Yevlax yol sahəsinin 2015-ci il 14 iyul tarixli 380 nömrəli əmrinə əsasən işdən azad olduğu yol montyoru peşəsi ilə eynilik təşkil etməsini təsdiq edən sənəd aşkarlanmamışdır. Nəzərinizə çatdırılır ki, İddiaçı müvafiq strukturda çalışdığı yol təmiri fəhləsi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmamışdır. Halhazırda ADY-də yol təmiri fəhləsi peşəsinin mövcud olmaması səbəbindən sözügedən peşənin vəzifə təlimatı üzrə icra etdiyi işlərin xarakterinin müəyyən edilməsi imkan xaricindədir. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Dəmir Yolları QSC İnfrastruktur Departamenti 13 nömrəli Yevlax yol Sahəsinin məktubunun məzmunu əvvəlki məktublarla eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, İddiaçı 1982-ci ildə ilk dəfə, eləcə də 1993-ü ildə 2-ci dəfə işə qəbul olunarkən eyni vəzifəyə yəni “yol montyoru” vəzifəsinə işə qəbul edilib, lakin 1993-cü ildə rus dilindən Azərbaycan dilinə keçirilərkən kadrlar şöbəsində rul dilində olan “montyor puti” sözü azərbaycan dilinə “yol fəhləsi” kimi tərcümə edilərək işə qəbul, dərəcələrin artırılması əmrlərində, eləcə də əmək kitabçasında “yol montyoru” sözünün əvəzinə “yol fəhləsi” sözü yazılmışdır. Yuxarıda yazıldığı kimi, İddiaçı 1982-1987-ci illər arasında və sonra 1993-2015-ci illər arasında eyni vəzifədə işləyib və eyni işləri yerinə yetirib. 13 nömrəli Yevlax yol sahəsinin ştat cədvəlində istər keçmiş SSSR vaxtında , istərsə də müstəqilliyimiz dövründə “yol fəhləsi” adında ştat vahidi olmayıb. Həmişə magistral dəmir yollarında təmir işləri “yol montyoru” vəzifəsində işləyən işçilər tərəfindən yerinə yetirilib. Əldə olan əvvəlki illərin ştat cədvəllərində də “yol fəhləsi” yox, həqiqətən də “yol montyoru” ştatı olması görünür. İddiaçı göstərilən bütün bu illərdə tam iş günü ərzində magistral dəmir yolunda ağır və zərərli iş şəraitində işləmişdir. Onun tam iş günü ərzində işləmiş olduğu bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin “ Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, işlərin,vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının 2 nömrəli sayahısının XXVİİİ.Nəqliyyat bölməsində (23001000-19825), Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 21.Nəqliyyat bölməsinin 21.4-cü yarımbölməsində bilavasitə nəzərdə tutulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna təminat verir. Beləliklə, İddiaçı magistral dəmir yolunda güzəştli iş stajı 27 il 5 ay 5 gün təşkil edir. Həmin sorğuya cavab məktubuna əlavə edilmiş 1992 və 1995-ci illərə aid ştat cədvəllərindən də görünür ki, həmin illərdə müəssisədə “yol fəhləsi” deyil, “montyor puti” ştatı mövcud olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, İddiaçı 2006-cı ilin yanvar ayının 1-dək güzəştli iş stajı ümumilikdə 12 il 6 aydan artıq müddət təşkil edir və onun işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahı”sının “XXVİİİ. Nəqliyyat” bölməsində “1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” yarımbölməsində (kod: 23001000- 19825) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərə alınmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ikinci şərt- 12 il 6 aydan az olmayan xüsusi stajı da tam olaraq tamamlanmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlandığından, işlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı isə işlədiyi müəssisələr (işəgötürənlər) tərəfindən təsdiq olunduğundan iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Bununla yanaşı, hazırki işdə olan iddiaçıya ünvanlanmış imtina məktubundan, iddiaya dair etirazdan və apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya kapitalının kifayət qədər olması da mübahisələndirilir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün tələb olunan ümumi və güzəştli stajı xx.xx.2006-cı il tarixədək toplandığı üçün həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna xx.xx.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb xx.xx.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə xx.xx.2017-ci ilədək, yəni xx.xx.2006cı il tarixədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur. Beləliklə, Qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüquq əldə etmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3228/2022 saylı 27 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar