Məhkəmə qərarları › İş №2-1(103)-112/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-112/2023

09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-112/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2-1(112)-822/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı cavabdehdən “Kaspiyets-2” kooperativində yerləşən iddiaçıya məxsus olan ümumi səhəsi 31,10 kv.m–dən ibarət 29 nömrəli qarajın sökülməsi nəticəsində dəymiş ziyana görə cavabdehdən 9330 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X8 İcraiyyə Komitəsinin 01 avqust 1986-ci il tarixli, 12/829 saylı 4 aprel 1987-ci il 11/197 saylı və 25 sentyabr 1991-ci il tarixli 13/607 saylı qərarı ilə X4 zabitlərinə məxsus avtomobillər üçün qarajların tikilməsi məqsədi ilə Bakı şəhərinin 26 Bakı Komissarları rayonunda 29-cu kvartalda, X2 (KVM) ilə X9 arasında olan dənizkənarı qumlar sahəsində, indiki Səbail rayonunun F.Mehdiyev küçəsində müvafiq torpaq sahələri ayrılmışdır. Ayrılmış torpaq sahələrində kollektiv qaraj tikintisinin aparılması üçün 15 may 1987-ci ildə 26 Bakı Komissarı rayonunun İcraiyyə Komitəsinin 98/9075 saylı qərarı ilə “Kaspiyets-1”, sonradan “Kaspiyets-2” və “Kaspiyets- 3” kooperativləri təsis edilmişdir. 26 Bakı Komissarı adına rayon X8 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 11/938 nömrəli və sonrakı müvafiq qərarları ilə kooperativin üzvlərinin siyahısı təsdiq edilmişdir. Həmin siyahıda iddiaçının adı, yaşadığı ünvan, məxsus olan nəqliyyat vasitəsinin markası və nömrəsi qeyd edilmişdir. Qarajlardan biri, ümumi sahəsi 31,10 kv metr olan, 29 saylı qaraj iddiaçıya məxsus olmuşdur. Bakı şəhər İcra hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 580 nömrəli sərəncamına əsasən Səbail rayonu, F.Mehdiyev küçəsində yerləşən qarajlar və digər tikililərin sökülməsi Səbail rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Qeyd edilən ərazidə yerləşən qarajların sökülməsi nəticəsində iddiaçıya ən azı 9330 manat dəyərində ziyan dəymişdir. Cavabdehin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1986- ci il tarixli, 12/829 nömrəli , xx.xx.1987-ci il tarixli , 11/197 nömrəli və xx.xx.1991-ci il tarixli,13/607 JVS nömrəli qərarları ilə X4 zabitlərinə məxsus avtomobillər üçün kooperativ qarajların tikilməsindən ötrü, Bakı şəhərinin 26 Bakı Komissarı rayonunda 29-cu kvartalda, X2 ilə X9 arasında torpaq sahəsi ayrılmış və həmin ərazidə Kaspiyets-1 kooperativi üzrə 29 ədəd, Kaspiyets-2 kooperativi üzrə 70 ədəd və Kaspiyets-3 kooperativi üzrə 20 ədəd avtomobil qarajı inşa olunmuşdur. Hər üç kooperativ üzrə üzvlərin bir hissəsinin kooperativdən çıxmaları və özlərinə məxsus qarajları başqalarına satmaları ilə əlaqədar olaraq siyahılar bir neçə dəfə dəyişdirilmiş və bu hal (müvafiq qaydada ) kooperativ üzvlərinin protokolları ilə rəsmiləşdirilmişdir. Bakı şəhərində X5 yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli,2504 saylı sərəncamının icrası ilə əlaqədar olaraq Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2008-ci il tarixli 580 nömrəli sərəncam verilmişdir. Həmin sərəncamla ünvan 1 ünvanında ərazidə olan qarajlar və digər obyektlərlə bağlı Bakı şəhər İcra hakimiyyəti və rayon icra hakimiyyəti tərəfindən verilmiş sərəncamlar ləğv edilmiş, Mənzil sahəsi ilə təmin olunmuş vətəndaşların yaşadığı mənzillərdən köçürülməsi, ərazidə olan qarajların və digər qanunsuz tikililərin sökülməsi Səbail RİH-nə həvalə edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı məxsus qarajın sökülməsi ilə bağlı hər hansı bir qərar qəbul edilməmişdir. İddia predmeti olan qaraj kooperativlərinə məxsus torpaq sahələri dövlətin ehtiyat fondu torpaqlarına aid olduğundan verilmiş iddianın heç bir hüquqi əsası yoxdur. Bakı İnzibati Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2-1(112)-822/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, “Kaspiyets-2” kooperativində yerləşən İddiaçı məxsus olan qarajın sökülməsi nəticəsində iddiaçının xeyrinə 9330 manat məbləğində vurulan ziyanın əvəzinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən tutulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kaspiyets-1 kooperativi üzrə 29 ədəd, Kaspiyets-2 kooperativi üzrə 70 ədəd və Kaspiyets-3 kooperativi üzrə 20 ədəd cəmi 119 avtomobil qarajı inşa olunmuşdur. Bundan başqa həmin ərazidə 1960-cı illərdən etibarən 9 avtomobil qarajı mövcud olumuş və həmin qaraj sahibləri də Kaspiyets-2 kooperativi üzvlüyünə qəbul edilməklə həmin kooperativ üzrə qarajların sayı 79 ədəd (ümumilikdə hər üç kooperativ üzrə 128 ədəd ) qaraj mövcud olmuşdur. Hər üç kooperativ üzrə üzvlərin bir hissəsinin kooperativdən çıxmaları və özlərinə məxsus qarajları başqalarına satmaları ilə əlaqədar olaraq siyahılar bir neçə dəfə dəyişdirilmiş və bu hal (müvafiq qaydada) kooperativ üzvlərinin protokolları ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən Bakı şəhərində X6 yaradılması ilə əlaqədar xx.xx.2007ci il tarixli, 2504 saylı sərəncam imzalanmışdır. Həmin sərəncamın icrası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən 31.10 2008-ci il tarixli, 580 nömrəli sərəncam verilmişdir. Həmin sərəncamla ünvan 1 ünvanında ərazidə olan qarajlar və digər obyektlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyəti tərəfindən verilmiş sərəncamlar ləğv edilmişdir. Mənzil sahəsi ilə təmin olunmuş vətəndaşların yaşadığı mənzillərdən köçürülməsi, ərazidə olan qarajların və digər qanunsuz tikililərin sökülməsi Səbail Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. İddiaçının qeyd olunan qaraj kooperativlərinin tərkibində qaraj tikintisi barədə və yaxud kooperativ üzvlərinin siyahısına daxil edilmək barədə nə Bakı şəhər X3 icraiyyə Komitəsinin, nə də Bakı Şəhər 26 Bakı Komissarı rayon X3 İcraiyyə Komitəsinin qərarları mövcud olmamışdır. “Kaspiyets-1” Kooperativi isə hər hansı şəxsə qaraj ayrılması barədə qərar verməkdə səlahiyyətli olmamışdır. Məhkəmə isə işə obyektiv yanaşmayaraq, yalnız iddiaçının mülahizəsinə əsaslanmaqla həmin qarajın məhz Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülübsökülmədiyini araşdırmadan, heç bir sübuta əsaslanmadan qarajın məhz Bakı Şəhər icra Hakimiyyəti tərəfindən sökülməsi qənaətinə gəlmişdir. Həmçinin iş materiallarından göründüyü kimi, iddiaçıya məxsus qaraj müvəqqəti istifadə üçün nəzərdə tutulduğundan, daşınmaz əmlak kimi qiymətləndirilərək reyestrdən texniki sənəd belə verilməmişdir. Həmin ünvanda yerləşən qarajların, eləcə də iddiaçıya məxsus qarajın da hüquq müəyyənedici sənədləri olmadığndan sökülmüşdür. Eyni zamanda qarajın yerləşdiyi torpaq sahəsi də hər hansı hüququ qeydiyyata alınmamışdır. xx.xx.1970-ci il tarixli Azərbaycan SSR Torpaq Məcəlləsinin 24-26-cı, xx.xx.1991-ci il tarixli Torpaq Məcəlləsinin 29-30-cu, habelə qüvvədə olan xx.xx.1999-cu il tarixli Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Qarajın yerləşdiyi torpaq sahəsi isə dövlətə məxsusdur. Ona görə də iddiaçının bu əsasla kompensasiya tələb etmək hüququ yoxdur. Həmçinin Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək onu satmaq, bağışlamaq icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhər X8 İcraiyyə Komitəsinin 24 aprel 1987-ci il tarixli, 11/197 saylı qərarına əsasən X7 müraciəti təmin olunaraq zabit heyəti üçün 26 Bakı Komissarı adına rayonda kooperativ qarajların tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Bakı şəhər X8 İcraiyyə Komitəsinin 22 may 1987-ci il tarixli, 99/9080 saylı qərarına əsasən Xəzər qəmiçiliyinin zabitlərinə məxsus avtomobillər üçün qarajların tikilməsi üçün torpaq sahəsi ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüququ şəxslərinin Dövlət reyestrindən Çıxarışa əsasən, “Kaspiyets-2” qaraj kooperativi 22 may 1987-ci il tarixdə qeydiyyata alınmış, kooperativin təsisçiləri və nizamnamə kapitalında mayalarının miqdarı: İddiaçı- 1 pay. “Kaspiyets-2” QTK-nin təsdiq etdiyi 29 nömrəli qarajın planına əsasən, qarajın ümumi sahəsi 31,10 kv metr təşkil edir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 580 saylı xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Azərbaycan Bayraq Meydanı üçün ayrılmış əraziyə düşən Səbail rayonu, F.Mehtiyev küçəsində yerləşən və qəzalı vəziyyətdə olan 1 saylı yaşayış evində şəxsi evlər və qarajlar mövcud olmuşdur. Həmin Sərəncamın 2-ci bəndinə əsasən ərazidə olan qarajlar və digər obyektlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyəti tərəfindən verilmiş sərəncamlar ləğv edilmişdir. Həmin Sərəncamın 3-cü bəndinə əsasən mənzil sahəsi ilə təmin olunmuş vətəndaşların yaşadığı mənzillərdən köçürülməsi, ərazidə olan qarajların və digər qanunsuz tikililərin sökülməsi Səbail rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarına əsasən, iddiaçılar X1 və qeyrilərinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Kaspiyets”qaraj kooperativi tərəfindən onlara verilmiş qarajların sökülməsi nəticəsində dəymiş zərərin ödənilməsi barədə iddia tələbinə apellyasiya qaydasında baxılarkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2011-ci il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə göndərdiyi Bakı şəhəri, Səbail rayonu, F.Mehdiyev küçəsində mövcud olmuş qarajların qiymətləndirmə rəyinə əsasən həmin qarajların hər kv metrinin bazar dəyəri 300 manat təşkil etmişdir. Hazırda, iddiaçı ona məxsus əmlakdan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamının icrası nəticəsində, başqa sözlə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum olmuşdur ki, bununla da iddiaçıya ziyan dəymiş və sonuncu da haqlı olaraq ona dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehdən kompensasiya tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növləri sırasında “inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar” da yer almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 15.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyeklərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Həmin Məcəllənin 246-cı maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) qəbul edir. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Həmin Məcəllənin 246.2-ci maddəsinə əsasən torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Həmin Məcəllənin 246.3-cü maddəsinə əsasən dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Həmin Məcəllənin 246.4-cü maddəsinə əsasən mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər. Həmin Məcəllənin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. İş materiallarına əlavə edilmiş oxşar işlər üzrə məhkəmə qərarlarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, F.Mehtiyev küçəsində mövcud olmuş qarajların sökülməsinə görə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətindən kompensasiya tutulması tələbi ilə bağlı işlərə baxılmış və həmin iddialar təmin edilmiş, bu zaman həmin ünvanda mövcud olmuş qarajların qiymətləndirmə rəyinə əsasən hər kv.m.-nin bazar dəyəri 300 manatdan götürülmüşdür. Həmin qərarlar kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hazırki iş üzrə kompensasiya tələbinin təmin olunması qənaətinə gələrkən ekspertiza təyin etmədən hər kv.m.-ə görə 300 manatdan qiymətləndirmə apararaq iddiaçıya ödənilməli məbləğin 9330 manat (31,10 kv.metr x 300 manat = 9330 manat) olmasını müəyyən etmişdir. Beləliklə də kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2- 1(112)-822/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2-1(112)-822/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar